Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kainatı Yaradan varmı, dəliliniz nədir?

Sizcə kainatın müdrik və qüdrətli bir yaradıcı tərəfindən xəlq edildiyinə dair bir dəlil varmı?

Cavab- Həmd Allaha məxsusdur.

Sualınıza görə sizə təşəkkürümüzü bildiririk və istərdik ki, Allahın Kitabından (Qurandan) bir neçə ayələri sitat gətirək, sonra siz məsələ haqqında özünüz düşünün, təfəkkür edin və həqiqət, haqq sizə aydın olarsa, o zaman haqqa tabe olmaqdan başqa sizin heç bir seçiminiz qalmayacaqdır.

ALLAH təala buyurur:

“Yoxsa onlar heç bir şeydən (xaliqsiz) yarandılar?! Yaxud onlar (öz-özlərini) yaradanlardır?!

36 - Yoxsa göyləri və yeri yaratdılar?! Xeyr, onlar (Allaha) ürəkdən inanmırlar!” (ət-Tur 52:35-37)


ALLAH buyurur:

“Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində, (Allahın hikmət və qüdrətinə dəlalət edən) əlamətlər vardır”. (əl-Bəqərə 2:164)

ALLAH buyurur: “Göydən su (yağış) endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik. (Biz, həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. (Onlardan hər birinin) bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda (Allahın Öz qüdrəti ilə yaratdığı bu şeylərdə) iman gətirən bir camaat üçün (Rəbbinizin varlığını sübut edən) dəlillər vardır”. (əl-Ənam 6:99)

ALLAH buyurur: “Küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Belə ki, küləklər (yağmur yüklü) ağır buludları hərəkətə gətirdiyi (daşıdığı) zaman Biz onları (buludları) ölü (qurumuş) bir məmləkətə tərəf qovur, ora yağmur endirir və onunla hər cür meyvə yetişdiririk. Biz ölüləri də (dirildib qəbirlərindən) belə çıxaracağıq. Bəlkə, düşünüb ibrət alasınız!” (əl-Əraf 7:57)

ALLAH buyurur: “Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? (Göylər ilk yaradılışda bir-birinə bitişik bir təbəqə olduğu halda, onların arası hava ilə açılıb yeddi təbəqəyə ayrılmış, yer də bir təbəqə ikən sonra yeddi təbəqəyə bölünmüşdür. Bu, Allahın qüdrətini, əzəmətini sübut edən ən tutarlı dəlillərdəndir)”. (əl-Ənbiya 21:30)

ALLAH buyurur: “(Bütlər yaxşıdır) yoxsa göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən kimsə?! Sonra Biz o yağmurla sizin üçün gözəl bağçalar yetişdirdik. (Əgər Allahın yaratdığı və yerə endirdiyi su olmasaydı) siz (o bağçaların) ağaclarını göyərdə bilməzdiniz. Məgər Allahla yanaşı başqa bir ilah var?! Lakin (müşriklər bütlərini Allaha) bərabər tutan bir tayfadırlar! (Yaxud onlar qəsdən haqq yoldan yayınan bir qövmdürlər!)”. (ən-Nəml 27:60)

ALLAH buyurur: “Allah gördüyünüz göyləri dirəksiz yaratmış (yaxud O, göyləri görə bildiyiniz bir dirək olmadan xəlq etmiş), sizi yırğalamasın (atıb-tutmasın) deyə, yerdə möhkəm durmuş dağlar bərqərar etmiş və ora (yer üzünə) cürbəcür heyvanlar səpələmişdir. Biz göydən yağış yağdırdıq və (onunla) yerdə növbənöv gözəl (bitkilər, meyvələr) yetişdirdik”. (Loğman 31:10)

ALLAH buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü? İnsanlar içərisində eləsi də vardır ki, nə bir elmi, nə bir doğru yol göstərən rəhbəri, nə də bir nurani (ilahi) kitabı olmadan Allah barəsində mübahisə edər”. (Loğman 31:20)

