Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÖMRÜ RAMAZAN OLANIN AXİRƏTİ BAYRAM OLAR!

Zamanı və insanı yaradanın, vəhyi endirənin, zamanı və insanı vəhylə şərəfləndirənin adı ilə başlayıram…
Zaman da eynən insan kimi bir sirr yumağıdır. Zaman yumağının içində nəyi gizlətdiyini ancaq Allah bilir. Yaşanmış zamanın hesabını aparan, yaşanacaq zamana dair xəyallara dalıb planlar quran yeganə məxluq insandır.
Zaman, insan və vəhy…
Üçünün birləşdiyi nöqtə “şahidlikdir”.
Allah zaman və onu əmələ gətirən parçalara and içər.
“And olsun əsrə… Açılan sabaha and olsun… Quşluğa and olsun… And olsun gündüzə… Keçib getməkdə olan gecəyə and olsun… Şəfəqə and olsun…” Hamısı da vəhy olan bu andların məqsədi zamanın insana şahid olduğunu xatırlatmaqdır. Bu xatırlamanın məqsədi də insanın zamandan gözəl şəkildə, doğru və əlverişli istifadə etməsidir. Əks təqdirdə insan, ona ehsan edilən zaman nemətini öz əleyhinə şahid qılmış olacaqdır. Bu, ikitərəfli ziyandır: Birincisi zaman əmanətini zay etmək surətiylə, ikincisi onu əleyhinə duran şahidə çevirmək surətiylə.
Zamanı insana şahid tutan Allah, insanı da Öz zatına şahid tutmuşdur. Kəlimə-i şəhadət, bu şahidliyin ən gözəl ifadəsidir. Allaha şahid olmağa çağırılmaq həm bir şərəf, həm də şərəflərin ən böyüyüdür. Zira Allaha şahid olmaq şahidliklərin ən böyüyüdür və ən böyük olana şahidlikdir. Ən böyüyə şahid olmaq ən böyük şərəfə nail olmaqdır. Zatıyla qaim, öncəsiz ön və sonrasız son, mütləq diri və sonsuz varlıq sahibi Allahın insanın şəhadətindən əldə edəcəyi heç bir mənfəəti yoxdur! O, zatına şahid tutmaqla insanı şərəfləndirmək istəmiş, ona bəxş etdiyi ağıl və iradənin önünə sonsuz bir üfüq açmışdır. Məgər Allah zu`l- me`aric, yəni “təkamül mərtəbələrinin sahibi” [70:3] deyilmi? İnsana da bu mərtəbələrə ucalması üçün imkanlar vermiş, fürsətlər bəxş etmişdir.

Allahın bəxş etdiyi bu ucalıq və yüksəliş imkanlarının başında vəhy gəlir. Vəhy də eynən zaman və insan kimi şahiddir. Şahid olduğu üçündür ki, vəhy özünü məcid, kərim, əziz kimi sifətlərlə təqdim edər. Bu sifətlərin hamısı da “fail” [şahid] kimidir. İlahi kəlam insana enmişdir və insan o kəlamı daşıyıb-daşımayacağından dolayı hesaba çəkiləcəkdir. Vəhy endiyi insanın ona qarşı davranışı haqqında şahidlik edəcəkdir. “Gəzən Quran” olan Peyğəmbərin “şahid” [şahidən] olaraq göndərilməsi də vəhyin şəhadəti bağlamanda anlaşıla bilər.

Bəli, göründüyü kimi zaman, insan və vəhyin hər üçü də şahidlik nöqtəsində birləşir Fəqət bu üçlükdən zaman və vəhy insana şahiddirlər, insan isə Allaha şahiddir. Elə insanı müstəsna edən [xüsusiləşdirən] də budur. Bu səbəbdəndir ki, zaman və vəhy insan üçün, insan isə Allah üçündür. İlahi iyerarxiya [aşağı rütbəlinin yuxarı rütbəliyə tabe olma qaydası] budur. Zamana məhkum olmaq və məruz qalmaq bu iyerarxiyanı pozmaqdır. Zira bu vəziyyətdə “zaman insan üçün” olmaqdan çıxıb “insan zaman üçün” olmuş olur. Bu isə ilahi iyerarxiyanı pozmaq, əşrəfiyyət siyahısına müdaxilə etməkdir.

Ağlımıza belə bir sual gələ bilər: “Bu iyerarxiyada zamanın və vəhyin yeri haradadır?”

