Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dinin qaynağına islamın baxışı

İslama görə bəşəriyyətin ilk dini, tövhid dinidir. Dinin qurucusu, uca Allah'dır. Allah, kainatı, insanı yaratmış, kitablar və peyğəmbərlər göndərmişdir. İnsanlar, bir kişi və bir qadından yaradılmışdır. Adəm peyğəmbərə (ə.s) hər şeyin adı öyrədilmiş və özü ilk peyğəmbər olaraq göndərilmişdir. Adəm peyğəmbər (ə.s), Allahdan aldığı vəhy və ilham ilə öz dövründə olan insanları tərbiyə etmişdir. Sonra insanlar tövhid əsaslarını unutmuş, Allahdan başqa, digər varlıqlara, təbiət qüvvələrinə, öz əlləri ilə düzəltdikləri bütlərə sitayiş etməyə və bunları Allaha şərik qoşmağa yönəldiklərində Allah da Öz elçilərini göndərib onları “haqq dinə” dəvət etmişdir. Haqq din, Allahın göndərdiyi elçilər və kitablar yoluyla ağıl və iradə sahibi olan insanlara bildirilmişdir. Buna görə də dönmələr ondan sonra olmuş, çoxallahlıq təkallahlıqdan sonra gəlmişdir.

Uca Allah, insana özünü tapması, həqiqəti qavraması üçün ağıl, əmr etdiyi yolda yeriməsi üçün iradə, yanıldıqda yolunu düzəltməsi üçün ömür vermiş və insanı yer üzünün xəlifəsi etmişdir. Allah, bununla kifayətlənməmiş, insanlara həqiqətləri və vəzifələrini öyrətmək üçün tədricən elçilər və kitablar da göndərmişdir. Bəzilərinə kitab da verilən bu elçilər, dünyanın hər tərəfindəki insanlara xəbərdarlıq və təbliğ vəzifələrini yerinə yetirmişlər.
İslam, təkamülçülərin dediyi kimi insanların və dinlərin təkamülünü qəbul etmir. Qurani Kərim, uca Allahın insanı ən gözəl şəkildə (1) və inanma ehtiyacı içində(2) yaratmış olduğunu bildirir. İnsan, ən gözəl bir şəkildə və fitrətində Allahı axtarma duyğusu içərisində yaradılmış olmasına baxmayaraq, başıboş buraxılmamış, “xəbərdar edicilər”lə dəstəklənmişdir. Bu barədə Qurani Kərimdə belə deyilir: “- Doğrudan da, Biz səni haqla (Quranla) müjdə verən və qorxudan bir peyğəmbər olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, onun içindən (kafirləri Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) bir peyğəmbər (yaxud alim) gəlib-getməsin!”(3) Bu xəbərdar edicinin vəzifəsi, “- Biz hər ümmətə: “Allaha ibadət edin, Tağutdan çəkinin! – deyə peyğəmbər göndərmişdik (4)şəklində açıqlanır. Bu mövzuya açıqlıq gətirən digər ayənin mənası belədir: “Biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!”.(5)
Yenə Rəd surəsində “Hər tayfanın (doğru yol göstərən) bir rəhbəri (peyğəmbəri) vardır!”(6) deyilir. Allah, hər peyğəmbəri, göndərdiyi millətə asan izah etsin deyə, həmin millətin dilində göndərmişdir. İbrahim surəsinin 4-cü ayəsində bu barədə belə buyrulur: “- Biz hər bir peyğəmbəri yalnız öz millətinin dilində (danışan) göndərdik ki, (Allahın əmrlərini) ona izah edə bilsin”. Quranın ərəb-dilində göndərilməsinin hikməti də bundadır. Quranda bu barədə belə bildirilir: “- (Ey Məkkə əhli!) Biz onu ərəbcə bir Quran olaraq nazil etdik ki, (mənasını ) anlayasınız”(7)
Adı çəkilən bəzi peyğəmbərlərin adları Qurani Kərimdə olsa da, əslində elçilərin sayı bunlarla kifayətlənmir. Bu, Nisa surəsinin 164-165 – ci ayələrində aşağıdakı kimi açıqlanmışdır: “164 - (Biz) peyğəmbərlər (göndərdik). Onların bəzisinin əhvalatını bundan əvvəl sənə danışdıq, bəzisinin əhvalatını isə söyləmədik. Və Allah Musa ilə sözlə (arada heç bir başqa vasitə olmadan) danışdı.
165 - Biz peyğəmbərləri (möminlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!” Bu və buna oxşar ayələrdən Məhəmməd peyğəmbərə (s.ə.s) rəvayəti bildirilən peyğəmbərlərdən başqa, digər rəvayəti bildirilməyən peyğəmbərlərin də olduğu bilinir. Necə ki, bir hədisdə 124 min peyğəmbərin olduğu bildirilmişdir.
