Aşura günü isə söz müstəvisindən əməl müstəvisinə keçid edilir. İmamın (ə) buyurduğu sözləri hər kəs əməli formada, praktik formada həyata keçirir. Bir Aşura qəhrəmanlıq və izzətlilik məktəbinin əsası qoyulur burada. Bu mərhələ o vaxta qədər davam edir ki, Aşuranın əsr vaxtı yetişir, Əba Əbdillah (ə) öz Rəbbinə qovuşur. Bir bəşəri faciə yaşanır burada. Amma, eyni zamanda, əsrlərə yönəlik bir dönməzlik və şücaət abidəsi qoyulur burada. Haqqın Nahaqqa qarşı durması var burada. Və bu durmanın bütün qeyri-bərabərliyinə baxmayaraq, Haqqın zahirdə həlak edilməsinə, üzərindən atlar çapılmasına, hər cür vəhşiliklərə məruz qalmasına baxmayaraq, Nahaqq üzərində sarsıdıcı və birmənalı qələbə çalması var burada. Kəmiyyətin böyük əhəmiyyət daşımamasına, həlledici amil olmamasına sübut var burada. Sayı 100-dən çox olmayan, amma 30 minlik azğın qoşunun qarşısında öz qanları ilə yenilməzlik, sədaqət, əhdə vəfa, şəfqət, fədakarlıq, qeyrət salnaməsi yazan İNSANların qəhrəmanlıq eposu var burada. Sonadək əyilməyən, ağlagəlməz imtahanlardan ən şərəfli durumda çıxan sadə insanların bir İlahi əhvalatı var burada...
Nə qədər nümunələr var Aşurada! Düşmən sarsılmışdı bu qəhrəmanlıqdan! Bu yenilməzlik və qəhrəmanlıqlar sanki daha da azğınlaşdırmışdı düşməni. Çünki daha da güclü hiss edirdi, daha da çox duyurdu öz rəzilliyini, acizliyini, gücsüzlüyünü bu qurbanlar, fədakarlıqlar fonunda, bu eşq, bu məhəbbət fonunda zəlil olmuş düşmən…
AŞURA HƏQİQƏTLƏRİNİ ÇATDIRMA VƏZİFƏSİ
Aşura gününün əsr vaxtından sonra yeni bir mərhələ başlayır. Bu bir mərhələdir ki, Həzrət İmam Hüseyn (ə) öz İlahi vəzifəsini ən böyük şərafətlə icra edib. Öz missiyasını qurtarıb. Öz əziz məsləkdaşları ilə birgə, öz əziz vücudunu Allah yolunda qurban verib. Artıq yeni bir mərhələdir. Pak qanlar axıb, qurbanlar verilib, vücudi səhnələr yaradılıb. Bütün varlıq aləmini lərzəyə gətirən, vəcdə gətirən bir səhnələr. Əsri-Aşura – Kərbəlada baş verənlərin zirvəsidir, pik nöqtəsidir.
Bundan sonrakı mərhələdə Əba Əbdillahın (ə) mübarək əhli-beytini Kərbəlada əsir etdi azğın düşmən. İmam Hüseynin (ə) əhli-beyti yeni bir İlahi vəzifəni götürdü çiyinlərinə. Onlar şahididir bu müsibətin. Onlar bu müsibəti dünyaya çatdırmalıdırlar. Onlar səbir, dözüm və dönməzliyin, sınmamağın yeni bir qəhrəmanlıq salnaməsini yazmalıdırlar.
Bu mərhələdə ən əsas nöqtə odur ki, düşmən Kərbəla əsirlərini sındırmaq istəyir. Onları zəlil etmək istəyir. O həddə çatdırmaq istəyir düşmən onları ki, üzülsünlər, mənəvi müqavimət üçün taqətləri qalmasın. Və başda Xanım Zeynəb (s.ə.) və İmam Zeynəl-abidin (ə) olmaqla Kərbəla əsirlərinin missiyası var – olan həqiqətləri bəşəriyyətə çatdırmalıdırlar. İnsanları bu cinayətlərdən gərək agah etsinlər.
Onlar insanlara haqqı çatdırmaqla, xəbərdar etməklə, ayıltmaqla -yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmək vəzifəsini yerinə yetirirlər. Onlar hər fürsətdən, hər əlverişli andan istifadə edirlər ki, Aşura günü yaşanan o həqiqətləri insanlara çatdırsınar.
