Allahın Muhərrəm ayının fəziləti
Həmd Allaha, aləmlərin Rəbbinə məxsusdur. Allahın salamı və salavatı peyğəmbərimiz Muhəmmədə, peyğəmbərlərin sonuncusuna (xatəminə), rəsulların seyyidinə (başçısına), onun ailəsinə və səhabələrinin üzərinə olsun.
Allah təalanın Muhərrəm (haram) ayı mubarək və əzəmətli aydır. Bu ay Hicri təqviminin ilk ayıdır və Allah təalaının aşağıdakı ayədə bildirdiyi kimi dörd haram aylardan biridir. Allah təala buyurur: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir. Ona görə də həmin aylarda özünüzə zülm etməyin”. (Tövbə 9:36)
Əbu Bəkrə radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: “İl on iki aydan ibarətdir. Onlardan dördü haramdır, arda-arda gələn üç ay: Zül Qadə, Zül Hiccə və Muhərrəm; Cumədə və Şaban ayının arasında olan Rəcəb Mudar ayı”. (Buxari rəvayət etmişdir, 2958)
Bu ayın Muhərrəm adlandırılması sözügedən ayın haram ay olması və onun müqəddəsliyini gücləndirilməsi üçündür.
Allah təalanın “Ona görə də həmin aylarda özünüzə zülm etməyin” ayəsi bu haram aylardan özünüzə zülm etməyin mənasını ifadə edir. Çünki bu aylarda edilən günahlar digər aylarda ediləndən daha böyükdür.
Rəvayət olunur ki, İbn Abbas radiyallahu anhu bu ayənin “Ona görə də həmin aylarda özünüzə zülm etməyin” bütün aylara aid olduğunu söyləmişdir. Sonra bu dörd ayı xüsusiləşdirmiş və müqəddəsliyini (haramlığını) əzəmətləndirmişdir. Bu aylarda edilən günahları daha böyük etmiş və yaxşı əməllər üçün daha böyük savab təyin etmişdir.
Qatadə “Ona görə də həmin aylarda özünüzə zülm etməyin” ayəsi ilə əlaqədar deyir: “Bu haram aylarda zülm etmək digər vaxtlarda edilən zülmdən daha şiddətli və günahı daha böyükdür. Digər vaxtlarda edilən zülm hər halda böyükdür. Lakin Allah təala əmrlərindən istədiyini əzəmətləndirir. Həmçinin deyir: Allah təala Öz məxluqundan müəyyən kəsləri seçmişdir. O mələklər arasından elçilər, insanlar arasından rəsullar, sözlər arasından Onu zikr etməyi, yerdə məscidləri, aylardan Ramazan ayını və haram ayları, günlərdən Cümə gününü, gecələrdən Qədr Gecəsini seçmişdir. Ona görə də Allahın bizə əzəmətləndirilməsini söylədiklərinə əzəmətləndirin. Anlayış və hikmət əhli Allahın bizə əzəmətləndirilməsini söylədiklərini əzəmətləndirirlər. (İbn Kəsirin, Allah ona rəhmət etsin, Tövbə surəsi 36-cı ayənin təfsirinin xülasəsi).
Muhərrəm ayında daha çox nafilə oruc tutmağın fəziləti
Əbu Hureyrə radiyallahu anhu demişdir: “Allah Rəsulu sallallahu aleyhi və səlləm dedi: “Ramazan ayından sonra ən fəzilətli oruc Allahın ayı Muhərrəmdədir”. (Muslim rəvayət etmişdir, 1982)
“Allahın ayı” kəliməsi: Ayın adının Allaha izafə edilməsi (nisbət edilməsi) bu ayın əzəmətini yüksəltməyi ifadə edir.
Əl-Qari demişdir: “Zahiri mənası Muhərrəm ayının hamısını ifadə edir”. Lakin sabit olmuşdur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Ramazan ayından başqa heç bir ayı tam olaraq oruc tutmamışdır. Ona görə də, bu hədis bütün ayı deyil Muhərrəm ayında daha çox oruc tutmağa təşviq edir.
Allah istədiyi zamanı və məkanları seçir.
