Allah-təala Kəhf surəsində buyurur ki, Zülqərneyn Yer üzünü gəzərkən iki dağ arasındakı Yerə çatır və dilini çox çətinliklə başa düşdüyü bir tayfa ilə rastlaşır. Onlar Yəcuc və Məcucun etdikləri zülmdən və vurduqları zərərdən şikayət edib onları bu adamların fəsadlarından himayə etmək üçün arada sədd qurmalarını xahiş etdilər. İsgəndər onların istədiyini yerinə yetirdi:
«Nəhayət, (sədd salmış olduğu Azərbaycandakı, yaxud Türküstanda Yəcud-Məcüc tayfaları yaşayan ərazidəki) iki dağ arasına gəlib çatdıqda onların ön tərəfindən az qala söz anlamayan (yaxud danışıqları çox çətin başa düşülən) bir tayfa gördü. Onlar (tərcüməçi vasitəsilə) dedilər: "Ey Zülqərneyn! Yəcuc-Məcuc (tayfaları) bu ərazidə fitnə-fasad törədirlər. Bizimlə onlar arasında bir sədd çəkmək üçün sənə müəyyən məbləğ (yaxud xərac) versək olarmı?" O (Zülqərneyn) dedi: "Rəbbimin mənə verdiyi (qüdrət və sərvət sizin mənə verəcəyiniz məbləğdən) daha yaxşıdır. Gəlin öz qüvvənizlə (bənna, fəhlə, dülgər və s.) mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd düzəldim! Mənə dəmir parçaları gətirin!" (Onlar gətirdilər). O (Zülqərneyn) iki dağın arasını (dəmir parçaları ilə doldurub) bərabərləşdirən kimi: "(Körükləri) üfürün!" - dedi. (Onlar körükləri üfürdülər). (Zülqərneyn dəmiri) od halına salınca: "Mənə ərimiş mis gətirin, onun üstünə tökün!" dedi. (Dəmir və mis bir-birinə qarışdı, ərimiş mis divarın dəliklərini doldurdu və beləliklə, möhkəm bir sədd əmələ gəldi). (Yəcuc-Məcuc tayfaları) artıq nə (səddi) aşa bildilər, nə də onu dəlib keçə bildilər. O (Zülqərneyn) dedi: "Bu (sədd) Rəbbimdən bəxş edilən bir mərhəmətdir. Rəbbimin təyin etdiyi vaxt (qiyamətə yaxın Yəcuc-Məcüc tayfalarının dünyanı bürüyəcəyi zaman) gəldikdə isə (Allah) onu yerlə yeksan (dümdüz) edəcəkdir. Rəbbimin və’di haqdır!". O gün (həddindən artıq çox olduqlarına görə) onları (yaxud bütün insanları başlı-başına) buraxarıq. Belə ki, onlar dalğalar kimi bir-birinə qarışarlar (heyrət onları bürüyər, özlərini itirib nə etdiklərini bilməzlər). Sur çalınan kimi onların (məxluqatın) hamısını bir yerə cəm edərik». (əl-Kəhf, 93-99).
