Özünü ruhi – mənəvi həyata yönəltmək istəyən bəzi kimsələr var ki, dünyadan əl və ətəyini tamamən çəkmiş halda yaşayırlar. Bunlar əlbəttə ki, mələkləri xatırladırlar. Lakin getdikləri bu yolun faydası yalnız özlərinədir ki, insan cəmiyyəti bundan heç bir fayda götürə bilmir. Bütün bu kimsələr insanın ruh və bədəndən ibarət mütəşəkkil bir quruluşu olduğunu unutmuşlar. Bu vəziyyət nəticəsində belə insanların Yaradan qarşısında heç bir dəyəri qalmır. Belə ki, hər bir şeyi səbəblər və nəticələr zənciri halında yaradan və hər bir səbəb – nəticə örtüyünün arxasında hikmət qoyan Rəbbimiz ən böyük var olma səbəblərindən, qüvvəsindən ən başlıca olaraq fayda hikmətini yaratmışdır, var etmişdir. Hər hansı bir varlığın dəyəri onun faydalı ola bilmək ölçüsü ilə müəyyən olunur. Adi bir otu düşünün... Allahın istəyi və izni ilə göydən yağış yağar, torpaq dirçələr, bitkilərlə dəlik - deşik olar, günəşdən aldıqları işıq və torpaqdan içdikləri su ilə yamyaşıl olar, sonra saralar və çör çöp olar. Amma çör-çöpə çevrilmiş yam –yaşıl otlar yenə də fayda hikmətinə sadiq qalmaqdadırlar. İstifadəmizə verilmiş hər bir varlıq fayda hikmətindən xali deyildir. Təbii, bunlarda düşünənlər və ibrət alanlar üçün örnəklər, ibrətlər mövcuddur. Fayda hikməti... Və İnsan... Vəzifə artdıqca, məsuliyyət də artmaqdadır...
Allahdan güc alaraq kamala çatmaq və eyni zamanda bölüşmək. Paylaşmaq dini İslam maddi yardımlaşma ilə bitmir. Səsini eşitdirə biləcək hər kəsə öz daxili tarazlığını qorumaqla mənəvi zənginləşmə yolunda müraciət etməlidir. Hər kəsə müraciət yalnız fayda hikmətini bilməklə yetməyəcək. İlk öncə daxili təmizlənmə, daxili mücadilə, nəfsani cihad, nəfsin təzkiyəsi prosesi baş verməlidir.
Öncə dağıtmaq, parçalamaq, məhv etmək: “Lə” deyəcəksən. Lə ilahə illəllah “lə” - dən başlayır. Yox deyib, qəlbində bir inqilab edəcəksən. Yox deyəcəksən: daxili küfrə, cəhalətə, qaranlığa, nəfsin dürtmələrinə, şeytanın vəsvəsələrinə. Yox deməklə bitməyib, İbrahim kimi şeytana daş belə atmalısan. “Yox” demək azdır. Kifayət olsaydı, təvəkkül simvolu, Allah üçün qurban verməyi bacaran atamız İbrahim Şeytanın vəsvəsələrinə “yox” deyib keçərdi, amma nümunəmiz belə etmədi... “Yox”la, inkarla kifayətlənməyib, qaranlıqlara çəkən, aydınlıq yolumuzun və İnsanın yeganə düşməni İblisə daş atdı. Qəlbini, ətrafını bütlərdən təmizlədi. Və İbrahim ailəsi olaraq “Allah üçün tərk etməyi” öyrətdi. Allah üçün qurban verməyi, Alah üçün yaşamağı, bir sözlə Allahı tanımağın və Ona yaxınlaşmağın yollarını öyrənməkdə bir örnək və ibrət oldu. Qəlbini təmizlədi, bütlərdən boşaltdı. Sonra bu boşluq gözəlliklərlə, nurla dolmalı və paylaşılmalı. Öncə yox deyəcəksən, çünki işıq və qaranlıq, gözəllik və eybəcərlik eyni bir məkana sığmaz. İbrət qəhrəmanı, örnək elçilər belə etdi, belə öyrətdilər.
Nemətlər paylaşıldıqca artır. Elm verildikcə alınır; öyrətdikcə öyrənmək mümkün. Daxili mən ölmədikcə, müvəffəqiyyətdən söhbət gedə bilməz. “Mən”in ölümü isə yalnız elmlə mümkündür. Elm artdıqca səcdə gözəlləşir, tamlaşır.
