Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qafar Çaxmaqlı

Həyatı
Qafar Çaxmaqlı 16 avqust 1956-cı ildə Ermənistan SSR-in Amasiya rayonunun Çaxmaq kəndində anadan olub. Orta təhsilini bu rayonda alıb. 1975-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinə daxil olub və 1980-ci ildə buranı bitirib. Həmin ilin noyabr ayının 20-dən etibarən Qafar "Kommunist" (ermənicə) qəzetində müxbir kimi fəaliyyətə başlayıb. Burada 1989-cu ilə qədər baş müxbir və bölgə müxbiri kimi fəaliyyət göstərib. "Vətən səsi" (1990-1991) və "Xalq qəzeti"ndə (1991-1992) məsul katib, "Millət" (1992-1993), "Yeni Azəbaycan" (1993), "Vətəndaş" (1993-1995), "Avrasiya" (1995-1996) və "Respublika" (1996-1999) qəzetlərinin redaktoru və baş redaktoru olub. 1999-2000-ci illərdə Türkiyədə, Strateji Araşdırmalar Mərkəzində tədqiqatçı vəzifəsində çalışıb, 2000-ci ildən 2006-cı ilədək Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri olub. 2003-cü ildən Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində dərs deyir. ""Erməni məsələsi" ilə əlaqədar tarixi həqiqətlərin aşkarlanmasında mətbuatın rolu. 1890-1920-ci illər erməni və Türkiyə mətbuatının materialları əsasında" namizədlik dissertasiyasını tamamlayaraq siyasi elmlər üzrə fəlsəfə doktoru dərəcəsi alıb. Araşdırdığı mövzuda və digər mövzularda bir sıra elmi nəşrlərdə xeyli miqdarda məqalələri dərc edilib.

"Qars adlı vətən" (2000), ""Erməni məsələsi" tarıxın izi ilə" (2008), "Dağlıq Qarabağ işğaldan sonra və əvvəl” (azərbaycanca və türkçə 2011) kitabları işıq üzü görüb. 2004-cü ildən Araşdırmaçı Jurnalistlər Liqasının sədri, "Yeni Avrasiya" qəzetinin baş redaktoru, "Ekspress" qəzetinin köşə yazarıdır. 2007-ci ilin fevralından MAJL Ermənişünaslıq Mərkəzinin rəhbəri kimi bu sahədə aparılan tədqiqatların sistemli şəkil almasına çalışır.

Jurnalistika sahəsində bir sıra mükafatlara layiq görülüb: "Qızıl qələm", "Dan ulduzu", "Ustad" və sair. 2005-ci ildə Azərbaycan mətbuatının inkişafında göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

Erməni, rus və türk dillərini bilir, almanca tərcümələr aparır. Hazırda "Azərbaycan ordusu" qəzetinin xüsusi müxbiri, Erciyes Universiteti (Türkiyə, Kayseri şəhəri) Erməni Araşdırmalar Bölümü başqanıdır.

Tədqiqatçı kimi beynəlxalq elmi konfranslarda çıxış edir. 1999-cu ilin iyununda Qars (Türkiyə), 2003-cü ilin mayında Bakı (Azərbaycan), 2005-ci ildə Ankara (Türkiyə), 2007-ci ildə yenidən Bakıda konfranslarda iştirak etmiş, 2010-cu ildə Belçika Parlamentində Dağlıq Qarabağ ilə bağlı dialoqda iştirakçı olmuşdur.

100-dən çox elmi məqaləsi çap edilmişdir.

Ailəlidir – həyat yoldaşı Mehdiyeva Rəhilə Yaqub qızı, övladları Mehdiyev Elay Qafar oğlu, Mehdiyev Emin Qafar oğlu və Rzayeva Günay Qafar qızıdır.


Tarix: 05.02.2015 / 15:47 Müəllif: Feriska Baxılıb: 144 Bölmə: Qərbi Azərbaycan
loading...