Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Osmanın (r.a) xilafətində baş verən hadisələr (Fitnənin başlanğıcı və səbəbləri)

Fitnənin başlanğıcı

Fitnə hicrətin otuz dördüncü ilində başladı. Həmin ildə bir dəstə nadan insan Osman ibn Əffana qarşı üsyan etmək qərarına gəldi. Osman (r.a) onların qarşısını aldı, etdikləri işə görə onları tənbeh edib sərbəst buraxdı. Onlar sakitləşmədilər, əksinə daha çox hazırlıq gördülər. Hicrətin otuz beşinci ilində həccə gedirmiş kimi evlərindən çıxıb Mədinəyə yollandılar. Orada Möminlərin əmiri Osman ibn Əffanı (r.a) evində mühasirəyə aldılar. Qırx gün davam edən mühasirədən sonra Osmanı (r.a) şəhid etdilər. Həmin müddət ərzində onu hər şeydən, hətta məsciddə namaz qılmaqdan məhrum etmişdilər.

Fitnənin səbəbləri:
Birinci və əsas səbəb: Abdullah ibn Səba adlı yəhudi.
("Abdullah ibn Səba həl huvə həqiqətun əm xəyal?")
Əvvəlki alimlər belə bir insanın həqiqətən mövcudluğunu dəfələrlə qeyd etmişlər. Hətta haqq yoldan azmış təriqətlərin birini ibn Səbaya nisbət edərək onu əs-Səbiyyə yaxud əs-Səbaiyyə adlandırmış və bu təriqətlərin özünəməxsus etiqadlarını qeyd etmişlər. Belə bir insanın mövcud olmadığını deməyə cürət edən adamlardan biri Murtuza əl-Əskəri olmuşdur. O bu haqda "Abdullah ibn Səba və başqa uydurmalar" adlı bir kitab da yazmışdır. İbn Səbanın mövcudluğunu inkar edən başqa bir nəfər isə "Əli, övladları və başqaları" adlı kitabın müəllifi olan Taha Hüseyndir. O, yekdilliklə qəbul edilmiş məlumatları inkar etmək adətində qalıb "Əş-Şeir əl-Cahili" (Əş-Şeir əl-Cahili: səh 26.) adlı kitabında da bir çox həqiqətləri inkar etmişdir. O, İbrahim və İsmayıl peyğəmbərin Kəbəni tikmələrini inkar edir və deyir: "Quran bizə bu haqda xəbər verir. Amma bu, deyilənlərin baş verməsi anlamına gəlmir". Demək olar ki, bu yazar hər işə şübhə ilə yanaşmışdır.
Murtuza əl-Əskəri isə insanları aldatmağa cəhd etmişdir. Belə ki, öz metodunun elmə əsaslandığını və ibn Səba haqda qeyd edilən hədis və rəvayətləri cəm etdiyini iddia edərək sonda bu rəvayətlərin Seyf ibn Ömər adlı yalançı rəvayətçinin əhatəsində dövran etdiyini söyləmiş və ibn Səba adlı adamın əsla mövcud olmadığı qənaətinə gəlmişdir.
Lakin əslində bu bir neçə əsasa görə əsassız fikirdir:
1. İbn Əsakir iki sənədlə: Birincisi, Ammar əd-Duhənidən, o da Əbu ət-Tufeyldən; ikincisi isə Şöbədən, o da Sələmədən, o isə Zeyd ibn Vahbdan rəvayət edir və orada İbn Səbanın Əlinin hüzuruna gətirilməsi haqda danışılır. Bu rəvayət heç də Seyf ibn Ömərin sənədi ilə rəvayət olunmayıb. ( Tarix Dəməşq: 6/ 29. Abdullah ibn Səbanın tərcümeyi-halı.)

