10.«Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar». (Fatir 28). «Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah etdiyiniz əməllərdən xəbərdar-dır!» (əl-Mücadələ 11). «Allah istədiyi şəxsə hikmət bəxş edər. Kimə hikmət bəxş edilmişsə ona çoxlu xeyir verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər». (əl-Bəqərə 269).
Əbu Musa – radyallahu anhu – rəvayət etdi ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Allah – subhənəhu və təalə – nin mənim vasitəmlə (insanlara) göndərdiyi Hidayət və Elm torpağa düşən yağmura bənzər. (Bu torpaqların hər biri yağmuru bir cür qəbul edər). Torpağın bir hissəsi bərəkətlidir. Üzərindəki suyu özünə çəkib bol ot və bitki bitirər. (Digər bir hissəsi isə) doymuş torpaqdır. Suyu (özünə çəkməyib) üzərində saxlayar və Allah – subhənəhu və təalə – də onu (suyu) (insanların) istifadəsinə yönəldər. İnsanlar da həm özləri içər, həm heyvanlarını suvarar, həm də (əkində) suvarmaq üçün istifadə edərlər. Yağmurun düşdüyü digər bir qisim torpaqda vardır ki, düz və qurudur. (Bu torpaq) nə suyu öz üzərində saxlayar, nə də ot və bitki bitirər. (Torpağın bu hissələri) O, kimsələrə bənzəyir ki, onlar Allahın dinini anlayıb (qəbul edib), Allahın mənim vasitəmlə (insanlara) göndərdiyi (Hidayət və Elmdən) faydalanıb, özləri elm alıb və (o, elmi) başqalarına ötürüblər. Həmçinin də o, kimsələr ki, (Allahın dinini anlayıb) lakin onu qəbul etməyən, başlarını da belə qaldırmayan və Allahın mənim vasitəmlə (insanlara) göndərdiyi Hidayəti qəbul etməyən kimsələrin misalıdır»(Buxari 79, Müslim 2282.)
Suheyb – radyallahu anhu – rəvayət etdi ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Sizdən əvəlki ümmətlərdə bir hökmdar və onun bir sehrbazı vardı. Sehrbaz yaşlandıqda hökmdara: «Artıq mən qocalmışam. Mənə bir uşaq göndər ki, ona sehr elmini öyrədim!» dedi. Hökmdar da ona (sehrbaza) sehri öyrətsin deyə bir uşaq göndərdi. (Uşaq da hər gün sehrbazın yanına gəlib-gedərdi). Uşağın (sehrbazın yanına getdiyi) yolunun üzərində bir rahib vardı. Uşaq (sehrbazın yanına getməmişdən əvvəl) rahibin yanında oturar, sözlərini dinləyər və (rahibin dediyi bu sözlər) onun xoşuna gələrdi. Artıq hər dəfə sehrbazın yanına getdikdə (yol üstü) rahibin yanına gedər və onun yanında oturub (sözlərini dinləyərdi). Bu səbəbdən də hər dəfə sehrbazın yanına gec gəldiyi üçün (sehrbaz) onu döyərdi. Uşaq döyülməsindən rahibə şikayət etdi. Rahib: «Əgər sehrbazdan qorxsan de ki, evdən gec buraxıblar, yox əgər ailəndən qorxsan de ki, sehrbaz məni gec buraxıb!». Uşaq bu minvalla gedib-gələrkən bir gün cəmaatın yolunu kəsmiş böyük bir heyvana rast gəldi. Uşaq: «Həqiqətən mən bu gün biləcəyəm sehrbazmı daha fəzilətlidir? Yoxsa rahibmi?» dedi. Yerdən bir daş götürüb: «Allahım əgər rahibin əməlləri sənin üçün sehrbazın əməllərindən sevimlidirsə bu heyvanı öldür və insanlar da rahat gedib-gələ bilsinlər!» deyə dua etdi və daşı heyvanın üstünə atdı. Heyvan öldü. İnsanların da gediş yolu rahatlandı. Bundan sonra uşaq rahibin yanına gəlib baş verən hadisəni ona danışdı. Rahib: «Oğlum! Bu gün sən artıq məndən də fəzilətlisən. Artıq mən görürəm ki, sən yüksək dərəcələrə çatmısan və qarşıda bir çox bəlalara (imtahanlara) məruz qalacaqsan. Əgər belə bir bəlalara (imtahanlara) məruz qalsan yerimi heç kimə bildirmə!» dedi. Bundan sonra uşaq anadan gəlmə korları, cüzəm xəstəliyinə tutulanları və digər başqa ağır xəstələri sağaltmağa başladı. Hökmdarın yaxın adamlarından biri (vəziri) kor idi. Bu haqda eşitdikdə bir çox hədiyyələrlə uşağın yanına gəlib və: «Əgər mənə şəfa verə bilsən bu gətirdiyim hədiyyələrin hamısı sənin olacaqdır!» dedi. Uşaq: «Mən heç kimə şəfa vermirəm. Şəfanı ancaq Allah verir. Əgər Allaha iman gətirsən Allaha dua edərəm ki, sənə şəfa versin!» deyə cavab verdi. Bundan sonra o, kor Allaha iman etdi. Allah da ona şəfa verdi.