Yəcuc və Məcuc çox saylı iki millətdir. Onlar Adəm (Ona salam olsun!) övladlarıdır. Hər iki səhih əsərlərində bu hədis verilir: "Allah təala Qiyamət günü deyir: "Ey Adəm!". Adəm deyir: "Sənin hüzurundayam, ya Rəbb!". Təala buyurur: "Cəhənnəmə heyətlər göndərirəm". Adəm soruşur: "Cəhənnəm heyətləri nədir?". Təala buyurur: "Hər min nəfərdən doqquz yüz doxsan doqquzu oda, biri isə cənnətə gedəcəkdir. Bu zaman kiçik böyüyəcək, doğulası hər kəs doğulacaqdır. Aranızda Yəcuc və Məcuc adlı iki millət vardır. Onlar yalnız sayca çoxdurlar".(Əl-Buxari «Səhih», 6/382, Hakim «Müsnədrək» 4/490)
Haqq təbarəkə və təala buyurur ki, Zülqərneynin düzəltdiyi sədd onların öz torpaqlarından xaric olmasına mane oldu: «(Yəcuc-Məcuc tayfaları) artıq nə (səddi) aşa bildilər, nə də onu dəlib keçə bildilər». (əl-Kəhf, 97). Bu sədd axır zamana qədər Allahın vədi yetişən günədək davam edəcəkdir. Bu zaman xaric olmaq icazəsi verilir, səddi aşıb insanlar arasına çıxırlar: «Rəbbimin təyin etdiyi vaxt (qiyamətə yaxın Yəcuc-Məcüc tayfalarının dünyanı bürüyəcəyi zaman) gəldikdə isə (Allah) onu yerlə yeksan (dümdüz) edəcəkdir. Rəbbimin və’di haqdır!". O gün (həddindən artıq çox olduqlarına görə) onları (yaxud bütün insanları başlı-başına) buraxarıq. Belə ki, onlar dalğalar kimi bir-birinə qarışarlar (heyrət onları bürüyər, özlərini itirib nə etdiklərini bilməzlər)». (əl-Kəhf, 99). Qiyamət günü yaxınlaşanda Sur çalınır: «Sur çalınan kimi onların (məxluqatın) hamısını bir yerə cəm edərik» (əl-Kəhf, 99). Başqa bir yerdə Haqq təala bildirir ki, səddə yol açılacaq və onlar oradan keçəcəklər: «Nəhayət, Yəcuc-Məcuc (səddinin) açılıb (dağılıb) onlar hər tərəfdən (alçaq və yüksək təpələrdən) sürətlə (məhşərə) axışdıqları zaman, Doğru vəd (qiyamət günü) yaxınlaşdıqda kafir olanların gözləri (dəhşətdən) dərhal bərəlib: "Vay halımıza! Biz (dünyada) bundan qafil idik. Xeyr, biz zalım olmuşuq (peyğəmbərlərin dediklərinə inanmamaqla zülm etmişik)!" – deyərlər». (əl-Ənbiya, 96-97). Bu axır zamanda baş verəcəkdir. Yəni Yer üzündə fitnə-fəsad törətməyə çalışacaqlar.
Yəcuc və Məcucun meydana gəlməsi belə təsvir edilir.
Peyğəmbər bildirir ki, onun dövründə Yəcuc və Məcuc bəndində balaca bir deşik açılacaqdır. Bu deşik halqa şəklində, baş barmağı boyda və ya ondan bir qədər böyük olacaqdır. İmam əl-Buxarinin "Səhih"ində Cəhş qızı Zeynəbə istinadən deyilir: "Rəsulullah (sav) bir gün onun yanına gəlib çox narahat bir halda deyir: "Lə ilahə illəllah, vay ərəblərin halına, şər yaxınlaşır. Yəcuc və Məcuc bəndində bu boyda deşik açılmışdır". Baş barmağı ilə işarə barmağını bir həlqə şəklində birləşdirir. Zeynəb deyir: "Mən dedim: "Ya Rəsulullah! Bizim aramızda əməli salehlər də vardır, biz hamımız həlak olacağıq?". O dedi: "Bəli, əgər xəbislik artarsa!".