Fayda hikmətini görən kəs faydalı olmağa can atacaq. Kimsəyə zərər vermədən faydalı olmaq isə yalnız elmlə mümkün. Elmi olmayan kimsələrin, məhv etdiyi, zədələdiyi düzəltdiklərindən daha çox olacaq. Bir sözlə insan Rəbbinin “Oxu” əmrinə tabe olaraq, onu bir qətrə sudan yaradan Rəhmana təslim olaraq, Mövlaya layiq qul olmağa cəhd edərək, daima O – na hicrətə hazır olaraq, Vədudun sevgisinə ümid edərək hər kəsi sevməli və nəfsinin təmizlənməsi üçün Xaliqinə yalvararaq “Ya Rəbbim, yaxamızdan tut etdiyimiz hər işi Sənin rizan üçün etdir” deyə dua edərək, “Ümmətim, ümmətim” deyən Rəsullallahın arxasından yüyürməlidir. O, Rəsulallahın ki, təbliğ üçün getdiyi Taifdə daşa basılsa da, fiziki deyil, mənən kor, kar, zavallı, aciz qullara qarşı qəlbində bir inciklik yaşamadan dua etmişdi. Dua etmişdi, “bəlkə onların nəslindən bir nəfər belə olsa iman gətirər”, deyə. İnsanlığı işığa çağıraraq insanlığın ən faydalı insanı nə qədər əziyyətlər çəkdi. Haqq naminə...
Ey bu günün iman gətirən insanı, özünə qapanıb nə qədər Quran oxusan da, nə qədər hafiz olsan da fayda hikməti yaşamasan “ heyvandan da zəlil biri “ olma təhlükəsi var. Çünki, heyvanlar ən azından fayda hikmətini yaşayırlar. Öz vəzifəsini anlamayan istər cahil, istər müsəlman olsun o heyvandan da aşağı səviyyədə durmaqdadır.
Ey bu günün iman gətirən insanı! Əməlləində fayda hikmətini yaşamağı bacarmırsansa ən azından dərin, böyük həcmli dualar et. Millət üçün, müsəlman dünyası üçün, insanlıq üçün. Rəbbinə yalvar, yaxar ki, səni “fayda” hikmətlərindən məhrum etməsin.
Ey bu günün iman gətirən insanı! “Oxu” və hər anlamda cihada da hazır ol! Nəzərlərini heç bir yana qaçırmadan, yalnız özünə yönəlt. Rəbbinin adını uca tut, Rəsulunu sev və ona itaət et ki, Yaradanın sevgisinə layiq olasan.
Yoxsa Qəhhar Allah bizi məhv edər, yerimizə daha layiqlilərini gətirər.
Oxumağa Rəbbinin adı ilə başlayan “Oxu”, O- na yaxınlaşmaqla bitər. Allah üçün “Oxu” və O - nun nemətlərindən danış.
Ey bu günün iman gətirən insanı! Unutma, Rəbbin buyurur: "Hamınız birlikdə İslama gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq –aşkar düşməninizdir!" (əl-Bəqərə,208)
Bu gün xilas “Lə ilahə illəllah, Muhammədən rasullahı”ı öyrənmək və yaşamaqla mümkündür. Lə deyib Xilas olmağın yolunu bizə Allahın rəsulu öyrədir.
Ya Rəbbim, bizləri yalançı şahid olmaqdan qoru.
Müsəlman dünyası, müsəlman qəlbi Allahdan başqa mövcud ilahlardan təmizlənməli, Allaha yaxınlaşmağa maneçilik törədən “bəqərələri” kəsməli və bütün bunları nümunəsi olan Muhamməddən (s.a.s) öyrənməlidir. Muhammədi tanımadan, onun kimi faydalı olmağa can atmadan onunla görüşə necə ümid edə bilərsən???
Rəbbim, bizi haqdan ayırma..
Göstərişdən, riyadan uzaqlaşdır. Sevdiyin qulunu bizə də sevdir. Fayda simvolları olan Peyğəmbərlərinin əxlaqı ilə bizləri də əxlaqlandır.
AMİN !
Tarix: 06.01.2013 / 16:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 552 Bölmə: Ramazan