Allah təalənin Qurani Kərimdə buyurduğu: "Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin." (əl-Maidə: 38) ayəsi, buna ən gözəl misaldır. Ayədə oğru sözü əl sözü kimi mütləq (yəni, mahiyyəti açıqlanmamış) deyilmişdir. Lakin Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) oğru sözünü açıqlamış və demişdir: "Yalnız dinarın dörtdə birini və ya ondan artığını oğurlayanın əli kəsilir" (Buxari və Müslim).
Əlin kəsilmə həddini də Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) öz feli və ya hüzurunda baş verən əshabının feli ilə açıqlamışdır. Çünki onlar oğrunun əlini biləkdən kəsirdilər. Bu, hədis kitablarında qeyd edilmişdir. Həmçinin təyəmmüm ayəsində: "ondan üzünüzə və əllərinizə sürtün..." (əl-Maidə: 6) deyilən "əl" sözünü də Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) öz sözü ilə açıqlamış və buyurmuşdur: "Təyəmmüm, üzə və əllərin biləklərə qədər olan hissəsinə torpaqla məsh etməkdir" (Hədisi, Əhməd, Buxari, Müslim və digər alimlər Ammar İbn Yasirdən rəvayət ediblər).
Indi isə sizə, sünnəsiz düzgün başa düşülməsi mümkün olmayan, bəzi ayələri xatırladacağam.
1. Allah təalə buyurur: "İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!" (əl-Ənam: 82). Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) əshabı bu ayədə deyilən "zülm" sözünü ümumi mənada başa düşdüklərindən dolayı ayənin mənası onlara qaranlıq qaldı. Ona görə Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) yanına gəlib dedilər: Ey Allahın Elçisi! Bizlərdən kim öz imanını zülmə qarışdırmaz? Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) buyurdu: O zülm sizin başa düşdüyünüz zülm deyildir. Bu zülm şirkdir (Allaha şərik qoşmaqdır). Heç Loğmanın sözünü eşitməmisinizmi: "Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür!” (Loğman: 13) (Hədisi Buxari, Müslim və digərləri rəvayət etmişdir).
2. Allah təalə buyurur: "Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq (dörd rəkətli namazı iki rəkət qılmaq) sizə günah hesab edilməz. Həqiqətən kafirlər sizinlə açıq düşməndirlər." (ən-Nisa: 101). Ayənin zahiri mənasına görə səfər namazı yalnız qorxu hallarında qılınır. Ona görə də bəzi səhabələr Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) soruşdular: Biz ki, əmin-amanlıqdayıq, nə üçün namazı qısaldaq? Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) buyurdu: "Bu (namazı qısaltmaq) Allahın sizə verdiyi sədəqədir. Siz də Allahın sədəqəsini qəbul edin" (Müslim).
3. Allah təalə buyurur: "Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan,... sizə haram edildi..." (əl-Maidə: 3). Lakin sünnə bəyan etmişdir ki, balığın və çəyirtkənin ölüsü, tərkibi qan olan dalaq və qara ciyər də bizlərə halaldır. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) buyurur: "Bizə iki ölü: çəyirtkə ilə (bütün növ) balıq ölüsü, iki qan: dalaq ilə qara ciyər, halal edildi." (Beyhəqi və digər alimlər rəvayət etmişlər. Hədis səhihdir).
4. Allah təalə buyurur: "(Ya Rəsulum!) De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm..." (əl-Ənam: 145). Sünnə isə ayədə deyilməyən bəzi yeməkləri də haram etmişdir. Məsələn, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Hər bir yırtıcı dışləri olan heyvan və hər bir caynaqları olan quş haramdır". Bu haqda digər hədislər də mövcuddur. Həmçinin Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) Xeybər qalasını fəth edən günü demişdir: "Həqiqətən Allah təalə və Onun elçisi ev eşşəklərini sizlərə haram edir. Həqiqətən o murdardır" (Buxari və Müslim).
5. Allah təalə buyurur: "(Ya Peyğəmbərim!) De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?”..." (əl-Əraf: 32). Yenə də sünnə bəzi zinətlərin haram olmasını açıqlamışdır. Bir gün Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) öz səhabələrinin yanına gəldi. Onun bir əlində ipək, digərində isə qızıl var idi. O dedi: "Bu iki şey mənim ümmətimin kişilərinə haram, qadınlarına isə halaldır!" (Hakim rəvayət edib və hədisin səhih olduğunu bildirib). Bu haqda Buxari və Müslimin səhih kitablarında misallar çoxdur.
Əziz müsəlman qardaşlarım, dediyimiz misallarda sünnənin islam şəriətində necə mühüm rol oynaması açıq-aşkar görsənir. Biz, dediyimiz bu misallara nəzər salsaq görərik ki, sünnəsiz Quranı düzgün anlamaq mümkün deyildir. Mən hələ digər misallardan danışmıram.
Indi isə keçən misallara nəzər salaq:
Birinci misalda səhabələr ayədə deyilən "zülm" sözünü zahiri mənasına görə başa düşmüşdülər. Baxmayaraq ki, səhabələr İbn Məsudun dediyi kimi: "Səhabələr bu ümmətin ən fəzilətli, təmiz qəlbli, dərin elmli və az günah daşıyanları idilər". Lakin buna baxmayaraq onlar ayəni düzgün başa düşmədilər.
Əgər Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) onların bu səhvini düzəltməsəydi və həmin zülmün şirk olduğunu açıqlamasaydı, biz də eyni səhvi edəcəydik. Lakin Allah təalə öz lütfü və Peyğəmbərinin (Ona Allahın salavatı və salamı olsun) sünnəsi ilə bizi bu xətadan qorudu.
Ikinci misalda deyilən hədis olmasaydı onda biz də, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) səhabələrinin səfər zamanı əmin-əmanlığa çıxdıqda namazı qısaltmaq barəsində şübhə etdikləri kimi, şübhə edəcəydik. Baxmayaraq ki, səfər namazının qılınması üçün əminəmanlıq və ya qorxu şərt deyildir.
Üçüncü misalda deyilən hədis olmasaydı bizə halal olan çəyirtkə ilə balıq ölüsü, qara ciyər və dalaq kimi nemətlərdən məhrum olacaydıq.
Dördüncü misalda deyilən hədis olmasaydı onda biz Allahın bizlər üçün haram etdiyi, yırtıcı dişli heyvanları və caynaqlı quşları halal edəcəydik.
Beçinci misalda deyilən hədis olmasaydı onda biz Allahın Öz Peyğəmbərinin (Ona Allahın salavatı və salamı olsun) dili ilə kişilərə haram buyurduğu ipək və qızılı halal edəcəydik.
Bu baxımdan bəzi sələfilər demişlər: "Qurana sünnə ilə hökm verilir".
Şeyx Məhəmməd Nasirəddin əl-Əlbani
Tarix: 17.04.2013 / 16:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 154 Bölmə: Maraqlı melumatlar