Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HƏYAT FİTNƏSİ

Bismilləhir Rahmənir Rahim.
Allahın xeyir-duası və salamı bütün insanlara göndərdiyi son rəsuluna, onun səhabələrinə və ailə üzvlərinə və qiyamət gününə qədər onun yoluna tabe olanların üzərinə olsun.

Bəzi alimlər qeyd etdiyi kimi Əl-Ənkəbut surəsinin baş mövzusu fitnədir (imtahan və bəlalar). Fitnə kəliməsi bu surənin tam başlanğıcında qeyd olunur. Allah təala buyurur: “İnsanlar (möminlər) yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? (Xeyr, iman gətirmək şəhadət kəlməsini təkcə dillə demək deyildir. Biz onları yeri gəldikcə malları, övladları və canları ilə sınayacağıq ki, hansının həqiqi, hansının yalançı mömin olduğunu ayırd edib bilək!)” (Əl-Ənkəbut,2).

Gördüyünüz kimi fitnə surənin başlanğıcında xüsusi olaraq qeyd olunur.

Belə olduğu halda insanlar nə cür fitnələr ilə imtahana çəkilirlər? İnsan ağlı, zəkası və yaxud dünyası ilə imtahana çəkilə bilər. Valideynləri və yaxud öz ailəsi ilə imtahana çəkilə bilər. Uzun ömür sürməklə fitnəyə düşə bilər, imtahan edilə bilər. Həmçinin həyatında heç bir çətinliklə qarşılaşmamaq onun üçün fitnə ola bilər! Beləcə, həqiqət budur ki, insan cürbəcür imtahanlarla sınana bilər. Onların hamısı bu surədə zikr edilir.

Bu surədə, yəni əl-Ənkəbut surəsində Allah təala imtahanın növlərindən və onların üzərində bina edildiyi əsaslardan danışır. Həmçinin insanın bu cür fitnələrdən necə xilas olacağı da zikr edilir.

Bu belədir, çünki dünya həyatı əslində yalnız imtahan və sınaqdan ibarətdir. İyad ibn Himaar rəvayət edir ki (İmam Muslim Səhihində toplamışdır), Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Uca Allah demişdir: “Ey Muhəmməd! Həqiqətən Mən səni yalnız imtahan etmək üçün və səninlə başqalarını imtahan etmək üçün göndərmişəm”.

Deməli, həyat əslində sadəcə fitnədir. Bu fitnə şər əməllərlə, yoxsa xeyir əməllərlə olur? Cavab, bu imtahan həm xeyirlə, həm də şərrlə olur! Allah təala buyurur:
“(Dözüb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-cəlalla) imtahana çəkərik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza qaytarılacaqsınız!” (Əl-Ənbiyə 21:35)

Bu surənin başlanğıcında Allah təalanın necə buyurduğuna diqqət edin:
“İnsanlar (möminlər) yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?...)

Ayədəki “insanlar” sözünə kimlər aiddir? Buraya həm mömin, həm də kafir daxildir. Həm qoca, həm gənc. Buraya bütün insan təbəqələri daxilidir, belə ki, onlar bütün digər təbəqədən olan insanlarla qarşılıqlı əlaqədədirlər.

“İnsanlar (möminlər) yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?...)

Siz mömin olduğunuzu söyləyirsiniz, elə isə sizin imanınız nə zaman həqiqi iman hesab edilə bilər? İmtahanlarla qarşı-qarşıya olduğunuz zaman və Allahın izni ilə bu imtahanlardan müvəffəqiyyətlə keçdiyinizdə həqiqi iman gətirib gətirmədiyiniz bəlli olur.

Hətta öz nəfsiniz ilə də imtahana çəkilə bilərsiniz! Elə insanlar var ki, öz gözəllikləri və yüksək keyfiyyətlərindən dolayı fitnəyə düşür. Qadın öz zinətləri, gözəlliyi səbəbindən, həmçinin kişi öz mal-dövlətindən dolayı imtahan edilə bilər. Həmçinin insan öz valideynləri ilə imtahan edilə bilər. Beləcə bu surənin fitnənin bütün növlərindən, onların mənşəyi və onlardan necə xilas olmaq, çarəsini tapmaqdan bəhs etdiyinə şahid olacaqsınız.


