Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Möminlərin əmiri Osman ibn Əffanın Xilafəti (Hicri 23-35)

Osman ibn Əffanın (r.a) xilafətə gəlməsi

Şura hadisəsi:
Ömərə (r.a) xəsarət yetiriləndə o, xilafəti altı nəfərə həvalə etdi. Onlar, Osman ibn Əffan, Əli ibn Əbu Talib, Talha ibn Ubeydullah, Zubeyr ibn əl-Əvvam, Əbdürrəhman ibn Auf və Səd ibn Əbu Vaqqas (Allah onlardan razı olsun) idilər. Şura hadisəsini İmam Buxari "Səhih" adlı kitabında rəvayət etmişdir. Bu rəvayətlə biz həqiqi tarixin itmədiyinə bir daha əmin oluruq. Buxari bizim üçün iki önəmli hadisəni rəvayət etmişdir. Biz "Tarixi mütləq dəqiqləşdirmək lazımdır" – deyərkən, yanılmamışıq. Allaha həmd olsun ki, bu kimi əhəmiyyətli tarixi hadisələri dəqiqləşdirmək və bu haqda doğru rəvayətlər tapmaq mümkündür.
Buxari Ömərin (r.a) qətli haqda uzun bir rəvayət qeyd etmişdir. Rəvayətin bir hissəsində deyilir: "Ömərə (r.a) dedilər: "Ey Möminlərin əmiri! Vəsiyyətini de, bir xəlifə təyin et!" Ömər (r.a) dedi: "Mən bu işə Peyğəmbər (s.a.v) ölərkən razı qaldığı bu insanlardan daha layiq olanını görmürəm". Sonra onların adlarını qeyd edərək dedi: "Onlar Osman, Əli, Talha, Zubeyr, Səd və Əbdürrəhman ibn Aufdur".
Sonra Ömər (r.a) dedi: "Abdullah ibn Ömər (r.anhuma) sizin bu işinizi yalnız müşahidə edəcəkdir. Rəhbərlikdən ona heç bir pay yoxdur. Əgər rəhbərlik Sədə verilsə, qoy onun da olsun. Əgər rəhbər olmasa, siz onu hansısa işə təyin edə bilərsiniz. Mən onu aciz və ya xain olduğu üçün vəzifəsindən uzaqlaşdırmamışdım".
Adları çəkilən səhabələr bir yerə toplaşıb məşvərət etdilər. Əbdürrəhman (r.a) dedi: "Gəlin aramızdan üç nəfər bu işi istədiyinə həvalə etsin".
Zubeyr (r.a) dedi: "Mən yerimi Əliyə (r.a) verirəm" ( Bu rəvayət həqiqəti bizə açıq-aşkar göstərir ki, Zubeyr ibn əl-Əvvam (r.a) Əliyə (r.a) nifrət edən kimsələrdən deyildi. Necə ona nifrət edərdi ki, o, onun Səfiyyə adlı bibisinin oğlu idi. Həmçinin rəvayətdən də görsəndiyi kimi Zubeyr (r.a) onu xəlifəliyə namizəd kimi təqdim etmişdir.)
Talha (r.a) dedi: "Mən də yerimi Osmana (r.a) verirəm".
Səd (r.a) dedi: "Mən isə yerimi Əbdürrəhman ibn Aufə (r.a) verirəm".