(əl-Buxari "Səhih". Fitnələr kitabı.Yəcuc və Məcuc.»Fəth əl-Bari», 13/106 və 6/381,«Səhih»Müslim, 18/2-4)
Onların meydana gəlməsi, İsa bin Məryəm qayıdıb Dəccalı məğlub edəndən sonraya təsadüf edir. Müslimin "Səhih"ində ən-Nəvvas bin Səmandan verilən uzun bir hədisdə deyilir: "Peyğəmbər demişdir: "...Sonra Məryəm oğlu İsanın yanına Allahın Dəccaldan himayə etmiş olduğu bir tayfa gəlir. İsa onların üzünə əl sürtür, onlar isə Cənnətdə öz dərəcələrindən danışırlar: Allah təala İsaya vəhy edərək bildirir ki, Öz bəndələrimi üzə çıxartmışam, biri ilə döyüşmək gücündə deyillər. Onlar dağlara qalxmışlar. Allah Yəcuc və Məcucu göndərir. Onlar təpələri aşıb gəlirlər. Onların ilk dəstələri şirin sulu Təbəriyyə gölünə çatırlar. Onlar İsa və onun əshablarını mühasirəyə alırlar. Bu vaxt bir baş öküzün qiyməti sizin yüz dinarınızdan daha yaxşı olur. Allah peyğəmbəri İsa və onun əshablarının yalvarışı ilə Allah təala onların boynuna qurd salır və onlar zəifləyirlər. Yer üzündə elə bir yer olmur ki, bu tayfaların piyinin iyi oranı bürüməsin. İsa və əshablarının yalvarışı ilə Allah uzun boyunlu bir quş göndərir. Onlar bu quşa minib Allahın istədiyi yerə gedə bilirlər. Sonra Allah yağış göndərir, Yer təmizlənir. Yer üzü qadın kimi tər-təmiz olur...".(Müslim "Səhih". Fitnələr kitabı. Dəccalın zikri fəsli. 18/50-57, hədis: 2937)
Müslim bu hədisdən sonra yazır: "Əli bin Xucr əs-Sədi Abdulla bin Əbdürrəhman bin Yəzid bin Cabir və əl-Valid bin Müslimə istinad edərək bu rəvayəti danışır: Yuxarıda göstərilən hədisdə "Buranın suyu acı idi" sözlərindən sonra bunlar gəlir: "Onlar yollarına davam edib sıx ağaclı bir Xəmər dağına gəlib çıxırlar. Bu dağ Qüdsün yaxınlığındadır. Onlar deyirlər: "Yer üzündə olanları qətlə yetirdik. Gəlin indi səmada olanları öldürək. Öz oxlarını səmaya atırlar. Allah onların oxlarını qana batmış şəkildə geri qaytarır".İbn Hucrin rəvayətində, həmçinin, deyilir: "Mən öz bəndələrimi nazil etmişəm. Onlarla vuruşmağa heç kəs qadir deyildir".(Müslim. "Səhih". Fitnələr kitabı. Dəccalın zikri fəsli: 18/57, hədis: 2937)
Onlarla vuruşmağa heç kəsin qadir olmamasının səbəbi çoxsaylı olmalarıdır. Onların sayca çoxluğuna dəlalət budur ki, müsəlmanlar onları məhv etdikdən sonra yeddi il ərzində onların silahlarını yandırırlar. Ət-Tirmizinin «Sünən» əsərində yuxarıdakı rəvayətdə Müslimə istinadla deyilir: "Müsəlmanlar onların oxlarını, nizələrini və başqa silahlarını yeddi il ərzində yandırıb qurtaracaqlar". Bunu İbn Macə öz «Sünən» əsərində rəvayət etmişdir.(«Silsilət əl-Əhadis əs-səhihə», 4/579, hədis: 1940.)
Bu və bunlara oxşar başqa hədislər göstərir ki, bombalar və raketlərdən ibarət nəhəng qüvvə yaratmış bu nəhəng mədəniyyət bir gün məhv olub gedəcəkdir. Çox güman ki, bu mədəniyyət özü-özünü məhv edəcəkdir. Bəşəriyyət yenidən at üstündə, nizə, ox və başqa bu kimi silahlar işlətməklə müharibələr dövrünə qayıdacaqdır.