2. Şiə məzhəbinin də bir çox tarixçiləri, mühəddisləri və yazarları bu adamın mövcudluğunu təsdiq etmişlər. Məsələn:
 Novbəxti "Firəquş Şiyə" adlı kitabında İbn Səbanın sözlərini qeyd etdikdən sonra demişdir: "Bu təriqət Səbiyyə adlanır. Bu ad Abdullah ibn Səbanın tərəfdarları ilə bağlıdır." (Tarix Dəməşq: 6/ 29. Abdullah ibn Səbanın tərcümeyi-halı.) (Novbəxti, hicrətin üçüncü əsrində vəfat etmişdir);
 Həmçinin Kişşi "Ricaluş Şiyə" adlı kitabında Əbu Cəfərdən rəvayət edərək deyir: "Abdullah ibn Səba peyğəmbərlik iddia edir, möminlərin əmiri Əli ibn Əbu Talibin isə Allah olduğunu deyirdi". ( Ricalul Kişşi": səh 98. )
 Kişşi Cəfər əs-Sadiqdən, İbn Səba haqda başqa rəvayət də qeyd etmişdir. Ümumən bu haqda beşdən çox rəvayət nəql etmişdir;
 Şeyx Saduq "Mən lə yəhduruhu əl-Fəqih"; ( Səduq "Mən lə yəhduruhu əl-Fəqih": ? 955. )
 Bu məzhəbin şeyxi Tusi; ( Rical ət-Tusi" səh 1.)
 İmamların elm qapısı Məclisi; ( "Biharul Ənvar" 51/210; 42/146)
 Ən-Nuri ət-Təbərisi. ("Müstədrək əl-Vəsail" 18/169.)

Bu haqda digər kitabları da qeyd etmək olar. Lakin uzun-uzadı mənbə qeyd etməyə lüzum görmürəm.( Tarixin bu anlarını işıqlandıran Əhli Sünnə tarixçiləri ibn Səba və onun bu fitnələrdə göstərdiyi fəaliyyəti haqda qeydlər etmişlər.)