Beləliklə, üç nəfər işi digərinə həvalə etdi və şurada üç nəfər: Osman ibn Əffan , Əli ibn Əbu Talib və Əbdürrəhman ibn Auf– qaldı.
Əbdürrəhman (r.a) dedi: "Sizin ikinizdən biriniz bu işdən imtina etsə, elə ona da xəlifəliyi verəcəyik. Öz nəfsinizə baxın və hansınız daha üstündürsə, Allahını və dinini düşünüb qərar versin! Belə dedikdə Osman (r.a) və Əlidən (r.a) bir səs çıxmadı.
Əbdürrəhman ibn Auf dedi: "Onu mənəmi həvalə edirsiniz?! Allaha and olsun! Mən daha üstün olanınızdan yan keçməyəcəm."
Hər ikisi buna razılıq verdilər. Əbdürrəhman (r.a) Əlinin (r.a) əlindən tutub dedi: "Sənin Peyğəmbərlə )s.a.v) qohumluğun var, eyni zamanda İslamı ilk qəbul edənlərdənsən. Səni Allaha and verirəm! Əgər xilafəti sənə həvalə etsəm ədalətli olacaq, yox əgər Osmana həvalə etsəm, onda ona qulaq asıb itaət edəcəksən!"
Sonra Osmana yaxınlaşaraq eyni sözlərlə ona da müraciət etdi.
Hər ikisindən söz aldıqdan sonra dedi: "Ey Osman, əlini qaldır. Osman (r.a)əlini qaldırdı, ilk olaraq Əbdürrəhman , sonra Əli (r.a) ,sonra şura üzvləri ona beyət etdilər.( Səhih əl-Buxari: Kitab fədailus səhabə, Bab qissətul beyət, ? 3700.)
Bu, Buxarinin "Səhih" kitabında Osmanın (r.a)xəlifəliyinə beyəti əks etdirən rəvayətdir.
Bu haqda Buxarinin "Səhih" kitabında digər təfsilatlı rəvayətlər də mövcuddur. Məsələn, rəvayətlərin birində deyilir ki, Əbdürrəhman ibn Auf (r.a) üç gün ərzində mühacir və ənsarların hamısının evlərini gəzərək onlardan kimin xəlifə olması haqda soruşurdu. Əbdürrəhmanın (r.a) belə dediyi rəvayət olunur: "Allaha and olsun! Mühacir və ənsarların evlərini bir-bir gəzərək bu haqda onlardan soruşmuşam. Onlar, Osman (r.a) olan yerdə başqasını məsləhət görmədilər".
(Səhih əl-Buxari: Kitabul əhkam, Bab keyfə yubayiul imam ən-nasə, ? 7207.)
Bu onu göstərir ki, Osmana (r.a) olan beyət bir gündə həyata keçməmişdir. Əksinə, Əbdürrəhman (r.a) Osman (r.a) və Əlidən )r.a) aldıqdan sonra üç gün bu haqda araşdırma aparmış, sonra Osmanı (r.a) seçmişdir.
Çox kədərli haldır ki, səhabələrin həyatları haqda söhbət açan müasir tarix kitabları Buxarinin rəvayətindən üz çevirir, Təbərinin "Tarix" kitabındakı Əbu Mixnəf adlı rəvayətçinin uydurma rəvayətini qeyd edirlər. Əbu Mixnəfin sözügedən rəvayətində deyilir:

Ömər ibn əl-Xəttaba (r.a) xəsarət yetirildikdə ona dedilər: "Ey Möminlərin əmiri, özündən sonra xəlifə təyin et!"

