BISMILLƏHIR RAHMƏNIR RAHIM.
Yer üzündəki varlıqların ən mükəmməli insandır. Çünki o, ən gözəl bir şəkildə yaradılmış, ağıl neməti ilə şərəfləndirilmişdir. Başqa insanlarla tanış olmaq, yardımlaşmaq, onlarla birlikdə yaşamaq insanın ən təbii ehtiyaclarındandır. Yer üzündə əmin-amanlıq içində bir həyat sürmək, Allahın saysız-hesabsız nemətlərindən qanuni çərçivədə faydalanmaq, nəsli davam etdirmək və şəxsi ehtiyacları təmin etmək cəmiyyət halında yaşamağı vacib edir. Cəmiyyət halında yaşamaq isə qarşılıqlı haqq və məsuliyyəti də özü ilə gətirir.
İnsanlar arasında ata-ana və övlad, ər-arvad, qonşu, qohum, dost, işçi-işverən kimi qarşılıqlı əlaqələri təşkil edən fərdi münasibətlər tərəflər üzərinə müxtəlif haqlar qoyur. Bu haqlar qul haqları adlanır.
Hörmətli möminlər!
İslam dini qul haqqına çox böyük önəm verir. Bildiyimiz kimi, bir gün bu fani dünya həyatı sona çatacaq, həqiqi həyat adlandırdığımız axirət həyatı başlayacaq və hər kəs dünyadakı həyatına görə hesaba çəkiləcək. Ağıllı və bəsirətli insan o insandır ki, Allaha və Onun qullarına qarşı öz vəzifələrini yerinə yetirir, haqq və huquqlara hörmət göstərir, hesab gününə borcsuz və günahsız getməyə çalışır. Bir həqiqət heç bir zaman unudulmamalıdır: Yaxşılıq və pislik olaraq etdiyimiz hər bir şeyin qarşılığını mütləq görəcəyik. Allah-Təala Qurani-Kərimdə belə buyurur: «Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onu görəcəkdir. Kim də zərrə qədər pis iş görmüşdürsə, onu görəcəkdir» (Zilzal, 7-8).
Həzrəti Peyğəmbər (s.ə.s.) qul haqqı ilə bağlı belə buyurmuşdur: «Bir kəsin digərinin heysiyyətinə, yaxud malına təcavüzdən ötrü üzərində bir haqq olarsa qızıl və gümüşün keçməyəcəyi hesab günü gəlməmiş onunla hesablaşsın. Əks təqdirdə, etdiyi haqsızlıq miqdarında yaxşı əməllərindən alınıb haqq sahibinə veriləcək. Yaxşılığı yoxdursa, haqq sahibinin günahından alınıb haqsızılıq edən kimsəyə yüklənəcək» (Buxari, Təcrid, c.7 s.375).
Əziz möminlər!
Belə olan halda həm bir müsəlman qul haqlarına son dərəcə həssas yanaşmalıdır. Bilərəkdən və ya bilməyərəkdən başqalarının haqqını alan kimsə o haqqı ödəmək və halallaşmaq yolu ilə özünü qurtarmağa çalışmalıdır. Haqsızlıq edib haqq sahibinə haqqını verməyənlər axirətdə peşmanlıq yaşayacaq və ağır bir əzaba düçar olacaqlar.
Təsadüfi deyil ki, dünyadakı bir çox pislik, dava-dalaş və cinayətlərin, insanlar arasındakı problemlərin çoxu qul haqqına diqqət etməməkdən meydana gəlir. Elə isə gəlin hər kəsin haqq və hüququna hörmət edək. Qul haqqı ilə Allahın hüzuruna çıxmaqdan çəkinək. Unutmayaq ki, qul haqqını haqq sahibi bağışlamayana qədər Allah bağışlamayacaq.
Tarix: 06.06.2013 / 20:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 108 Bölmə: Maraqlı melumatlar