İMAN ETMƏYƏN VALİDEYN FİTNƏSİ

Bu misala diqqət edin: Surənin ilk hissəsində, Allah təala buyurur:
“Biz insana ata-anasına yaxşılıq etməyi (onlarla gözəl davranmağı) tövsiyə etdik. (Ey insan!) Əgər (valideynlərin) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə. Hamınız (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi sizə bir-bir xəbər verəcəyəm! (Əl-Ənkəbut 29:7)

Nəzərinizə çatdırıram ki, bəzi valideynlər fitnəyə səbəb olur və qulun şirk etməsinə cəhd edirlər. Məgər bunun özü fitnə deyildirmi? Həqiqətdə bu çox böyük fitnədir!

Təfsir alimləri qeyd edirlər ki, bu ayə Sad ibn Əbi Vaqqasın əhvalatı ilə əlaqədar nazil olmuşdur. Belə ki, anası onu geriyə küfrə döndərməyə çalışırdı. Hətta bu cür vəziyyətdə belə, Allah təala ona valideynlərinə qarşı mərhəmətli olmağı, bununla yanaşı onlara tabe olmamağı əmr etmişdir. Allah təala buyurur:
“Əgər (valideynlərin) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə. Hamınız (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi sizə bir-bir xəbər verəcəyəm!”

Həmçinin ayənin əvvəlində Allah təala buyurur:
“Biz insana ata-anasına yaxşılıq etməyi (onlarla gözəl davranmağı) tövsiyə etdik.

Bu böyük bir fitnədir! Elə isə bundan çıxış yolu necədir? Cavab Allah təalanın qanunlarını düzgün başa düşməkdədir. Yəni, onlar sənə küfr etməyi, şirki və yaxud Allaha asiliyi əmr etdikdə onlara qulaq asma, bununla belə onlara qarşı şəfqətli ol.

Bəzi insanlar bu cür fitnə ilə imtahan edilir və valideynləri ilə yumşaq, şəfqətlə deyil qaba, kobudca rəftar edirlər və beləcə müəyyən dərəcədə qadağana düşmüş olurlar. Bu cür çətin vəziyyətə səbr edən, onlara mərhəmətli davranan və onlara tabe olmayan (Allaha asi olmağı əmr etdiklərində) kəs bu cür vəziyyətə düşdükdə fitnənin öhdəsindən gəlməkdə müvəffəqiyyət qazanan insandır.

AZLIQDA OLMA FİTNƏSİ
Fitnənin digər bir növü insanın Allah subhanahu və təalaya küfr edən, iman gətirməyənlərin çox sayda olduğunu görməsidir. Bu insanlar Allaha inanmır, küfr edirlər. Həmin iman gətirən kişi qənaətə gələrək fikirləşir ki, iman əhli azdır və kafirlər, münafiqlər, cinayətkarlar və yaxud fasiqlər çoxdur, görəsən o özünü doğru-dürüst yolda necə qoruyacaqdır? Bu da onun qəlbinə hücum edən fitnənin bir növüdür.

Bu cür hallarda, vəziyyətlərdə çox az adam sabit qalır. Onların əksəriyyəti insanlara baxırlar-insanların əksəriyyətinin yanlış yolda olduğunu görürlər və beləcə onlar da bu yola düşürlər. Bu surədə, bu məsələdən, həmçinin ondan necə xilas olmaqdan bəhs edilir! Ona görə də bu surəni oxuyun və üzərində düşünün. (6)

KAFİRLƏRİN ƏYLƏNDİKLƏRİNİ MÜŞAHİDƏ ETMƏ FİTNƏSİ

Surədə zikr olunan fitnənin digər bir növü budur ki, insan Allah və Rəsulunun sallallahu aleyhi və səlləm düşmənlərinin uzun ömür, rahat həyat yaşadıqlarının şahidi olur. Onlar Allahın düşmənləri, müşriklər olmaqla yanaşı, onların yer üzündə uzun ömür yaşayıqlarını, güclərindən həzz aldıqlarını və digər insanlara zülm etdiklərini görür!

Belə bir müşahidə həmin insanın dünyanın ləzzətlərinə, əyləncələrinə dalmasına və onların sıralarına qoşularaq başqalarını Allahın yolundan azdırmağına səbəb ola bilər. Allah təala buyurur: Dünya həyatı kafirlər üçün zinətlənmişdir. Onlar (bununla da) iman gətirənlərə istehza edərlər. Halbuki, müttəqilər qiyamət günündə onlardan üstündürlər. Allah istədiyi kəsə saysız-hesabsız ruzi verər. (Əl-Bəqərə 2:212)

Bu əl-Bəqərə surəsindəndir. Bu surədə, əl-Ənkəbut surəsində Qüdrətli və İzzətli Allah iki ayədə Nuh əleyhissəlamın qissəsini zikr edir. Elə isə, bu qissənin surədə qeyd olunan fitnə ilə nə əlaqəsi var?