Ömər (r.a) dedi: "Kimi təyin edim? Əgər Əbu Ubeydə ibn əl-Cərrah (r.a) sağ olsaydı, onu xəlifə təyin edərdim. Əgər Rəbbim məndən (nə üçün Əbu Ubeydəni seçdin deyə) soruşsa, belə deyərdim: "Sənin Peyğəmbərinin (s.a.v) belə dediyini eşitmişəm ki, o (Əbu Ubeydə), bu ümmətin əminidir. Həmçinin, Əbu Huzeyfənin dostu Salim sağ olsaydı onu təyin edərdim. Əgər Rəbbim məndən "Nə üçün Salimi seçdin?" – deyə soruşsa, deyərdim: "Sənin Peyğəmbərinin (s.a.v) belə dediyini eşitmişəm ki, Salim Allahı çox sevirdi". Bu zaman bir nəfər dedi: "Mən bilirəm kimi, Abdullah ibn Öməri (r.a) təyin etməlisən." Ömər (r.a) dedi: "Allah səni öldürsün! Mən belə qərarla Allahın qarşısına çıxmaq istəmirəm. Vay sənin halına! Bizim sizin işlərinizə bir qarışacağımız yoxdur. Mən bu işin tərifəlayiq olduğunu deməmişəm ki, indi də ailəmdən kimisə xəlifə təyin edim. Əgər bu xeyirli olmuşsa, bizim ailə artıq bunu görmüşdür. Yox əgər ziyanlı olmuşsa, o da bizdən uzaqdır. Ömərin (r.a) ailəsindən bir nəfərin Məhəmməd ümmətinin idarəçiliyi haqda mühakimə edilməsi yetərlidir. Mən ailəmdən məhrum olub gecə-gündüz çalışmışam. Əgər mən hesabımı başabaş bitirsəm, xöşbəxtlərdən olaram. Əgər mən xəlifə təyin etsəm, məndən xeyirli olan (yəni, Əbu Bəkr) artıq xəlifə təyin etmişdi. Yox əgər təyin etməsəm, məndən xeyirli olan (yəni, Peyğəmbər (s.a.v) ) da xəlifə təyin etməmişdi. Allah öz dinini başsız qoyan deyildir!"
Onlar oradan çıxıb getdilər və sonra qayıdıb dedilər: "Ey möminlərin əmiri, heç olmasa kiməsə bir əhd ver".
Ömər (r.a) dedi: "Mən sizinlə keçən dəfə söhbət etdikdən sonra, sizi doğru yolda apara biləcək bir nəfəri (bu zaman Əliyə işarə etdi) təyin etməyi düşünürdüm. Bu anda huşumu itirdim və gördüm ki, bir nəfər özü əkdiyi bağçaya daxil oldu. O, əlinə keçən yetişmiş-yetişməmiş meyvələri dərərək bir yerə toplayırdı. Bundan sonra bildim ki, Ömər (r.a) vəfat edir və artıq Allah bu iş (yəni, kimin xəlifəliyə layiq olduğu) haqda Öz hökmünü vermişdir. Ona görə mən nə sağ olanda, nə də öləndən sonra bu işin məsuliyyətini daşımaq istəmirəm. Mən sizə Peyğəmbərin (s.a.v) Cənnətlə müjdələdiyi bu insanları tövsiyə edirəm. Mən onlardan deyiləm, amma Səid ibn Zeyd ibn Amr ibn Nufeyl onlardandır. Digər altı nəfər isə bunlardır: İbn Əbdu Manaf oğulları olan Əli və Osman, Peyğəmbərin (s.a.v) dayıları Əbdürrəhman və Səd, köməkçisi və bibisi oğlu Zubeyr ibn əl-Əvvam, Talhatul Xeyr kimi tanınan Talha ibn Ubeydullah. Qoy onlar bir nəfəri seçsinlər. Əgər kimisə seçsələr, siz də ona dayaq olun! Sizlərdən kiməsə bir iş tapşırsa, onu layiqincə yerinə yetirsin".
Onlar Ömərin (s.a.v) yanından çıxdıqda Abbas (r.a) Əliyə (r.a) dedi: "Sən onlarla bir vaxtda daxil olma!"
Əli (r.a) dedi: "Mən ixtilaf xoşlamıram."
Abbas (r.a) dedi: "O zaman xoşlamadığınla rastlaşacaqsan."
Səhərisi gün Ömər (r.a) Əlini (r.a), Osmanı(r.a) , Sədi(r.a) , Əbdürrəhman ibn Aufu (r.a) və Zubeyr ibn əl-Əvvamı (r.a) yanına çağırıb dedi: "Mən sizi camaatın rəhbəri və idarəçisi görüb sizi seçdim. Ona görə də bu idarəçilik yalnız sizdə qalmalıdır. Peyğəmbər (s.av) sizdən razı halda ruhunu tapşırdı. Əgər siz doğru yol seçsəniz, insanların sizə bir təhlükə törədəcəyinə dair qorxum yoxdur. Lakin mən qorxuram ki, siz öz aranızda ixtilaf edərsiniz və camaat da ixtilafa düşər. Gedin Aişənin (r.anha) icazəsilə onun evində müşavirə edin və aranızdan bir nəfəri seçin!"
Daha sonra Ömər(r.a) : "Aişənin (r.anha) evinə girməyin, sadəcə evin yaxınında dayanın!" – deyib başını yatağına qoydu. Artıq xeyli qan itirmişdi.
Onlar evə daxil olub mübahisə etməyə başladılar. Səs səsə qarışmışdı. Əbdürrəhman ibn Ömər (r.a) dedi: "Sübhənəllah, möminlərin əmiri hələ ölməyib, onu dinləyin!" Ömər (r.a) dedi: "Bu işdən əl çəkin! Mən öləndən sonra üç gün məşvərət edin, dördüncü gün isə mütləq bir nəfəri əmir təyin etməlisiniz. Bu müddət ərzində namazı camaata Suheyb (r.a) qıldırsın. Abdullah ibn Ömər (r.a) sizin məşvərətinizi müşahidə etsin. Lakin onun əmirlikdə heç bir payı yoxdur. Talha )r.a) da sizin bu işinizə şərikdir. Əgər üç gün ərzində camaat ona üstünlük verərsə, əmirliyi də ona verin! Əgər üç gün ərzində Talha (r.a) gəlib çatmazsa, siz öz əmirinizi seçin! Talhanı (r.a) razı salmağa kim zamin durar?" Səd ibn Əbu Vaqqas (r.a) dedi: "Mən zaminəm, inşallah narazı qalmaz". Ömər (r.a)dedi: "Mən də ümid edirəm ki, inşallah, narazı qalmaz".

