Sən hələ ana bətnindəsən. Sən hələ 9 ay orada olacaqsan. Müəyyən ömür yaşayacaqsan. 9 aylıq həyatın sonunda nəsə olacaq. Sən bunu bilmirsən. Amma nəyinsə olacağını bilirsən. Mütləq nəsə olacaq. Sən ya öləcəksən, ya da diriləcəksən. Amma sən hələ orada ‐ ana bətnində azad və xoşbəxtsən. Sənin üçün Cənnət də elə buradadır. Yeməyin yanında, içməyin yanında. Narahat edənin yox. Arada özün üçün təpik də atırsan. Bəzən nəsə xoşuna gəlməyəndə, bəzən isə elə‐belə, kef üçün. Yəni mən də varam. Sənin var olduğun yerdən başqa da həyatın olduğunu bilirsən, dərk edirsən. Sanki bunu bir yerlərdən də eşitmisən. Amma görməmisən deyə inanmırsan. İnsan belədir də. Yalnız gördüyünə inanar. İnandığını görməsə içinə şəkk‐şübhə dolar. Bəlkə elə deyil, bəlkə mən düz bilmirəm. Bəlkə bundan sonra həyat yoxdur. Bu nə qəribə taledir. Mən axı hələ yaşamaq istəyirəm. 9 ay nə ömürdür ki? Səni nəsə gözlədiyini bilirsən. Və bu nəsə bir gün mütləq baş verəcək. Bir az qorxu, bir az ümid, bir az həyəcan, bir az maraq, nə isə...
...Gözləyirsən.
Gözləməkdən başqa əlindən nə gəlir ki? Hə, bir təpik vurmaq. Bu da sənin üsyanındır. Sən də belə üsyan edirsən. İstəmirəm, getmirəm desən qulaq asacaqlar bəyəm? Səndən soruşmayacaqlar. Sənin üçün bu ölüm mütləqdir. Onun hansısa mürəkkəb bir çətinlikdən keçdiyini bilirsən. Sən o yolu da tanıyırsan. Sonda sənə həyat, Cənnət, xoşbəxtlik vəd edildiyini də eşidirsən, bilirsən. Amma inanmırsan. Axı görmədiyinə necə inanasan. Sənin görmədiyin dünyadan səslər də gəlir, xəbərlər də. Səni bətnində gəzdirən qadın səni həsrətlə gözləyir. Tez-tez sənə nağıllar pıçıldayır, sənə vədlər verir. Sən ona da inanmırsan. O qədər verdiyi andları pozanlar olub ki. Necə inanasan? Həqiqəti bilmək üçün onu görmək lazımdır. Hər gördüyün isə həqiqət deyil.
Nə isə... vaxt gəldi...
Getdin ölməyə... sağ ol ana vətən, sağ ol Cənnət, sağ olun qayğıma qalanlar mən ölürəm... Artıq sizi bir də görməyəcəyəm. Haqqınızı halal edin. Sən ey göbək bağım, sən ey məni bu dünya ilə axirətə bağlayan yeganə əlaqəm... Sağ ol, mən gedirəm. Sən nə yaman qısa oldun həyat? Niyə belə vəfasız oldun dünya? 9 ay nə tez bitdi... mən öldüm... inqə...inqə...inqə... ölüm sən nə çətinmişsən...
Gözləriniz aydın olsun... siz ana oldunuz. Sizin övladınız doğuldu...
Nə? Doğuldu? Bəs mən ölmədim? Necə doğuldum? Axı mən onsuz da doğulmuşdum. İndisə ölmüşəm. Bunlar nə danışır? Nə boş sözlər... Doğulmaq ha. Yoxsa məni ələ salıblar, bəlkə təsəlli verirlər ki, ağlamayım.
Bəlkə də...
Axı başqa dünya vardır deyirdilər. Axı mən öləndən sonra diriləcəyəm söyləmişdilər. Yoxsa mən ölüb dirilmişəm. Yoxsa bu dirilişdir. Əhsən... mən dirilmişəm. Mən orada ölü imişəm ki. Orda nə var idi? Bir su, bir də ona bənzər guya ki, yemək. Heç doymurdum da. Burdasa... hər şey var. Çeşid-çeşid yeməklər, əla geyimlər. Ən əsası geniş ərazi. Nə qədər istəyirsən təpiklə. Üsyan et. Ölüm, sən nə gözəlmişsən. Bəs niyə inanmırdım. Niyə 9 aylıq həyatımı özümə zindan eləmişdim. Niyə, niyə, niyə... görmədiyimə inanmaram deyirdim? Axı görmək yox, duymaq lazım idi. Niyə mən öz iç səsimə qulaq asmırdım ki? Niyə deyilənləri qəbul etmirdim ki, niyə, niyə, niyə?!...Bu dünya yalançı dünyadır. Bu dünya illuziyadır, bu dünya o dünyanın prototipidir. İnanma. Sən doğulmaq üçün bir də ölməlisən. Sən Cənnət üçün yaradılmısan. Sən ora gedəcəksən. Ora elə gözəldir ki... Yox mən ölmək istəmirəm. Mən yaşamaq istəyirəm. Mən var olmaq, əbədi qalmaq istəyirəm. Bezdim qorxulu həyatdan, sonu ölümlü olan həyatdan. Qoymazsınız rahat yaşayam. Bu elə əbədidir. Bundan sonra boşluqdur. Mən görmədiyimə inanmaram. Mən belə öyrənmişəm. Qoy o dünyadan biri gəlsin, biri xəbər gətirsin mən də inanım. Mən ölmək istəmirəm. Axı adam nə qədər ölüb dirilər. Bir dəfə ana bətni üçün dirildim, bir dəfə bu dünya üçün dirildim, bir dəfə də dirilməm üçün yenə də ölməliyəm deyirsiniz?
Axı mən qorxuram...
Axı o dünyadan heç kəs qayıtmayıb..
Axı... axı...
Sən öl! Öl ki, diriləsən!
Yadına sal o zaman ki, ölmək istəmirdin. Üsyan edirdin. Hələ bir təpikləyirdin də. Nə oldu?
Sən ki, geri qayıtmaq istədin. İndi də o dünyadan qayıdanı gözləyirsən. Gör, oralar nə gözəldir ki, heç kəs qayıtmayıb. Qayıtmaq istəməyib. Dirilmək üçün ölmək lazımdır. Diril, amma öncə elə yaşa ki, dirilməyə üzün olsun...
RÜZGAR / AZERİSLAM.COM
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 140 Bölmə: Maraqlı melumatlar