Qüdrətli və İzzətli Allah buyurur: Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı. Biz onu (Nuhu) və onunla birlikdə gəmidə olanları (tufan bəlasından) qurtardıq və bunu (bu hadisəni) aləmlərə (insanlara, sonrakı nəsillərə) bir ibrət etdik. (Ənkəbut, 14-15)

Nuhun əleyhissəlam qissəsi burada yalnız iki ayədəmi zikr edilir? Bunun səbəbi nədir? Bu bütöv bir zaman kəsimində, 950 il, Nuh əleyhissəlam insanları dəvət etmişdir, halbuki möminlərin,iman gətirənlərin sayı az olmuşdur. Bunu biz başqa bir surədən başa düşürük. (9) Əslində onunla birlikdə (tayfasından) çox az adam iman gətirmişdi.

Bəzi alimlər möminlərin sayının sadəcə 13 nəfər təşkil etdiyini qeyd etmişdir. Digərləri isə -bəziləri kişi və bəziləri qadın olmaqla- yetmiş nəfərin iman gətirdiyini bildirmişdir.

Nuh əleyhissəlam onların arasında 1000 il qalmışdır, bununla yanaşı şirk-Vadd, Suva, Yağus, Yauq və Nasr kimi bütlərə ibadət etmək- üstünlük təşkil etmişdir. (10) Və (tabeçiliyində olanlara) dedilər: “Öz ilahlarınızı tərk etməyin, (xüsusilə) Bəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri atmayın!” Nuh əleyhissəlam onlara nəsihət etmiş və onları gecə-gündüz, gizli-açıq dəvət etmişdir. Lakin bu kiçik saydan başqa heç kəs dəvətə cavab verməmişdir. Məgər qəlblər bu fitnə ilə qarşılaşmazmı?

Həqiqətən də bu bir fitnə idi. Bu sadəcə 10, 20 və yaxud 50 il hətta 100 il deyildi. 200 il keçmişdir. 1000 ili tamamlamaq üçün 300, 400, 500 il keçmişdir. Və sonda Allahdan çıxış yolu gəlmişdir.

Ona görə də,insan düşmənlərin uzun ömürü yaşadığını görməklə fitnəyə düşə bilər. Beləliklə, bu surə həqiqi möminin ibrət almasına və bunun bir səbəbi olduğunu başa düşməsinə səbəb olur. Allah təala buyurur: (11) Biz onlardan əvvəlkiləri (keçmiş ümmətləri) də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da (həqiqi iman sahiblərini də), yalançıları da çox gözəl tanıyar!

Bu nə vaxt məlum olacaqdır? Fitnə ilə qarşılaşdıqda və fitnədən müvəffəqiyyətlə çıxdıqda bu məlum olacaqdır. Ona görə də, surənin mövzusu, qeyd etdiyimiz kimi, fitnədir, hətta Nuh əleyhissəlamın qissəsində də bu əks olunur. Burada dərs, ibrət, fitnə və uzun müddət davam edən fitnədən necə xilas olmaq barəsindədir.

Bəzi insanlar səhv olaraq düşünür ki, Allahın əmri ona onun istədiyi kimi isabət edəcəkdir. Xeyir, əksinə Allahın hikməti hər bir şeyi əhatə etmişdir. Allah insanları imtahan edəcəkdir, necə ki, Nuh əleyhissəlamı və onun camaatını imtahan etmişdir. Belə ki, onlar öz camaatlarının içində 950 il yaşamış və onları Allaha dəvət etmişdirlər və bundan sonra isə sadəcə kiçik bir dəstə dəvətə cavab vermişdir.

Ona görə də, imtahanlar qarşısında müvəffəq olmağın bir yolu bu surədə zikr olunur və bu da səbr ilə hasil olur. Allah təala buyurur: (12) Biz onu (Nuhu) və onunla birlikdə gəmidə olanları (tufan bəlasından) qurtardıq və bunu (bu hadisəni) aləmlərə (insanlara, sonrakı nəsillərə) bir ibrət etdik.

