İnsanların hamısı ziyafətdə iştirak etməyi xoşlayırlar. Xüsusilə böyük şəxsiyyətlərin təşkil etdiyi ziyafətlər hamı üçün daha maraqlı və arzulanandır. Hər bir ziyafət onu təşkil edənin kimliyindən asılı olaraq ozünəməxsusluğu ilə seçilir. Bu səbəbdən də ziyafətlər heç də həmişə süfrədə olan rəngarəng nemətləri ilə yadda qalmır. Ziyafət nə qədər böyük şəxs tərəfindən təşkil edilmiş olsa, süfrə məsələsi bir o qədər arxa planda qalır və əsas diqqət məclisin səbəbkarına, onunla ünsiyyətə yönəlir. Əgər kimsə belə bir boyük məclisə xüsusi olaraq dəvət alsa, üstəlik orada iştiraka gorə mükafat da veriləcəyini bilsə, yəqin ki, heç vaxt belə bir məclisdə iştirakdan boyun qaçırmaz.
Ramazan hər bir müsəlmanın dəvət olunduğu Allah qonaqlığıdır. Allah-Təala Qurani-Kərimin Bəqərə surəsinin 183-cü ayəsində bizləri bu ilahi ziyafətə dəvət etmiş və orada iştirak etməyi hər birimizə vacib buyurmuşdur. Bəli, Allah-Təala bizi ziyafətə dəvət etmiş və bildirmişdir ki, həmin ziyafətdə iştirak etsək, qazancımız dünya və axirət səadəti ola bilər.
Bildiyimiz kimi, İslamın insanlara vacib buyurdugu bütün əməllər həm maddi, həm də mənəvi mənfəətlərə əsaslanır. Oruc tutmaq da bu ümumi qaydadan istisna deyildir. Düzdür, Quran və ya hədislərdə heç də həmişə bütün əməllərin əsaslandığı hikmətlər açıqlanmır. Bunun müxtəlif səbəbləri ola bilər. Səbəblərdən biri kimi, həmin hikmətlərin izahının İslamın ilk dövrlərində insanlar tərəfindən lazımi şəkildə qavrana bilməməsini gostərmək olar.
Bildiyimiz kimi, bu gün artıq orucun insan sağlamlığına olan faydaları barədə kifayət qədər elmi dəlillər movcuddur. Hətta tam qətiyyətlə demək olar ki, insan orqanizmində orucun müsbət təsir göstərmədiyi bir üzv yoxdur. Bu cür elmi izahları o dovrün insanlarına başa salmaq təbii ki, qeyri-mümkün idi. Bu səbəbdən də Peygəmbərdən (s) və İmamlardan (ə) nəql edilmiş rəvayətlərdə orucun insan organizminə bu gün məlum olan xeyirlərini sadalayaraq, "oruc tutun ki, qanınızda olan ziyanlı yağlar təmizlənsin, bədəninizdəki filan zəhərli maddələr ərisin, qaraciyərinizin fəaliyyəti normallaşsın, astma xəstəliyi aradan qalxsın" və s. kimi ifadələr işlətməmiş, ümumi olaraq "oruc tutun ki, saglam olasınız" deməklə kifayətlənmişlər.
Orucun butun bu faydalarına baxmayaraq Allah-taala onun maddi xeyrini deyil, mənəvi faydasını açıqlamaga üstünlük vermişdir. Bunun səbəbi odur ki, mənəvi faydanı nəzərə alaraq oruc tutan, həmin maddi xeyirləri də təbii olaraq əldə etmiş olur. Belə ki, insan Allaha xatir oruc tutanda da oruc öz maddi təsirini həmin şəxsə gostərəcək və o, orucun organizmə olan xeyirlərini əldə edəcəkdir. Məsələnin əks tərəfi isə belə deyildir. Belə ki, əgər kimsə yalnız həmin maddi məqsədlərlə oruc tutsa, ondan nəzərdə tutulan mənəvi xeyirləri əldə edə bilməyəcəkdir. Oruc üçün Allah tərəfindən nəzərdə tutulan mənəvi xeyir isə heç nə ilə müqayisə edilə bilməz.
Orucun ən böyük faydalarından biri onun insan mənəviyyatına olan töhfəsi, insanın iradəsini möhkəmləndirməsi, öz nəfsinə hakim etməsidir. Allah-taala da orucun bu xeyirinə toxunmuş və oruc tutmağın təqva əldə etmək istiqamətində bir addım olmasını bəyan etmişdir. Təqva nədir? Təqva insanın həm zahir, həm də batində Allahdan qorxmasi, butun hallarda Onun gostərişlərinə tabe olmasıdır. Əgər biz Qurani-Kərimə nəzər salsaq gorərik ki, təqvaya malik olmaq Allah qanında bəndənın ən bəyənilən sifətidir. Allah-Taala insanlardan təqvalı olmağı istəmiş və təqvanı bəndələrin bir-birindən üstünlük meyarı təyin etmişdir (Hucurat 13). Allahın rəhmət və mərhəməti hər şeyi əhatələmiş və O, rəhmətini yalniz təqvalılara vacib etmişdir (Əraf 156). Allah-Təala məhz təqvalıları cənnətin varisləri edəcəkdir (Məryəm 63). İnsanların hamısı cəhənnəmə daxil olacaq, Allah oradan yalniz təqvası olanları çıxaracaqdır (Məryəm 72). Allah xeyir işləri yalnız təqvalılardan qəbul edir (Maidə 27). Ən gozəl azuqə təqvadır (Bəqərə 197). Çünki bizim əməllərimizdən Allaha yalniz təqva çatır (Həcc 37). Xülasə, ümumiyyətlə bütün ibadətlərdən məqsəd təqva əldə etməkdir (Bəqərə 21).
