Elə insanlar vardır ki, əsəbiləşdiyi zaman özünə, övladlarına, yaxud malına bəd dua edir. Halbuki, əgər etdiyi bəd dua baş verərsə, ona heç vaxt razı olmaz. İnsanın belə etməsi onun tələsgən olmasından və işinin aqibətini düşünməməsindən irəli gəlir.
Allah-təala buyurmuşdur:
“İnsan [özünə] xeyir-dua etdiyi kimi, bəd dua da edər. [Adamın hirsi tutduqda özünə, yaxud övladına bəd dua edər. Əgər Allah həmin şəxsin duasını qəbul etsə, dərhal onun özünü, yaxud övladını məhv etməlidir. Lakin Allah səbrlidir, bəndələrinə əzab verməkdə tələsməz].
İnsan [hər şeydə] tələsəndir [gördüyü işinin aqibətini düşünməyə hövsələsi çatmaz].” (“əl-İsra” – 11)
İbn Kəsir (rahiməhullah) bu ayəni açıqlayaraq demişdir: “Allahu təala insanın tələsən olmasından bəzən özünə, övladına yaxud malına şər dua, yəni ölüm, həlak, lənət və buna bənzər dua etməsindən xəbər verir. Əgər rəbbi onun duasını qəbul edərsə, həlak olar.
Necə ki, Allah-təala buyurmuşdur:
“Əgər Allah insanlara, xeyri tezliklə istədikləri kimi, şəri də o tezliklə versəydi, şübhəsiz ki, əcəlləri çoxdan tamam olmuşdu. (Allah insanların yaxşı dualarını tez qəbul etdiyi kimi, qəzəbli halda etdikləri bəd duaları da dərhal qəbul buyursaydı, onlar çoxdan məhv olub gedərdilər. Allah bəndələrinə əzab verməkdə tələsməz, özlərini islah edib pis əməllərdən çəkinmək üçün möhlət verər). Bizimlə qarşılaşacaqlarına ümid etməyənləri öz azğınlıqları içərisində şaşqın bir vəziyyətdə qoyarıq!” (“Yunus” - 11; “Təfsiru-l-Qurani-l-Azım”, 5/45-46)
Mücahid (rahiməhullah) bu ayənin təfsirində demişdir: “Şər dua insanın tələsərək övladına yaxud həyat yoldaşına qarğış etməsidir. Halbuki, etdiyi bəd duanın həyata keçməsini istəməz.” (İbn Cərir, “Cəmiu-l-Bəyan”, 9/47-48.)
Cabir ibn Abdullahın (radiyallahu anhu) belə dediyi rəvayət olunmuşdur:
“Peyğəmbərlə (sallallahu aleyhi va əlihi va səlləm) birlikdə Buvat dağı döyüşündə gedirdik. Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) əl-Məcdi ibn Amr Cuhənini axtarırdı. Bir dəvəni bizdən olan beş, altı, yaxud yeddi kişi növbə ilə minirdi. Ənsardan olan bir kişinin dəvəni minmək növbəsi gəlib çatdı. O, dəvəni yerə yatıraraq üzərinə mindi və getməsi üçün başını buraxdı. Lakin dəvə yerindən tərpənmədi. (Bu zaman kişi dəvəyə) qışqıraraq “Allah sənə lənət etsin” - dedi. Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) dedi: “Dəvəsinə lənət edən kimdir?” (Kişi): “Mənəm, ey Allahın Rəsulu”. (Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) dedi: “Düş onun üstündən! Bizimlə lənət olunmuş dəvə ilə gəlmə. Özünüzə, övladlarınıza, mallarınıza bəd dua etməyin. Allahtəalanın istənilən duaya cavab verdiyi elə bir saat vardır ki, o saata müvafiq olarsınız və (Allah-təala) sizin bəd duanızı qəbul edər.” (Müslim, 7437.)
Hədisdən aydın olur ki, edilən bəd duanın qəbul olunmasına ehtimal vardır.
Həmçinin, Əbu Hureyrədən rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Üç qəbul olan dua vardır ki, onların qəbul olunmasına heç bir şəkk yoxdur: məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi bəd dua.” (əbu Davud, 1533, İbn Macə, 3862, Albani həsənləşdirmişdir. “əs-Sahihə”, 596)
Ona görə də müsəlman özünü övladları, mal-dövləti və.s üçün xeyir-bərəkət dualarına vərdiş etdirməli və qəzəbləndiyi zaman özünə, övladına, malına və s. bəd dua etməkdən çəkinməlidir.
Çünki etdiyi bəd dua qəbul olar və sonra da onun qəbul olmasına peşman olar. Halbuki, o özü bu bəd duanı etmişdir.
Tarix: 10.04.2013 / 21:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 179 Bölmə: Maraqlı melumatlar