Ənəs ibn Malik rəvayət edir ki, bir gün Peyğəmbərlə birlikdə məsciddə oturmuşduq. O həzrət buyurdu: “Cənnət əhlindən olan bir adam indi bu qapıdan girəcək.”
Bu zaman ənsardan olan, saqqalından dəstəmaz suyu süzülən və çarıqlarını əlində tutmuş bir adam qapıdan girdi, salam verdi. Ertəsi gün də, üçüncü gün də eyni hadisə təkrar oldu. Axırda Əmr ibn Asın oğlu Abdullah qərara aldı ki, bu adamın cənnətə layiq olmasının səbəbini öyrənsin ki, o da həmin əməlləri edib cənnətə düşmək imkanı qazansın.
Abdullah o adamın yanına gedib dedi: “Mən atamdan küsmüşəm, and içmişəm ki, üç gün evə getməyim. Mənə icazə ver, üç gün sənin yanında qalım.” Həmin adam icazə verdi. Abdullah bu üç gün ərzində müşahidə edib gördü ki, o adam gecələr bir böyrü üstündən o biri böyrü üstünə dönəndə Allahı zikr edib təkbir deyir, səhər durub sübh namazını qılır. Amma gecələr ibadət etmir. Bir də ki, dilindən yalnız yaxşı sözlər çıxır. Üç gün bu minvalla keçdi. Axırda Abdullah məsələni ona açıb söylədi ki, mənim atamla incikliyim yoxdur. Allah Rəsulu sənin cənnətlik olduğunu buyurduğu üçün yanında üç gün qaldım ki, sənin nə etdiyini görüm. Amma məlum oldu ki, sənin xüsusi bir ibadətin və üstün əməlin yox imiş. Abdullah bunu deyib getmək istəyəndə həmin adam onu səsləyib söyləyir: “Bu gördüklərindən savayı mənim həqiqətən xüsusi bir əməlim yoxdur. Amma mən heç bir müsəlmana qarşı ürəyimdə kin bəsləmirəm və Allahın verdiyi heç bir nemətə görə kimsəyə həsəd aparmıram.” Abdullah cavab verdi: “Səni bu məqama çatdıran da elə bunlardır. Amma bunu etmək hər kəsin işi deyil.”
(Beyhəqi, “Şüəbül-iman”, c.5, səh.264-265, hədis: 6605).
Tarix: 21.11.2012 / 15:53 Müəllif: [Ram] Baxılıb: 662 Bölmə: Maraqlı melumatlar