Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

əl-BAS (öldükdən sonra dirilmək)

əl-Bas – məna etibarı ilə bir şeyi qaldırmaq və hərəkət etdirmək deməkdir. İstilahı mənası isə ölülərin qiyamət günü dirilərək qəbrlərindən çıxmalarıdır. Uca Allah əməllərin qarşılığını vermək üçün ölümlərindən sonra insanları dirildəcəkdir. Kim zərrə qədər xeyir istəmişsə onu görəcəkdir, kim də zərrə qədər bir pislik etmişsə onun əvəzini görəcəkdir. «Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcəkdir, kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir». (əz-Zilzal 7-8). Peyğəmbərlər göndərilməyin nəticəsi də elə budur. «Və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi göyərtdi. Sonra sizi yenə ora qaytaracaq və (qiyamət günü dirildib oradan da) çıxardacaqdır». (Nuh 17-18). «Sizi (Adəmi) də ondan (torpaqdan) yaratdıq. Sizi (öləndən sonra) ora qaytaracaq və (qiyamət günü) bir daha oradan (dirildib) çxaracağıq». (Ta ha 55).

Sura ikinci dəfə üfürüləcəyi vaxt ölülər diriləcəklər. O zaman insanlar aləmlərin Rəbbinin hüzurunda çılpaq, ayaqyalın, paltarsız və xitan (sünnət) olunmamış halda qalxacaqlar. «Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü (qiyamət gününü) yadınıza salın. (O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi dirildib əvvəlki halına salarıq». (əl-Ənbiya 104). Onlar: «Biz sür-sümük, çürüyüb övxalanmış torpaq olduğumuz halda, dirilib yeni məxluqmu olacağıq?» deyirlər. (Ya Məhəmməd!) De ki: «(İstəyirsiniz) daş, yaxud dəmir olun! Və ya ürəyinizdə (özünüzü dağlar, göylər kimi) böyük bir məxluq hesab edin! (Yenə diriləcəksiniz)». Onlar deyəcəklər: «O, halda bizi kim dirildəcəkdir?» De ki: «İlk dəfə sizi yoxdan yaradan Allah dirildəcəkdir!». (əl-İsra 49-51). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlar qiyamət günü çılpaq, ayaqyalın və xitan (sünnət) edilməmiş halda həşr ediləcəklər». Aişə – radıyallahu anhə – dedi: «Ey Allahın Rəsulu! Kişilər, qadınlar (birlikdə çılpaq olaraq həşr ediləcəklər və) bir-birilərinə baxmayacaqlar?» Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bu kimi şeylərə baxmaq belə ağır olacaqdır». «(Qiyaməti inkar edən) İnsan: «Mən öldükdən sonra (qəbirdən) çıxardılıb diriləcəyəmmi?» deyə soruşur. Məgər insan ilk öncə onu heçdən (yoxdan) yaratdığımızı xatırlamırmı? (Məryəm 66-67). «Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da (qiyamət günü) yenidən dirildəcək». (ər-Rum 27). «Məgər onlar göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmamış Allahın ölüləri də diriltməyə qadir olduğunu görüb anlamırlarmı. Kafirlər Cəhənnəm oduna göstəriləcəkləri gün onlardan soruşacaqdır: «Məgər bu doğru deyilmi!» Onlar: «Bəli, Rəbbimizə and olsun ki, doğrudur!» deyə cavab verəcəklər. Allah buyuracaqdır: «Elə isə (dünyada) küfr etdiyinizə görə dadın əzabı». (əl-Əhqaf 33-34).
əl-Bas (öldükdən sonra diriliş) sabit, dəyişməz bir haqdır. Kitab, sünnə və müsəlmanların icma ilə qəbul etdikləri həqiqətdir. Bu xüsusda ayələr olduqca çoxdur. Uca Allah öldükdən sonra diriliş haqqında Kitabında dəfələrlə söz açmışdı. Ta ki, insanlar buna iman etsinlər, imanları artsın. Bu böyük gün üçün əməl etsinlər.