Əl-İzz ibn Abd əl-Salam rahiməhullah demişdir: “Zamanlar və məkanlar iki yolla fəzilətləndirilir. Biri dünyəvi, ikincisi isə dini yolla. İkincisinə gəldikdə, səbəbi budur ki, Allah təala o vaxtlarda və məkanlarda edilən əməllərə daha böyük savab verməklə Öz qullarına öx səxavətini bəxş edir. Məsələn, Ramazan ayında tutulan oruca digər vaxtlarda tutulan orucdan daha böyük savab verir və həmçinin Aşura günündə. Bunun fəziləti Allahın qullarına qarşı səxavəti və mərhamətindən dolayıdır...” (Qavaid əl-Əhkam, 1\38).
Muhərrəm ayından əldə olunacaq ibrətlər
Muhərrəm ayında biz Peyğəmbər sallallahu aleyhi və səllləmin Məkkədən Mədinəyə hicrət etməsini xatırlamalıyıq. Bu hadisədə bir çox dərslər və ibrətlər vardır. Bütün bunlar bizlərə Hicri təqviminin başlıca əhəmiyyətini başa düşməyə kömək edir. Həmçinin Hicrətin islamın inkişafında mühüm addım olmasını yada salmaq gözəldir. Belə ki, tarix boyunca islam hicrətdən faydalanmışdır. Amerikada islamın olması və artması oraya hicrət edənlərin səyləri və Allah yolunda çalışanların zəhmətləri nəticəsində olmuşdur.
Muhərrəm ayının 9 və 10-cü günü oruc tutmaq həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsidir. Peyğəmbər sallallahu aleyhi və səlləm 10-cu günü (Aşura günü) oruc tutardı. O özü oruc tutmuş və həmçinin öz səhabələrinə də həmin günü oruc tutmağı söyləmişdir.
Həmçinin Huseyin radiyallahu anhu və onun ailəsinin böyük fədakarlığını da xatırlamalıyıq. Onların bu əməli haqq və ədalət yolunda həqiqi cihad idi. Biz Kərbəla epizodundan qəhrəmanlıq dərsləri, səbr və mətanət nümayiş etdirməyi öyrənməliyik. Lakin Quran və Sünnədə əsası olmayan bəzi adət-ənənələri (ağlaşma, zəncir vurmaq və.s) etməkdən qaçınmalıyıq. Çünki bunu nə Allah, nə də onun Rəsulu buyurmamışdır.
Aşuranın tarixi
Müsəlmanlar Allahdan qorxmalı və Allah təalanın peyğəmbərlər və rəsullar, keçmiş ümmətlərə dair Müqəddəs Quranda hekayətlərindən ibrət, dərs almalıdırlar.
Allah təala buyurur: “(Peyğəmbərlərin) hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır. (Bu Quran) uydurma bir söz deyildir. Ancaq özündən əvvəlkilərin (ilahi kitabların) təsdiqi, (Allahın bəndələrindən ötrü) hər bir şeyin (bütün hökmlərin, halal-haramın) müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir!”. (Yusif 12:111)
Allah təalanın Öz Kitabında söylədiyi qissələrdən biri Allahın ayı, müqəddəs Muhərrəm ayında baş verən qissədir. Bu Musa peyğəmbər əleyhissəlam və Misirin qəddar hakimi Fironun qissəsidir.
Allah təala Quranda bu qissəni bizə danışır:
3-“Biz inanan bir tayfa üçün sənə Musanın və Fironun hekayətindən (bir qismini) olduğu kimi söyləyəcəyik.
4 - Həqiqətən, Firon yer üzündə (Misirdə) baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü. (Firon) onların arasında olan bir tayfanı (İsrail oğullarını) gücsüz (aciz) görüb onların (yeni doğulan) oğlan uşaqlarını öldürür, qızlarını isə sağ buraxırdı. O, həqiqətən, (yer üzündə) fitnə-fəsad törədənlərdən idi!
5 - Bis isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə (İsrail oğullarına) mərhəmət göstərək, onları (xeyirxah işlərdə) öndə gedənlər və (Fironun mülkünə) varislər edək.
