Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏRƏ GEDƏN QIZLARA 10 NƏSİHƏT

Cahiliyyə dövründə Ərəbistanda Ümamə adlı ağıllı, tədbirli və bəlağətli bir qadın yaşayırdı. Onun Ünas adlı qızı vardı. Bəni-Kində qəbiləsinin şeyxinin oğlu Haris Ünasa elçi düşdü. Valdieynləri qızın toy tədarükünü görməyə başladılar.



Toy günü bəyin adamları gəlini aparmaq üçün gələndə Ümamə öz qızına aşağıdakı nəsihəti verdi:

“Qızım, sən gözəl əxlaqa və şərəfli əsil-nəcabətə sahibsən. Bəlkə öyüd-nəsihətə ehtiyacın da yoxdur. Əgər övlada öyüd vermək adət-ənənə olmasaydı, mən də sənə bu nəsihəti verməzdim. Amma valideyn nəsihəti qafil övlad üçün bir xatırlatma, ağıllı övlad üçün isə bir ehsandır.

Qızım, elə bilmə ki, qız uşağının həyat yoldaşına ehtiyacı yoxdur. Əgər belə olsaydı, gərək hər qızın anasının da ərə getməyə ehtiyacı olmayaydı. Halbuki, o qızın dünyaya gəlməsi üçün anasının ərə getməsi lazım idi. Kişi və qadın bir-birindən ötrü yaradılıblar. Sən böyüyüb boya-çatdığın ocaqdan və tərbiyə aldığın evdən çıxıb hələ yaxşı tanımadığın bir ailəyə və hələ ünsiyyət qurmadığın bir adamın yanına köçürsən. Yadında saxla: sən özünü ərinin kənizi kimi apar ki, o da sənin kölən olsun. (Yəni sən ərinə tabe olub onun istəklərini yerinə yetir ki, o da sənə tabe olub sənin istəklərini yerinə yetirsin). Sənə on nəsihətim var. Onlara əməl etsən, xoşbəxt olarsan:

Birinci və ikinci nəsihətlərim budur ki, ərinlə qənaət əsasında davranasan və onun sözlərini eşidib əməl edəsən. Qənaətli davranış insana qəlb rahatlığı gətirər, ərə itaət etmək isə Rəbbin razılığına səbəb olar. (Qənaət əsasında davranmaq deyərkən, ərin qazancına qane olmaq, ondan artığını tələb etməmək, evə gələn ruziyə görə Allaha şükr etmək nəzərdə tutulur).

Üçüncü və dördüncü nəsihətlərim budur ki, ərinin gözünə xoş görünəsən və təmizliyə riayət edəsən. (Yəni həmişə ərinin gözündə yaraşıqlı görünməyə çalışasan, həm bədəninin və üst-başının, həm də ev-eşiyin təmizliyinə riayət edəsən). Bil ki, gözəl görünmək üçün ən yaxşı vasitə sürmə, təmizlik üçün ən yaxşı vasitə isə sudur.

Beşinci və altıncı tövsiyəm budur: ərinin əmlakını qoru (yəni malı zay etmə, israfa yol vermə) və onun qohumları, ailə üzvləri ilə mehriban ol. Bil ki, malı qorumaq hər şeyi ölçüsündə etməyin əsasıdır. Ərinin yaxınlarına mehribanlıq göstərmək isə qadının zehn və tədbirinin göstəricisidir.

Yeddinci və səkkizinci məsləhətlərimi eşit: Ərinin yeməyini gecikdirmə, alışdığı vaxtlarda onu yedizdir. Ərin dincəlib yatan zaman ona mane olma, sakitliyi qoru. Ac adam tez qızıb özündən çıxar, narahat yatmaq da insanda qəzəb yaradar.

Nəhayət, doqquzuncu və onuncu tövsiyəm budur ki, ərinin gizli sirlərini camaata açıb söyləmə və onun üzünə ağ olma. Əgər ərinin sirrini yaysan, sənə etimad göstərməz və özünə yaxın bilməz. Əgər sözünə qulaq asmasan, sənə qarşı kin-küdurət bəsləyər və səni incidər”.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 110 Bölmə: Maraqlı melumatlar
loading...