3. Əhli sünnəyə gəldikdə onlar tarixin bu vaxtlarından danışarkən ibn Səbanın adını hallandırır və onun bu fitnəyə təsirindən söz açırlar. Tarix boyu ibn Səbanın mövcudluğunu heç kəs inkar etməmişdir. Ancaq son vaxtlar bəzi məzhəb yazarları onun mövcudluğu fikrini qəbul etmirlər. Bəzi sünni alimləri onların bu həqiqəti inkar etməklə nəyə nail olmaq istədiklərini bilmədikləri üçün onların yazılarına əsasən, ibn Səbanın mövcudluğunu inkar etmişlər.
Abdullah ibn Səba Yəmən yəhudilərdəndir. Zahirən müsəlman olduğunu göstərmiş, sonra isə Əlinin (Allah ondan razı olsun) tərəfdarı olduğunu iddia etmişdir. Əlinin (Allah ondan razı olsun) Allah olduğunu iddia edən Səbiyyə təriqəti də onun adı ilə bağlıdır. Bu təriqətin nümayəndələri Əli ibn Əbu Talibin yanına gəlib demişdilər: "Sən, Osan".
Əli dedi: "O kimdir?"
Dedilər: "Sən Allahsan".
Əli (r.a) ,köləsi Qənbərə bir xəndək qazıtdırmağı və orada atəş yandırmağı əmr edərək dedi:
"Mən bu iyrənc sözləri eşitdikdə odumu yandırdım və Qənbəri çağırdım".
(Rəvayətin əsli Buxarinin "Səhih" əsərindədir. Buxari: Kitab istitabətul murtəddin, bab ismu mən əşrəkə, ? 6922. Hafiz İbn Həcər hadisənin təfsilatını qeyd etmiş və demişdir: "Biz bu haqda olan rəvayəti kitabın üçüncü cildində Əbu Tahir əl-Muxləsin rəvayətindən nəql etmişik. Rəvayətin sənədi həsəndir (məqbuldur).)
Sonra dedi: "Kim bu iddiasından əl çəkməzsə, onu atəşdə yandıracam". Beləliklə, Əli onların əksəriyyətini yandırdı. Bəziləri isə qaçaraq canını qurtardı. Qaçanlar arasında Abdullah ibn Səba da var idi. Deyilən rəvayətlərə görə, onu da qətlə yetirdilər.
Daha doğrusunu Allah bilir.
İbn Səba Yəhudiliyin: qayıdış (rac`ə), qəyyumluq (əl-vəsiyy), rəhbərliyin bir ailədə qalmasının zəruriliyi və s. bu kimi yəhudiliyə xas etiqadları meydana çıxartdı.
Bədəviləri ələ alan İbn Səba "Osman belə-belə etdi" – deyə uydurmalarını camaata təbliğ edirdi. O və onun silahdaşları Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrinin – Əlinin, Zubeyrin, Talhanın, Aişənin və başqalarının əleyhinə yalandan məktublar yazır, öz möhürləri ilə möhürləyirdilər. Bütün məktubların məzmunu Osmandan narazılığı ifadə edir, onun yürütdüyü siyasətin uğursuzluğundan danışırdı. Bildiyimiz kimi, keçmişdə müasir rabitə əlaqələri mövcud deyildi. Bu uydurmalar bədəvilərə çatdırılır, onlar da bu sözləri dinləyir və təsdiqləyirdilər. Beləliklə, bir çox bədbəxtlər və yazıqlar ona aldandılar. O, cavan və təcrübəsiz insanlara belə deyirdi: "(Qiyamətə yaxın) İsanın qayıdacağını deyib Məhəmmədin qayıdacağını inkar edən insanın iddiası çox qəribədir! Halbuki, Allah təalə buyurur: (Ya Rəsulum!) Quranı (oxumağı və təbliğ etməyi, yaxud hökmlərinə əməl etməyi) sənə vacib buyuran (Allah) qayıdacağın yerə, səni yenə də qaytaracaqdır. De: “Rəbbim hidayətlə gələni də, haqq yoldan açıq-aşkar azanı da (hamıdan) yaxşı tanıyır! ( əl-Qəsəs, 85.)
Belə ki, Məhəmmədin qayıdışı İsanın qayıdışından daha əsaslıdır".
Həmçinin ibn Səba deyirdi: "Keçmişdə min peyğəmbər olub və hər peyğəmbərin öz vəsisi (vəsiyyət daşıyıcısı) var idi. Əli də Məhəmmədin vəsisidir". Müxtəlif təbəqənin insanları onun bu fikrini qəbul etdilər. Hətta o, öz fikirlərini yaymaq üçün özünə dəvətçilər tapdı. Bəziləri onun doğruluğuna inanıb, bəziləri isə onun məkirli məqsədlərini həyata keçirmək üçün bu fikirləri bilərəkdən insanlara təbliğ etməyə başladılar. Onun dəvətini yayanlardan aşağıdakıları sadalamaq olar:
 Əl-Ğafiqi ibn Hərb;
 Əbdürrəhman ibn Ədis əl-Bələvi;
 Kinanə ibn Bişr;
 Sovdan ibn Humran;
 Abdullah ibn Zeyd ibn Varqa;
 Amr ibn əl-Həməq əl-Xüzai;
 Hərqus ibn Zuheyr;
 Həkim ibn Cəbələ;
 Quteyrə əs-Sükuni və başqaları. ( Muxtəsər tuhfət isnə aşəriyyə" səh, 318.)