6 - Və onları yer üzündə (Misirdə, Şamda) yerləşdirib möhkəmləndirək, Firona, (vəziri) Hamana və ordularına onların qorxub çəkindikləri şeyi (İsrail oğullarından birinin əli ilə məhv edilib hakimiyyətlərinə son qoyulmasını) göstərək.” (Əl-Qasas 28:3-6)
Firon İsrail övladlarına hökm sürmüş və onları kölə etmiş, yeni anadan olmuş uşaqları öldürmüş, lakin qadınları isə sağ saxlamışdır. Bu cinayət əməlini işləməsinin səbəbi həmin doğulacaq uşaqlardan birindən gəlməkdə olan haqq qorxusu idi. İsrail övladları İbrahim əleyhissəlamdan onlara gələnlərə əsasən bilirdilər ki, onun nəslindən bir kəs Misir krallığını dağıdacaqdır. Bu müjdələr onların arasında məşhur idi; bu barədə xəbərlər Firona çatdırılmışdı. Firon öz əsgərlərinə İsrail övladlarının yeni doğulan bütün uşaqlarını öldürməyi əmr etmişdi; Özünü həlakdan əmin etmək, xilas etmək üçün.
Bununla belə, onun əvvəlcədən aldığı bütün tədbirlər onu Allahın istədiyindən mühafizə etmək üçün kifayət etmədi. Allahın istəyi Fironu həlak edəcək yeni doğulacaq uşağın Fironun evində böyüməsi idi. Allahın iradəsi, istəyini heç bir tədbir, ehtiyatlar dayandıra bilməz və Onun qüdrəti hər bir şeyi əhatə etmişdir. Beləcə Allah təala Musa peyğəmbərin əleyhissəlam əmin böyüməsini, öldürülməkdən xilas olunmasını və həmçinin yetkinlik dövrünə çatana kimi Allahın himayəsi altında Fironun öz evində böyüməsini iradə etdi, seçdi.
Daha sonra, Musa əleyhissəlam təsadüfən xəta edərək Fironun camaatından bir nəfəri öldürdü. Musa əleyhissəlam qorxurdu ki, onu həbs edəcəklər və ona görə öldürəcəklər. Ona görə də, Mədyən ölkəsinə qaçdı və bir müddət orada yaşadı. Orada evləndi və sonra Misirə qayıtdı. Geri qayıdanda, Allah onunla danışdı və ona bildirdi ki, o Fironun qövmünə göndərilmiş Peyğəmbər və Rəsuldur. Allah təala onun peyğəmbər kimi tanınması və onun həqiqi peyğəmbər olduğunu insanların görməsi üçün ona bir çox əlamətlər bildirdi.
Musa əleyhissəlam Fironun yanına getdi və ona Allahın ayələrini göstərdi. Lakin Firon təkəbbürlü və inadkar idi.
Allah təala buyurur: “(Ya Peyğəmbər!) Musanın hekayəti (söhbəti) sənə gəlib çatdımı?
16 - O zaman ki, Rəbbi ona müqəddəs Tuva vadisində belə xitab etdi:
17 - “Fironun yanına get. Çünki o, (allahlıq iddiasına düşməklə, xalqa zülm etməklə) çox azmışdır (həddini aşmışdır).
18 - Və de: “(Günahlardan) təmizlənmək istəyirsənmi?
19 - Səni Rəbbinə tərəf gətirimmi ki, (Ondan) qorxasan?”
20 - (Musa gəlib Allahın buyuruğunu Firona ərz elədi) və ona (özünün həqiqi peyğəmbər olmasına dəlalət edən) ən böyük möcüzəni (əsanın dönüb əjdaha olmasını) göstərdi.
21 - Lakin (Firon Musanı) təkzib edib (ona) asi oldu.
22 - Sonra geri dönüb (özünə buyurulanlardan üz döndərərək fitnə-fəsad törətməyə, Musaya qarşı tədbir tökməyə) tələsdi.
23 - Və (əyan-əşrafını, bütün təbəələrini) toplayıb (onlara) belə xitab etdi:
24 - “Həqiqətən, mən sizin ən uca Rəbbinizəm!”” (Ən-Naziat 79:15-24)
Firon iddia edirdi ki, Musa əleyhissəlamın gətirdiyi möcüzələr sadəcə sehrdən ibarətdir və onda elə bir sehr növü vardır ki, Musa əleyhissəlamın “sehrinə” qalib gələcəkdir. Bu minvalla Firon öz krallığında olan sehrbazları bir yerə topladı və onlar öz sehrlərini nümayiş etdirdilər və Musa əleyhissəlam Allah təalanın ona verdiyi möcüzələri göstərdi.
