ÜMRƏ
Ümrənin rükunları
Ümrənin vacib əməlləri
Ümrənin vaxtı
Həccdən öncə ümrə etməyin icazəli olması
Ümrəni təkrarlamaq
Mədinəni ziyarət etmək
Mədinə məscidinin və orada namaz qılmağın fəziləti
Məscidi və iki şərəfli qəbiri ziyarət etməyin ədəb qaydaları
Quba məscidi
Bəqi və Uhud
Ziyarətgahlar
İki mühüm məsələyə diqqət!!!
ÜMRƏ
Ümrə, ən şərəfli və ən əfzəl ibadətlərindəndir. Belə ki, bu ibadətlə Allah təalə bəndələrinin dərəcələrini yüksəldər, günahlarını əfv edər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) də söz və əməllə insanları bu ibadətə təşviq etmiş və demişdir: «Bir ümrə, digər ümrəyə qədər baş verən günahların bağışlanması deməkdir»[1].
Həmçinin digər hədisdə deyilir: «Həcc və ümrəni davamlı edin! Çünki od, dəmirin, qızılın və gümüşün pasını apardığı kimi, onlar da kasıblığı və günahları aparırlar. Həqiqətən, günah işləmədən yerinə yetirilən həccin cənnətdən başqa savabı yoxdur»[2].
Eləcə də Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) özü ümrə etmiş, səhabələri də onunla bərabər sağlığında həcc etmiş və bundan sonra da onu davam etdirmişlər[3].
Ümrənin rükunları:
1. İhram: Bu, ümrəyə başlamaq üçün niyyət etməkdir. Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: «Həqiqətən əməllər niyətlərə görədir»[4].
2. 3. Təvaf və səy etmək: Uca Allah buyurur: «...qədim evi (Kəbəni) təvaf etsinlər!»[5]
Digər ayədə isə buyurulur: «Həqiqətən Səfa və Mərva Allahın əlamətlərindəndir (ibadət nişanələrindəndir)...»[6].
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) də demişdir: «Səy edin, Allah sizə səy etməyi vacib etmişdir»[7].
4. Saçı qırxmaq və ya qısaltmaq: Demək İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim özü ilə, qurbalığını daşımırsa onda Kəbəni təvaf edib, Səfa və Mərva dağlarını səy etdikdən sonra saçını qısaldıb ehramdan çıxsın»[8].
Ümrənin vacib əməlləri:
Ümrə etmək istəyən şəxs miqata qədər olan ərazilərdə yaşayırsa onda miqatda ihrama girməlidir. Əgər o miqatdan sonrakı yerlərdə yaşayırsa onda öz evindən ihrama girməlidir. Amma Məkkədə yaşayanlar isə oradan kənara çıxmalı və sonra ümrəyə niyyət etməlidirlər. Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Aişəyə Tənim adlı yerdən ihrama girməyi əmr etmişdi[9].
Ümrənin vaxtı:
İlin bütün günləri ümrə etmək olar. Amma Ramazanda edilən ümrə, başqa vaxt edilən ümrədən daha əfzəldir. Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Ramazanda edilən ümrə həccə bərabərdir»[10].
Həccdən öncə ümrə etməyin icazəli olması:
İkrimə ibn Xalid, həccdən öncə ümrə etmək haqqında İbn Ömərdən soruşmuş və o: eyb etməz – deyə cavab vermişdir. İkrimə deyir ki, İbn Ömər dedi ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) həcc etmədən öncə ümrə etmişdi[11].
Ümrəni təkrarlamaq:[12]
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dörd ildə dörd dəfə ümrə etmişdir. Amma nə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) nə də səhabələri hər səfərdə bir dəfədən çox ümrə etməmişlər. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sağlığında, həm də vəfatından sonra səhabələrin bir səfərdə iki ümrə etmələri haqqında heç bir səhih məlumat yoxdur. Bunu yalnız Aişə (Allah ondan razı olsun) etmişdir. Demək o, Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) həcc edərkən aybaşı olduğu üçün həcc ilə birgə etdiyi ümrəsinin batil olduğunu zənn edib, ağlayırdı. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onun bu halını görüb xətri qalmasın deyə, yeni ümrə etmək üçün qardaşı Əbdürrəhman ibn Əbu Bəkrə onunla bərabər Tənim adlı yerə getməsini əmr etmişdi.