əl-BAS (öldükdən sonra dirilişi) İNKAR EDƏNLƏRƏ DƏLİLLƏR

1. Qurani – Kərimdə ayələr dəlildir ki, Allah qiyamət günü insanları dirildəcəkdir. «Kafirlər onlar öldükdən sonra əsla dirilməyəcəklərini iddia edirlər. (Ya Peyğəmbər!) De ki: «Bəli, Rəbbimə and olsun ki, siz mütləq diriləcəksiniz. Sonra da (dünyada) etdiyiniz əməllər sizə (bir-bir) xəbər veriləcəkdir. Bu Allah üçün çox asandır». (ət-Təğabun 7). (Ya Peyğəmbərim!) Səndən: «O, (bizi qorxutduğunuz əzab və ya qiyamət günü) doğrudurmu?» deyə xəbər alacaqlar. Onlara belə cavab ver: «Rəbbimə and olsun ki, o doğrudur. Siz ondan canınızı qurtara bilməzsiniz». (Yunis 53).
2. Allah bizlərə ilk yaradılışı xatırlamağı tövsiyə edir. «Məgər insan onu nütfədən yaratdığımızı görmədimi ki, birdən – birə (Rəbbinə) açıq düşmən kəsilərək, öz yaradılışını unudub: «Çürümüş sümükləri kim dirildə bilər?» deyə hələ bizə məsəl də çəkdi. De ki: «Onları ilk dəfə yoxdan yaradan diriləcəkdir. O, hər bir məxluqu gözəl tanıyandır». (Yasin 76-79). «Məgər insan elə güman edir ki, o başlı-başına buraxılacaq. Məgər o, (ata belindən ana bətninə) tökülən bir qətrə nütfə deyildimi? Sonra laxtalanmış qan oldu və Allah onu yaradıb surət verdi. Sonra da ondan bir kişi, bir qadın olmaqla iki cüt (həmtay) yaratdı. Elə isə o Allah ölüləri diriltməyə qadir deyildirmi?». (əl-Qiyamə 36-40). «Elə isə insan nədən yaradıldığına bir baxsın. O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır. O, su (kişilərin) bel sümüyündən, (qadınların) köks sümüyündən çıxar. Həqiqətən Allah insanı (öləndən sonra) yenidən diriltməyə qadırdir». (ət-Tariq 5-9). «Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk yaradılışı yadınıza salın). Həqiqətən biz sizi (Adəmi) torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş (vaxtında doğulmuş) və düşməmiş (vaxtından əvvəl doğulmuş) bir parça ətdən yaratdıq ki, (qüdrətimizi ) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət (doqquz ay) saxlayar, sonra sizi uşaq olaraq çıxardırıq. Sonra yetkinlik yaşına yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz (bu həddə çatmamış) vəfat edər, kiminiz də ömrün elə bir rəzil çağına çatdırılır ki, vaxtı ilə bildiyini (tamamilə unudub körpə uşaq kimi) bilməz olar». (əl-Həcc 5).
3. Qurumuş torpağı canlandırdığı kimi ölüləri də dirildəcəkdir. (Ya Məhəmməd!) Sən Allahın rəhmətinin əsər-əlamətinə bax ki, torpağı öldükdən sonra necə dirildir. Doğrudan da o, ölüləri dirildəndir. Allah hər şeyə qadirdir». (ər-Rum 50). «Onun qüdrət nişanələrindən biri də budur ki, sən yer üzünü qupquru görürsən. Biz ona yağış yağdıran kimi hərəkətə gəlib qabarar. Onu dirildən şübhəsiz ki, ölüləri də dirildəcəkdir. Allah hər şeyə qadirdir». (əl-Fussilət 39). (Ey insan!) Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarar və hər növ gözəl bar gətirər. Bu ona görədir ki, Allah haqdır, ölüləri dirildir və o hər şeyə qadirdir». (əl-Həcc 5-6). Əl-Aqili rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allaha and olsun ki, istər başqası tərəfindən öldürülüb yerə yıxılmış olsun, istər dəfn edilmiş bir ölü olsun, yer üzərində qəbri açılıb yarılmayacaq heç bir kimsə yoxdur…. Mən dedim: «Ey Allahın Rəsulu! Çürümüş və yırtıcı heyvanlar bizləri parça-parça etmişkən Allah bizi necə toplayıb bir araya gətirəcəkdir». O, buyurdu: «Mən sənə bunun bənzərini Allahın nemətləri arasından bildirirəm. Sən yer üzünü çürümüş və darmadağınlıq gördüyün vaxt, bir daha canlanmaz deyirsən. Uca Allah oraya səmadan yağmur endirdikdən sonra, aradan bir neçə gün keçdikdən sonra sən yenə oranı görürsən. Bu dəfə hər tərəfin qabarıb, canlandığını görürsən. Allaha and olsun ki, o sizləri bir araya gətirib toplamağa qadirdir. Bu səbəblə sizlər də yatdığınız yerlərdən çıxardılacaqsınız».