Sonra (həmin adam) öz hökmdarının yanına qayıdıb, hər zaman olduğu kimi onun yanında oturdu. Hökmdar: «Sənə gözünü kim geri qaytardı?» deyə soruşdu. O: «Rəbbim?» deyə cavab verdi. Hökmdar: «Sənin məndən başqa Rəbbin varmı?» deyə soruşdu. O: «Mənim də Rəbbim, sənin də Rəbbin Allahdır?» deyə cavab verdi. Hökmdar onun tutulmasını əmr etdi və uşağın yerini deyincəyə qədər ona işgəncələr verməyə başladılar. (Vəzir işgəncələrə dözməyib uşağın yerini dedi). Nəhayət uşaq gətirildi. Hökmdar: «Oğlum! Sehrinlə anadan gəlmə korları, cüzəm xəstəliyinə tutulanları sağaltmaq dərəcəsinə yüksəlmisən. (Ayrıca) daha başqa xeyirli əməllərin də vardır!». Uşaq: «Şübhəsiz ki, mən heç kimə şəfa vermirəm. Şəfanı verən ancaq Allahdır!» dedi. Hökmdar: «Uşağın tutulub rahibin yerini deyincəyə qədər işgəncə verilməsini əmr etdi!». Uşaq işgəncələrə dözməyib rahibin yerini dedi. Rahib gətirildi. Ona: «Dinindən dön?» deyildi. Lakin o, dönmədi. Hökmdar mişarın gətirilməsini əmr etdi. Mişarı rahibin başının tən ortasından qoyaraq iki hissəyə böldülər. Hətta başının bir hissəsi yerə düşdü. Sonra hökmdarın yaxın adamı (vəziri) gətirilir. Ona da: «Dinindən dön?» deyildi. Lakin o, da dönmədi. Mişarı onun da başının ortasından qoyaraq bir hissəsi yerə düşənə qədər iki hissəyə böldülər. Sonra uşağı gətirib ona da: «Dinindən dön?» deyildi. O, da dönmədi. Hökmdar uşağı adamlarından bir neçəsinə verib dedi: «Uşağı götürüb filan dağın başına çıxın. Dağın təpəsinə çatdıqda əgər dinindən dönərsə (buraxın), yox əgər dönməzsə onu dağdan aşağı buraxın!». Onlar uşağı götürüb dağa çıxmağa başladılar. Uşaq: «Ya Rəbbim! Məni onlardan özün istədiyin (dilədiyin) kimi qoru!» deyə dua etdi. Bu an dağ sirkələnməyə başladı. Hökmdarın adamları dağdan aşağı yuvarlanıb öldülər. Uşaq isə hökmdarın yanına qayıtdı. Hökmdar: «Mənim göndərdiyim adamlara nə oldu?» deyə soruşdu. Uşaq: «Allah məni onlardan qorudu!» dedi. Hökmdar bir dəstə də düzəldib uşağı onlara verib dedi: «Uşağı götürüb böyük bir gəmiyə mindirin və dənizin ortasına doğru üzün. Dinindən dönərsə (buraxın), yox əgər dönməzsə (dənizə) atın. Onlar uşağı götürüb deyilən yerə çatdılar. Uşaq: «Ya Rəbbim! Məni onlardan özün istədiyin (dilədiyin) kimi qoru!» deyə dua etdi. Duanı bitirən kimi gəmi batmağa başladı. Hökmdarın adamları suya qərq oldular. Uşaq isə hökmüdarın yanına qayıtdı. Hökmdar: «Mənim göndərdiyim adamlara nə oldu?» deyə soruşdu. Uşaq: «Allah məni onlardan qorudu!» dedi. Uşaq sözünə davam edərək: «Sən mənim dediklərimi yerinə yetirmədən məni öldürə bilməzsən!» dedi. Hökmdar: «Nədir o?» dedi. Uşaq: «Cəmaatı bir meydana topla, məni də bir xurma ağacına bağla. Sonra oxumdan birini götürüb yayın ortasına qoyaraq: «BİSMİLLƏHİ RABBİL ĞULƏM - Uşağın Rəbbi olan Allahın adı ilə!» de və sonra oxu at. Belə etdikdə məni öldürə bilərsən!» dedi. Hökmdar cəmaatı bir meydançaya topladı və uşağı da xurma ağacına bağladı. Uşağın dediyi kimi oxlardan birini götürüb yayın ortasına qoyaraq BİSMİLLƏHİ RABBİL ĞULƏM - Uşağın Rəbbi olan Allahın adı ilə! deyərək oxu atdı. Ox uşağın alnına batdı. Uşaq əlini alnına qoyub öldü. Bu zaman cəmaat: «Biz uşağın Rəbbinə iman etdik! Biz uşağın Rəbbinə iman etdik! Biz uşağın Rəbbinə iman etdik!» dedilər. Daha sonra hökmdarın adamları: «Gördünmü? Qorxduğun şey başına gəldi. Artıq cəmaat iman etdi!» dedilər. Hökmdar dərhal yol ağızlarında xəndəklər qazılmasını əmr etdi . Xəndəklər qazıldı, içərsində od qalandı. Hökmdar: «Atın özünüzü xəndəklərə!» deyə əmr etdi. «Hər kim dinindən dönməzsə onu xəndəyə atın!» dedi. Hökmdarın adamları əmri yerinə yetirərək insanları odla dolu xəndəklərə atmağa başladılar. Nəhayət növbə yanında körpə uşaq olan bir qadına gəldi. Qadın odla dolu xəndəyə düşməkdən qorxaraq geri çəkildi. Bu an körpə uşaq dilə gələrək: «Anacan! Səbr et, şübhəsiz ki, sən haqq üzərindəsən!» dedi (Müslim 3005. )
Tarix: 25.04.2013 / 19:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 265 Bölmə: Maraqlı melumatlar