Aişənin etdiyi bu ümrə şəxsən ona aid idi. Çünki nə kişi, nə də qadın səhabələr, Aişənin etdiyi kimi, həccdən sonra Tənim adlı yerdən ümrə etməzdilər. Əgər onlar Aişənin həccdən sonra etdiyi ümrənin onlar üçün də icazəli olduğunu düşünsəydilər o zaman onların bunu etmələri haqqında məlumatlar həddindən artıq çox olardı. İmam Şovkani (Allah ona rəhmət etsin) demişdir: «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) özü Məkkənin kənarına çıxıb yenidən ümrəyə niyyət etməyib. Halbuki, bu gün bir çox insanlar bunu etməkdədirlər. Hətta heç bir səhabənin belə etdiyi öz təsdiqini tapmayıb».
Səhabələrin həccdən sonra ümrə etmədikləri haqqında məlumatlar necə doğrudursa, eləcə də onların il boyu ümrəni təkrarlamadıqları da təsdiqlənib. Onlar ümrə etmək üçün fərdi və toplum şəkilində Məkkəyə yollanardılar. Onlar bilirdilər ki, ümrə, Kəbəni təvaf etmək, Səfa və Mərva dağları arasında səy etməkdən ibarət olan bir ziyarətdir. Onlar yəqinliklə bilirdilər ki, Kəbəni təvaf etmək səy etməkdən daha əfzəldir. Onlar etdikləri ümrəyə əlavə olaraq, Tənim adlı yerə gedib, təzə ümrə üçün hazırlığa vaxt sərf etməkdənsə, bu vaxt ərzində Kəbəni təvaf edərdilər. Bildiyimiz qədər təzə ümrəyə görə Tənim adlı yerə getmək üçün sərf olunan vaxtın müqabilində, Kəbəni yüz dəfələrlə təvaf etmək olar. Ona görə Tavus (Allah ona rəhmət etsin) deyərdi: «Bilmirəm, tənimdən ümrə edənlərə savab verilər, ya əzab olunar!!»
Ondan təəccüblə soruşdular: Əzab olunar?!
O isə dedi: «Çünki o, kəbəni təvaf etməyi tərk edir. Əvəzində dörd millik yol gedir və geri qayıdır. Halbuki həmin məsafəni qət etmək əvəzində o, iki yüz dəfə təvaf edə bilərdi. Onun hər dəfə kəbəni təvaf etməsi, başqa iş ardınca getməsindən daha xeyirli olar».
Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əməli sünnəsi və səhabələrin (Allah onlardan razı olsun) feli, ümrənin deyilən şəkildə təkrar edilməməsinə dəlildir. Bilin ki, Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) özünün və sonra Raşidi Xəlifələrinin sünnəsindən tutunmağı əmr edərək buyurmuşdur: «Mənim və məndən sonra hidayət yolunu tutan Raşidi Xəlifələrimin sünnəsindən tutunun, ona azı dişlərinizlə yapışın».
Nurlu Mədinəni ziyarət etmək:[13]
Mədinə şəhərinin fəziləti:
Cabir ibn Səmurə (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: «Həqiqətən də, uca Allah Mədinəni Tabə (rahatlıq) adlandırmışdır»[14].
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Mədinə şəhəri kürük kimidir. O pislikləri özündən təmizlər. Kürük dəmirin pasını təmizləyən kimi, Mədinə şəhəri də özündən şəri təmizləmədikcə qiyamət qopan deyildir»[15].
Mədinə məscidinin və orada namaz qılmağın fəziləti:
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Üç məsciddən: Mənim bu məscidim, əl-Həram və əl-Əqsa məscidlərindən – başqa heç bir yerə dəvamiyyətli və məqsədyönlü ziyarət olunmaz»[16].