Daha sonra İbrahim əleyhissəlamın qissəsində fitnənin başqa bir növü ilə qarşılaşırıq-mübahisə edən müxaliflər və dəvətə qarşı mübarizə aparanlar, vuruşanlar, onlar təslim olmurlar, əksinə yalnız hilə və plan qururlar. Allah təala buyurur: (13) (İbrahim onlara) dedi: “Sizin Allahı qoyub bütləri ilah qəbul etməyiniz yalnız dünyada (dolanıb keçinmək xatirinə) aranızda olan dostluğa (məhəbbətə) görədir. Sonra da qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinizə lənət oxuyacaqsınız. Məskəniniz cəhənnəm odu olacaq, özünüzə də (Allahın əzabından qurtarmağa) kömək edən kimsələr tapılmayacaqdır!”

Gördüyünüz kimi bu mübahisədə başqa bir fitnə mövcuddur. Çox az insan haqq yolunda səbr edir, sabit qalır, müşriklər və kafirlərin insanın ağlına yeritdikləri şübhələr nəticəsində meydana gələn bu cür fitnədən təsirlənmir. Bu cür şübhəli fikirlər zaman keçdikcə yenilənir, canlanır.

ŞƏHVƏT VƏ HƏVA FİTNƏSİ
Bundan sonra, Allah təala Lut əleyhissəlamın qissəsini zikr edir. Burada insanın məhz təbiətinə zidd olan kişilərin fitnəsi qeyd olunur. Bir sıra digər şəhvətlər ilə yanaşı və zahirən buna həvəsləndirməklə onlar bu cür etməkdə heç bir zərərin olmadığını iddia edirdilər. Onları bu əməllərindən çəkindirmək istəyən hər bir kəsi onlar rədd edirdilər.

Lut əleyhissəlam onlara bunu qadağan edir və bundan çəkindirərək deyirdi: (14) Həqiqətən siz (şəhvətlə) kişilərə yaxınlaşır, (müsafirlərin namusuna toxunmaq, mallarını əllərindən almaq üçün) yol kəsir və məclislərinizdə (bir-birinizlə) çirkin iş görürsünüz?” Lakin bunun cavabında onların söylədikləri bu idi: Tayfasının (Lutun sözlərinə) cavabı ancaq: “Əgər doğru danışanlardansansa, bizə Allahın əzabını gətir!” – deməkdən ibarət oldu.

Bu Lut əleyhissəlam üçün böyük fitnə idi. Çünki öz evindən həyat yoldaşı onların bu şərrli əməllərinə aldanmış və onlara oxşamış, kişiləri onların ölkələrinə gələn kişilər ilə cinsi əlaqədə olmağa həvəsləndirirdi. Allah təala buyurur: Biz onu (Lutu) və ailəsini (həmçinin ona iman gətirənləri) xilas etdik. Yalnız övrəti (Vailə öz gizli küfrü səbəbilə) həlak oldu.

Gördüyünüz kimi, şəhvətlər də fitnənin bir növüdür. İnsan öz arzu və şəhvətlərindən necə xilas ola bilər? İnsan bu cür əməllərin fitnə mənbəyi olduğunu dərk etməklə onlardan xilas ola bilər.

Allah təala insanların bədənində şəhvət yaratmasından məqsəd öz nəslini qorumaq və həmçinin qullarını imtahan çəkmək üçündür. Görsün ki, o kəs səbr edəcək yoxsa səbr etməyəcək? Həmin insan Allah təalanın ondan istədiyi yol üzərində irəliləyəcəkdir, yoxsa öz şəhvət və arzularına dönəcək, onları cilovlaya bilməyəcək və istədiyi, arzuladığı hər bir şeyin ardınamı düşəcəkdir?

Deməli, bu qissədə Allah təalan qadağan etdikləri şeyləri etməkdən əl çəkməyənlərə öz cəzasını, əzabını göndərərək onları imtahan etmişdir ki, bu da bir fitnədir.

ELMLİ OLDUĞU HALDA ASİLİK ETMƏK FİTNƏSİ

Fitnənin başqa bir növü budur ki, insanların elmi var, cəmiyyət haqqı bilir, lakin onlar sahib olduqları elmə müvafiq əməl etmirlər. Cahil insana elm öyrətmək mümkündür, lakin elm cəmiyyət boyunca geniş yayıldıqda və insanlar həddləri bildikdə, müəyyən qədər bəsirətə sahib olduqlarında, bununla belə bildiklərinin əksinə, ziddinə əməl etdikdə, məgər bu fitnə deyilmi?

