Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qedr Gecesi - Muasir Dunyada Kamil Insan Axtarishi

Bismilləhir-Rahmənir-Rahim!


Bəşəriyyət, tarix boyu heç bir mövzuya, kamil insan axtarışı qədər böyük diqqət yetirməmişdir. Bəs görəsən insanı öz mahiyyətini daima təhlil etməyə və özünü daha çox dərk etməyə nə vadar edir?

Bu suala cavab kimi müxtəlif səbəblər göstərmək olar. Lakin, düşünürük ki, bunların hamısının kökündə insanın praqmatikliyi durur. İnsan, özünün mövcudluğundan və ona verilmiş imkanlardan ən maksimal mümkün ola bilən nəticə əldə etmək istəyir. Və bu maksimal nəticə məfhumunu bəşəriyyət, kamil insan anlamına inikas etmişdir.

Əgər insanın idrakının inkişaf mərhələlərini təhlil etsək, məlum olur ki, bu gün bu axtarışlar, özünün böhran həddindədir. Ola bilsin ki, bu böhran müasir insanın öz varlığının mahiyyətinin primitivləşdirilməsinə qarşı müqavimətinin bir növ təzahürüdür. Bəlkə də bu, müasir «elmin» yuvarlandı]ı doqmatizmə görə tövbə etmək arzusundan irəli gələn bir hissdir.

Bir şey tamamilə aşkardır - müasir, postmodern insanı özünü axtarmaqdadır. Və bir çox hallarda bu axtarış, zəkalarda təlatüm yaradan dühaların verdiyi təkanın nəticəsidir. Ətalətə qarşı qiyam edən bu insanların bəşəriyyəti düşündürən və narahat edən bütün suallara cavab verib-verməməsi o qədər də önəmli deyil. Əsas odur ki, onlar bəşəriyyəti silkələməyə, ruhi durumdan uzaq olan bir zombiləşmənin məhvedici yolundan döndərməyə müvəffəq oldular. Onlar bəşəriyyəti yeni bir müstəviyə - öz varlığının və mahiyyətinin dərk edilməsi müstəvisinə yönəldə bildilər. Əlbəttə ki, bəşəriyyətin öncülləri olan böhran filosoflarının əsərlərinə bu günün ucalığından müxtəlif cür nəzər salmaq olar. Lakin, onların fəlsəfi qiyamlarının bəşəriyyəti xilasedici axtarışa sövq etməsi - təkzibedilməzdir. Onlar, bizi, özümüzə kənardan baxmağa vadar etdilər, özünüdərkdən qorxmamağı öyrətdilər.

Fəlsəfənin və psixoanalitikanın görkəmli nəzəriyyəçiləri hesab edirlər ki, bu vücudi sarsıntılardan qorxmaq lazım deyil. Axı, mahiyyət etibarilə daxili və xarici bütlərin belə sındırılmasının arxasında insan şəxsiyyətinin inkişaf fəlsəfəsi durur. Tolstoyun tə’birincə desək, insan, yıxılandan sonra, ayağa qalxır. Prinsip etibarilə həyat, mənəvi böhranlar olan bu yıxılmalardan və bu böhranlardan çıxış olan ayağa qalxmalardan ibarətdir.

Yaşadığımız bu günlər, Qədr gecəsi olan günlərdəndir. Məhz bu gecədə, Allahın lütfü ilə Qurani-Kərim bəşəriyyətə nazil olmuşdur. Və məhz bu günlərdə, kamillik rəmzi olan Həzrət Əli (ə) şəhadətə yetişmişdir. Həzrət Əli (ə), Kə’bə evində - Allah mə’bədində anadan olmuş yeganə insan, Allahın evindəcə - məsciddə namaz qildığı zamanı qətlə yetirilmişdir.

Əli - Həzrət Peyğəmbərin (s) tərbiyəsinin canlı təcəssümüdür; Əli - vücudunda kamilliyin bütün xüsusiyyətlərini cəmləşdirən bir insandır; Əli - elm rəmzi, şücaət rəmzi, insana məhəbbət rəmzi, əxlaq və mənəviyyat, mehribançılıq və ədalət rəmzi, təqva, iman və paklıq rəmzidir; Əli - müdrik və insanpərvər dövlətçilik rəmzidir; Əli - Böyük İslam Peyğəmbəri (s) tərəfindən ona verilmiş Həqiqət məşəlinin daşıyıcısıdır.

Bəlkə də burada bir məna var ki, ən kamil insan olan Rəsulullahın (s) ən kamil yetişdirməsi olan Həzrət Əli (ə), öz kamilliyinin mənbəyi olan Qurani-Şərifin nazil olduğu günlərdə şəhadət zirvəsinə çatmışdır…

Təsadüfi deyil ki, əsrlərdən bəri məhz bu gecələrdə ariflər və müdrik insanlar dualarında əllərini açıb, Allahdan, Öz nurunun bir parçasını hədiyyə etdiyi bu mübarək gecələri cəhalət yuxusunda keçirməməyi, həqiqi ayılma, ruhi və vücudi xilasolma inayətini istəyirlər.


*****


Mübarək Ramazan ayının 20-ci gününün duasındakı nurani calarlara diqqət edək:

- Bizim ücün behişt qapılarını aç və cəhənnəm qapılarını bağla və bizi Quran oxumağa müvəffəq et, ey möminlərin qəlblərini sakitləşdirib, aram edən Rəbbim! Amin!


Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof
İçərişəhər “Cümə” məscidinin imam-camaatı


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 89 Bölmə: Maraqlı melumatlar
loading...