Digər hədisə Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Mənim bu məscidimdə qılınan namaz, əl-Həram məscidindən başqa, digər məscidlərdə qılınan min namazdan xeyirlidir»[17].
Abdullah ibn Zeyd (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Mənim evimlə minbərim arasında olan yer, cənnət bağçalarından biridir»[18].
Məscidi və iki şərəfli qəbiri ziyarət etməyin ədəb qaydaları:
Məscidi Nəbəvi Şərif, əl-Həram və əl-Əqsa məscidlərinin üstünlüyü, bu üç məscidin Allah tərəfindən seçilməsi və orada qılınan namazların digər məscidlərdə qılınan namazlardan daha üstün edilməsidir. Oraya gələnlər savab qazanmaq və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), “bu məscidlərə məqsədli şəkildə ziyarət edilməsi haqqında olan” – çağırışna cavab vermək məqsədi ilə gəlirlər.
Bu məscidlərə aid ədəb qaydaları, digər məscidlərə aid ədəb qaydalarından fərqlənmir. Sadəcə olaraq bəzi insanlar aldadıcı fikirlərə düşüb Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) məscidini ziyarət etmək üçün xüsusi ədəb qaydalarının olduğunu düşünə bilərlər. Əgər məsciddə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) şərəfli qəbiri olmasaydı onda bu aldadıcı fikirlər də olmazdı.
Hər halda Mədinə şəhərinə gəlib Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) məscidini ziyarət etmək istəyən müsəlman öz işini bilsin deyə biz bu ədəb qaydalarını qeyd edirik:
1. Məscidə sağ ayaq ilə daxil olub bu duanı oxumaq:
«بِسم الله و الصَلاة و السَّلام على رسول الله. اللَّهُمَّ افتَح لِي أبْواَبَ رَحْمَتِكَ»
«Bismilləh Allahummə salli alə Muhamməd və səllim. Allahummə iftəh li əbvabə rəhmətikə».
«Allahın adı ilə. Allahım Məhəmmədə salavat və salam et. Allahım! Mənə rəhmətinin qapılarını aç».
أَعُوذُ بِاللَّهِ الْعَظِيمِ وَبِوَجْهِهِ الْكَرِيمِ وَسُلْطَانِهِ الْقَدِيمِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ
«Əuzu billəhil əzim, və bi vəchihil kərim, və sultanihil qədim, minəş şeytanir rəcim».
«Lənətlənmiş şeytandan Uca Allaha, Onun kəramətli üzünə və Əzəli hökmdarlığına sığınıram»[19].
2. Oturmadan öncə iki rükət “təhiyyətul məscid“ (məscidə salam namazı) qılmaq.
3. Qəbiri şərifə tərəf dayanıb namaz qılmaq və ya dua etməkdən həzər etmək.
4. Sonra Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) salam vermək üçün qəbiri şərifə getmək. Bu zaman (təzim əlaməti olaraq) əlləri sinəyə qoymaq, başı aşağı salmaq, yalnız vahid Allah üçün edilən zəlillik formasını almaq və ya Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) kömək diləmək qadağandır. Sonra Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Bəqi qəbiristanlığına daxil olarkən oxuduğu dua, eyni söz və ifadələrlə oxunur. Bu haqda Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir neçə məzmunlu dua rəvayət olunur. Misal olaraq bu duanı demək olar:
«السَّلاَمُ عَلَى أهلَ الدِّيَارِ مِنَ المؤمِنينَ والمسلِمِينَ، وَيَرْحَمُ اللهُ المُسْتَقَدِمِينَ مِنَّا وَالمُسْتَأْخِرِينَ وإنَّا إنْ شَاءَ اللهُ بِكُم للاَحِقُون»
«Əs-sələmu alə əhlə-d-diyəri minə-l-mumininə va-l-muslimin va yərhamu-l-lahu-l-mustəqdiminə minnə va-l-mustəxirin va innə in şəa-l-lahu bikum lələhiqunə».
