Allah həmin ayədə namazı artıq qeyd etmişdir və namaz dedikdə qiyam, rüku, səcdə və s. nəzərdə tutulur. Siz deyən olsa, onda rükunun olduğu bir namazdan sonra təkrarən rükuya qayıtmağın nə mənası var? Bu onu göstərir ki, burada rüku başqa mənadadır.
O ki, qaldı ayənin nazil olma səbəbinə, bu səbəb tamamilə başqadır. O vaxt Bəni-Qəynuqə qəbiləsi Peyğəbərə (Allahın ona salavatı və salamı olsun) xəyanət etdilər və Übadə ibn Samitə qoşulmaq məqsədilə onun yanına getdilər. Lakin Übadə ibn Sabit onlardan üz çevirib Allah və Elçisinə itaət etdi. Elə bu vaxt ayə nazil oldu.
Bəziləri kimi hamı iddia edə bilər ki, bu ayə kiməsə nazil ollub. Hamı istədiyi adamın adını çəkə bilər. Yəni bu ayə Əlinin (Allah ondan razı olsun) xəlifə olmasına işarədirsə, onda açıq-aydın ona dəlalət etməli idi. Əks halda hamı bu ayəni istədiyinə uyğun yoza bilər. Ona görə də xəlifəni təyin etməyə aid olsaydı, vacib məsələ olduğuna görə aydın şəkildə bildirilməli idi.
Hətta qəbul etsək ki, Əliyə (Allah ondan razı olsun) görə nazil olub, ayə yenə də onun xəlifə olmasına dəlalət etmir. Fəqət onu sevməyin vacibliyini göstərərdi, biz isə Həzrəti Əlini bu ayəsiz də sevirik!
Ayədə kəlmələrə fikir versək, hamısının cəm şəklində olduğunu görərik. “Əl-ləzinə” o kəslər ki, “yuqimunə” qılarlar, “yu’tunə” verərlər, “hum” onlar. Göründüyü kimi sözlər cəmdə verilir və şübhəsiz ki, Əli radiyallahu anhu təkdir, cəm deyil.
Bundan əlavə, Əlinin (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) vaxtında heç üzüyü yox idi və o üzük taxmazdı, fəqət Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) sonradan zəruriyyət olduğuna görə üzük taxdı. Buna səbəb var idi, amma Əli üçün səbəb yox idi, həm də imkansız idi. Bu da hamıya məlumdur.
Tərif (mədh) vacib və ya müstəhəb əməl üçün olur, amma namazda zəkat vermək nə vacibdir, nə də müstəhəb, əksinə, artıq bir hərəkətdir.
Həmçinin Əli (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) vaxtında yoxsul olduğundan zəkat verənlərdən deyildi.
Bundan başqa taxılan üzüyə görə zəkat düşmür.
Bunu da bilmək lazımdır ki, bir adamın zəkat verməsi üçün əvvəl zəkatın şərtləri təmin olunmalıdır: 1.Gərək miqdarı 85qr. qızıl və yaxud 595 qr. gümüşə çatsın (ya da bu miqdarda pul).
2.Bir il vaxt keçməlidir.
Sonra soruşmaq istəyirik ki, bu rəvayətin sənədi səhihdir, yoxsa yox?
Onu da bilmək lazımdır ki, bu rəvayətin Səhləvinin təfsirində olması kifayət deyil, çünki onun təfsirində uydurma rəvayətlər mövcuddur. Həmçinin onun tələbəsi Vahidi və başqa bəzi təfsirçilər səhih və zəif rəvayətləri öz kitablarında cəm ediblər. Buna görə də Bəğəvi Səhləvinin təfsirini müxtəsər edib orada olan uydurma rəvayətləri çıxarmışdır. Bu isə Bəğəvinin hədis elmində mahir olduğundan irəli gəlir. Səhləvinin isə hədis elmində təcrübəsi az idi, bunu da kitabı göstərir.
Sonra, əgər desək ki, vilayəti qazanan rüku halında zəkat versin, onda belə bir sual ortaya çıxır: bəs qiyamda, səcdədə və yaxud təşəhhüddə verərsə, ona da vilayət düşürmü? Yoxsa ancaq rükuda verməlidir?
