Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əbu Bəkrin (r.a) xilafətində baş verən mühüm hadisələr(Mürtədlərə qarşı savaş)

Peyğəmbərin (s.a.v) vəfatı elan edildikdə Əbu Bəkr (r.a) onun cənazəsinin yanına gəlib onun üzünü açdı və alnından öpdü, sonra isə dedi: "Atam anam sənə fəda olsun! Sən sağ olarkən və öldükdən sonra da necə gözəlsən! Peyğəmbəri (s.a.v) örtdükdən sonra Əbu Bəkr (r.a) minbərə çıxıb dedi: "Sizlərdən kim Məhəmmədə ibadət edirdisə, Məhəmməd artıq ölüb! Sizlərdən kim Allaha ibadət edirdisə, Allah daima diridir, ölməzdir! Allah təalə buyurur: "Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər" (Ali İmran: 144).
Bu zaman insanlar ağlayırdılar. Rəsulullahın (s.a.v) səhabələri küçələrə çıxıb bu ayəni oxuyurdular. Ənəs (r.a) həmin mənzərəni xatırlayaraq deyir: "Sanki biz bu ayəni birinci dəfə idi ki eşidirdik".
(Buxari: Kitab Fədailus Səhabə, Bab Lov Kuntu Muttəxizən Xəlilən, ? 3467.)

Quranın Peyğəmbərin (s.a.v) vəfatından əvvəl, sağlığında nazil olub tamamlanmasına baxmayaraq, səhabələr Peyğəmbərin (s.a.v) vəfatı xəbərinin təsirindən sanki o ayəni ilk dəfə eşidirdilər.
Sonra Abbas İbn Əbdülmüttalib, Əli İbn Əbu Talib və əl-Fədl İbn Abbas (Allah onlardan razı olsun) Peyğəmbərin (s.a.v) cənazə namazını qılıb onu dəfn etsinlər deyə, yuyub kəfənləməyə başladılar (Atam anam ona fəda olsun!). Çünki Abbas (r.a) onun əmisi, Əli və Fədl (r.anhumə) isə əmisi oğlanları idilər. Peyğəmbəri (s.a.v) yuyub kəfənləmək işlərini görməyə onlar daha layiq idilər.