Elm o kəslər üçün nemət deyil, əksinə sadəcə fitnə olmuşdur. Allah təala bildirir ki, Ad və Səmud qövmləri elm camaatı idi. Onlar elmli və dərrakəli idilər. Lakin bunlara sahib olmaqla yanaşı, onlar üsyan etdilər və asi oldular.
Allah təala buyurur:
(16) Biz Adı və Səmudu da məhv etdik. (Ey Məkkə əhli! Onların başlarına nələr gətirdiyimiz xaraba qalmış) məskənlərindən sizə bəllidir. Şeytan (çirkin) əməllərini onlara gözəl göstərib gözləri görə-görə onları haqq yoldan çıxartdı.

Şeytan onlar üçün əməllərini gözəlləşdirdi və sonra onları düz yoldan azdırdı, bununla yanaşı onlar dərrakə sahibi idilər! Onlar cahil idilər? Xeyr. Onlar elmdə zəif idilərmi? Xeyr. Onların elmi var idi, lakin şeytan onların əməllərini onlar üçün bəzədi, gözəlləşdirdi və bu minvalla onları düz yoldan azdırdı! Bütün bunlar onların gözəl dərrakəyə və aydın bəsirətə sahib olduqları bir halda baş vermişdi.

Bu çox dəhşətli bir fitnədir. Belə ki, insanın elmi var, lakin o şeytana tabe olur, Rəbbindən və Onun Rəsulundan sallallahu aleyhi və səlləm öyrəndiyi elmi tərk edir.

MÜBAHİSƏ FİTNƏSİ

Güc də həmçinin fitnə ola bilər. Necə ki, bir çox hallarda dialoqlar və müzakirələr fitnəyə çevrilir. Bu günlərdə dialoqlar ümumiyyətlə təbliğ olunur: xristianlarla debat, insanlar arasında, dinlər arasında, məzhəblər arasında, firqələr və təriqətlər arasında. Bu cür debatlar fitnənin başqa bir növüdür!

Bu cür ideyalar dair proqramlar hal-hazırda televiziyada yayımlanır. Çünki bu cür debatların qəlbi zəif olanlar üzərində təsiri var. Müxtəlif dinlər və təriqətləri görürsünüz-biri hər hansı bir şeyə ibadət edir və o birisi isə başqa bir şeyə ibadət edir. Insan bunlarla şübhəyə düşə bilər və fitnəyə düşə bilər. Lakin həqiqi mömin bilir ki, bu cür müxtəliflik və çeşidlilik sadəcə haqqın bir olduğuna şahidlik edən daha bir əlavə dəlildir. Digər insanlar, camaatlar Allah təalanın aşağıdakı ayədə bildirdiyi kimidir. Allah təala buyurur:
(17) (Onlar Cəhənnəmin pillələrinə çıxıb-düşməklə boş yerə) zəhmət çəkib yorulacaq;
Yanar oda girəcəkdir;

Onlar Allahın yoluna tabe olmaq istəmiş, lakin zəlalətə düşmüş, azmışdırlar. Lakin debat məsələsinə gəldikdə isə, insan mübahisə edə bilərmi yoxsa yox? O mübahisə edirmi, etmirmi? Bu həqiqətən də fitnədir.

Yaxşı, biz kim ilə debat aparmalıyıq? O kəs ki, elmi var. Hər adamla mübahisə etmək olmaz! Ona görə burada bunu qeyd etmək istəyirik ki-sizdən bəziləri də bunu bilir- yolunu azmış müsəlmanlarla, nəsranilərlə, yəhudilərlə və yaxud digər dinlərlə, batil ideologiyalar ilə debata girişən bəzi insanlar təsadüfən məğlub olurlar və yaxud qarşı tərəf daha güclü olur. Nəticədə insanlar bu hadisə səbəbi ilə fitnəyə düşürlər, azırlar.

Allah təala bu surədə bildirir ki, dialoq onu daha yaxşı tərzdə aparmağı bacaran bir alim tərəfindən aparılmadığı təqdirdə fitnə yayılacaqdır. Allah təala buyurur: (18) Kitab əhlinin zülm edənləri (cizyə verməyənləri, sizinlə vuruşmaq istəyənləri) istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin! (Onlarla xoş rəftar edib ürəklərini ələ alın və özünüzdən incitməyin. Onların kobudluğuna nəzakətlə, qəzəblərinə soyuqqanlıqla cavab verin. Və (onlarla söhbət etdikdə) belə deyin: “Biz həm özümüzə nazil olana (Qurana), həm də sizə nazil olana (Tövrata və İncilə) inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq!”