Quranın təqvaya bu qədər əhəmiyyət verməsindən sonra hər bir müsəlmanın vəzifəsi təqvaya yiyələnmə istiqamətində hərəkət etmək və təqvasının artmasına səbəb olan işlər görməyə çalışmaq olmalıdır. Həmin təqvaya səbəb olan əməllərdən biri də orucdur. Allahın bizlərə vacib buyurduğu ibadətlər içərisində oruc xüsusi əhəmiyyətə malikdir. Oruc islami ibadətlər arasında bir neçə xüsusiyyəti ilə seçilir. Bunlardan biri orucun sırf Allaha məxsus ibadət olmasıdır. Peyğəmbərdən (s) nəql edilmiş məşhur rəvayətlərdən birində deyilir: "Allah-Təala buyurmuşdur: "Oruc Mənə məxsusdur və onun mukafatını mən Ozüm verəcəyəm." Əslində İslami baxımdan ibadətlərin hamısı Allaha məxsusdur və Allahdan qeyrisinə ibadət etmək haramdır. Lakin Allah-Təalanın orucu xüsusi olaraq vurğulaması bu ibadət novünün əhəmiyyətini gostərir. İslam alimləri bu hədisin izahında bir noqtəyə də işarə edirlər ki, Allah-Təalanın həmin mübarək kəlamından məqsəd, orucun riyakarlıq göstərmək mümkün olmayan yeganə ibadət olmasıdır. Çünki bildiyimiz kimi, ibadətlərin hamisinda adətən insan hansisa işi gorməklə ibadət edir. Orucda isə ibadət hərəkətlə deyil, hərəkətsizliklə, yəni bir sıra hərəkətlər etməməklə, bir sıra əməllərdən çəkinməklə yerinə yetirilir. Hərəkət olmayanda da, təbii ki, başqasına gostərməli bir şey olmadığı üçün riyakarlıq mümkün deyil.
Orucun digər bir ozünəməxsusluğu onun həm Quranda, həm də hədislərdə səbr adlandırılmasıdır (Bəqərə 45). Oruc Allahın qadağan buyurduğu şeylər müqabilində Allaha xatir səbr etməkdir və bildiyimiz kimi İslamda ən boyük mükafatlardan biri məhz səbr sahibləri üçün nəzərdə tutulmuşdur. Belə ki, Allah-Təala Qurani-Kərimdə səbr edənlərə saysız-hesabsız mükafat verəcəyini bildirmişdir (Zumər 10). Elə bu səbəbdəndir ki, müqəddəs dinimizdə bir sıra əməllərin mükafatının boyüklüyünü başa salmaq üçün meyar olaraq oruc gostərilir. İslamda orucla bağlı diqqəti çəkən digər bir məqam da orucun bir sıra əməllər üçün kəffarə (cərimə) rolunu oynamasıdır. Orucun insanın günahlarının bağışlanmasındakı rolu barəsində hədis mənbələrində çoxlu sayda rəvayətlər mövcuddur. Lakin Quranda konkret olaraq bir sıra günah əməllərin cəzası olaraq, yaxud bir sıra vacib əməllərin yerinə yetirilmədiyi təqdirdə oruc tutmaq əmr edilmişdir ki, misal olaraq Bəqərə surəsinin 196-cı ayəsini, Nisa surəsinin 92-ci ayəsini, həmçinin Maidə surəsinin 89 və 95-ci ayələrini gostərmək olar.
Orucun maddi və mənəvi xeyirləri barəsində danışaraq məsələnin bütün tərəflərini əhatə etmək qeyri-mümkündür. Ən azı ona görə ki, orucun insan orqanizminə xeyirləri hələ indi, İslamin gəlməsindən 1400 il sonra üzə çıxır və daha on və yüz illər sonra nələrin məlum olacağını heç kəs deyə bilməz. Allah-Təala isə bütün bu maddi və mənəvi xeyirləri bir cumlə ilə ifadə edərək buyurmuşdur: "Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!" (Bəqərə 184). Elə isə bütün əmrləri saysız hikmət və xeyirlərə əsaslanan Allahin dəvətini qəbul edərək özümüzü bu ilahi ziyafətdən məhrum etməyək. Allah-Təala hamımıza Ramazan ayında Özünün bəyəndiyi kimi oruc tutmağı nəsib etsin. AMİN!
Tarix: 21.11.2012 / 16:15 Müəllif: [Ram] Baxılıb: 934 Bölmə: Ramazan