«Sizə salam olsun, ey möminlər və müsəlmanlar diyarının əhli! Bizdən qabaq və sonra olanlara Allahın mərhəməti olsun. Allah qoysa, biz də sizə qoşulacağıq»[20].
Sonra Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) iki dostuna, Əbu Bəkr və Ömərə (Allah ondan razı olsun) də eyni salamla salam verilir.
5. Məsccidə, yaxud qəbiri şərifin önündə səsi ucaltmaq ədəb-əxlaqdan deyil. Əksinə, uca səslə danışmamalıdır. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sağ ikən ona edilən hörmət, öldükdən sonra da elə davam etməlidir[21].
6. Birinci səflərdə dayanıb camaatla namaz qılmaq. Çünki bu, çoxlu savab və fəzilət deməkdir.
7. Rovdada (ev ilə minbər arasında) namaz qılmaq həvəsi, insanı birinci səfdə dayanmaqdan yayındırmamalıdır. Çünki rovdada namaz qılmaq məscidin digər yerlərində namaz qılmaqdan heç nə ilə fərqlənmir.
8. İnsanların dilində məşhurlaşan hədisə əsasən, məsciddə ardıcıl qırx namaz qılmağa hərislik göstərmək sünnədən deyil. Demək həmin məşhur hədisdə deyilir: «Kim mənim məscidimdə qırx namaz qılar və bu günlər ərzində heç bir namazı buraxmazsa münafiqlikdən və cəhənnəmdən bəraət qazanar, oddan qurtular»[22]. Əslən bu hədis zəifdir, səhih deyil.
9. Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) salam vermək üçün tez-tez qəbiri şərifin kənarına gəlmək düzgün deyil. Çünki insanın harada olmasından asılı olmayaraq deyilən salam ona yetişir. Hətta ən uzaq ölkədə olub Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) salam verənlə, qəbiri şərifin kənarında dayanıb salam verənin savabı eynidir.
10. Məsciddən çıxarkən arxa-arxa deyil, sol ayaqla çıxmaq və bu sözləri demək lazımdır:
«بِسْمِ اللهِ ، وَالصَّلاَةُ وَالسَّلاَمُ عَلَى رَسُولِ اللهِ ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ فَضْلِكَ »
«Allahummə salli alə Muhamməd, Allahummə inni əsəlukə min fadlıkə»
«Allahm Məhəmmədə salavat et! Allahım! Sənin fəzilətini istəyirəm»[23].
Quba məscidi
Mədinə şəhərinə gələn kimsənin Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) örnək tutub, Quba məscidində namaz qılması sünnədir. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) piyada və ya miniklə bu məscidi daim ziyarət edərdi. Həftənin şənbə günləri gəlib orada iki rükət namaz qılardı[24]. Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyərdi: «Kim evində dəstəmaz alar, sonra Quba məscidinə gəlib orada iki rükət namaz qılarsa ümrə savabı qazanar»[25].
Bəqi və Uhud
Bəqi, Mədinə şəhərində yaşayan müsəlmanların qəbiristanlığıdır. Səhabələrin əksəriyyəti orada dəfn edilmişlər. Elə bu günə qədər orada müsəlmanlar dəfn olunurlar. Onların əksəriyyəti Bəqi qəbiristanlığında basdırılmaq arzusu ilə Mədinə şəhərinə gələnlərdir.
Uhud isə, “bizi sevən və biz tərəfdən sevilən”[26] - dağdır. Bu dağın qənşərində baş verən və elə bu adla “Uhud” adlanan döyüşdə şəhid olan yetmişdən çox insan onun qarşısında da dəfn olunmuşdur.
Mədinəyə gələn kimsə bəqi və ya uhud şəhidlərini ziyarət etmək istəsə bunu edə bilər. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ilk vaxtlar qəbirləri ziyarət etməyi qadağan etmiş, sonra axirəti xatırlamaq və ibrət dərsi almaq məqsədi ilə buna icazə vermişdir. Lakin qəbirlərlə (və ya orada olan tikililərə əl və s. sürtərək) “Təbərrük” etmək, qəbirdə yatanlardan kömək istəmək, sağ insanların qarşısında onları şəfaətçi etmək, onların vasitəsi ilə bəndələrin Rəbbinə təvəssül etmək kimi əməllər qadağandır.
