Havaların soyuduğu, xəstəliklərin artdığı,
bədənin temperaturunun azaldığı, infeksion xəstəliklərin çoxaldığı bu dönəmdə düzgün qidalanma çox önəmlidir. Dünyanın ən geniş yayılmış sağlamlıq problemlərindən olan infeksion xəstəliklərin, payız və qış aylarında artdığını, daha çox isə qrip və soyuqdəymə baş verdiyini göstərən mütəxəssislər payızda lazımlı qidalardan kifayət qədər istifadə olunmasını vacib sayır. Mütəxəssislər payız mövsümündə qidalanma ilə bağlı aşağıdakı məsləhətləri verirlər: “Payız aylarında immuniteti qoruyaraq, daha da gücləndirmək üçün təsiredici vasitələrdən biri yetərincə və planlı qidalanmadır.
Xüsusi ilə infeksiyalara qarşı daha həssas olan uşaqlar, hamilə qadınlar, süd verən analar və
qocalar üçün düzgün qidalanma daha çox önəmlidir. ”
Bədənin vitamin və mineral ehtiyacını ödəyin
Düzgün qidalanma, gün ərzində hər növ qidadan kifayət qədər qəbul etməklə mümkündür. Beləliklə ehtiyacımız olan protein, karbohidrat, yağ,
vitamin və mineralları da qəbul etmiş oluruq. Xatırladaq ki, A və C vitaminləri, antioksidant vitaminlərdir və bu vitaminlər həzm sistemini gücləndirərək xəstəliklərlə mübarizədə bədənə güc verir. Kök, yaşıl bibər, mandalin və.s, keşniş, şüyüd kimi göyərtilər vitaminlərlə zəngindir. Ən əsası odur ki, meyvələr şirəsi çəkildikdən sonra tez bir zaman ərzində içilsin. Meyvə şirəsi saxlanıldıqda tərkibindəki C vitamini itir. Çünki bu vitaminə işıq və isti tez təsir edir.
Bundan əlavə çay və qəhvə yerinə bitki çayları və ya C vitamini ilə zəngin olan itburnu çayına üstünlük verin. Yemək zamanı və ya yemək arası çoxlu miqdarda salat yemək də bizə ehtiyacımız olan vitaminləri verəcək. Tərkibindəki C vitamini itməsin deyə salatları da meyvə şirəsi kimi hazırlandıqdan sonra tez bir zaman ərzində qəbul edin.
Düzgün qidalanmada digər bir şərt, kifayət qədər protein qəbul etməkdir. Xüsusilə süd, qatıq, pendir, yumurta, ət, toyuq və balıq kimi qidalar proteinin ən yaxşı mənbəyidir. Xatırladaq ki, sözügedən məsləhətlərə əməl etməklə immun sisteminizi gücləndirib, xəstəliklərdən qoruna bilərsiniz. Və soyuq fəsli də xəstəliksiz başa vurmağın mümkün olduğuna inamınız artar.
Tarix: 21.01.2015 / 11:51 Müəllif: Aziza Baxılıb: 61 Bölmə: Qidalanma və Dieta