Məhz Ramazan bizə eyhamla bu sualın cavabını verir. Bu cavabı verməsi üçün Ramazan ayının dəyərini haradan aldığını ifadə edən bu ayəni xatırlamağımız şərtdir:
“Ramazan ayı elə bir aydır ki, insanlığa rəhbər olan [hidayət], bu rəhbərliyin açıq dəlillərini daşıyan [bəyyinat] və haqqı batildən ayıran [furkan] Quran məhz bu ayda endirilmişdir. Sizdən biri bu aya yetişdiyində oruc tutsun; xəstə və ya səfərdə olan şəxs isə başqa günlərdə iadə [burada: o günlərin sayı qədər qəza orucu tutmaq] etsin! Allah sizin üçün asanlaşdırmaq istəyər, çətinləşdirmək deyil; oruc günlərinin sayını tamamlamağınızı, sizi doğru yola çatdırdığı üçün Onu ucaltmanızı və şükür etməyinizi istəyir.[2:185]”

Bu ayə Ramazan ayını müstəsna edən səbəbi açıq və dəqiq olaraq göstərən ayədir. Bu səbəb Quranın bu ayda endirilməyə başlanmasıdır. Bu həqiqəti Qədr surəsinin ilk ayəsi də dəstəkləyir. Ramazan Quranın doğum ayıdır. Quran vəhyinin doğum günü olan Qədr gecəsi, Ramazan ayının içində bir gecədir. Bu gerçək Bəqərə surəsinin 185-ci ayəsi ilə Qədr surəsinin 1-ci ayəsinin qarşılaşdırılaraq oxunmasının nəticəsində açıq və dəqiq olaraq ortaya çıxar. Bu o deməkdir ki, əgər Quranın endiyi Qədr gecəsi Ramazan ayı içərisində bir gecə olmasaydı, Ramazan ayı qüdsiyyət və bərəkət qazanmayacaqdı. Ramazan bütün qüdsiyyət və bərəkətini, vəhyin enməyə başladığı gecəni içində daşıdığı üçün almışdır.

Bu qüdsiyyət və bərəkətin böyüklüyünü Qədr surəsi bəyan edər:
“Əlbəttə onu qədir-qiymət gecəsində Biz endirməyə [başlamışıq].
O qədir-qiymət gecəsinin nə olduğunu bilirsinizmi?
O qədir-qiymət gecəsi, min aydan daha xeyirlidir.
Mələklər, vəhiylə bərabər o gecə enməyə davam edərlər, Rəblərinin izni ilə, həyatın hər sahəsinə aid tərifsiz bir səadətin [formullarını gətirərlər]; bu hal, şəfəq doğuncaya qədər davam edər.” [97:1-5].

Endiyi gecəni/günü bir ömrə bədəl edən vəhy endiyi ayı da “Ayların Sultanı” olan Ramazan ayı qılmışdır. Ramazan “sözlərin sultanını gətirməsəydi, “Ayların Sultanı” ola bilməzdi. Bu mübarək surə müxatibindən [müraciət olunan şəxs] bu təsbit və etirafı etməsini istəyər: “Endiyi gecəni bir ömrə bədəl edən vəhy mənim həyatıma enərsə, hər günümü bir ömrə bədəl qılar. İçinə vəhyi enmiş bir ömrün bədəli isə yalnız və yalnız cənnət ola bilər!”

Demək ki, qüdsiyyət və bərəkətin səbəbi zaman deyil, vəhiydir. Vəhyin səbəbi hidayət, yəni “rəhbərlik”dir. Hidayətin səbəbi isə bütün vəhylərin vəsfi olan bəyyinat və furqandır. Bəyyinat - “müdafiə olunan həqiqəti isbat etmək üçün yetərli olan aşkar sənədlər” anlamına gəlir. Furqan isə “yaxşını pisdən, haqqı batildən, doğrunu yalandan, ədaləti zülmdən ayırmağa xidmət edən keyfiyyət və qabiliyyətdir.” Ramazan orucunu əmr edən Bəqərə 185-ci ayədə Quran məhz bu iki keyfiyyəti ilə təqdim edilir. Bu boş-boşuna deyil. Zira vəhy müxatibinə rəhbərlik etmə [hidayət] məqsədini ancaq bu iki vəsfi sayəsində gerçəkləşdirir. Bunların birincisi olan bəyyinat Quranın özündə olub qarşısındakına təqdim etdiyi, ikincisi olan furqan isə müxatibində inşa etdiyi özəllikdir. Yalnız Quranın inşa etdiyi bir təsəvvür və ağıl furqan olmaq vəsfini qazanır. Belə bir təsəvvür və ağılla baxan bir göz ancaq bəyyinatın dəlalət etdiyi həqiqətləri yerli-yerində görər və qavrayar.

Bütün bunların ardından soruşulması vacib olan sual budur: Quranın doğum ayı olan Ramazanın ihyası [dirildilməsi] niyə orucla müəyyənləşdirilmişdir? Bir başqa ifadə ilə desək: Quranın doğumu niyə orucla qeyd edilir?
Bu canalıcı sualın cavabı eyni zamanda vəhyin, onu anlamağın və həyata transfer etməyin açarıdır.

Farsca “gün” anlamına gələn rüzə-nin dilimizdəki qarşılığı olan “oruc”un Quran dilindəki qarşılığı savm-dır. Savm həm “tutmaq”, həm də “tərk etmək” anlamını ehtiva edir. Kəlmənin kök mənası “yemə-içmədən kəsilmək, ağzı bağlı olmaq, daxilə əlavə bir şey qəbul etməmək”dir. İştiqaq-i əkbərdə [bir kəlmədən törəyən sözlərin əsilləri və bir-biriləri ilə olan münasibətləri] “mütləq bütün, əksiksiz və tam” mənasına gələn ilahi sifət əs-Saməd, dəyəri sabit olduğu üçün qızıl anlamına gələn samit, yığcam qaya mənasına gələn samed, ağzı qapalı olduğu üçün susmaq anlamına gələn summ və qüvvət, cazibə mərkəzi mənasındakı samd ilə qohum sözlərdir.

