Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölüm ibrət və qaydalar (ıı- hissə), İbrətlər

1-YADDAŞ ÜÇÜN
Ölüm acı bir həqiqətdir, hər bir canlı onunla qarşılaşır, ondan qaça bilmir, canlı varlıqların heç biri bu həqiqətə qarşı durmaq qüdrətinə malik deyildir. O hər an baş verə bilər, onunla böyük də, kiçik də, varlı da, kasıb da, güclü də, zəif də üzləşir. Hamı onun qarşısında bərabərdir. O, qaçılmaz bir taledir, ondan xilas yoxdur, ona mane ola biləcək bir qüvvə, bir vasitə yoxdur. Onun qarşısını almaq olmaz, onu gecikdirmək də olmaz. Çünki, məlumdur ki, o sonsuz qüvvət Sahibindən nazil olur, bəşər övladı ona qarşı heç nə edə bilməz, ona təslim olmaqdan başqa çıxış yolu yoxdur.
Həyatı bəxş edən də Allahdır, müəyyən olunmuş vaxtda, ayrılmış müddətdə, adam istər evdə ailəsi arasında, istərsə də ruzi və ya əqidə uğrunda döyüş meydanlarında olsun, verdiyini geri alan da Odur. Elm və qüdrət də, mükafat və ödənc də Onun ixtiyarındadır.

Bütün varlığın yaradanı Allahdır, qayıdış da Allahadır. Ondan başqa qayıdış məqamı yoxdur. Bu qayıdışdan başqa tale yoxdur. Fərq yalnız əməl və niyyətdə, gedilmiş yol və məqsəddə ola bilər. Son isə birdir—müəyyən olunmuş vaxtda, ayrılmış müddətdə ölümdür, Allaha qayıdışdır, məhşər və toplanış günündə cəmləşməkdir. Allahdan mərhəmət və məğfirət və yaxud Sübhənəhudan qəzəb və əzabdır.
Dünyanın ən axmaq adamı odur ki, özünə başqa, bədbəxt bir tale axtarmış olsun. Hər bir halda o ölməlidir. Qurani-Kərimdə bu barədə deyilir: «HƏR BIR CANLI ÖLÜMÜ DADIR». Bu həqiqət insan qəlbində labüd bir şəkildə sabitləşməlidir. Həqiqət budur ki, bu dünya müvəqqətidir, əcəllə məhdudlaşmışdır. Ən axırda qaçılmaz sonluq gəlib çatır. Saleh əməl sahibi də ölür, batil əməl sahibi də ölür. Mücahid də ölür, evində oturan da ölür. Ürəyində rəhm olan da ölür, qullara əzab verən də ölür. Ədalətsizliyə nifrət edən igid də ölür, nəyin bahasına olursa-olsun həyata həris olan qorxaq da ölür. Yüksək ideal və ali məqsəd sahibləri də ölür. Ucuz şöhrət və ləzzət üçün həyat sürənlər də ölür. Hamı ölür: «HƏR BIR CANLI ÖLÜMÜ DADIR». Hər bir canlı bu damcını dadır və həyatı tərk edir. Hamıya təqdim edilən badədən bu damcını dadmaqda bir canlı o birindən fərqlənmir. Fərq başqa bir şeydədir, fərq başqa dəyərdədir, fərq taledədir: «HƏR BIR KƏS [CANLI] ÖLÜMÜ DADACAQDIR. ŞÜBHƏSIZ KI, MÜKAFATLARINIZ QIYAMƏT GÜNÜ TAMAMILƏ VERILƏCƏKDIR. ODDAN [CƏHƏNNƏMDƏN] UZAQLAŞDIRILIB CƏNNƏTƏ DAXIL EDILƏN ŞƏXS MURADINA ÇATACAQDIR. DÜNYA HƏYATI ISƏ ALDADICI HƏZZDƏN, ƏYLƏNCƏDƏN BAŞQA BIR ŞEY DEYILDIR» (Ali-İmran, 185). Bu elə bir nemətdir ki, bir kəs digərindən fərqlənmir, elə bir əbədi qiymətdir ki, böyük səy və zəhmətlə qazanılır. Elə bir qorxunc taledir ki, min dəfə hesablanmalıdır.

2- MÜBARƏK AYƏLƏR
Ölüm barədə çoxsaylı ayələr vardır. Onlardan aşağıdakıları göstərmək olar:
«SIZ ÖLÜMLƏ QARŞILAŞMADAN ƏVVƏL ONU ARZULAYIRDINIZ, (INDI ISƏ) ONU GÖRDÜNÜZ VƏ ONA BAXIRSINIZ» (Ali-İmran, 143).
«HARADA OLURSUNUZ OLUN, ÖLÜM SIZI HAQLAYACAQDIR» (ən-Nisa, 78).
«SƏNDƏN ƏVVƏL DƏ HEÇ KƏSƏ ƏBƏDI HƏYAT [ÖLMƏZLIK] VERMƏDIK. BELƏ OLDUĞU TƏQDIRDƏ, SƏN ÖLSƏN, ONLAR DIRIMI QALACAQLAR?! HƏR KƏS ÖLÜMÜ DADACAQDIR. YOXLAMAQ MƏQSƏDILƏ BIZ SIZI XEYIR VƏ ŞƏRLƏ SINAĞA ÇƏKƏRIK; VƏ SIZ ANCAQ BIZIM HÜZURUMUZA QAYTARILACAQSINIZ! » (əl-Ənbiya, 34-35).
«DE KI: QAÇDIĞINIZ ÖLÜM SIZI MÜTLƏQ YAXALAYACAQDIR. SONRA SIZ GIZLINI DƏ, AŞKARI DA BILƏN ALLAHIN HÜZURUNA QAYTARILACAQSINIZ. O DA SIZƏ NƏLƏR ETDIYINIZI XƏBƏR VERƏCƏKDIR!» (əl-Cumuə, 8).
«SIZDƏN KIMIN DAHA YAXŞI ƏMƏL SAHIBI OLDUĞUNU YOXLAMAQ ÜÇÜN ÖLÜMÜ VƏ HƏYATI XƏLQ EDƏN ODUR. SONSUZ QÜDRƏT SAHIBI VƏ BAĞIŞLAYAN DA ODUR» (əl-Mülk, 2).


Tarix: 17.04.2013 / 16:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 171 Bölmə: Maraqlı melumatlar
loading...