Uhud şəhidlərinə salam vermək və onlar üçün dua etməkdən başqa, dağın döşündə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namazgahı kimi tanınan yerdə namaz qılmaq, yaxud təbərrük üçün dağa qalxmaq, səhabələrin izinə düşərək oxatanların dayandıqları təpənin üzərinə çıxmaq və sairə bu kimi hərəkətlər etmək olmaz. Bu əməllər nəinki müstəhəb deyil, hətta qadağan olunan yeniliklərdir. Elə Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) bu haqda demişdir: «Sizdən əvvəlki ümmətlərin həlaka düçar olmalarına səbəb, öz peyğəmbərlərinin gəzib-dolaşdıqları yerləri müqəddəsləşdirmələri olmuşdur». Gəlin biz də Ömərin (Allah ondan razı olsun) bu sözü ilə qənaətlənək və belə işlərdən əl çəkək.
Ziyarətgahlar:
Mədinə şəhərində ziyarətgahlar adı ilə məşhurlaşan yerlər mövcuddur. Bu yerlər, xəndək döyüşü baş verən yerin yaxınlığında yerləşən yeddi məscid (əl-Məsacid əs-Səbə), iki qiblə (Qibləteyn) məscidi, bəzi quyular, əl-Ğəmamə məscidi, Əbu Bəkr, Ömər və Aişəyə (Allah ondan razı olsun) mənsub məscidlər. Bu yerlərin heç birini ziyarətgaha çevirmək olmaz. Oranı ziyarət edən kimsə bununla hansısa savaba nail olacağını belə düşünməsin. Əksinə, peyğəmbərlərin və əməlisaleh insanların gəzib-dolaşdıqları yerləri müqəddəsləşdirmək ötən ümmətlərin həlak olmalarına səbəb olmuşdur. Müsəlmanlara, öz Peyğəmbərlərinin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) və onun səhabələrinin (Allah onlardan razı olsun) hidayət yoluna qarşı çıxmaları onlara yaraşan hərəkət deyil. Həqiqətən xeyir onun və onların yolunu getməkdə, şər isə onun və onların yolundan çıxmaqdadır.
İki mühüm məsələyə diqqət!!!
Birinci: Əksər həcilər Mədinə şəhərində, Məkkədəkindən daha çox qalmağa çalışırlar. Halbuki əl-Həram məscidində qılınan namaz digər məscidlərdə qılınan namazdan yüz min dəfə üstündür. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) məscidində qılınan namaz isə başqa məscidlərdə qılınan min namaza bərabərdir.
Mədinədə qılınan namazla, Məkkədə qılınan namaz arasındakı böyük savab fərqi, yəqin ki, həmin həciləri Məkkədə daha çox qalmağa qane edəcəkdir.
İkinci: Əksər həcilər, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) məscidini ziyarət etməyi həcc əməllərindən biri sanırlar. Ona görə bu işə digər həcc əməlləri kimi canfəşanlıq göstərirlər. Hətta onlara görə əgər kimsə həcc edib amma Mədinə şəhərinə gəlməyibsə onun həcci naqis sayılır!!!
Bu azmış kimi, bu haqda uydurma hədislər rəvayət edirlər. Məsələn, kim həcc edər amma məni ziyarət etməzsə, mənə qarşı laqeydlik etmiş olar.
Amma əslində məsələ onların zənn etdiklərinin tam əksinədir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onun məscidində namaz qılmaq üçün oranı ziyarət etməyin sünnə olduğunu demişdir. Amma məscidin ziyarəti ilə həcc arasında heç bir bağlılıq yoxdur. Bu məscidin ziyarət edilməməsi həccə naqislik gətirmir. Heç həccin savabını da artırmır. Çünki Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) məscidini ziyarət etmək həcc əməllərindən sayılmır. Bu ziyarətin özü müstəqil bir ibadətdir.