Ömər (r.a) dedi: "Mənə elə gəlir ki, bu iş Əli (r.a) və Osmandan (r.a) yan keçən deyildir. Əgər Osman (r.a) olsa, o, nisbətən mülayim insandır. Əli (r.a) nolsa, o, gülərüz insandır və camaatı doğru yola aparmağa qadirdir. Əgər bu iş Sədə (r.a) verilsə, o, bunu bacarar. Əgər onu seçməsələr, xəlifə ondan istifadə etsin. Çünki mən onu xəyanət və zəiflik səbəbilə işdən azad etməmişəm. Əbdürrəhman ibn Auf (r.a) necə də gözəl rəy sahibidir. O, Allah tərəfindən qorunan dərrakəli insandır. Ona qulaq asın!"
Daha sonra Ömər (r.a) Əbu Talha əl-Ənsariyə dedi: "Ey Əbu Talha, izzət və cəlal sahibi Allah artıq sizinlə İslam dinini izzətləndirmişdir. Sən ənsarlardan əlli nəfər seç və bu dəstənin öz aralarından bir nəfəri əmir seçməsini tələb et!"
Sonra Miqdad ibn əl-Əsvədə dedi: "Məni qəbrimə qoyduqda, həmin insanları topla! Qoy aralarından bir nəfəri əmir seçsinlər".
Suheybə isə belə dedi: "Bu üç gün ərzində insanlara namazı sən qıldır! Əlini, Osmanı, Zubeyri, Sədi, Əbdürrəhmanı və səfərdən gələrsə, Talhanı da bir yerə topla. Abdullah ibn Öməri də oraya gətir, lakin ona əmirlikdən bir pay vermə! Onların başı üstündə dayan! Əgər beşi bir nəfərin əmir olmasına razılıq verib qalan biri narazı olsa, onun başını dağıt, yaxud qılıncla başını üz! Əgər dördü bir nəfərin əmir olmasına razılıq verib, qalan ikisi narazı olsa, qılıncla hər ikisinin başını üz! Əgər üçü bir nəfərin, digər üçü isə digər birinin əmirliyinə razılıq versələr, onda qoy Abdullah ibn Ömər onlara hakimlik etsin. O, hansı dəstəni seçsə, onlardan biri əmir olsun. Əgər Abdullah ibn Ömərin verdiyi hökm ilə razı olmasalar, onda Əbdürrəhman ibn Auf olan dəstəni seçin! Camaatla razılaşmayan dəstəni isə öldürün!" ( Tarixut Təbəri: 3/292.)