Savm “tutmaq”dır. Dilimizdə “oruc tutmaq” deyirik. Namazı “qılarıq”, dəstəmazı “alarıq”, zəkatı “verərik”, kəlimə-i şəhadəti “gətirərik”, həccə “gedərik”, orucu isə “tutarıq”. Dilimizdəki “tutma” sözü oruc mənasındakı savm-ın tam qarşılığı olduğu üçün “oruc tutmaq”, yəni “tutmağı tutmaq” kimi bir məna ilə eynidir.

Oruc tutmaq ən başda orucun tərəfini tutmaqdır. Yəni “mən orucdan yanayam, mən orucun tərəfindəyəm!” deməkdir.
Oruc tutmaq özünü tutmaqdır. Başımıza nə gəlirsə, özümüzü tutmadığımız üçün gəlir. Günahların kökündə hirsini tutmamaq, nəfsini tutmamaq, şəhvətini tutmamaq, dilini tutmamaq və s. bu kimi səbəblər dayanır. İnsan orucu nə qədər tutarsa, oruc da insanı o qədər tutar. Kim orucun başını dik tutarsa, oruc da onun başını dik tutar. Oruc onu qula qul olmaqdan qoruyan bir qalxan, qulu qul etməkdən qoruyan bir ağıl olar. Bu anlamı ilə oruc “ac qalmaq” deyil, “qidalanmaq”dır. Əslində ac qalan bədəndir. Bunun mənası insanın maddi tərəfinin “ikinci dərəcəli” olduğunu vurğulamaqdır. Birinci dərəcəli olan isə ağıl işlədən, düşünən, xatırlayan, öyüd alan, inanan, dəyər verən, yaxşını pisdən ayıran tərəfidir.

Quranın doğum ayı olan Ramazanın bədənin ac saxlanılaraq ihya edilməsinin səbəbi burada ortaya çıxır. Bu səbəb möminin əqli və ruhu vərdişlərini təhrik və təşviq edərək onun anlama və düşünmə qabiliyyətini artırmaqdır. Bunun Quranla əlaqəsi aydındır: Bu yolla vəhyin daha yaxşı anlaşılmasına vəsilə olmaq. Zatən vəhyi “oxumaq” da budur. Zira oxumaqda məqsəd anlamaqdır. Bir şey anlaşılmırsa, eyni zamanda da demək ki, “oxunmur”. Quranın ilk əmri olan ikra “oxu” deyərkən bir də “anla” əmrinə ehtiyac duymur. Oxuyub anlamağı birlikdə ehtiva edir. “Ələq” surəsinin ilk enən ayələrində oxumaqda məqsədin “öyrənmək” [təlim] olduğu 4-cü və 5-ci ayələrdə açıq ifadə olunmuşdur. İlk enən ikinci surə olan Müzzəmmildəki Quranı tərtil ilə oxuma əmrinin mənası da budur. Təbii ki, anlamaqda məqsəd yaşamaqdır. Bir əmr anlaşılmadan yaşana bilməz.
Bu səbəblə Ramazan Quran ayıdır. Ramazan bizə Quranı gətirdiyi üçün Ramazandır. Ramazanlarımız Quranı oxuduğumuz, anladığımız, yaşadığımız və yaşatdığımız qədər mübarəkdir.
Əlbəttə quranla münasibət tək Ramazan ayına aid edilə bilməz. Zatən Ramazan, vəhyin Quranın “endiyi” deyil, “enməyə başladığı” aydır. quran bir Ramazan gecəsi olan Qədr gecəsi enməyə başlamış və bir nəslin həyatını inşa edəcək qədər uzun bir müddət enişini davam etdirmişdir. Vəhyin fəaliyyəti endiyi illərlə sərhədləndirilə bilməz. Hər zaman və zəmində endiyi gündə olduğu kimi sonsuz sayda qadın və kişinin ürəyinə hökm etməyə davam edəcək.

Vəhy ilahi bir inşa layihəsidir. Məqsədi, onunla inşa olmuş insanlar vasitəsi ilə həyatı inşa etməkdir. Ramazanın təsiri də eynilə vəhy kimi sadəcə bir ayla sərhədləndirilə bilməz. Ramazan gətirdiyi məna iqlimini mömin müxatibinin bütün ömrünə yaymağı və onun ömrünü Ramazan qılmağı hədəfləyər.
Unudulmaması vacib olan həqiqət budur: Ömrü Ramazan olanın axirəti bayram olar. O bayram Cənnətin özüdür. Belə birisində Ramazan bu sözü söyləmə şüurunu inşa edər: Küfrə, şirkə və zülmə qarşı orucumu pozaramsa, kəffarətim Cəhənnəm olsun!!!


Tarix: 06.01.2013 / 16:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 904 Bölmə: Ramazan
loading...