Ət-Tirmizinin və İbn Macənin «Sünən», İbn Hibbanın "Səhih", əl-Hakimin "Müstədrək" və Əhmədin "Müsnəd" əsərlərində Əbu Hü¬reyrədən bu hədis verilir: "Rəsulullah (sav) demişdir: "Yəcuc və Məcuc hər gün (səddi) qazırlar. Bu işi bir balaca günəş şüası görünənə qədər davam etdirərlər. Onların başçısı deyər: "Sabah qayıdıb yenə qazarıq!". Allah təala qazılmış yeri daha möhkəm bir şəkildə örtər. Nəhayət, onların vaxtı çatanda, Allah onları insanlar arasına göndərmək istəyəndə yenə qazıyırlar. Bu işi günəş şüası görünənə qədər davam etdirirlər. Onların başçıları deyir: "İnşaallah, Təala sabah qayıdıb yenə qazıyarıq!" Səhərisi onlar qazıntı yerinə qayıdanda görürlər ki, buranı dünən necə qoymuşdularsa, eləcə də qalmışdır. Oranı qazıyırlar və bundan sonra adamlar arasına çıxırlar. Suları qurudurlar. İnsanlar onlardan qalalarda özlərini qoruyurlar. Onlar öz oxlarını göyə atırlar. Oxlar onlara qana bulaşmış şəkildə qayıdır. Onlar deyirlər: "Yer üzünün sakinlərini məğlub etdik. İndi də Səma sakinlərinə üstün gələk. Allah onların boyunlarının ardına qurd göndərir. Bu qurd onları məhv edir, öldürür. Rəsulullah deyir: "Allaha and olsun, Yer üzünün heyvanları kökəlir. Öz ətlərinə görə şükr edirlər".
(Silsilət əl-Əhadis əs-səhihə», 4/313, hədis: 1735. Əl-Hakim deyib ki, səhih hədisdir. Əz-Zəhəbi və əl-Əlbani bu fikrə müvafiqdirlər.)
İbn Macənin «Sünən», İbn Hibbanın "Səhih", əl-Hakimin "Müstədrək" və Əhmədin "Müsnəd" əsərlərində Əbu Səid əl-Xudridən bu hədis verilir: "Mən Peyğəmbərdən (sav) eşitmişəm: "Yəcuc və Məcucun yolu açılır, onlar insanların arasına çıxırlar. Allah təala bu barədə buyurur: "Bütün təpələrdən axışıb gəlirlər (əl-Ənbiya: 36) və Yer üzünü basırlar. Müsəlmanlar onlardan qorunmaq üçün qaçırlar. Ev heyvanlarını da özləri ilə götürürlər. Yəcuc və Məcuc Yer üzünün bütün sularını içirlər. Hətta onlardan bəziləri çaydan keçəndə suyunu içib onu qurudurlar. Onlardan sonra bu çaydan keçənlər deyirlər: Buranın suyu acı idi. Şəhərlərə və qalalara sığınanlardan başqa Yer üzündə heç kəs qalmır. Onlar deyirlər ki, biz Yer sakinlərini qırıb qurtardıq. Qalıb səma sakinləri. Bundan sonra onlardan biri nizəsini səmaya çevirib hədələyərək onu atır. Nizə qana bulaşmış şəkildə bəla və fitnəyə cavab olaraq geri qayıdır. Onlar bu əməllərini davam etdirirlər. Allah təala çəyirtkəyə bənzər bir qurd göndərib onların boyunlarında otuzdurur. Onlar heç nə hiss etmədən həlak olurlar. Müsəlmanlar deyirlər: "Bir adam cürət edib bu düşmənin nələr etdiyinə baxmazmı?". Onlardan biri cürət edib bayıra çıxır. Hamı elə bilir ki, o da həlak oldu. Kişi baxıb görür ki, düşmənlər qətlə yetirilibdir, bir-birinin üstünə sərilib qalmışlar. O qışqırır: "Ey müsəlman mə"şəri! Muştuluq verin. Allah sizin düşməninizi məhv etdi". Onlar öz şəhər və qalalarından çıxırlar, heyvanları çölə buraxırlar. Onların ümidi yalnız bu heyvanların ətinə olur. Çünki Yer üzündə daha başqa heç nə qalmır".(«Silsilət əl-Əhadis əs-səhihə», 4/402, hədis: 1793)
Bu mətnlər Yəcuc və Məcucun sayca çoxluğunu və heç bir millətin onlara qarşı dura bilmədiklərini aydın şəkildə sübuta yetirir.
Tarix: 04.05.2013 / 13:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 198 Bölmə: Maraqlı melumatlar