47 - (Səndən əvvəlki peyğəmbərlərə necə kitab nazil etmişdiksə) Quranı da sənə belə nazil etdik. (Abdullah ibn Salam kimi) kitab (Tövrat) verdiyimiz şəxslər ona (Qurana) inanırlar. Bunlardan (Məkkə camaatından) da inananlar var. Bizim ayələrimizi yalnız kafirlər inkar edərlər!

Həmçinin (19)
“Xeyr, bu (Quran) elm verilmiş kəslərin sinələrində (əzbər) olan açıq-aydın ayələrdir.

Beləliklə, Allah təala kitab əhli ilə yalnız daha yaxşı tərzdə mübahisə etməyi əmr edir. Lakin, mübahisəni kim aparmalıdır? Mübahisəni aparan kəs Qurani bilən kəsdir.

Allah təala buyurur: (19)
“Xeyr, bu (Quran) elm verilmiş kəslərin sinələrində (əzbər) olan açıq-aydın ayələrdir. (Və ya: sənin yazıb oxumaqla məşğul olmadığını kitab əhlindən olan elm sahibləri öz ürəklərində açıq-aşkar bilirlər). Bizim ayələrimizi yalnız zalımlar (kafirlər) inkar edərlər. “

Buna əsaslanaraq bildiririk ki, kim Quranı, Quranda olan dəlilləri, Quranda mövcud olan açıq aydın misalları, Quranda mübahisə aparmağa dair verilən misalları, asilərlə mübahisə etmək barədə, təkəbbürlü insanlar, bütün həddlərini aşan insanlar və bütün təbəqədən olan insanlar barəsində verilən misalları bilmirsə, o zaman, həmin insan mübahisə üçün uyğun deyil.

Ona görə də, hər bir kəs öz fikir və düşüncələrindən istifadə edərək onlarla mübahisə etməməlidir. Əksinə bu cür mübahisə alimlər tərəfindən edilir. Dialoq və yaxud mübahisə Quranda bildirildiyi kimi elm əhli üçündür. O kəslər ki, Allahın Öz rəsuluna göndərdiyi həddləri bilirlər.

Ona görə də, mübahisə ilə fitnə çox asanlıqla baş verə bilər. Bir nəfər gəlib belə deyə bilər: “Mənimlə mübahisə et! Nə üçün mənimlə mübahisə etmirsən!?” Həmin insan da mübahisə etmək üçün mövzu axtarır, hansı məsələdə mübahisə etməyə başlasın...Bu cür mövqe adi insanların məhv olmasının səbəbidir!

Ona görə də, insan buna bənzər hallarda dinindən tutmalı və öz dininin şərəfini, izzətini qorumalı və nümayiş etdirməlidir. O bilməlidir ki, Quran haqqdır və Quran kimin köksündə olarsa o kəs haqq üzrədir, çünki Quran bütün insanların əleyhinə olan davam etməkdə olan dəlildir, hüccətdir!

Ola bilsin ki, insan tələb olunan dəlillərin bəzilərini bilmir və belə olduğu halda, o insan Allah təalanın buyurduğu kimi deməlidir: (20)
Və (onlarla söhbət etdikdə) belə deyin: “Biz həm özümüzə nazil olana (Qurana), həm də sizə nazil olana (Tövrata və İncilə) inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq!””.

Bu onlarla mübahisə aparmağın ümumi qaydasıdır. Bu barədə xüsusi və tam təfsilatı üzrə məlumatlar Quranı və Şəriəti bilənlərə məlumdur.

DÜNYA FİTNƏSİ
Bu surədə zikr olunan başqa bir fitnə növü budur ki, Allah təala bu həyatı bihudə ləzzətləri və oyun oyuncağı ilə, orada əylənmək üçün mövcud olan bütün şeylər ilə dunyanı gözəlləşdirir. İnsan bu əyləncə və ləzzətlərə dalaraq axirəti barəsində unuda bilər.

Uca və Qüdrətli Allah surənin ikinci hissəsində buyurur: (21) Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir.

Bu minvalla insanların bir çoxu bu dünya, onun içində olan bihudə əyləncə və ləzzətlər, bu ləzzətlərin daimi olacağını düşünərək bu səbəbdən dolayı fitnəyə düşür. Lakin onlar bu dünyanın həqiqətini dərk etmirlər!

