Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişi Ilə Qadının Namaz Qaydaları Arasında Fərq Var

Hər şeydən əvvəl onu qeyd edək ki, Islam şəriətinə görə namaz qılmaq məsuliyyəti baxımından kişi ilə qadın bərabərdir. Yəni yetkinlik yaşına çatmış şəxs cinsindən asılı olmayaraq, vacib ibadətləri icra etməyə, o cümlədən, namaz qılmağa vəzifəlidir.

Yetkinlik yaşı həm fizioloji əlamətlərə, həm də yaş ölçüçünə əsaslanır. Cəfəri məzhəbində oğlanlar üçün son yaş həddi 15 hicri-qəməri il, yəni miladi təqvimlə təqribən 14 yaş yarım, qızlar üçün isə hicri-qəməri 9 yaş, yəni miladi təqvimlə təqribən 8 il 8 ay götürülür. Yetknlik yaşının son həddi şafii və hənbəli məzhəblərində 15 yaş, maliki məzhəbində 17 yaşdır. Imam Əbu Hənifə isə qızlar üçün 17, oğlanlar üçün 18 yaşı yetkinliyin son həddi qəbul edirdi.

Fizioloji əlamətlərə gəlincə, bütün Islam məzhəblərinə görə, ehtilam görmüş (yəni cinsiyyət üzvündən sperma gəlmiş) oğlan və heyz (menstruasiya) olmuş qız yetkin sayılırlar. Həmçinin, hənəfi məzhəbini çıxmaq şərti ilə bütün başqa məzhəblər qarnın aşağı hissəsində cod tüklərin çıxmasını da yetkinliyin şərti bilirlər. Əgər yeniyetmədə bu fizioloji əlamətlər göstərilən yaş həddindən tez müşahidə edilsə, o, artıq yetkin sayılır. Əgər fizioloji əlamətlər tez baş verməsə, uşaq göstərilən yaş həddinə çatanda yetkin hesab edilir.

Namaz qılınma qaydaları sarıdan kişi ilə qadın arasında demək olar ki, ciddi fərq yoxdur. Mövcud fərqlərin ən əsasları da namazın özünə deyil, müqəddəmatına aiddir. Bunların birincisi geyim məsələsinə aiddir. Qadın namaz zamanı sifətini (dəstəmaz zamanı yuduğu ölçüdə), biləkdən aşağı əllərini və topuqdan aşağı ayaqların çıxmaq şərti ilə bütün bədənini örtməlidir. Istər onu naməhrəm kişi görsün, istərsə də görməsin – bu şərt qorunmalıdır.

Kişi isə namaz zamanı abırlı görünəcək səviyyədə bədənini örtməlidir. Ən azı, bədəninin göbəklə diz arasında qalan yerlərini örtsün. Amma əlbəttə ki, bu, yalnız başqa imkan olmadıqda keçərlidir.

Qadınla kişinin qıldığı namazın müqəddimə şərtlərindən daha biri paklıq məsələlərinə aiddir. Belə ki, qadının hər ay paklığı pozulduğu üçün, bundan əlavə, həm də qadında istihazə halı mümkün olduğu üçün onun paklıq barədə gördüyü tədbirlər fərqli olur. Bunları öyrənmək üçün şəriət kitablarına və ya ibadət edən savadlı və təcrübəli qadınlara müraciət etməyi məsləhət görürük.

Sırf namaz əməllərindəki fərqlərə gəlincə, bunlar müstəhəb qismindən olan qeyri-prinsipial və xırda məsələlərdir. Yəni əgər qadın namaz qılan zaman aşağıda deyiləcək şərtlərə əməl etməsə, namazı qətiyyən pozulmaz. Amma bunlara əməl etsə, savab qazanar.

Müstəhəbdir ki, qadınlar namazda ayaq üstə durarkən ayaqlarını bir-birinə bitişdirsinlər. Kişilər isə pəncələri arasında bir ovucdan bir qarışa qədər məsafə qoysalar yaxşı olar.

Müstəhəbdir ki, qadınlar rükuda ovuclarını dizlərindən bir qədər yuxarıya qoysunlar. Amma bu zaman diqqət yetrmək lazımdır ki, dizlər ovuca çatıncaya kimi əyilmək lazımdır, çünki rüku bu halda qəbul edilir. Sadəcə olaraq, qadınlar kişilər qədər əyilməli, amma ovuclarını dizləri üstə yox, bir az yuxarıya qoymalıdırlar. Rüku halında qadınlar kişilərdən fərqli olaraq, dizlərini geriyə gərməsələr daha yaxşıdır.

Səcdə zamanı da qadının riayət etməsi müstəhəb olan şərtlər var. Bunlardan biri budur ki, ayaq üstə durduğu vəziyyətdən səcdəyə gedən zaman kişilərin əvvəlcə ovuclarını, daha sonra dizlərini yerə qoymaları müstəhəbdir. Qadınlar isə əvvəlcə dizlərini, sonra ovuclarını yerə qoysalar, daha yaxşıdır. Həmçinin, səcdə halında kişinin dirsəyini və qarnını yerdən bir az yuxarı tutması, qadının isə əksinə, dirsəyini yerə yapışdırması, qarnını isə aşağı sıxması müstəhəb sayılır. Qadının səcdə halında bədən üzvlərini bir-birinə sıxması müstəhəbdir.
Həmçinin, namazın əvvəlində iftitah təkbirini söyləyərkən kişilərin əllərini qulaqları səviyyəsinə, qadınların isə çiyin bərabərinə qaldırmaları məsləhət görülür.

Daha bir fərq namazın qiraəti ilə bağlıdır. Kişilər sübh namazında, məğrib və işa namazlarının birinci və ikinci rükətlərində Fatihə və surəni uca səslə oxumalıdırlar. Bu zaman səsi nə həddən artıq ucaldıb qışqırıq səviyyəsinə çatdırmaq, nə də həddən artıq azaldıb pıçıltı kimi oxumaq düzgün sayılmır. Zöhr və əsr namazlarının bütün qiraətləri, məğrib namazının üçüncü, işa namazının üçüncü və dördüncü rükətlərinin qiraəti kişilər tərəfindən asta səslə (pıçıltı ilə) oxunur. Bu qaydanı qəsdən və bilərəkdən pozan adamın namazı batildir. Amma qadınlar uca səslə oxunan qiraəti asta səslə də oxuya bilərlər. Əgər səslərini naməhrəm kişi eşidərsə, mütləq asta səslə, yəni pıçıltı ilə oxumalıdırlar.
Qadının kişilərə imamlıq (pişnamazlıq) etməsi düzgün deyil. Əgər qadın kişi ilə eyni otaqda namaz qılırsa, ondan geridə durmalıdır. Belə ki, səcdə zamanı qadının başını qoyduğu yerin səviyyəsi xətt üzrə kişinin dizləri səviyyəsindən geridə olmalıdır.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 151 Bölmə: Maraqlı melumatlar
loading...