Sübhənəllah, necə ola bilər ki, Ömər )r.a) Osman, Əli, Talha, Zubeyr, Əbdürrəhman ibn Auf və Səd ibn Əbu Vaqqas kimi şərəfli səhabələrin qətlini halal görsün. Axı Ömər )r.a) özü deyirdi ki, Peyğəmbər (s.a.v) öləndə bu adamlardan razı idi. Elə bu məqam rəvayətin yalanını üzə çıxarır. Məgər kimsə cürət edib belə bir əmri yerinə yetirə bilərdimi?!
Bu onu göstərir ki, rəvayət uydurmadan başqa bir şey deyil.

Osman (r.a) xəlifəliyə daha haqlı idi:
Camaat Osmanı (r.a) seçib ona beyət etdilər. O, Əbu Bəkr (e.a) və Ömərdən (r.a) sonra Peyğəmbərin (s.a.v) ən əfzəl səhabəsi idi. İbn Ömər (r.a) rəvayətində deyir: "Biz səhabələr, Peyğəmbərdən (s.a.v) sonra, birinci Əbu Bəkrlə, ikinci Ömərlə, sonra isə Osmanla heç bir kimsəni tay tutmurduq. Peyğəmbərin (s.a.v) digər səhabələri arasında isə fərq qoymurduq."
(Səhih əl-Buxari": Kitab fədailus səhabə, Bab mənaqib Osman, ? 3697.)
Təbəraninin nəql etdiyi rəvayətdə İbn Ömər (r.a) deyir: "Peyğəmbər (s.a.v) bizim belə dediyimizi eşidir və buna etiraz etmirdi".
(Mucəm ət-Təbərani əl-Kəbir": 12, ? 13132. Xəllal "əs-Sünnə":, səh 398. İbn Əbi Asim "əs-Sünnə", 553. Albani hədisin sənədinin "səhih" (mötəbər) olduğunu demişdir.)

Abdullah ibn Məsud (r.a) Osmana (e.a) edilən beyət haqda belə demişdi: "Biz aramızda ən yüksəyimizi əmir seçdik". (Xəllal "əs-Sünnə", səh 320. )
Əyyub ibn Təmim əs-Sixtiyani, Əhməd ibn Hənbəl və Darəqutni kimi alimlər belə demişlər: "Kim Əlinin Osmandan üstün olduğunu deyərsə, mühacir və ənsarları təhqir edər".

Alimlərə bu sözü deməyə əsas verən amil Əbdürrəhman ibn Aufun (r.a) bu sözləridir: "...Elə bir mühacir və ənsar qapısı qalmadı ki, onu döyməyim. Onlar Osman (r.a) olan yerdə başqasını məsləhət görmədilər. Hamı Osmanın (r.a)bu işə daha layiqli olmasını deyirdi".

Osmana )r.a) hamılıqla beyət edildi. İmam Əhməd ibn Hənbəl deyir: "Camaat arasında Osman (r.a) qədər səs toplayan ikinci bir şəxs yox idi. Hamı onun xəlifəliyinə razı idi."
(Xəllal "əs-Sünnə", səh 320.)

Əhli Sünnə və camaatın əqidəsinə əsasən kim Əlini Əbu Bəkr və Ömərdən üstün tutarsa, o adam yolunu azmış bidətçidir. Kim Əlini Osmandan üstün sayarsa, xəta edər, lakin onun bidətçi olduğunu və zəlalətə uğradığını söyləmək doğru deyil. Bir çox alimlər "Səhabələr yekdilliklə Əlini (r.a) deyil, Osmanı (r.a) xəlifə seçdikləri halda, kimsə Əlini Osmandan üstün tutarsa, artıq Peyğəmbərin (s.a.v) səhabələrinin əmanətə xəyanət etmələrini iddia etmiş olar" – fikrini səsləndirmişlər. Əlini (r.a) Osmandan (r.a) üstün tutanlara qarşı alimlərin belə sərt danışmasına baxmayaraq, abzasın əvvəlində deyilənlər Əhli Sünnə və Camaatın əqidəsidir. (Xəllal "əs-Sünnə", səh 378, 392.)


Tarix: 04.05.2013 / 12:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 194 Bölmə: Maraqlı melumatlar
loading...