İMAM SƏCCAD (ə) MÜSİBƏTİ
Burada bir haşiyə çıxaq. Böyük ariflər deyirlər ki, hələ məlum deyil, İmam Hüseynin (ə) çəkdiyi müsibət daha ağırdır, yoxsa İmam Zeynələbidinin (ə) çəkdiyi müsibət. Belə ki, Kərbəla şəhidləri öz İlahi missiyalarını yerinə yetirib, Allahın rəhmətinə qovuşdular. Amma həyatının 23-cü ilinə qədəm qoyan İmam Əli ibn Hüseyn - İmam Zeynəlabidin (ə), xəstəliyi səbəbindən və imamət xəttinin qorunması barədə atası İmam Hüseynin (ə) tapşırığına əsasən, döyüşdə iştirak etməkdən məhrum oldu. Və bütün bu şəhadət səhnələri onun mübarək gözləri qarşısında baş verdi. Bunu yaşamağın özünün qeyri-mümkün həddində olması bir yana, o Həzrət (ə), İslam düşmənləri tərəfindən əsir götürülməyin olmazın müsibətini də çəkməli idi. Üzərində olan məsuliyyəti – Peyğəmbər (s) əhli-beytindən ibarət olan əsirlər karvanını imkanı daxilində qorumaq da dilə gəlməyən dərəcədə ağır məsuliyyətlərdən biri idi. Və İmam Səccad (ə) əsas missiyasını – Kərbəla həqiqətlərini dünyaya çatdırmaq və İslam düşmənlərini ifşa etmək vəzifəsini də həyata keçirməli idi.
Nə qədər qəlbi sızıldadan bir vəziyyət – həm əhli-beytin (ə) körpələrinə sahib çıxmaq, onlara nəvaziş etmək, mehribanlıq göstərmək, həm səbir və dözümlülük təcəssümü olmaq, həm də əmr-be-məruf (yaxşılıqlara dəvət etmək) və nəhy-əz-münkər (pisliklərdən çəkindirmək) vəzifəsini yerinə yetimək.
KUFƏ ƏHLİNƏ TANITIM
Həzrət Əli ibn Hüseynin - İmam Səccadın (ə) vücudi missiyası ilə daha aydın tanış olmaq üçün bir neçə nöqtəyə toxunaq. Artıq əsirlərin Kufəyə gətirildiyi bir vaxtdır. Bu, həmin Kufədir ki, bir müddət öncə onminlərlə məktub yazıb, İmam Hüseyni (ə) dəvət etmişdilər. Qeyd edək ki, yezid lənətlik Əhli-beyti (ə) zəlil etmək niyyətilə əsirləri şəhərbəşəhər gəzdirib, şənliklər təşkil etmək istəyirdi ki, onları incitsin. Öz uğurları hesab etdikləri o bəşəri cinayəti nümayiş etdirib, lovğalanmaq istəyirdilər. İndi əsirlər Kufəyə daxil olanda, həmin minlərlə kufəlilər çıxıblar ki, onlara tamaşa etsinlər. Və hələlik anlamırlar ki, həmin o dəvət etdikləri Əhli-beytdir (ə) həmin bu əsirlər. Və İmam Səccad (ə) həmin bu camaata buyurur: “Ey Kufə camaatı! Mən - Əli (ə) və Fatimənin (s.ə.) övladıyam, Peyğəmbərin (s) övladı Əliyəm! Mən – uşaqları öldürülmüş, var-dövləti talan olunmuş, xanədanı əsir alınaraq, qarşınızda saxlanılan İmamın (ə) övladıyam. Siz atama (İmam Hüseynə (ə)) məktub göndərərək, dəvət etdiniz. O sizə tərəf gəldikdə isə, onu öldürdünüz. Ey Kufə camaatı! Sabah, Qiyamət günündə Allahın və Peyğəmbərin (s) cavabını necə verəcəksiniz?! Siz Peyğəmbərinizin hörmətini saxlamadınız. Onun ruhunu incitdiniz. Vay sizin halınıza! Siz çox pis adamlarsınız!”.
Hər söz İmam Səccadın (ə) dilindən çıxdıqca, Kufənin mühiti dəyişirdi. Yezid lənətliyin düzənlədiyi planlar – şənlik etmək, öz cinayətlərini qələbə kimi təqdim edib, camaatı da buna şərik etmək – alt-üst olurdu. Vəziyyət yezid lənətliyin özünə qarşı işləməyə başlamışdı.
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 97 Bölmə: Maraqlı melumatlar