Birinci bölüm

Bənu Saidə evində

Abbasın, Əlinin və Fədlin (r.anhum) başı Peyğəmbərin (s.a.v) cənazəsini hazırlamağa qarışdığı vaxt bəzi ənsarlar Bənu Saidənin çardağında toplaşmışdılar. Mən bu haqda əvvəlcə İmam Təbərinin (Allah ona rəhmət etsin!) "Tarix" kitabından yalançı Əbu Mixnəfin rəvayətini, sonra isə İmam Buxarinin "Səhih"ində keçən rəvayəti qeyd edəcəm. Daha sonra hər iki rəvayət arasında müqayisə aparmaqla Əbu Mixnəfin əlavələrinin şahidi olacağıq.
Bəlkə də Əbu Mixnəfin bu əlavələrini çoxları qəbul etmişdir. Biz belə bir üsuldan (əvvəlcə Əbu Mixnəfin rəvayətini qeyd etmək üsulundan) şura məsələsi haqda danışarkən yenə istifadə edəcəyik.
İmam Təbəri (Allah ona rəhmət etsin!) buyurur: "Hişam ibn Məhəmməd Əbu Mixnəfdən, o da Abdullah ibn Əbdürrəhman ibn Əbu Amr ibn Əbu Amra əl-Ənsaridən rəvayət edir ki, Peyğəmbər (s.a.v) vəfat etdikdən sonra ənsarlar Bənu Saidənin çardağında toplaşdılar və dedilər: Bu işi Məhəmməddən (s.a.v) sonra Səəd İbn Ubadəyə həvalə edək."
Bir nəfər qalxıb dedi: "Ərəblər sizə qılınc gücü ilə tabe olub, Peyğəmbər (s.a.v) sizdən razı halda dünyadan köçüb və sizinlə gözlərə işıq gəlir. Elə isə bu işə başqalarından öncə siz layiqsiniz". Yerdə qalanlar da onun bu fikrinə şərik çıxdılar.
Digər birisi isə belə dedi: "Əgər qureyşli mühacirlər bununla razılaşmasalar onda onlara deyərik ki, bir rəhbər sizdən, biri də bizdən olsun!"
Bu zaman Səəd ibn Ubadə (r.a) dedi: "Bu ilk zəiflikdir!"
Sonra Ömər İbn əl-Xəttaba (r.a) bəzi ənsarların Bənu Saidədə toplaşması və onların: "Sizdən bir rəhbər, bizdən də bir rəhbər olmalıdır!" – deməsi xəbəri gəlib çatdı. (Bu xəbəri ənsarlardan bir nəfər çatdırmışdı.) Bunu eşidən Ömər Əbu Bəkrin (r.a) yanına gəlib, eşitdiyini ona danışdı və birlikdə ənsarların yanına getməyi buyurdu. Əbu Bəkr ilə Ömər (Allah hər ikisndən razı olsun) yola çıxdılar. Yolda Əbu Ubeydə (r.a) ilə qarşılaşıb onu da özləri ilə ənsarların yanına apardılar. Ömər (r.a) deyir ki, mən öz-özlüyümdə bir söz deməyi fikirləşdim. Danışmaq istədikdə Əbu Bəkr (r.a) mənə susmağı işarə etdi. Əbu Bəkr (r.a) sözə başlayaraq Allaha həmd-səna etdi və sonra buyurdu: "Allah Məhəmmədi göndərdi... (rəvayətdə Əbu Bəkrin (r.a) orada uzun xütbə söylədiyi və mühacirlərin hakimiyyətə daha layiqli olduğu fikrini səsləndirdiyi bildirilir)."
Bundan sonra Hubbab İbn əl-Munzir (r.a) dedi: "Ey Ənsarlar! Siz öz dediyinizdən əl çəkməyin, insanlar sizin tərəfinizdə, sizin kölgənizdədir. Heç kəs sizə müxalif olmağa cürət edə bilməz. İnsanlar yalnız sizin dediyinizlə durub-oturarlar. Siz hörmətli və sərvətlisiniz. Sizin sayınız və gücünüz çoxdur. Əgər onlar sizin dediklərinizlə razı olmasalar, onları öz torpaqlarınızdan sürgün edin, işləri onların öhdəsinə buraxmayın! Allaha and olsun ki, siz ənsarlar hakimiyyətə onlardan daha layiqlisiniz. Çünki dinə tabe olmayanlar sizin qılıncınızla bu dinə tabe olmuşlar. Mən bu işdə başqalarından daha layiqli və başaçanıyam".
Ömər və Əbu Ubeydə Əbu Bəkrə (r.anhum) dedilər: "Əlini uzat sənə beyət edək (yəni, xilafətini tanıyaq!)". Onlar Əbu Bəkrə (r.a) yaxınlaşmamış Bəşir İbn Səəd (r.a) onlardan daha tez Əbu Bəkrə (r.a) yaxınlaşıb ona beyət etdi. Bu zaman öz qəbiləsində sayılıb seçilən Useyd ibn Hudeyr (r.a) qalxıb dedi: "Allaha and olsun ki, əgər Xəzrəc sizin üzərinizdə bir dəfə hakim olsa, onlar sizdən daha üstün olacaqlar".
(Yəni, guya Useyd ibn Hudeyr bu sözləri Xəzrəc qəbiləsindən olan Səd ibn Ubadəyə qarşı həsəd hissi keçirərək demişdi.)

Səəd İbn Ubadə (r.a) dedi: "Allaha and olsun ki, əgər mənim qüvvəm olsaydı, sən və sənin tərəfdarların mənim əlimdən Mədinənin hər tərəfində əziyyət çəkərdiniz. Allaha and olsun ki, indi səni sənin tabe olduğun adamlara qataram. Məni buradan aparın!" Onu həmin məclisdən uzaqlaşdırıb evinə apardılar. Bir neçə gün evində tənha qaldı. Sonra isə dedi: "Allaha and olsun ki, ox qabımdakı bütün oxları sizin üçün tükədəcəm, nizəmin uclarını sizin üçün itiləyəcəm, bacardığım qədər qılıncımla sizə zərbə endirib, ailəmlə və camaatımdan mənə tabe olanlarla birgə sizə qarşı vuruşacam. Bundan sonra Səəd İbn Ubadə (r.a) onların namazlarına qatılmaz, cammatla namaza durmazdı. Həcc edər, amma onların kütləsinə qoşulmazdı. Səədin (r.a) bu halı Əbu Bəkr (r.a) həlak olana qədər davam etdi. Allah ona rəhmət etsin!.
(Təbərinin Tarixi: cild 2, səh 455. Sitat müxtəsər formada nəql edilmişdir.)