Allah təala buyurur: “Artıq haqq zahir, olanların uydurub düzəltdikləri yalanlar isə batil oldu.
119 - (Sehrbazlar) orada məğlub edildilər və xar olaraq geri döndülər.
120 - Onlar (hamı birlikdə) səcdəyə qapanıb
121 - Dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə -
122 - Musanın və Harunun Rəbbinə!”” (Əl-Əraf 7:118-122)
O zaman Firon başqa yola-qorxu, qüvvə və ödəmə və.s-əl atmaq qərarına gəldi. Allah təala Musaya hər bir mömini Misirdən çıxarmasını və Allah təalanın ona söyləyəcəyi yerə aparmasını əmr etdi. Firon öz qoşununu və qüvvələrini topladı. Bəzi mənbələrə görə onun bir milyona yaxın əsgəri var idi. O Musanı və onun camaatını təqib etdi. Ümid edirdi ki, onların hamısını tamamilə məhv edəcəkdir. Musa dənizin yanında Firon ilə baş-başa qaldı və onun ordusu arxadan gəlirdi. Möminlər qorxurdular, çünki onların qarşısında dəniz və arxasında isə düşmən var idi.
Allah təala buyurur: “İki dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: “(İşimiz bitdi!) Artıq yaxalandıq!”
62 - (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!”” (Əş-Şuara 26:61-62)
Kim Allaha yaxın olarsa, Allah heç zaman onu məyus etməz, yaxud onu təkbaşına tərk etməz. Allah Musaya əlindəki əsa ilə dənizə vurmasını əmr etdi, Musa əleyhissəlam dənizə vurdu, dəniz onların keçməsi üçün açıldı.
Allah təala buyurur: “(İzzət və cəlalıma) and olsun ki, Biz Musaya belə vəhy etdik: “Qullarımla gecə yola çıx, (əsanı suya vurmaqla) onlar üçün dənizdə quru bir yol aç. (Fironun) sizə yetişməsindən qorxma, (suya qərq olmaqdan da) əndişəyə düşmə!” (Taha 20:77)
Musa əleyhissəlam dənizdə açılan yoldan keçdi və onun camaatından axırıncıları da dənizi tərk etdi. Firon ordusunun hər bir əsgəri dənizin içində idi. O zaman Allah təala dənizə onların üzərində dağılmasını əmr etdi. Firon və onun ordusu boğuldu.
Bu hadisə haqqın batil üzərinə qələbəsi idi. Allahın vədi haqq idi. Allah təala Musanın əleyhissəlam camaatını Firon və onun ordusunun üzərində qalib etdi. Bu qissədə biz haqqın necə qalib olduğunu görürük. Fərqi yoxdur batilin görünən qüvvəsi nə qədər olur olsun. Batilin öz məhdud əcəli var. Lakin haqq hər zaman qalibdir.
Bu qissə möminlərin qəlblərini zənginləşdirməli və düşmənləri qarşısında onları sabit etməlidir. Fərqi yoxdur düşmənlərin qüvvəsi nə qədər olur olsun. Mömin kəs həmçinin bu qissədən başa düşməli, faydalanmalıdır ki, batil əhli doğru-dürüst yolda olduqlarını və insanları haqqa çağırdıqlarını iddia edirlər. Əslində, bunun əksi həqiqətdir. Onlar sadəcə yalan və aldanışlara bel bağlayırlar.
Bu əzəmətli hadisə-Allahın Musa və möminlərə Firon və onun ordusu üzərinə qələbə bəxş etməsi- müqəddəs Muhərrəm ayının 10-cu günü baş vermişdir. Bu günü Yaumul Aşura (Aşura günü) adlandırırlar. Bu elə bir gündür ki, onun böyük fəziləti var. Musa əleyhissəlam həmin günü oruc tutmuşdur və həmin günü insanlara oruc tutmağı əmr etmişdir.
