Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günahsız Deve

Salam uşaqlar, mən Allahın mübarək möcüzələrindən biriyəm. Mənə «Salehin dəvəsi» də deyirlər. Gəlin öz sərgüzəştimi lap əvvəldən sizə danışım. Mənim yaradılışım həzrət Salehin (ə) peyğəmbər olduğu dövrə təsadüf edir. Belə ki, öz dövrünün ən səbrli və ağıllı insanı olan Salehi (ə) Allah-Taala Səmud qövmünün hidayəti üçün göndərmişdi. Səmud qövmü yaşıllıqlarla dolu olan firavan bir ölkədə yaşayırdılar. Onlar heyvanların hücumundan amanda qalmaq üçün öz evlərini dağların arasında tikmişdilər. Bəli, Allah onlara bol nemətlər əta etmişdi, amma onlar bunun müqabilində Allaha deyil, özlərinin düzəltdikləri bütlərə pərəstiş edir. İlahi qanunlardan boyun qaçırır və həmişə belə naz-nemət içində yaşayacaqlarını güman edirdilər. Həzrət Saleh (ə) Səmud qövmünü tutduqları bu səhv yoldan uzaqlaşdırmağa çalışsa da, onları tövhidə, bir olan Allaha ibadət etməyə dəvət etsə də, onlar bu dəvətin qarşılığında belə deyirdilər: «Ey Saleh, sən yolundan azmısan, boş, mənasız sözlər danışırsan. Sən bizi hansı dinə dəvət edirsən!? Bizi babalarımızın illərlə ibadət etdiyi bütlərdən uzaqlaşdırmaqmı istəyirsən!?»
Həzrət Saleh (ə) bu qövmü dəfələrlə Allahın əzabından qorxutsa da, onlar, xüsusilə də, var-dövlət sahibləri onun sözlərinə qulaq asmadılar və o Həzrətə (ə) təzyiqlər etməyə başladılar. Həzrət (ə) isə öz təbliğindən əl çəkmədi və bu təbliğ nəticəsində bir dəstə insan ona iman gətirdi. Səmud qövmünün başçıları vəziyyəti belə gördükdə, həzrət Salehin (ə) ardıcıllarının çoxalıb qüdrətlənməsindən, Salehin (ə) hakimiyyətə gəlməsindən qorxuya düşdülər. Bu səbəbdən bir gün məsləhətləşib belə qərara gəldilər ki, Salehdən (ə) bacarmayacağı bir işi istəsinlər və bununla da hamıya onun bacarıqsızlığını və zəifliyini sübut etsinlər. Onlar Salehə (ə) dedilər: «Ey Saleh (ə), əgər sən həqiqətən Allahın peyğəmbərisənsə, öz Allahından istə ki, dağın içindən qırmızı rəngli, qarnında balası olan bir dəvə çıxartsın. Əgər bizim istəyimizi yerinə yetirsən, biz də sənin Allahına iman gətirərik». Həzrət Saleh (ə) Allaha dua etdi və Allahın möcüzəsi ilə dağın içindən qırmızı rəngli, qarnında balası olan bir dəvə çıxdı. Səmud qövmünün gözü qarşısında dağın arasından çıxan həmin dəvə mənəm.
Həzrət Saleh (ə) onların istəyini yerinə yetirməklə öz peyğəmbərliyini hamıya sübut etsə də, bir neçə kasıb insandan savayı heç kim ona iman gətirmədi və onunla düşmənçiliklərini davam etdirdilər.
Həzrət Saleh (ə) mənə işarə edərək camaata belə buyurdu: «Bu dəvəni otlamaq üçün çəmənliyə buraxın. Şəhərin suyu sizinlə dəvə arasında bölünməlidir. Sudan bir gün siz, bir gün isə dəvə istifadə etməlidir. Əgər bu dəvəyə zərər yetirsəniz, Allahın əzabına düçar olarsınız».
Mən sudan içdiyim gün şəhərin camaatına bol süd verirdim. Lakin buna baxmayaraq, Səmud qövmü şəhərin suyundan mənə verməyə xəsislik etdi. Çünki onlar başa düşürdülər ki, mən Allahın möcüzəsi olduğum üçün mənim varlığım insanları Saleh (ə) peyğəmbərə daha da yaxınlaşdırır. Bu səbəbdən Səmud qövmü məni öldürmək qərarına gəldi.
Günlərin bir günündə mən körpə balamla çeşməyə su içməyə getdiyim zaman, bir dəstə insanın pusquda durduğunu gördüm. Onlardan biri ayağıma ox atdı. Mən həmin oxun ağrısından fəryad edərək yerə yıxıldım. Onlar üzərimə hücum çəkərək, qılıncla məni amansızcasına öldürdükdən sonra heç bir narahtçılıq keçirmədən həzrət Salehin (ə) yanına gələrək istehza ilə dedilər: «Ey Saleh (ə), biz sənin dəvəni öldürdük. Əgər sən həqiqətən Allahın elçisisənsə, yubanmadan Allahın əzabını bizə göndər». Həzrət Saleh (ə) onlara belə cavab verdi: «Mən bu heyvana əziyyət verməmək barədə sizə xəbərdarlıq etmişdim. Allahın əmrindən çıxdığınıza görə İlahi əzab üç gündən sonra sizə nazil olacaq. Əgər bu üç gün ərzində tövbə etsəniz, əzabdan amanda qalarsınız».
Həmişə olduğu kimi bu dəfə də bütpərəstlər Salehi (ə) məsxərə edərək, dediyi sözlərə güldülər.
Saleh (ə) İlahi əzabdan amanda qalmaq üçün öz ailəsi və ardıcılları ilə birlikdə yaşadıqları şəhəri tərk etdilər.
Nəhayət, İlahi əzabın vaxtı gəlib çatdı. Gecənin bir aləmində səmadan ildırım səsləri ucaldı. Bu qorxunc səslər şəhəri yerindən titrətdi. Evlər viran oldu və qövmün bütün camaatı həlak oldu. Sonda böyük bir zəlzələ ilə bütün şəhər torpaq altında qaldı.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 133 Bölmə: Maraqlı melumatlar
loading...