Bu, Əbu Mixnəfin Səqifə hadisəsi haqda olan rəvayətidir.
İndi isə İmam Buxarinin (Allah ona rəhmət etsin!) bu hadisə haqda rəvayətini gətirək və müqayisə edək.
İmam əl-Buxari buyurur: "İsmail ibn Abdullah, o da Süleyman ibn Bilaldan belə danışırdı ki, Hişam ibn Urva ibn əz-Zubeyrdən, o da Peyğəmbərin (s.a.v) yoldaşı Aişədən(r.anha) belə rəvayət etmişdir: "Peyğəmbər (s.a.v) vəfat edəndə ənsarlar Bənu Saidənin çardağında Səəd ibn Ubadənin (r.a) başına toplaşıb: "Bir rəhbər bizdən, biri də sizdən olsun!" – dedilər. Əbu Bəkr, Ömər və Əbu Ubeydə (r.anhum) onların yanına getdilər. Ömər (r.a) danışmaq istədikdə Əbu Bəkr (r.a) ona susmağı buyurdu. Sonralar Ömər (r.a) deyirdi: "Allaha and olsun ki, mən o zaman çox xoşuma gələn gözəl sözlər fikirləşmişdim. Qorxurdum ki, Əbu Bəkr (r.a) birdən onları deməz. Ona görə də birinci özüm danışmaq istəyirdim. Sonra Əbu Bəkr (r.a) ən bəlağətli insan kimi danışdı və buyurdu: "Biz rəhbərlər, siz isə vəzirlərsiniz". Hubbab ibn əl-Munzir (r.a) dedi: "Allaha and olsun ki, bunu etməyəcəyik. Bir rəhbər bizdən, biri də sizdən olsun". Əbu Bəkr (r.a) buyurdu: "Xeyr, biz rəhbərlər, siz isə vəzirlərsiniz. Onlar (o, Qureyşi nəzərdə tuturdu.) ərəblərin ən yaxşı yerində yaşayanı və ən izzətli nəsil-nəcabətə sahib olanıdırlar. İndi Ömərə (r.a) və ya Əbu Ubeydəyə (r.a) beyət edin!". Ömər (r.a) dedi: "Biz sənə beyət edirik. Sən bizim böyüyümüz, ən xeyirlimiz və aramızda Peyğəmbərə (s.a.v) ən sevimli olanısan. Sonra Ömər Əbu Bəkrin (r.a) əlindən tutub ona beyət etdi, onun ardınca da hamı ona beyət etdi".
(Buxari: Kitab Fədailus Səhabə, Bab Lov Kuntu Muttəxizən Xəlilən, ? 3467.)
Bu, İmam əl-Buxarinin rəvayətidir. Göründüyü kimi, bu rəvayət əvvəlkindən daha qısa və müxtəsərdir. Bu, Bənu Səəd çardağında baş verənlərin həqiqətidir.
Əbu Mixnəfin: Səəd ibn Ubadənin (r.a) "Mən sizə qarşı döyüşəcəyəm deməsi, onlarla camaat namazı qılmaması, onlarla birgə həcc etməməsi, habelə Hubbab İbn əl-Munzirin (r.a) Əbu Bəkrə etirazı və s. əlavələrinın hamısı yalandır, həqiqətə ziddir. Bənu Səəd çardağında olan toplantı heç yarım saatdan çox davam etməmişdir. Baxın görün Əbu Mixnəfin dediyi rəvayət, olduğu həqiqətdən nə qədər uzundur.

Əbu Mixnəfin Səəd İbn Ubadə (r.a) haqda dediklərinə cavab olaraq İmam Əhməd (Allah ona rəhmət etsin!) öz "Müsnəd"ində Humeyd ibn Əbdürrəhmandan rəvayət etmişdir ki, Əbu Bəkr (r.a) orada çıxış etdi və Rəsulullahın (s.a.v) ənsarlar haqda dediyi bütün özəllikləri və üstünlüklərini qeyd edərək buyurdu: "Siz hamınız bilirsiniz ki, Peyğəmbər (s.a.v) belə buyurmuşdur: "İnsanlar bir yolla, ənsarlar isə digər yolla getsələr, mən ənsarların getdikləri yolla gedərəm!" Ey Səəd sən də bilirsən ki, oturduğun zaman Peyğəmbər (s.x.v) buyurmuşdu: "Qureyşlilər bu işin rəhbərləridirlər. İnsanların ən yaxşıları onların (Qureyşlilərin) yaxşılarına, pisləri də onların pislərinə tabedir". Bu vaxt Səəd ibn Ubadə dedi: "Sən doğru buyurursan! Siz rəhbərlər, biz isə vəzirlərik".
( Musnədi Əhməd: 1/18. Şeyx Əhməd Şakirin tədqiqatı.)

Bu rəvayəti İmam Əhməd "Müsnəd" kitabında Humeyd ibn Əbdürrəhman ibn Aufun t rəvayətindən "səhih mürsəl"( Səhih sözü lüğəti mənada doğru, istilahda isə etibarlı rəvayət deməkdir. Mürsəl isə bir rəvayətçinin görmədiyi digər rəvayətçidən hədis nəql etməsidir)isnadla nəql etmişdir.

Bu rəvayət mürsəl olsa da, Əbu Mixnəf kimi yalançının bir çox rəvayətlərindən daha tutarlıdır.