ALLAH buyurur: “İki dəniz eyni deyildir. Birinin suyu çox şirin, dadlı və içməyə rahat (boğazdan rahat keçən), digərininki isə həddindən artıq şor və acıdır. Onların hər birindən təzə ət (balıq) yeyir, taxdığınız (inci və mərcan kimi) bəzəklər çıxardırsınız. Onun (Allahın) lütfündən (nemətindən) ruzi diləyib axtarmağınız (ticarət etməyiniz) üçün gəmilərin də orada (suyu) yara-yara üzdüyünü görürsən. (Bütün bunlara görə), bəlkə, (Allaha) şükür edəsiniz”. (Fatir 35:12)

ALLAH buyurur:

“45 - Məgər Rəbbinin kölgəni (günçıxandan günbatanadək) necə uzatdığını görmürsənmi? Əgər istəsəydi, onu daim öz yerində saxlayardı. Sonra Biz günəşi (kölgəyə) bir əlamət etdik. (Əgər günəş olmasaydı, kölgə bilinməzdi).

46 - Sonra onu (o kölgəni günəşin yüksəlməsi ilə) yavaş-yavaş Özümüzə tərəf çəkdik. (Əgər kölgəni yerə birdən salıb, birdən çəksəydik, insanlar vahiməyə düşərdilər).

47 - Sizin üçün gecəni örtük, yuxunu rahatlıq yaradan, gündüzü də (ruzi qazanmaqdan ötrü) həyat (iş, fəaliyyət vaxtı) yaradan Odur.

48 - Küləkləri rəhməti (yağışı) önündə müjdəçi olaraq göndərən də Odur. Biz göydən tərtəmiz su endirdik ki,

49 - Onunla ölü bir yerə can verək, yaratdığımız heyvanları və bir çox (bütün) insanları sirab edək!” (Furqan 25:45-49)

ALLAH buyurur: “Birinin suyu çox şirin, digərininki isə olduqca şor (acı) olan iki dənizi qovuşduran, aralarında (bir-birinə qarşmamaq üçün) maneə və keçilməz sədd qoyan Odur!” (Furqan 25:53)

ALLAH buyurur:

“33 - Ölü torpaq onlar üçün (qiyamət günü ölüləri dirildəcəyimizə) bir dəlildir. Biz onu (yağışla) dirildir, oradan (arpa, buğda, düyü və s. kimi) dənələr çıxardırıq, onlar da ondan yeyirlər.

34 - Biz orada xurma və üzüm bağları əmələ gətirir, bulaqlar qaynadırıq ki,

35 - Onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən (yaxud becərmədiklərindən) yesinlər. Hələ də şükür etməzlər?

36 - Yerin yetişdirdiklərindən, onların (insanların) özlərindən və bilmədiklərindən (erkək və dişi olmaqla) cütlər yaradan Allah pakdır, müqəddəsdir! (Eyibsiz və nöqsansızdır!)

37 - Gecə də onlar üçün (qüdrətimizə) bir dəlildir. Biz gündüzü ondan sıyırıb çıxardan kimi onlar zülmət içində olarlar.

38 - Günəş də (qüdrət əlamətlərimizdən biri kimi) özü üçün müəyyən olunmuş yerdə seyr edən. Bu, yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmüdür).

39 - Biz ay üçün mənzillər müəyyən etdik. Nəhayət, o (həmin mənzilləri başa vurduqdan sonra) dönüb xurma ağacının qurumuş əyri budağı kimi (hilal şəklində) olar.

40 - Nə günəş aya çatar (yetişər), nə də gecə gündüzü ötə bilər. (Günəş, ay və ulduzların) hər biri (özünə məxsus) bir göydə (öz hədəqəsində, öz dairəsində) üzər.

41 - Övladlarını (yaxud Nuhun tufanı vaxtı ulu babalarını müxtəlif yüklərlə) dolu gəmiyə mindirməyimiz (sonra dənizdə istədikləri yerə getmələri) də onlar üçün (qüdrətimizə) bir dəlildir.

42 - Onlar üçün bunun kimi (başqa) minik vasitələri də yaratdıq.