İbn Abbas radiyallahu anhu rəvayət edir ki, Allahın Rəsulu sallallahu aleyhi və səlləm Mədinəyə gəldi və gördü ki, Yəhudilər Aşura günü oruc tutublar. Allahın Rəsulu sallallahu aleyhi və səlləm onlardan soruşdu: “Bu günün əhəmiyyəti nədir ki, siz bu gün oruc tutmusunuz? Onlar dedi: Bu böyük əhəmiyyəti olan bir gündür. Allah təala Musa əleyhissəlama və onun camaatına vermişdir, Fironu və onun camaatını boğmuşdur. Musa əleyhissəlam təşəkkür əlaməti olaraq həmin günü oruc tutmuşdur və biz də ona riayət edirik. Bunun üzərinə Allah Rəsulu sallallahu aleyhi və səlləm dedi: “Biz buna daha haqqlıyıq və bizim Musaya olan əlaqəmiz sizinkindən daha yaxındır”.
Beləcə Allahın Rəsulu sallallahu aleyhi və səlləm Aşura günü oruc tutdu və əmr etdi ki, həmin gün oruc tutulsun.
Həmçinin Musa əleyhissalamın qissəsindən əldə etdiyimiz faydalardan da biri də budur ki, düşmən üzərində qalib gədikləri zaman Peyğəmbərlərin sünnəsi (yolu) sülh, əmin-amanlıq vaxtlarında Allaha şükr etmək və Onu tərif etməkdir. Musa əleyhissalam 10-cü günü, Allah təalanın onun ardıcıllarına Firon üzərində qələbə verdiyi zaman oruc tutmuşdur və bu da başqa bir dəlildir ki, haqq həmişə batili məğlub edəcəkdir.
Aşura günündə oruc tutmağın əhəmiyyəti
Həqiqət budur ki, doğru-dürüst, həqiqi bir müsəlman hər zaman mübarək mərasimlər və günlərdən fayda götürürür. Müsəlman kəs özünü Allaha tərəf daha da yaxınlaşdırmaqda heç bir əziyyət çəkmir. Bu cür etməklə öz həyatının bütün sahələrində Peyğəmbəri Muhəmməd sallallahu aleyhi və səlləmi özünə nümunə, örnək almaq üçün islamdakı fəzilətli günləri və hadisələri axtarmaqla, gözləməklə məşğul olur.
İbn Abbas radiyallahu anhu demişdir: “Allahın Rəsulunun bu gündən - Aşura günündən və bu aydan - Ramazan ayından – başqa ayda oruc tutmağa daha istəkli olduğunu görmədim. (Buxari, hədis 1867).
Başqa bir hədisdə varid olmuşdur ki, Aşura gününün orucu əvvəlki ilin günahlarını silir. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Aşura gününün orucu (böyük fəziləti vardır), ümid edirəm ki, Allah təala bunu (orucu) keçən il (o ildə işlənilən günahlar) üçün kəffarə kimi qəbul edəcəkdir”. (Muslim)
Aşura günündə oruc tutmaq İmam Huseyinin (Allah ondan razı olsun) şəhid olmasını yas, matəm ilə keçirmək mənasını ifadə etmir. Biz İmam Huseyinin (Allah ondan razı olsun) şəhadətinə dərindən hörmət edirik, islam yolunda, uğrunda onun əzəmətli fədakarlığına, şücaətinə ehtiram edirik. O bizlərə haqq, cəsarət, igidlik və təqvaya dair böyük bir örnək nümayiş etdirmişdir. Lakin biz həmçinin qəlblərimizdə ağrı və hüzn duyuruq ki, bu cinayətləri etmək üçün islamdan sui istifadə edən bir sıra fasiqlərin əli ilə o öldürülmüşdür. Onlar Allah Rəsulunun sallallahu aleyhi və səlləm sevimli və mübarək nəvəsi, onun ailəsi ilə vuruşdular və öldürdülər. Bu siyasi iqtidar uğrunda edilən ən mənfur və rüsvayçı bir cinayət idi. Bu faciəvi hadisə hicrətin 61-ci ilində baş vermişdir. Bununla belə, Aşura orucunun tarixi çox qədimdir və İmam Huseyindən çox-çox əvvəllərə gedir.
İmam Buxarinin Səhih əsərində və digər səhih hədis toplularında rəvayət olunur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm və onun səhabələri Məkkədə (hicrətdən əvvəl) olduqları zaman Muhərrəm ayının 10-cu günü oruc tutardılar.
Bu elə bir gün idi ki, Məkkə əhalisi Kəbənin örtüyünü dəyişərdilər. Qureyş də həmin günü oruc tutardı. (Buxari, 1489 və 1760).
