Zeynalov Xasay İsrafil oğlu – Azərbaycan el şairi.
Həyatı
Zeynalov Xasay İsrafil oğlu 1927-ci ilin mart ayında Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Atası Israfil Kərbəlayi Zeynal oğlu Böyük Vətən Müharibəsində həlak olmuşdur. Xasay Zeynalov 1943-cü ildə Daşkənd kənd orta məktəbini bitirdikdən sonra Pedaqoji Məktəbə qəbul olunmuş və 1945-ci ildə oranı bitirmişdir.
1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji Institutunun tarix fakültəsinə qəbul olunaraq 1955-ci ildə oranı bitirmişdir.
Xasay Zeynalov 1943-cü ildən 1988-ci ilə kimi Daşkənd kənd orta məktəbində tarix müəllimi, 1955-ci ildən 1958-ci ilə kimi həmin orta məktəbdə dərs hissə müdiri, 1959-1960-cı illərdə Basarkeçər rayon partiya komitəsində təlimatçı, 1961-1962-ci illərdə Daşkənd kənd kolxoz idarə heyətinin sədri, 1962-ci ildən 1972-ci ilə kimi Daşkənd kənd sovetinin sədri, 1973-cü ildən 1988-ci ilə kimi isə Daşkənd kənd orta məktəbində direktor müavini işləmişdir.
Xasay Zeynalov 1975-ci ildən 1988-ci ilə kimi Basarkeçər rayon partiya komitəsində partiyaya komissiyasının üzvü və Daşkənd kənd orta məktəbində ilk partiya təşkilatının katibi olmuşdur.
1961-ci ildən 1988-ci ilə kimi daimi olaraq kənd və rayon sovetlərinin deputatı seçilmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və SSRİ-nin bir neçə medallı ilə təltif olunmuşdur. Əmək veteranı və təqaüdçü idi.
30 noyabr 1988-ci ildə Ermənistan hakimiyyət orqanlarının təhriki və dəstəklənən erməni millətçi qüvvələrinin özbaşnalığı ilə əlaqədar olaraq doğma yurdu tərk etmiş və Bakı şəhərində məskunlaşmışdı.
Məktəb illərindən şeir yazmağa başlayan Xasay Zeynalov şifahi və yazılı xalq ədəbiyyatını mükəmməl bilən, aşıq sənətinə, xalq dastanlarına böyük həvəs göstərən bir şair idi. Yaradıcılığının çox hissəsi Göyçə tarixindən bəhs edən dastan-poemalardan və Göyçə həsrətli şeirlərindən ibarətdir. Bunula yanaşı Xasay Zeynalov aşıq şeir üslubunda olan güllü qafiyə, cığalı təcnis, dodaqdəyməz, müstəzad, qıfılbənd-bağlama və başqa şeirlər də yazıb yaradırdı.
25 noyabr 2011-ci ildə Bakı şəhərinin Yeni Günəşli qəsəbəsində vəfat etmişdir.
Əsərləri
"Göyçəsiz günlərim". Bakı, "Nurlan", 2006, 288 səh., tiraj 400.
"Vətən həsrətində, el firqətində". Bakı, "Hərbi Nəşriyyat", 2009, 312 səh., tiraj 200.
Tarix: 05.02.2015 / 18:30 Müəllif: Feriska Baxılıb: 148 Bölmə: Qərbi Azərbaycan