Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Loğmanın Şagirdinə Nəsihətləri

Əziz övladım, bir olan Tanrıya şərik olma, çünki zəif və möhtac məxluqu xeyirxah, qüdrətli və səxavətli Tanrı ilə qarşı-qarşıya qoymaq günahdır.

Hər bir əməli-yaxşı, ya pis, xardal toxumu boyda, ən möhkəm və gizli yerdə, ən uca göylərdə və ya yerin dərin qatlarında olsa belə -adil Tanrı Məhşər günüdə ədalət tərəzisində çəkəcək, haqq ədalətlə mükafat və ya cəza verəcək, çünki bütün əşya və əməllər Tanrı elminin güclü işığında tam aydınlığı ilə görünəcəklər.

Əziz övladım, namazı yaxşı və mükəmməl qayda da qıl, çünki o, bəndə ilə Tanrı arasında bir əlaqədir və insanı yaramaz işlərdən çəkindirir. Elə ki, əqidə kamilliyi və xeyirxahlıq yolunda öz əməlini ləyaqətlə başa çatdırdın, naqis adamları tərbiyə etməyə çalış və xalqa nəfsini, ruhunu təmizləməkdə yol göstər, onları İlahi fərmanlarında boyun əyməməkdən çəkindir. Bu mübarizə meydanında - müqəddəs cihadda camaatın dərdinə öz səbrinlə kömək et. Nəzərə al ki, bu nəsihətlər səadətə qovuşmaq üçün mühüm və qaçılmazdır.

Camaatla danışarkən dikbaş olma, onlardan üz döndərmə. Yol gedərkən lovğa və təkəbbürlü adamlar kimi yerimə, çünki Tanrı özündən razı olanları sevmir. Addımlarını öz təbiətinə uyğun at, sünilikdən çəkin. Nə zülümkarlar kimi yeri, nə də yazıqlar kimi tərpən. Yavaş və mülayim danış, çünki söhbət zamanı qışqırmaq ədəb qaydalarına uzaqdır. Yadında sala ki, ən xoşagəlməz səs ulaqların anqırmasıdır.

Əziz övladım, dünya elə bir dərin ucu-bucağı görünməyən dənizə bənzəyir ki, saysız-hesabsız insanlar onun qoynunda həlak olublar. Ona görə də bu dənizdən keçmək üçün özünə imandan gəmi düzəlt və onun göyərtəsində səbirdən yelkən dalğalat. Bu qorxulu səfərdə pəhrizkarlığı və dindarlığı özünə qida et.Əgər qorxulu səfərdən qurtulsan, Tanrının rəhmi sənə yar olacaq və əgər bu yolda həlak olsan, ən ağır günahların suların altında qalacaqdır.

Əziz övladım, dünya malından o qədər götür ki, səni istəyinə çatdırsın və başqalarına möhtac olmayasan. Elə dolan ki, dilənçi kökünə düşməyəsən və başqalrının çiyninə cənazə kimi ağır yük olmayasan. Ancaq bu dünyanın işlərinin, onun xeyir və ziyanının fikrini çox çəkmə, yoxsa nəfsinin təmizliyini korlayıb, o dünyanın əbədi sərvətindən qalarsan. Nəfsini və ürəyindəki zərərli hissləri oruc tutmaqla öldür. Ancaq orucunu elə saxla ki, zəif və üzülmüş olmayasan və namazından qalmayasan, çünki namaz Tanrı nəzərində orucdan üstündür.

Əziz övladım, Qiyamət gününün əzabından qorx. Tanrıya elə bel bağla ki, Məhşər günü bütün günahlarınla tərəzi ayağına gələndə ürəyində Onun əfvinə ümidin olsun.

Gecə-gündüz saatlarla vaxtını bilik öyrənməklə keçir, çünki onu tərk etməkdən böyük ziyan yoxdur. Alimlərlə otu-dur və onlarla söhbət edərkən ədəb qaydalarını gözlə. Yersiz mübahisə və inadkarlıqdan çəkin. Camaatla mübahisə edərkən kobudluq etmə, zalım və cinayətkar adamlarla qardaşlıq əhdi bağlama, böhtançılarla dostluq etmə. Yığdığın qızıl və gümüş qədər də bilik və iman qazanmağa çalış.

Əziz övladım, mən dəfələrlə ağır qayaları və poladları çiynimdə daşımışam, ancaq pis qonşudan ağır yük çəkməmişəm. Həyatın bütün acılarını dadmışam, yosulluqdan daha ağır bir şey görməmişəm. Odur ki, əgər bir gün sənə yoxsulluq üz versə, bu sirri özünlə Tanrı arasında gizli saxlavə camaata bildirmə, çünki onlar sənin işindən xəbər tutsalar, sənə pis gözlə baxacaqlar.

Əziz övladım, özünə min dost tut və bil ki, min dost azdır. Bir düşmən belə qazanma və bil ki, bir düşmən çoxdur.

Əziz övladım, Tanrıya imanı az olan, Onun ruzisinə zəif ümid bəsləyən kəs gərək həyatının keçmiş üç dövrünü yadına salıb bilsin ki, mehriban ALLAH bütün bu dövrlərdə onun ruzisini öz lütfü ilə hazır edibdir. Bu öç dövrün heç birində o şəxsin ruzi əldə etmək yolunda səy və çalışması bir nəticə verməmişdir. Bu üç mərhələnin üçündə də İlahi lütfü ona arxa olduğundan, sözsüz dördüncü mərhələ də belə olacaqdır.

Birinci mərhələ o çağdır ki, insan toxum şəklində ananın bətninə düşür və mehriban Tanrı orada onu isti-soyuqdan qoruyub saxlamaqla öz ruzisini bu halında verir.

Sonra elə ki, insan gücsüz və bacarıqsız çağa halında dünyaya gəlir, əvvəlcə ruzi qapılarından birini bağlamış mehriban Tanrı ananın döşlərindən ona iki qapı açır.

Daha sonra uşağın süddən kəsilmək vaxtı çatır və ana əmcəyinin başı qaralıb acı olur. Ata-ananın ürəyi uşağın yanında qalır və ixtiyarsız olaraq heç nələrini əsirgəmədən onu yedizdirməyə çalışırlar. Ən şirin tikələri özlərinə rəva bilməyərək ona yedirirlər .Ancaq bu zəif və çabalayan, insan elə ki, yeniyetmə çağına yetişib ağıllanır, həyatını təmin etmək, ruzi qazanmaq üçün özü məsuliyyət daşıyır, bütün bu keçmişləri yadından çıxarır və həyatdan bərk yapışaraq ona ruzi vermiş mehriban Tanrıya qarşı bədgüman olur. Xəsisliyinə görə öz malından xalqın və Xaliqin haqqını verməyə qıymır. O, yoxsullaşa biləcəyinin qorxusundan və Tanrının hər iki dünyada ona bəxş etdiyi nemətin ucalığını görə bilmədiyindən özünü də, övladlarını və yaxın adamlarını da yarımac saxlayır. Belə insan yaramaz bəndədir.


Tarix: 07.06.2013 / 20:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 176 Bölmə: Maraqlı melumatlar
loading...