Fəqət, hər hansı bir rəvayətin mənbədə olması onun səhih olduğuna dəlil təşkil etmir. Xüsusən də bu rəvayət. Çünki bu rəvayətin əsas mənbəyi Səhləvinin təfsiri, Vahidinin “Əshabul-Nüzul” və “Kənzul-Ummal” kitablarıdır. Rəvayətin bu kitablarda olması onun mötəbərliyini sübut etmir. Qeyd etmək istəyirəm ki, bəzi təfsirçilər bu ayənin başqaları üçün nazil olduğunu deyirlər. Məsələn, məşhur şiə təfsirçisi Əbu Bəkr ən-Nəqqaş Baqirdən rəvayət edir ki: “Bu ayə mühacir və ənsarlara görə nazil olub.” Bu vaxt biri soruşdu: “Ya imam! Axı biz eşitmişdik ki, Əliyə (Allah ondan razı olsun) görə nazil olub?” İmam isə dedi: “Əli (Allah ondan razı olsun) də onlardandır!”. Bəzi təfsirçilər isə İkrimədən rəvayət edirlər ki, bu ayə Əbu Bəkrə (Allah ondan razı olsun) görə nazil olub, çünki o, bütün malını islam yolunda xərcləmişdir. Bəziləri də Übadə bin Samit (Allah ondan razı olsun) barəsində nazil olduğunu söyləyirlər. Görünür ki, dəlil xatrinə Əli (Allah ondan razı olsun) ilə yanaşı bu ayəni hamıya nisbət etmək olar. Çünki mühacir və ənsarlara görə nazil olduğu, ayədə göstərildiyi kimi cəm halında olanları göstərir. Həmçinin Əbu Bəkrə (Allah ondan razı olsun) də aid etmək olar, çünki ayədən öncə mürtədlərdən söhbət gedir. Əbu Bəkrin (Allah ondan razı olsun) isə mürtədlərə qarşı yürüşü məşhurdur. Təbəri isə yəhudilərdən üz döndərib uzaqlaşdığına görə, bu ayənin Ubadə bin Samitə (Allah ondan razı olsun) görə nazil olduğunu bildirir.
Vəli kəlməsinə gəlincə isə, bu Vilayə və Vəlayə sözləri kimi işlədilir, yəni «fəthə» və «kəsrə» ilə. Bu iki sözün fərqi isə çox böyükdür. Vəlayə (fəthə (“ə hərfi”) ilə olanda) sözünün mənası düşmənin və düşmənçiliyin ziddi deməkdir, yəni dost və sevmək deməkdir. Ayədə də məhz bu sözdür. Ancaq Vilayə (kəsrə (“i”) ilə olanda) rəhbər, idarəçi mənasındadır. Ayədə isə söhbət bundan getmir. Bundan başqa, ayə ümumilikdə möminlər barəsindədir, rəhbərlik isə ümumi ola bilməz
Əgər rəhbər mənasını vermək istəsək, onda ayə gərək başqa cür olsun. Ayə bu cür düzgün olmaz, çünki Allah əmir kimi vəsf olunmayıb, yəni Allah möminlərin əmiridir demək olmaz. Amma Vəlayə isə (fəthə ilə) düşmənçiliyin ziddi, dost və sevgi Allah və Elçisinə nisbət edilə bilər.
Əgər işdir bəziləri desələr ki, burda zəkat sədəqə mənasındadır, onda biz onların bu rəyinə cavab olaraq deyirik: Xeyr! Bu ayədə zəkat sədəqə mənasında ola bilməz, çünki bütün ayələrdə zəkat namaz sözündən sonra gələndə, sədəqə deyil məhz zəkat mənasını verir.
Deməli zəkatdırsa, kiminsə istəyinə görə bunu vermək olmaz, əgər verilsə, onda verilən şey zəkatdan sayılmaz, sadəcə sədəqə olar. Ayədə isə namazdan sonra olan əsl zəkatdan söhbət gedir.
Həmçinin ayədə keçən «valləzinə» sözündə «vav» hərfi hal ifadə etmir, yəni rüku halına aid deyil, çünki o hal ifadə etsəydi, onda ayəyə görə yalnız rükuda zəkat verənlərlə dost olub vəli seçmək olardı.
Ayənin əvvəlində «İnnəmə» ləfzi xüsusilik bildirir. Bu ayədə isə deyilir ki, dostluq, məhəbbət, sevgi Allaha, elçisinə və möminlərə aid edilir. O zaman imamətdən söhbət ola bilməzdi.
Eyni zamanda ortaya sual çıxır ki, əgər rükuda zəkat vermək üstün əməldirsə, onda bu əməl barədə nə üçün heç bir fiqh kitablarında qeyd yoxdur.
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 156 Bölmə: Maraqlı melumatlar