43 - Əgər istəsək, onları suya qərq edərik. Nə bir dadlarına çatan olar, nə də nicat taparlar.

44 - Yalnız Bizdən bir mərhəmət olaraq və bir qədər (əcəlləri çatanadək) dolanıb keçinmələri üçün (onları xilas edərik)”. (Yasin 36:33-44)

ALLAH buyurur:

“57 - (Ey kafirlər!) Biz sizi (yoxdan) yaratdıq. Məgər (qiyamət günü yenidən dirildiləcəyinizi) təsdiq etməzmisiniz?

58 - Bəs (bətnlərə) axıtdığınız nütfəyə nə deyirsiniz?

59 - Ondan (insan) yaradan sizsiniz, yoxsa Biz?!

60 - Sizin aranızda ölüm (kimin nə vaxt öləcəyini) əvvəlcədən Biz müəyyən etdik. Və Biz əsla aciz (önünə keçilməsi mümkün olan) deyilik,

61 - (Sizi yox edib) yerinizə sizin kimiləri gətirməkdən (sizi başqaları ilə əvəz etməkdən) və sizi özünüz də bilmədiyiniz başqa bir şəkildə yaratmaqdan!

62 - And olsun ki, siz ilk yaradılış (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə (sizi yenidən diriltməyə qadir olduğumuz barədə) heç düşünmürsünüz?!
63 - Bəs əkdiyiniz (toxuma) nə deyirsiniz?

64 - Onu bitirən sizsiniz, yoxsa Biz?!

65 - Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də mat-məətəl qalıb:

66 - “Biz ziyana uğramış,

67 - Bəlkə, (hələ ruzidən də) məhrum olmuş kimsələrik!” (deyərdiniz).

68 - Bəs içdiyiniz suya nə deyirsiniz?

69 - Onu buluddan endirən sizsiniz, yoxsa Biz?!

70 - Əgər istəsəydik, onu acı (bir su) edərdik. Elə isə niyə (Allahın nemətlərinə) şükür etmirsiniz?

71 - Bəs (yaş ağacdan) yandırdığınız oda nə deyirsiniz?

72 - Onun ağacını yaradan sizsiniz, yoxsa Biz?

73 - Biz onu (sizi cəhənnəm odu ilə qorxutmaqdan ötrü) ibrət dərsi və səhrada olan müsafirlərin faydalanması üçün yaratdıq.

74 - Belə olduqda (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını müqəddəs tutub zikr et!

75 - Ulduzların (bürclərdəki) mənzillərinə (yaxud doğub-batdığı yerlərə) and olsun ki –

76 - Kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz –

77 - (Sizə oxunan) bu (kəlam) çox qiymətli Qurandır”. (əl-Vaqiə 56:57-77)

ALLAH buyurur:

“17 - Elə isə axşam-səhər (axşama yetişəndə, səhərə çıxanda) Allahı təqdis edib şəninə təriflər deyin! (Axşam, gecə və sübh namazlarını qılın!)

18 - Göylərdə və yerdə həmd (şükür və tərif) yalnız Ona məxsusdur. Gün batanda da (günün sonuna yetişəndə də), gündüz də Onu təqdis edib şəninə təriflər deyin! (İkindi və günorta namazlarını qılın!)

19 - (Allah) ölüdən diri, diridən də ölü çıxardır, öləndən sonra torpağı dirildir. Siz də (qiyamət günü dirildilib qəbirlərinizdən) belə çıxardılacaqsınız.

20 - Sizi (atanız Adəmi) torpaqdan yaratması, sonra da sizin (hərənizin) bir insan olub yer üzünə yayılmağınız Onun qüdrət əlamətlərindəndir.

21 - Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!

22 - Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər (ağıl və elm sahibləri) üçün (Allahın vəhdaniyyətinə, Onun hər şeyə qadir olmasına dəlalət edən) nişanələr vardır!
23 - Gecə və gündüz yatıb dincəlməyiniz (gecə istirahət etməyiniz, gündüz əlləşib çalışmağınız), nemətindən ruzi (qismətinizi) axtarmanız da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, (öyüd-nəsihət) eşidənlər üçün bunda ibrətlər vardır!