İkinci Bölüm

Əbu Bəkr əs-Siddiq (r.a) haqqında qısa məlumat


Onun adı:
Abdullah ibn Osman ibn Amir ibn Amr ibn Kəəb ibn Səəd ibn Teym ibn Murra ibn Kəəb ibn Luey ibn Qalib ibn Fihr. Fihr isə Qureyşdir.
(Əbu Nueymin "Mərifətus Səhabə" əsəri: 1/150.)
Əli ibn Əbu Talib (r.a) bu sözləri deyib and içərdi: "Allah Əbu Bəkrin adını səmadan Siddiq (doğru danışan, təsdiqləyən) olaraq nazil etmişdir!"
(Təbərani: 1/55. İbn Həcər ("Fəthul Bari" kitabı 7/11-də) bu rəvayəti qeyd etmiş və sənədindəki rəvayətçilərin etibarlı olduqlarını demişdir.)

İslamı qəbul etməsi:
Əbu Dərdanın (r.a) belə dediyi rəvayət olunur: "Mən Peyğəmbərin (s.a.v) yanında oturmuşdum. Birdən Əbu Bəkrin dizləri görünəcək dərəcədə paltarının bir tərəfini çırmalayıb tələsik gəldiyini gördüm. Peyğəmbər (s.a.v) buyurdu: "Sizin dostunuza nəsə olub!" Əbu Bəkr (s.a.v)salam verdi və dedi: "Ey Allahın elçisi! Mənimlə Ömər ibn əl-Xəttabın (r.a) arasında bir hadisə baş verdi və mən tələsik ona qarşılıq verdim, sonra isə peşman oldum. Mən ondan buna görə üzr istədim, ancaq o bunu qəbul etmədikdə sənin yanına gəldim". Peyğəmbər (s.a.v) üç dəfə: "Allah səni bağışlasın, ey Əbu Bəkr!" - buyurdu.
Ömər (r.a) də öz əməlindən peşman olub Əbu Bəkrin (r.a) bir az öncə dayandığı yerə gəldi və soruşdu: "Əbu Bəkr təqsirkardırmı?" Onlar "yox" – cavabını verdilər.
Sonra Peyğəmbərin (s.a.v) yanına gəldi. Bu zaman Peyğəmbərin (s.a.v) üzündə qəzəb görsəndi. Bunu görən Əbu Bəkr Ömərin (r.a) halına acıdı və dizi üstə oturub iki dəfə dedi: "Ey Allahın elçisi! Allaha and olsun ki, mən ona qarşı daha çox haqsız olmuşam". Bu vaxt Peyğəmbər (s.a.v) buyurdu: "Allah məni sizə göndərdi. Siz məni yalanladınız, amma Əbu Bəkr mənə "Sən doğru deyirsən" – deyə buyurdu. O mənə öz canı və malı ilə kömək etdi. Siz mənim dostumu mənə görə rahat buraxacaqsınızmı?" O (s.a.v), bu sözləri bir daha təkrarladı. Bundan sonra heç kəs ona əziyyət vermədi".
(Buxari: Kitab Fədailus Səhabə, Bab Lov Kuntu Muttəxizən Xəlilən, ? 3661.)
Ammar ibn Yasir (r.a) deyir: "Mən daima Peyğəmbərlə (s.a.v) beş nəfəri görürdüm: iki köləni, iki qadını və Əbu Bəkri".
(Buxari: Kitab Fədailus Səhabə, Bab Lov Kuntu Muttəxizən Xəlilən, ? 3660.)

Hicrəti:

Əbu Bəkrin (r.a) belə dediyi rəvayət olunur: "Peyğəmbərlə (s.a.v) birlikdə (Məkkədən Mədinəyə hicrət edərkən) mağarada idim. Başımı qaldırdıqda camaatın (onları axtaran qureyşliləri nəzərdə tutur.) ayaqlarını gördüm və dedim: "Ey Allahın elçisi! Əgər bəziləri əyilib aşağı baxsaydı, bizi görərdilər. O buyurdu: "Ey Əbu Bəkr, sakit dur! Biz iki nəfərik üçüncümüz isə Allahdır".
(Buxari: Kitab Mənqaib əl-Ənsar, Bab Hicrətun Nəbiyy və Əshabihi İləl Mədinə, ? 3922. Müslim: Kitab Fədailus Səhabə, ? 2381.)

Həyat yoldaşları və övladları:

1. Quteylə bint Abduluzzə. Ondan Abdullah və Əsma adlı övladları dünyaya gəlmişdir.
2. Ummu Ruman əl-Kinəniyyə. Ondan Aişə və Əbdürrəhman adlı uşaqları olmuşdur.
3. Əsma bint Umeys əl-Xəsəmiyyə. Ondan isə Muhəmməd adlı oğlu olmuşdur.
4. Həbibə bint Xaricə. Ondan Ummu Kulsum adlı qızı olmuşdur.


Tarix: 04.05.2013 / 12:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 352 Bölmə: Maraqlı melumatlar
loading...