Məsruq Aişənin (r.anha) belə dediyini rəvayət edir: "Çirkdən təmizlənmiş paltar kimi Osmanı tərk etdiniz. Sonra onun başını qoyunu kəsən kimi kəsərək qurban verdiniz".
Məsruq dedi: "Bu sənin işindir. Sən camaata məktub yazıb Osmana qarşı üsyana səsləmisən".
Aişə (r.a) dedi: "Möminlərin iman gətirdiyi, kafirlərin küfr etdiyi Allaha and olsun, mən bu vaxta qədər heç bir yazı yazmamışam".
Ə`məş demişdir: "Hamı bilirdi ki, bu yazılar Aişənin adından yazılmışdı".
("əl-Bidayə vən Nihayə" 7/204. İbn Kəsir rəvayətin sənədinin səhih olduğunu demişdir.)
Bundan başqa Peyğəmbərin (s.a.v) digər səhabələrinin adından da yalandan məktublar yazmışdılar. Məktubların hamısında Osman məzəmmət olunurdu. Abdullah ibn Səbanın müxtəlif əyalətlərdə adamları vardı. Onlar öz aralarında məktublaşır və bu qəbil yazılar yazırdılar: "Filan vali Osmanın əmri ilə bizə belə işkəncə verdi, filan vali Osmanın əmri ilə bizi belə incitdi, Mədinəyə getdik Osman bizə belə əzab etdi, Osman Muhəmmədin əshabına belə işkəncə verdi; Zubeyr ibn əl-Əvvamdan məktub, Əli ibn Əbu Talibdən göstəriş, Aişədən belə məktub, filankəsdən bu şey gəldi və s. bu kimi uydurma məktublar yazaraq bədəviləri çaşdırırdılar. Allahın dinindən bixəbər olan bədəvilər bu məlumatlardan təsirlənərək qəlbləri Osmana  qarşı kin-küdurətlə dolmuşdu.
İkinci səbəb: Osmanın (r.a)vaxtında İslam ümmətində yaranmış bolluq.
Həsən əl-Bəsri deyir: "Gün keçmirdi ki, insanlara yenidən nəsə paylanırdı. Hətta aləmə car çəkib belə deyirdilər: "Ey Allah bəndələri, gəlin bal payınızı götürün! Ey Allah bəndələri, gəlin mal-dövlət payınızı götürün!"." ( Təhqiq məvaqifus səhabə fil fitnə: 1/360.)
Bu, Osmanın (Allah ondan razı olsun) vaxtında cihadın müxtəlif istiqamətlərdə aparılması ilə əlaqədardır. Bolluq isə adəti üzrə bəzən insanlar arasında narazılıq və haqdan imtina etmək kimi pis nəticələr verirdi. Bu da insanların naşükür və təkəbbürlü olmalarına gətirib çıxarırdı.
Üçüncü səbəb: Ömərlə Osmanın xasiyyətlərinin fərqli olması.

Ömər (Allah ondan razı olsun) sərt xasiyyətə malik, Osman (Allah ondan razı olsun) isə mülayim və rəhmli idi. Lakin bir çoxlarının iddia etdiyi kimi, o heç də zəif deyildi. Sadəcə olaraq o rəhmli idi. Ona görə də üsyançılar onu evində mühasirəyə aldıqda belə dedi: "Siz bilirsinizmi sizi mənə qarşı nə cürətləndirmişdir?! Sizi mənə qarşı yalnız mənim mülayimliyim cürətləndirmişdir." ( Təhqiq məvaqifus səhabə fil fitnə: 1/363.)

Ona görə də Abdullah ibn Ömər (Allah ondan razı olsun) belə demişdir: "Allaha and olsun, onlar elə şeylərə görə Osmana etiraz edirdilər ki, əgər həmin işləri Ömər etsəydi, bir nəfər də səsini çıxartmazdı".
İndi sual olunur: Nə üçün Osmana etiraz edirdilər?
Cavab isə belədir: Çünki Osman xəta edənləri bağışlayır, cəzalandırmır və ona qarşı edilən səhvlərə elə də əhəmiyyət vermirdi.
Dördüncü səbəb: Bəzi qəbilələr Qureyş hakimiyyətini bəyənmirdilər.
İslama daxil olan ərəb qəbilələri, ələlxüsus Allahın dinindən üz çevirdikdən (mürtəd olduqdan) sonra, bir hissəsi razılıqla, digəri narazılıqla, bəziləri isə qəlbində kin-küdurət daşıyaraq qılınc gücünə yenidən İslama daxil oldular. Onlar hakimiyyətin daima Qureyş qəbiləsində qalmasını qəbul edə bilmir və belə deyirdilər: "Nə üçün hakimiyyət Qureyşdə qalmalıdır?" Ona görə İbn Xəldun deyir ki: "Bəzi ərəb qəbilələri hakimiyyəti Qureyşə çox görür və bundan sıxıntı hissi keçirirdilər. Bu səbəbdən də onlar rəhbərlərə tənə edirdilər."
(Təhqiq məvaqifus səhabə fil fitnə: 1/365.)
Onlar Osmanın mülayimliyini öz niyyətlərinin həyata keçməsi üçün fürsət seçmişdilər.
Bu deyilənlər ən əsas səbəblər idi. Fitnəyə səbəb olan digər amillər də var. Lakin məsələni uzatmamaq üçün onları xatırlamağa lüzum görmədim.


Tarix: 04.05.2013 / 12:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 180 Bölmə: Maraqlı melumatlar
loading...