Peyğəmbərlər; insanlar öz doğru yollarından döndükdə, insanları yenidən haqq yola çağıran elçilərdir. Kitablar, peyğəmbərlərdən sonra, onların gətirdikləri hökmlərin davamını təmin etmişdir. Ancaq sayı məlum peyğəmbərlərin kitabları vardır. Digərləri də onlara tabe olmuşlar. Kitablardakı hökmlər möhkəm qorunmayıb dəyişdikcə, sonrakı kitab əvvəlkini düzəldib tamamlamış, yeniləmişdir. İnsanlar çoxalıb cəmiyyətlər inkişaf etdikcə, dinin hökmlərində də vəziyyət və ehtiyaca görə dəyişikliklər olmuşdur. Kitablar, əvvəl “suhuf” (səhifələr, tablolar, lövhələr, papirus səhifələri) halında olsalar da, sonra kitab halına çevrilmiş və Qurani Kərim ilə son formasını almışdır. Amma, bu suhufdan kitaba, sadə ehkamdan, bütöv ehkama doğru inkişaf davam etsə də, tövhid və imanla bağlı ehkamlar dəyişməmişdir. Çünki, vəhyin qaynağı uca Allahdır, peyğəmbərlər də eyni əsasları təbliğ etmişlər. Göründüyü kimi, islama görə dinin qaynağı ilahidir. Bir ibtidai vəziyyətdən (Totemizm, Animizm, Naturizm kimi) çoxallahlığa, oradan da təkallahlığa dönmək deyil, öz daxilində olan bir təkamüldür. İlk insandan bu yana, Allahın bütün elçiləri eyni tövhid əsasını təbliğ etmişlər. Bu təbliğ anlaşılsın və tədbiq edilsin deyə hər peyğəmbər öz qövmünün dili ilə göndərilmişdir.
İslam, digər dinlər arasında, adını öz müqəddəs kitabından alan yeganə dindir.(8)
Qurani Kərimdə Allah təala; “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim”(9) ” deyərək, islamdan başqa bir dinin qəbul edilməyəcəyini bildirmişdir. “- Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!”(10)
Məhəmməd peyğəmbər (s.ə.s) Allahın elçisi və son peyğəmbərdir. Bir Quran ayəsində İsa peyğəmbərin (ə.s) belə dediyi bildirilir: “- Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: -Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!” Bu və digər bəzi ayələrdən peyğəmbərlərin eyni əsasları təbliğ etdikləri, vəhy edilən kitabların özündən əvvəlkiləri təsdiq və təkid etdiyi, daha sonra gələcək olan insanları müjdələdiyi və peyğəmbərlər zincirinin son halqasının Məhəmməd peyğəmbər (s.ə.s), kitabların sonuncusunun isə Qurani Kərim olduğu anlaşılır.
Din duyğusunun qaynağı
Din duyğusu, fitridir. Din elmləri sahəsində aparılan tətqiqatlar, din duyğusunun fitri olduğu həqiqətini təsdiq etmişdir. Max (Maks) Müller, apardığı ciddi və dəqiq araşdırmalar nəticəsində, din duyğusunun insan təbiətində fitri bir keyfiyyət olduğunu ortaya qoymuşdur. Benjamin Constant, “Din, insan tarixinə ən çox hakim olmuş bir amildir. Dini həyat, təbiətimizin əzəli bir xüsusiyyəti və ondan ayrılmayan bir keyfiyyətidir” demişdir. Din duyğusunu, qorxu, ümid və ya hər hansısa bir vəsilə ilə sonradan qazanılmış kimi görmək yanlışdır. Çünki, bu duyğu fitri bir təcrübədir.
İnsan, yaradılışdan bu günə qədər, hər zaman və hər yerdə, uca, qüdrətli və ulu bir varlığa sığınma və kömək istəmə ehtiyacı duymuşdur. Bu ehtiyac, ondakı din duyğusunun fitri olduğunun dəlilidir.
İnsan, digər varlıqlar arasında ən seçkin bir varlıqdır. Uca Allah, onu yer üzünün xəlifəsi etmişdir. Dağların, göylərin yüklənmədiyi əmanət, vəzifə onun üzərinə yüklənmişdir. Bu ağır yükə dözməsi üçün uca Allah, onu müxtəlif istedad və qabiliyyətlərlə bəzəmişdir. Din duyğusu da bunlar arasındadır. Rum surəsinin 30-cu ayəsində Allah təala belə buyurur: “(Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan islamı) heç vəchlə dəyişdirmək olmaz”.(Rum surəsi, 30)
Eyni mövzu ilə bağlı Əbu Hüreyrədən (Allah ondan razı olsun) rəvayət edilən bir hədis belədir: “Hər doğulan, islam fitrəti üzərində doğular. Sonra anası, atası yəhudidirsə onu yəhudi, xristiandırsa xristian, məcusidirsə məcusi edərlər”. Bu hədisdə din duyğusunun fitri olduğu, tər-təmiz, məsum olaraq yaradılmış bir insanın, ailə və ətrafın təsiri ilə onların sahib olduğu dini qəbul etdiyi bildirilməkdədir.


Tarix: 08.05.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 214 Bölmə: Maraqlı melumatlar
loading...