Hicrətdən sonra Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinəyə gəldikdə, o gördü ki, Mədinədəki yəhudilər də həmin günü oruc tutublar. Peyğəmbər sallallahu aleyhi və səlləm o gündə oruc tutmalarının səbəbini onlardan soruşdu. Onlar dedilər: “Bu mübarək bir gündür. Bu gün Allah İsrail övladlarını onların düşmənindən (Misirdə) xilas etmişdir və Musa peyğəmbər Allaha şükr etmək üçün o gün oruc tutmuşdur”. Peyğəmbər sallallahu aleyhi və səllləm dedi: “Bizim Musaya olan iddiamız sizdən çoxdur”. O həmin günü oruc tutdu və Müsəlmanlara da həmin günü oruc tutmağı əmr etdi. (Buxari, 1865).
Başqa bir rəvayətdə zikr olunur ki, Mədinə yəhudiləri o gündə ziyafət edirdilər. Peyğəmbər sallallahu aleyhi və səlləm öz səhablərinə onun əvəzinə oruc tutmağı əmr etdi. (Buxari, 1866).
Aşura orucu başlanğıcda fərz idi. Hicrətin 2-ci ilində bütün Ramazan ayını oruc tutmaq haqqında Allahın əmri gəldiyində, Peyğəmbər sallallahu aleyhi və səlləm Aşura gününün nafilə oruc olmasını insanlara elan etməsi üçün bir nəfər göndərdi. Bu göstərir ki, kim istəyirsə oruc tutsun, tuta bilər və kim istəmirsə tutmaya bilər. Buna görə ona günah yoxdur.
İmam Tirmizi qeyd edir ki, İbn Abbas radiyallahu anhu “Biz bu iki gündə: Muhərrəm ayının 9-cu və 10-cü günləri oruc tutmalıyıq ki, özümüzü yəhudi camaatından fərqləndirək” deyərdi. (Tirmizi, 686)
İbn Abbas radiyallahu anhu həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət edir: “Gələn il sağ olsam, mən həmçinin 9-cü günü oruc tutacam”. (İmam Əhməd ibn Hənbəl Müsnəd əsəri, 2002-ci hədis)
Aşura günü oruc tutmağın böyük savabı var. Bu gündə oruc tutmağın savab və fəzilətindən bəhs edən bir çox hədislər var. Fərz olmasa da, bu gün oruc tutmaq yaxşıdır.
Aşura ilə əlaqədar yanlış anlayışlar və əsassız adətlər
Aşura günü, onun fəziləti, o gündə oruc tutmağın savabı, o gündə baş verən tarixi hadisələrə dair dəlillər səhih mənbələrə (Quran və Sünnəyə) əsaslanır. Bununla belə, Aşura ilə əlaqədar bəzi əfsanələr və yanlış anlayışlar cahil insanların ağıllarına öz yolunu tapmağa imkan, macal tapa bilmişdir ki, bunlar səhih, etibarlı islam mənbələrinə əsaslanmır və yaxud onlarla dəstəklənmir. Bu adətlərin ən çox yayılanlarına bunlar aiddir:
Bu gün Adəm əleyhissəlamın xəlq olunduğu gündür.
Bu gün İbrahim əleyhissəlamın anadan olduğu gündür.
Bu gün Adəm əleyhissəlamın tövbəsinin Allah tərəfindən qəbul olunduğu gündür.
Bu gün Qiyamət günü baş verəcəkdir.
Hər kim Aşura günü çimərsə heç zaman xəstələnməz.
Bütün bunlar və digər buna bənzər qəribəliklər və təxəyyüllər tamamilə əsassızdır. Bu barədə qeyd olunan adət-ənənələr etibarlı deyildir.
Bəzi insanlar Aşura günü xüsusi yemək bişirməyi adət etməyi Sünnə hesab edirlər. Bu əməlin, həmçinin səhih, etibarlı islam mənblərində heç bir əsası yoxdur.
Digər insanlar “Aşura “gününün müqəddəsliyini sevimlimiz İmam Huseyinin Suriya ordusu ilə döyüşü zamanı radiyallahu anhu şəhadətinə bağlayırlar. Şübhə yoxdur ki, sevimlimiz Huseyin radiyallahu anhununun şəhadəti tariximizin ən faciəli epizodlarından biridir. Bununla belə, “Aşura” gününün müqəddəsliyinu bu hadisə ilə əlaqələndirmək doğru deyil və mümkün deyil. Bunun səbəbi sadədir. Çünki Aşura gününün müqəddəsliyi Peyğəmbər sallallahu aleyhi və səlləmin dövründə qoyulmuşdur ki, bu da sevimlimiz Huseyin radiyallahu anhunun doğumundan çox erkən olmuşdur.