4. Allah Qurani-Kərimdə göyləri və yerləri necə yaratdığını misal çəkir. «Doğrudan da göylərin və yerin yaradılışı insanların yaradılışından daha böyük şeydir. Lakin insanların çoxu (bunu) bilməz». (əl-Mumin 57). «Məgər onlar göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmamış Allahın ölüləri də diriltməyə qadir olduğunu görüb anlamırlarmı?». (əl-Əhqaf 33).
5. Allah insanları diriltdikdən sonra bəzilərinə cəza, bəzilərinə də mükafat verəcəkdir. «Yoxsa biz iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənləri eyni tutacağıq? Yaxud Allahdan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik?!». (Sad 28). «Qiyamət mütləq gələcəkdir. Hər kəs etdiyi əməlin əvəzini (mükafatını, yaxud cəzasını) alsın deyə, mən onu (insanlardan) gizli saxlayıram». (Ta ha 15).«O pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla (Cənnətlə) mükafatlandıracaqdır». (ən-Nəcm 31).
6. Allah Qurani-Kərimdə insanları əbəs yerə yaratmadığını buyurur. «Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz?». (əl-Muminun 115). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu. Uca Allah buyurdu: «Adəm oğlu məni yalanladı, lakin o, belə etmək haqqına sahib deyildir. Onun məni yalanlaması: «Məni ilk yoxdan yaratdığı kimi təkrar məni yaratmayacaqdır» deməsidir. Halbuki təkrar yaratmaq mənim üçün onu ilk yaratmaqdan daha çətin deyildir».
7. Allah Qurani-Kərimdə əvvəlki ümmətləri necə diriltdiyini misal çəkir. «Və yadınıza salın ki, siz: «Ya Musa, Allahı aşkar surətdə görməyincə, heç vaxt sənə inanmayacağıq» dedyiniz zaman gözünüz görə-görə sizi ildırım vurmuşdu. Bəlkə şükr edəsiniz deyə, biz sizi sonra yenidən diriltdik. (əl-Bəqərə 55-56). «(Ya Məhəmməd!) «Minlərlə adamın (taundan) ölüm qoxusu ilə öz yurdlarını tərk edib getdiklərini görmədinmi?» Allah onlara: «Ölün!» dedi və sonra da (yenidən) diriltdi. Həqiqətən Allah insanlara lütf edəndir, lakin insanların bir çoxu şükr etməzlər. (əl-Bəqərə 243). «Yaxud damları çökmüş, divarları uçulmuş bir kəndin yanından keçən şəxsin əhvalatın bilmirsən? O şəxs: «Əcaba, Allah bu kəndi ölümündən sonra necə dirildəcək» demişdir. Belə olduqda Allah onu yüz il ölü saxladı, sonra dirildərək ondan: «Nə qədər yatmısan?» deyə soruşdu. O da: «Bir gün bəlkə də bir gündən də az» deyə cavab verdi. Allah ona: «Bəlkə yüz il yatmısan, yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax! Səni insanlar üçün bir ibrət dərsi olmaqdan ötrü belə etdik. İndi uzunqulağının sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da onların üzərini ətlə örtürük?» deyə buyurdu. O şəxsə bunlar aydın olduqda: !Artıq bildim ki, Allah hər şeyə qadirdir». (Ya Məhəmməd!) Xatırla ki, İbrahim: «Ey Rəbbim! Ölüləri nə cür diritdiyini mənə göstər!» dedikdə, Allah: «Məgər (ölüləri diriltməyimə) inanmırsan?» buyurmuşdu. İbrahim: «Bəli, inanıram lakin ürəyim sakit olmaq üçün soruşdum» deyə cavab vermişdi. (Bu zaman) Allah ona buyurmuşdu: «Dörd cür (cins) qüş götürüb (səhv salmamaq üçün) onlara diqqətlə bax, (onları parçalayacaq bir-birinə qatandan) sonra hər dağın başına onlardan bir parça at, sonra onları çağır, tez yanına gələcəklər. Bil ki, Allah yenilməz qüvvət və hikmət sahibidir». (əl-Bəqərə 259-260).
Öldükdən sonra dirilişi inkar edənlərə bu inkar olunmaz dəlillər açıqlandıqdan sonra yenə inkarları üzərində israr edəcək olurlarsa haqqa qarşı bilə-bilə dirənən inadkar kimsələrdəndir. Belələrinin aqibəti: «O gün vay halına yalan sayanların! O kəslər ki, haqq-hesab gününü yalan sayarlar. Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar. Ayələrimiz ona oxunduğu zaman: «(Bunlar) əvvəlkilərin uydurub düzəltdikləri əfsanələrdir!» deyər. Xeyr, (belə deyildir) Əslində onların qəlblərini qazandıqları günahlar qaplamışdır. Xeyr, o gün onlar Rəbbinin mərhəmətindən məhrum olacaqlar! Sonra Cəhənnəmə varid olacaqlar. Sonra da onlara: «Bu sizin (dünyada) yalan saydığınız Cəhənnəmdir!» deyiləcəkdir». (əl-Mutaffifin 10-17).


Tarix: 04.05.2013 / 18:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 195 Bölmə: Maraqlı melumatlar
loading...