Ehtiyata əsasən, doqquz şey orucu batil edir:
1-Yemək-içmək; 2-Cima; 3-İstimna (istimna–spermanın xaric olmasına səbəb olan müəyyən bir iş görmək); 4-Allah, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və onun canişinlərinin (əleyhimüs-salam) adından yalan demək; 5-Qəliz tozu boğaza çatdırmaq; 6-Başını suya batırmaq; 7-Sübh azanına qədər cənabət, heyz və nifas halında qalmaq; 8-Axıcı (maye) şeylərlə imalə etmək; 9- Bilərəkdən qusmaq.
Orucu batil edən işlərin hökmləri
1-Yemək və içmək
Bilərəkdən yeyib-içmək orucu batil edir –istər o şeyin yeyilib-içilməsi adət olsun, çörək, su və s. kimi, istərsə də adət olmasın, ağac yarpaqları kimi; istər az olsun, istərsə də çox; hətta əgər diş fırçasını ağzından çıxardıb, yenidən ağzına qoyaraq rütubətini udsa, orucu batil olur. Amma əgər diş fırçasının rütubəti az olduğundan ağzının suyunda aradan getsə, istisnadır.
Əgər yemək yediyi və yaxud su içdiyi halda sübh olduğunu bilsə, ağzında olanları geri qaytarmalıdır. Əgər bilərəkdən udsa, orucu batil olar və kəffarəsi də var.
Səhv və unutqanlıq üzündən yeyib–içmək orucu batil etmir.
Vacib ehtiyata görə, oruc tutan şəxs iynə, qida və dərman kimi istifadə edilən sistemlərin vurulmasından çəkinməlidir. Lakin, bədən üzvünü hissiz edən iynələrin vurulmasının eybi yoxdur.
Oruc tutmaq istəyən şəxsin sübh azanından qabaq dişlərini fırçalaması və xilal etməsi yaxışıdır. Əgər dişlərinin arasında qalan yeməyin gündüz udacağını bilsə, vacib ehtiyata əsasən, qabaqcadan onları fırçalayıb xilal etsin. Belə etmədikdə, yemək udulsa, orucu sona qədər tutmalı və sonra qəzasını da yerinə yetirməlidir.
Ağız suyunu udmaq–hətta əgər turşluq və s. kimi şeyləri xəyala gətirməklə belə ağıza yığılsa, orucu batil etmir. Başdan, sinədən gələn suyu (bəlğəm və burun suyunu), ağız fəzasına çatmadığı halda, udmağın eybi yoxdur. Amma ağız fəzasına daxil olsa, ehtiyat-vacibə görə onu udmamalıdır.
Uşaq üçün yeməyi çeynəmək, yeməyin dadına baxmaq, ağızı su və dərmanla yumaqla onlardan bir şey boğaza getməsə, orucu batil etmir. Əgər ixtiyarsız olaraq boğaza çatsa, eybi yoxdur. Amma əgər əvvəldən ixtiyarsız olaraq boğaza çatacağını bilsə, orucu batildir, qəza və kəffarəsi var.
Əgər insan dözülməz həddə susuzlanıb, xəstələnmək və yaxud həlak olmaq qorxusu hiss etsə, zəruri olduğu qədər su içə bilər. Lakin, onun orucu batil olur. Əgər ramazan ayı olsa, sonrakı günləri oruc tutmalıdır.
İnsan zəifliyə görə orucunu yeyə bilməz. Amma onun zəifliyi dözülməz dərəcədə olsa və xəstələnmək qorxusu hiss etsə, orucunu yeyə bilər.
2-Cima
Cima (qadınla cinsi yaxınlıq), hərçənd dəllək kəsən yerə qədər daxil olsa və sperma gəlməsə belə, hər iki tərəfin orucunu batil edir. Amma dəllək kəsən yerdən az daxil olsa və sperma gəlməsə, oruc batil olmur. Əgər qeyd olunan miqdarın daxil olub-olmamasında şəkk etsə, onun orucu düzgündür.
Əgər oruc olduğunu unudaraq cima etsə və yaxud heç bir ixtiyarı olmadığı halda onu cimaya məcbur etsələr oruc batil olmaz. Lakin, cima əsnasında (oruc tutması) yadına düşsə, yaxud daha bu işə məcbur olmasa, dərhal (cima halından) çıxmalıdır. Əks təqdirdə, onun orucu batildir.