Əksinə, sevimlimiz Huseyin radiyallahu anhunun şəhadətinin “Aşura” gününə təsadüf etməsi onun üçün fəzilət və ləyaqətdir.
Muhərrəm ayına dair insanlarda yaranan başqa bir yanlış anlaşma bu ayın “guya” şərrli və yaxud uğursuz ay olmasıdır. Belə ki, bu ayda Huseyin radiyallahu anhu şəhid olmuşdur. Bu yanlış anlaşmadan dolayıdır ki, insanlar Muhərrəm ayında toy etmirlər. Bu bir daha əsassız anlayışdır. Quran və Sünnənin təlimlərinə ziddir. Əgər məşhur bir şəxsin xüsusi bir gündə ölümü ondan sonra gəlməkdə olan həmin günü “uğursuz” edirsə, o zaman bu “uğursuzluqdan” qaçmaq üçün çətin ki, ildə bir gün tapasan. Belə ki, hər bir gün bəzi məşhur insanların ölümü ilə əlaqədardır. Quran və Sünnə bizləri bu cür mövhumatçı inançlardan xilas etmişdir.
Ağlayaraq şikayətlənmək və matəm mərasimləri
Bu ayda edilən digər yanlış bir əməl sevimlimiz İmam Huseyinin (radiyallahu anhu) şəhadəti xatirinə hüzn, ağlaşma və matəm mərasimlərinin keçirilməsidir. Əvvəlcə də qeyd olunduğu kimi, Kərbəla hadisəsi tariximizin ən faciəvi hadisələrindən biridir. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm hər hansı bir insanın ölmü ilə əlaqədar hüzn, ağlaşma mərasimlərinin keçirilməsini qadağan etmişdir. Cahillikdə insanlar öz ölülərinin üzərində yüksək səs ilə ağlayardılar, paltarlarını cırardılar, sinələrini, yanaqlarını cırar və vurardılar. Peyğəmbər sallallahu aleyhi və səlləm bütün bunları etməyin qarşısnı aldı və “İnnə lilləhi vua innə ileyhi raciun” (Biz Allaha məxsusuq və Ona da qayıdacağıq) deməklə insanları səbr nümayiş etdirməyə istiqamətləndirdi. Mövzuya dair bir çox səhih hədislər var. Onlardan bəzilərini qeyd edək:
“Yanaqlarına vuran, paltarlarını cıran və cahiliyyə insanlarının etdiyi tərzdə qışqıran kəs bizdən deyildir”. (Səhih Buxari)
Bütün etibarlı fəqihlər yekdil rəydədirlər ki, bu cür matəm mərasimləri qadağandır. Hətta seyydimiz Huseyin radiyallahu anhu ölümündən bir müddət əvvəl, öz sevimli bacısı seyyidə Zeynəbə (Allah ondan razı olsun) onun ölümü üzərinə bu cür matəm saxlamaması üçün nəsihət etmişdir. O demişdir: “Mənim əziz bacım! Mən sənin yanında and içirəm ki, mən ölsəm sən paltarlarını cırmayacaqsan, nə üzünü cıracaqsan, nə də mənə görə kiməsə lənət oxumayacaqsan, nə də öz ölümünü istəməyəcəksən”. (Əl-Kamil, İbn Kəsir cild.4 səh.24)
Sevimlimiz Huseyin radiyallahu anhunun bu nəsihətindən bəlli olur ki, bu cür matəm tərzi hətta bu mübarək insanın özü tərəfindən də məzəmmət olunmuşdur. O insan ki, onun xatirinə insanlar bu cür matəm mərasimləri edirlər. Hər bir müsəlman bu cür əməldən çəkinməli və Peyğəmbər sallallahu aleyhi və səlləm və onun sevimli nəvəsi sevimlimiz Huseyin radiyallahunun təlimlərindən möhkəm tutmalıdır.
Tarix: 14.04.2013 / 14:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 779 Bölmə: Maraqlı melumatlar