Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın hicrəti
Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) mühasirə altındakı evindən müşriklərin başlarına torpaq ataraq çıxdı. O əsnada Allahın bu cəlil kəlamını oxuyurdu.
«Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar haqqı görmürlər.» (Yasin / 9)
Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) bu kərim ayəni oxuyub evdən çıxdığı əsnada Allah (Cəllə Cəlaluhu) müşriklərə böyük bir yuxu verdi. Heç kim Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın çıxışını görmədi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) evindən çıxıb düz Əbu Bəkr (radiyəllahu anhu)`in yanına getdi. Oradan da Yəmən istiqamətində olan və Məkkəyə təxminən beş mil uzaqlıqda olan Sevr mağarasına yönəlib, şəfəq açılmamışdan əvvəl ora çatdılar.
Mağarada keçən üç gecə
Onlar mağaraya gələndə ora əvvəlcə Əbu Bəkr girib içərisini yoxladı. Gördüyü bir deşiyi paltarı ilə tıxadı. Başqa bir deşiyi də ayağıyla tıxadı. Beləcə zərərli heyvanların o deşiklərdən çıxıb Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a zərər verməyinin qarşısını almış oldu. Sonra Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) içəri girdi və yatdı. O əsnada bir həşərat Əbu Bəkr (radiyəllahu anhu)`in deşiyə tıxadığı ayağını dişlədi. Əbu Bəkr (radiyəllahu anhu) Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı narahat etməməkçün yerindən tərpənmədi. Ancaq hiss etdiyi ağrıdan gözləri yaşardı və o yaşlar Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın üzünə düşdü. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) oyanaraq nə nə olduğunu soruşdu. Əbu Bəkr (radiyəllahu anhu) : "Bir həşərat ayağımı dişlədi. Anam, atam sənə fəda olsun" dedi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) həşəratın sancdığı o yerə tüpürcəyini sürtdü. Əbu Bəkrin ağrısından əsər qalmadı.
Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) və Əbu Bəkr (radiyəllahu anhu) Sevr mağarasında üç gecə gizləndilər. Əbu Bəkrin oğlu Abdullah ağıllı bir gənc idi. Gündüzləri Məkkədə müşriklərin arasında dolaşır, sonra qaranlıq düşəndə gizlicə mağaraya gələrək müşriklərin xəbərlərini bildirir və gecəni mağarada qalırdı.
Əbu Bəkr (radiyəllahu anhu)`in xidmətçisi Amir bin Fuheyrə də qoyun otarardı. Axşam düşəndə bir neçə qoyunu önünə qataraq mağaraya gələr, qoyunlardan süd sağaraq Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`ə, Əbu Bəkr (radiyəllahu anhu)`ə içirərdi. Sonra Abdullah ibni Əbu Bəkrin iziylə qoyunları geri gətirərdi. Beləcə, Abdullahın ayaq izlərini də bağlamış olurdu.
Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın evini əhatə edən Qureyş gəncləri hələ də Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın qalxmağını və bayıra çıxmağını gözləyirdilər. Səhər olanda Əli (radiyəllahu anhu) yatağından çıxdı. Müşriklər qarşılarında Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın yerinə Əlini görəndə son dərəcə çaşdılar. Ondan Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın harada olduğunu soruşdular. O da bilmirəm dedi. Bunun üzərinə müşriklər Əli (radiyəllahu anhu)`ni döyərək Kəbəyə tərəf sürüyüb bir müddət həbs etdilər. Ancaq, Əlidən heç bir məlumat ala bilmədilər. Sonra Əbu Bəkrin evinə gedərək qızı Əsmadan atasını soruşdular. Əsma "bilmirəm" dedikdə, xəbis bir şəxs olan Əbu Cəhl ona şiddətli bir şillə vuraraq sırğalarının çıxmasına səbəb oldu. Müşriklər Əbu Bəkrin evindən də əliboş qayıtdıqda Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) və Əbu Bəkri axtarmaq üçün hər tərəfə adamlar yolladılar. Onların hər biri üçün, ölü və ya diri gətirənə yüz dəvə mükafat qoydular.
Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın arxasına düşən müşriklər Sevr mağarasının girişinə qədər gəldilər. Belə ki, içlərindən biri başını əyib içəriyə baxsaydı, içəridəkiləri çox rahat görə biləcəkdi. Mağaranın içindən onları görən Əbu Bəkr (radiyəllahu anhu) Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a bir pislik toxunacaq narahatçılığıyla çox kədərlənirdi. Əbu Bəkrin bu halını görən Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onu "üçüncüləri Allah olan iki nəfər haqqındakı zənnin nədir? Ey Əbu Bəkr! Kədərlənmə, Allah (Cəllə Cəlaluhu) bizimlədir." deyərək təsəlli etdi.
Tarix: 02.05.2013 / 22:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 146 Bölmə: Maraqlı melumatlar