24 - Sizə həm qorxu, həm də ümid verən (sizi vurmasından qorxduğunuz, dalınca isə yağış yağmasına ümid bəslədiyiniz) ildırımı göstərməsi, göydən yağmur endirib öləndən sonra (onunla) torpağı diriltməsi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda ağılla düşünən bir qövm üçün ibrətlər vardır.

25 - Göyün və yerin Onun əmrində durması, sonra sizi bircə dəfə (İsrafilin suru bir dəfə üfürməsi ilə) çağıran kimi dərhal yerdən (qəbirlərinizdən dirilib) çıxmağınız da Onun qüdrət əlamətlərindəndir.

26 - Göylərdə və yerdə kim (nə) varsa, Onundur. (Mələklər, cinlər və insanlar Allahın bəndələridir). Hamısı Ona boyun əyər!

27 - Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da (qiyamət günü) yenidən dirildəcək Odur. Bu (iş) Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən yüksək sifət (Allahdan başqa heç bir haqq ilahın olmaması, vəhdaniyyət sifəti) yalnız Ona məxsusdur. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Allahın sifətləri nə göydəkilərin, nə də yerdəkilərin sifətlərinə bənzəyər. Allah onların hamısından ucadır)”. (ər-Rum 30:17-27)

ALLAH buyurur:

“60 - (Bütlər yaxşıdır) yoxsa göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən kimsə?! Sonra Biz o yağmurla sizin üçün gözəl bağçalar yetişdirdik. (Əgər Allahın yaratdığı və yerə endirdiyi su olmasaydı) siz (o bağçaların) ağaclarını göyərdə bilməzdiniz. Məgər Allahla yanaşı başqa bir ilahmı var?! Lakin (müşriklər bütlərini Allaha) bərabər tutan bir tayfadırlar! (Yaxud onlar qəsdən haqq yoldan yayınan bir qövmdürlər!)

61 - (Bütlər yaxşıdır) yoxsa yeri (sizin üçün) məskən yaradıb ortasında çaylar axıdan, üzərində (titrəməsin deyə) möhkəm durmuş dağlar bərqərar edən və (şirin və şor suları bir-birinə qarışmasın deyə) iki dənizin arasında maneə qoyan kimsə?! Məgər Allahla yanaşı başqa bir ilahmı var?! Lakin (müşriklərin) əksəriyyəti (Allahın vəhdaniyyətini, Onun nə qədər əzəmətli olduğunu) bilmirlər!

62 - (Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir ilahmı var? Siz nə az düşünüb danışırsınız?

63 - Yaxud qurunun və suyun (səhranın və dənizin) zülmətlərində sizə doğru yol göstərən, küləkləri Öz rəhməti (yağışı) önündə bir müjdəçi olaraq göndərən kimsə?! Məgər Allahla yanaşı başqa bir ilahmı var?! Allah (müşriklərin) Ona şərik qoşduqlarından (bütlərdən) ucadır!

64 - Yaxud (məxluqatı) öncə yaradan (öldükdən) sonra (qiyamət günü) onu yenidən dirildən, sizə göydən (yağışla), yerdən (növbənöv bitkilərlə, meyvələrlə) ruzi verən kimsə?! Məgər Allahla yanaşı başqa ilahmı var?” De: “(Ey müşriklər!) Əgər (Allahın şərikləri olduğunu) doğru deyirsinizsə, dəlilinizi gətirin!”

65 - (Ya Rəsulum!) De: “Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz! Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər!” (ən-Nəml 27:60-65)

Bunlar sizin sualınıza cavab verən açıq-aydın ayələrdir. Sizi möminlər camaatına qoşulmağa və Allah təalanın bütün cinlər və insanlar üçün din olaraq seçdiyi islam dininə daxil olmağa dəvət edirik. Hidayətə tabe olanların üzərinə Allahın salamı olsun.



Muhammad Saleh əlMunəccid


Tarix: 06.04.2013 / 15:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 471 Bölmə: Maraqlı melumatlar
loading...