Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əbdülmənaf Hacıyev

Həyatı
Hacıyev Əbdülmənaf Qəhrəman oğlu 1896-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalında (indiki Ermənistanın Sisiyan rayonunun Urud kəndində) anadan olmuşdur.

Orta təhsilini Gorus rayonunda Oğlanlar Seminariyasında aldıqdan sonra, təhsilini davam etdirmək üçün Moskva Hüquq Elmləri Akademiyasına daxil olmuş, 1932-ci ildə hüquqşunas ixtisası ilə oranı bitirmişdir.

Əmək fəaliyyətinə 1920-ci ildə Qubadlı qəzasının Eyvazlı-Xanlıq kənd məktəbində müəllim kimi başlamış, 1930-cu ildə Ağdam rayon Maarif İşçiləri Həmkarlar İttifaqinın sədri, 1931-1933 illərdə Ağdam rayon Maarif şöbəsinin müdiri, daha sonra təhsilini davam etdirərək Moskva Ali Həmkarlar Hərəkatı məktəbini bitirmiş, 1933-1936-cı illərdə Naxçivan şəhər Maarif şöbəsinin müdiri, Maarif Nazirliyində savadlandırma kursları üzrə siyasi maarif şöbəsinin müdiri, daha sonra Naxçıvan Vilayət Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsi üzrə katib,1936-1938 -ci illərdə Naxcivan Vilayət ibtidai Orta məktəb İşçiləri Həmkarlar İttifaqının sədri, 1938-1948 -ci illərdə Naxçıvan MSSR Ədliyyə naziri vəzifələrində çalışmış, 1948-1951 -ci illərdə Naxçıvan Vilayət ibtidai Orta məktəb İşçiləri Həmkarlar İttifaqında məsul vəzifədə, 1951-1980-ci illərdə Naxçıvan şəhər 7№ -li orta məktəbində fars dili müəllimi işləmişdir.

I-II çağiriş Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir.

Əməyi yüksək qiymətləndirilmiş, Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə o Əməkdar müəllim fəxri adına layiq görülmüş, Qafqazın müdafiəsinə görə, Rəşadətli əməyə görə və Lenin yubiley medalları ilə təltif olunmuşdur.

Əbdülmənaf Hacıyev tanınmış Gənçalı tayfasının ağsaqqallarından biri olub, Zəngəzurda və Naxçıvanda xeyirxah və xeyirəməl bir insan kimi tanınmışdır. Onun Naxçıvan, Qubadlı, Laçın, Cəbrayıl, Ağdam və s. bölgələrdə maarifin inkişafında əvəzsis xidmətləri olub. Olduqca xeyirxah, humanist, əqidəli və vicdanli adam olan Əbdülmənaf müəllim Ədliyyə Naziri işlədiyi dövrdə yüzlərlə günahsiz adamı labüd ölümün pəncəsindən qurtarmış, neçə-neçə işsizə iş, çörəksizə çörək vermişdir. Onlarla adamın oxuyub Ali təhsil almasına şəxsən yardımçı olmuşdur. Bu gözəl insanın xeyirxah əmələrini Naxçıvan və Sisyanın yaşlı sakinləri hələ də minnətdarlıqla xatırlayır və ona haqq dünyada rəhmət diləyirlər.

Əbdülmənaf Hacıyev olduqça geniş dünya görüşünə malik,dərin erudisiyalı, dini və dünyəvi elmləri mükəmməl bilən, böyük həyat təcrübəsinə malik olan hörmətli insan olmuşdur.Onun nəslindən Ali Təhsil almayani yoxdur. O, böyuk bir alimlər ailəsinin ağsaqqalı idi. Oğlu Hacıyev Sabir Azərbaycan Milli Elmlər akademiyasinin müxbir üzvü , fizika elmləri doktoru, BDU -nun fizika İnstitutunun direktorudur. Şöhrət ordeni ilə təltif olunmuşdur.Diqər övladları - Qasım, Roza və Məxmər Ali təhsilli olmaqla müəllim işləmişlər.


Tarix: 06.02.2015 / 17:25 Müəllif: Feriska Baxılıb: 124 Bölmə: Qərbi Azərbaycan
loading...