Allah təala buyurur:
”Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır (Hayavaan). Kaş biləydilər! (Əgər bilsəydilər, axirəti dünyaya dəyişməzdilər). (21)

Hayavaan həyat sözünün güclü ifadə formasıdır. Ayənin mənası budur ki, o biri məskən, Cənnət və Cəhənnəm, sözün əsl mənasında tam və əbədi həyatdır. Ona görə də, hər kim həqiqi sevinc və tam ləzzət istəyirsə o zaman bilin ki, bu o biri həyatda, yəni Cənnətdə olacaqdır.

Hər kim zərərli şeylərdən uzaq olmaq istəyirsə, elə isə bütün zərərli şeylər Cəhənnəmdədir. Hər kim bu zərərlərdən uzaq olmaq istəyirsə, o zaman o kəs cəhənnəmdən uzaqlaşır.

Bir çox alim, o cümlədən İbn Əl-Cəvzi bunu izah edərkən demişdir:
“Bu dünyanın sevincləri barəsində Quranda Allah təalanın zikr etdiyi hər bir şey sizlərin bu dünyanın sevinclərinə baxaraq, o biri dünyanın sevincləri barəsinə düşünməniz üçündür.

İnsanların içinə daldıqları ləzzət verici şeylərə dair hər bir misal cənnətin ləzzətləri barəsində düşünmədiyiniz halda sizin əleyhinizədir.

Dünyada zərərli şeylərə dair çəkilən hər bir misal, hətta bir az qəm-qüssəyə səbəb olan kiçik bir şey olsa və yaxud azacıq qızdırma olsa belə, həqiqətən də bilin ki, onlar Allah təalanın sizlərə o biri dünyanı, cəzanı, əziyyəti və cəhənnəm odundan xilas olmağı yadınıza salmaq üçün çəkdiyi misallardır.

Ona görə də, hər kim həqiqi, doğru həyat və səadətə nail olmaq istəyirsə, elə isə o kəs daimi, əbədi olan xoşbəxtçiliyi axtarsın.

Bu dünya həyatı, içindəki əyləncə və oyun oyuncaqlarla birlikdə sadəcə boş-boş əyləncədən və oyun-oyuncaqdan ibarətdir. Bu isə fitnənin bir mənbəyidir.

Bu günkü insanlara nəzər salın və görün onlar bu dünya həyatının əyləncə və oyunları ilə necə də fitnəyə düşürlər! Qəlblər nə üçün bu qədər daşlaşmışdır və kor olmuşdur? Çünki insanlar əyləncələrə və oyunlara dalmışlar!

Onlar nə üçün o biri dünyadan üz döndərmişdirlər? Çünki onlar əyləncələrə və oyunlara üz tutmuşdurlar!

Nə üçün onlar Qurani Kərimdən heç bir şey əzbərə öyrənməmişdirlər?
Çünki onlar əyləncələrə və oyunlara üz tutmuşdurlar!

Əzmli, ciddi və ağıllı insan Allah təalanın bu kəlamına qulaq verəndir. Allah təala buyurur: (21)
“Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır Hayavaan. Kaş biləydilər! (Əgər bilsəydilər, axirəti dünyaya dəyişməzdilər) ”.

Bu surədən zikr olunan və ondan xilas olmağın yolu göstərilən digər bir fitnə növü əmin amanlıq və rahatçılıq fitnəsidir.

Haramın (Məkkənin) əmin-amanlığına baxın, onun ətrafındakı yerlərin əmin amanlığına baxın, bu cür əmin amanlıq illəri keçdikdən sonra, insanlar bu qənaətə gəlirlər ki, başqa insanların başlarına gələnlər onlara isabət etməyəcəkdir.

Digər yerlərdə zəlzələlər baş verir, Harama yaxın yaşayan insanların başına belə fəlakət gəlmir.

Zülm, ağır yaşayış şəraiti və başqalarının başına gələn digər şeylər...Haramda yaşayan insanlar deyir: “Biz Allahın sevimli bəndələriyik! Və yaxud deyirlər: Biz onun üstün qullarıyıq! Və yaxud buna bənzər ifadələr söyləyirlər.

Surənin sonuna yaxın Allah taala fitnənin bu növünü açıqlamışdır. Allah taala buyurur:

Biz bu cür fitnəyə Allah tərəfindən bir nemət kimi baxmalıyıq. Allahın bu neməti insanlar üçün fitnə mənbəyi olmamalıdır, Allahın neməti fitnəyə çevrilməməlidir, necə ki Allah təala əvvəlki peyğəmbərlərdən birinin dövründə insanları əmin amanlıq içində yaşatmışdı. Allah taala buyurur: (22) Məgər (müşriklər) ətraflarındakı (başqa şəhərlərdəki) adamlar qamarlanıb götürüldüyü (əsir alındığı, öldürüldüyü, qarət edildiyi) halda, (içərisində yaşadıqları Məkkəni) onlar üçün müqəddəs, qorxusuz-xətərsiz bir yer etdiyimizi görmürlərmi? “

Bundan qəsd nədir?
İndi batiləmi inanırlar? Allahın nemətinimi danırlar?