3-İstimna
Əgər oruc tutan şəxs özü ilə bir iş görüb, özündən sperma xaric etsə, onun orucu batil olur. Amma (sperma) ixtiyarsız olaraq yuxuda və yaxud oyaq olduğu halda gəlsə, oruc batil olmur. Əgər oruc tutan şəxs gündüz yatacağı halda möhtəlim- yuxuda spermanın xaric olacağını bilsə, yatması caizdir. Əgər möhtəlim olsa, orucuna xələl gəlməz. Əgər oruc tutan şəxs sperma gələn halda yuxudan oyansa, onun qarşısını alması vacib deyil. Oruc tutan şəxs möhtəlim olsa qusuldan qabaq sidik gəlməsi üçün (hərçənd belə edəcəyi halda spermanın qalan hissəsinin kanaldan xaric olmasını bilsə) istibra edə bilər. Hətta qusl etmiş olsa, bu işin onun orucu uçün bir zərəri yoxdur. Amma, qalan sperma xaric olduqdan sonra yenidən qusl etməlidir. Oruc tutan şəxs möhtəlim olsa və spermanın kanalda qaldığını bilib qusuldan qabaq sidiyə getməsə və qusuldan sonra sperma gələcəyi halda, yaxşı olar ki, qusuldan əvvəl sidiyə çıxsın, lakin bu (iş), vacib deyil. Əgər oruc tutan şəxs spermanın çölə gəlməsi məqsədi ilə istimna etsə, sperma gəlməsə belə, orucu batildir. Əgər oruc tutan şəxs spermanın çölə gəlməsi qəsdi olmadan, məsələn, öz arvadı ilə mazaqlaşsa və onun adəti bu qədər mazaqlaşmaqla ondan spermanın çölə gəlməsi olmasa, orucu düzgündür. Lakin, əgər təsadüfən ondan sperma xaric olsa orucunun eybi var. Əgər əvvəlcədən spermanın gəlməməsindən xatircəm olsa, istisnadır.
4- Allah, Peyğəmbər (s) və İmamların adından yalan danışmaq
Əgər oruc tutan şəxs Allah, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və o Həzrətin canişinlərinin (əleyhimüs-salam) adından demək, yazmaq, işarə etmək və s. kimi işlərlə yalan desə, hətta əgər dərhal tövbə etsə, vacib ehtiyata əsasən, orucu batildir. Başqa peyğəmbərlərin və həzrət Zəhranın (əleyha salam) adından yalan danışmaq da eyni hökmə malikdir. Əgər doğru və ya yalan olduğunu bilmədiyi bir hədisi nəql etmək istəsə, gərək xəbəri deyən şəxsdən, yaxud qeyd etdiyi kitabdan nəql etsin. Məsələn, filan ravi belə deyir və yaxud filan kitabda “Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) belə buyrduğu nəql edilir”, deməlidir. Əgər bir şeyin düzlüyünə etiqad bəsləyərək onu Allahın və yaxud Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) adından nəql etsə, sonra isə yalan olduğunu başa düşsə, orucu düzgündür. Əks təqdirdə, bir şeyi yalan bildiyi halda Allaha və Peyğəmbərə nisbət versə və sonradan onun doğru olması məlum olsa belə, onun orucunun eybi var.
Əgər başqasının quraşdırdığı yalan xəbəri bilərəkdən Allaha və Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) nisbət versə, orucunun eybi var. Əgər oruc tutan şəxsdən “Peyğəmbər belə bir şeyi buyurub ?” deyə soruşsalar və bilərəkdən “”Bəli” desə və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) belə bir sözü buyurmadığı halda və yaxud “Yox” desə və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) demiş olsa, onun orucunun eybi var. Əgər şəriət hökmlərini nəql etdiyi zaman bilərəkdən yalan danışsa, məsələn, vacib əməli qeyri-vacib, haramı halal desə və məqsədi onu Allaha və Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) nisbət vermək olsa, orucunun eybi vardır. Lakin, məqsədi hökmü müctəhidə aid etmək olsa, haram iş görmüşdür, amma orucu batil deyil. Məlumatsız halda şübhəli bir hökmü nəql edən şəxs də belədir.
5- Qəliz tozu boğaza çatdırmaq
Qəliz toz boğaza çatıb gilə dönüb, içəri getsə, orucu batil edir. Belə olmadıqda, istər yeyilməsi halal olsun, un kimi, istərsə də haram, oruc düzgündür. Əgər külək və yeri süpürmək vasitəsi ilə qəliz toz qalxsa və ehtiyatsızlıq üzündən boğaza çatsa, onun orucu batil olur (qabaqkı məsələdə qeyd olunduğu kimi).Bütün insanların hər bir halda siqaret və digər tütün məmulatlarından çəkinmələri lazımdır və əlavə olaraq, bunlar, vacib ehtiyata əsasən, orucun batil olmasına səbəb olur. Həmçinin, ehtiyata əsasən, oruc tutan şəxs qəliz buxarı da boğazına çatdırmasın. Lakin, içi buxarlı olmasına baxmayaraq, hamama getməyin eybi yoxdur. Əgər oruc olduğunu unutsa, özünü gözləməsə, yaxud ixtiyarsız olaraq toz və s. kimi şeylər boğaza çatsa, onun orucu batil olmur. Tüstü və tozun boğaza çata biləcəyini ehtimal verdiyi halda ehtiyat etməlidir, lakin, onun boğaza çatmayacağına yəqin və yaxud ehtimalı varsa orucu düzgündür.
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 361 Bölmə: Maraqlı melumatlar