***
[1] Buxari: 3/ 597/ ? 1773. Müslim: 2/ 983/ ? 1349. Tirmizi: 2/ 206/ ? 937. Nəsai: 5/ 115. İbn Macə: 2/ 964/ ? 2888.
[2] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 2899. Tirmizi: 2/ 153/ ? 807. Nəsai: 5/ 115.
[3] İrşadus Səri.
[4] Buxari: 1/ 9/ ? 1. Müslim: 3/ 1515/ ? 1907. Əbu Davud: 6/ 284/ ? 2186. Tirmizi: 3/ 100/ ? 1698.İbn Macə: 2/ 1413/ ? 4227. Nəsai: 1/ ? 59.
[5] əl-Həcc: 29.
[6] əl-Bəqərə: 158.
[7] Hədis səhihdir. əl-İrva: ? 1072. Əhməd: 12/ 76/ ? 277. Hakim: 4/ 70.
[8] Buxari: 3/ 539/ ? 1691. Müslim: 2/ 901/ ? 1227. Əbu Davud: 5/ 237/ ? 1788. Nəsai: 5/ 151.
[9] Buxari: 3/ 606/ ? 1784. Müslim: 2/ 880/ ? 1212. Əbu Davud: 5/ 474/ ? 1979. Tirmizi: 2/ 206/ ? 938. İbn Macə: 2/ 997/ ? 2999.
[10] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 4097. Tirmizi: 2/ 208/ ? 943. İbn Macə: 2/ 996/ ? 2993.
[11] Hədis səhihdir. Müxtəsər Səhih əl-Buxari: ? 869. 3/ 598/ ? 1774.
[12] Məlumatlar, “İrşadus Səri” kitabından nəql edilmişdir.
[13] Məlumatlar, “İrşadus Səri” kitabından nəql edilmişdir.
[14] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 1775. Müslim: 2/ 1007/ ? 1385.
[15] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 782. Müslim: 2/ 1005/ ? 1381.
[16] Buxari: 3/ 63/ ? 1189. Müslim: 2/ 1014/ ? 1397. Əbu Davud: 6/ 15/ ? 2017. Nəsai: 2/ 37.
[17] Buxari: 3/ 63/ ? 1190. Müslim: 2/ 1012/ ? 1394. Tirmizi: 1/ 204/ ? 324. Nəsai: 2/ 35.
[18] Buxari: 3/ 70/ ? 1195. Müslim: 2/ 1010/ ? 1390. Nəsai: 2/ 35.
[19] Səhihdir. əl-Kəlumu-t-Tayyib: ? 65.
[20] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 4421. Əl-Cənaiz: səh. 183. Müslim: 2/ 669/ ? 974. Nəsai: 4/ 91.
[21] Demək uca Allah Qurani Kərimdə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hüzurunda uca səslə danışmağı qadağan edərək buyurur: «Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən, əməlləriniz puç olar» (əl-Hucurat: 2). (tərc.)
[22] Bu hədisi şeyx Albani “əs-Silsilətud Daifə” kitabında (? 364) qeyd etmiş və demişdir: Hədisi Əhməd (3/ 155) və Təbərani “əl-Mucəm əl-Əvsət” kitabında (2/ 125/ ? 1) – rəvayət etmişlər.
[23] Səhihdir. əl-Kəlumu-t-Tayyib: ? 65.
[24] Buxari: 3/ 69/ ? 1193 - 1194. Müslim: 2/ 1016/ ? 1399. Əbu Davud: 6/ 25/ ? 2024. Nəsai: 2/ 37.
[25] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 1160. İbn Macə: 1/ 453/ ? 1412.
[26] Buxari: 7/ 377/ ? 4083. Müslim: 2/ 1001 / ? 1393.
Tarix: 01.05.2013 / 17:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 520 Bölmə: Maraqlı melumatlar