Allah onları bu qədər nemətləndirdikdən sonra onlar batiləmi iman gətirmək istəyirlər!? Onlar şirk, küfrə dalmağa və Muhəmməd sallallahu aleyhi və səlləmin gətirdiyi xəbəri inkar etməyə, şeytanlara tabe olmaq istəyirlər. Yoxsa bundan başqa olan asiliyə, günaha və həddini aşmağa qərq olmaq istəyirlər?

Onlar Allahın nemətinə naşükürlük edənlərdir! O nemətləri o insanlara bəxş edən kimdir? Allah taala buyurur: (23) Sizə gələn hər bir nemət Allahdandır. Sonra sizə bir müsibət üz verdikdə Ona yalvarıb-yaxarırsınız!

Ona görə də Allah taalanın qullarından bəzilərinin başına gəlməsinə izn verdiyi fitnənin çox növlərindən biri budur ki, qul düşünür ki, imtahan və sınaqlar yalnız başqa insanlar üçündür və o imtahana çəkilmir və yaxud çətinliklə sınanmır.

Beləliklə, mal dövlətin əldən getməsi filankəsə aiddir, ona aid deyil. Xəstəlik filankəslikdir, ona gəldikdə isə o xəstələnmir. İnsanlar güclü xəstəliyə düçar olur, Allah bizləri ondan qorusun, həqiqətən də bu xəstəliklər yalnız digərlərinin başına gəlir, ona isə o düşünür ki, xəstəlik baş verməyəcəkdir.

İflic olma və digər bənzər şeylər digər insanlara olur, o isə düşünür ki, o bu cür xəstəliklər ilə qarşılaşmayacaqdır və ona görə də düşünmür. Allah təala bu misalı izah edərək Qurani Kərimdə buyurur:
“Məgər (müşriklər) ətraflarındakı (başqa şəhərlərdəki) adamlar qamarlanıb götürüldüyü (əsir alındığı, öldürüldüyü, qarət edildiyi) halda, (içərisində yaşadıqları Məkkəni) onlar üçün müqəddəs, qorxusuz-xətərsiz bir yer etdiyimizi görmürlərmi?” İndi batiləmi inanırlar? Allahın nemətinimi danırlar?


Xülasə
Bunlar fitnə və imtahan, sınaqların bir çox növləri barəsində və surənin mövsuzuna dair misallardır. Gördüyünüz kimi, surənin başlanğıcı və sonu eyni mövzu üzrə bir-bir ilə uyğunluq təşkil edir, “Surənin mövzusu başlanğıcı və sonu ilə uyğunluq təşkil edir” deyən alimlər üçün dəlil təşkil edir.

Allah təala surənin əvvəlində buyurur:
““İnsanlar (möminlər) yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? (Xeyr, iman gətirmək şəhadət kəlməsini təkcə dillə demək deyildir. Biz onları yeri gəldikcə malları, övladları və canları ilə sınayacağıq ki, hansının həqiqi, hansının yalançı mömin olduğunu ayırd edib bilək!)” (Əl-Ənkəbut,2).

Bütün bu hallardan çıxış yolu nədir? Bunun cavabı surənin sonundadır, ən son ayədədir. (24) Bizim uğrumuzda cihad edənləri öz yollarımıza (Bizə tərəf gətirib çıxardan behişt yollarına) qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir!

Allahdan diləyim budur ki, eşitdiklərimizi bizim üçün bərəkətləndirsin, bunlarla bizi nemətləndirsin və bizləri Quran əhlindən, Öz xüsusi və üstün qullarından etsin, elmimizi artırsın və unutduqlarımızı bizim yadımıza salsın.

Həmçinin Allahdan istəyimiz budur ki, bizləri halalı halal edənlərdən və haramı haram edənlərdən etsin, qeybi məsələlərə dair Öz Kitabında bildirilənlərə möhkəm iman edənlərdən etsin. Həqiqətən də O Uca Allah, yaxşılıq bəxş edən və Səxavətlidir.


Tarix: 14.04.2013 / 14:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 945 Bölmə: Maraqlı melumatlar
loading...