Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DOĞRU, VİCDANLI, QƏRƏZSİZ DÜŞÜNMƏYƏ MANE OLAN AMİLLƏR

DOĞRU, VİCDANLI, QƏRƏZSİZ DÜŞÜNMƏYƏ MANE OLAN AMİLLƏR

Düşünmə qabiliyyətimizə əngəl törədən bir neçə maneələr mövcuddur. Bu maneələr insanların yanlış anladıqları məsələləri düzgün anlamasında, təhlil etməsində, xətalarını düzəltməsində onlara mane olur. Quran və islam dininin təlimlərini uyğun, münasib şəkildə anlamaqda bunlar ən mühüm maneələri təşkil edir və insanı elmi, texnoloji və mədəni tərəqqidən geri qoyur. Bunlar aşağıdakılardır:

KOR-KORANƏ TƏQLİD

Aydın, saf, qərəzsiz, vicdanlı düşüncə qarşısında ən böyük maneələrdən biri kor-koranə təqliddir. Dahi fəqih İbn Abd-əl Bərr kor-koranə təqlid edən kəsin alim hesab edilmədiyi barədə alimlər arasında yekdil rəyin olduğunu bildirmişdir. O digər fəqihlərin kor-koranə təqlidinə islam fiqhinin dar çərçivəsində yanaşmışdır.

Təfəkkür, həyat və imanın geniş aspekti nöqteyi-nəzərindən digərlərinin kor-koranə təqlid etməsinə gəldikdə, Məkkədə müşriklərin islamı qəbul etməkdən imtina etmələrinin başlıca səbəbi məhz bu idi. Allah təala buyurur:“Onlara (bütpərəstlərə) : “Allahın göndərdiyinə (Qurana) tabe olun!” –deyildiyi zaman, onlar: “BİZ ANCAQ ATALARIMIZIN GETDİYİ YOLLA GEDƏCƏYİK!” –deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? (Yenədəmi onlara tabe olacaqlar?) (Bəqərə 2:170).

Atalarından, babalarından və yaxud digər mənbələrdən daxil olan məlumatların, çağırışların, dəvətlərin analiz edilmədən kor-koranə qəbul edilməsi insanın əqli qabiliyyətlərinə tamamilə göz bağlaması deməkdir və buna bərabərdir. Bu cür yanaşma, münasibət öz növbəsində məsələləri analiz edərkən insanın ağıl nemətinə zidd olan bir yanaşmadır ki, insanın hidayətə (doğru yola) gəlməsinə, islah olunmasına və yaxud inkişafına artıq heç bir ümid yeri qoymur.


İCTİMAİ TƏZYİQ
Cəmiyyətin təsiri və “qrup rəyi (camaatın rəyi)”nin bütün gücünü sərf edərək elmsiz, dəlilsiz ortaya qoyduğu düşüncə təzyiqi, düzgün, saf düşüncə qarşısında maneələrdən biridir. Ona görə də, Allah və Onun rəsulu sallallahu aleyhi və səlləm insanları bu təzyiqdən xilas etmək, qurtarmaq üçün Məkkə müşriklərinə müraciət edərək onları nazil olan vəhy barəsində vicdanla düşünməyə çağırır. Allah təala buyurur: “Ya Peyğəmbər! Bu müşriklərə) de: “Mən sizə ancaq bir öyüd verəcəyəm. Allah xatirinə (məni dinlədikdən sonra məclisimdən) iki-iki, bir-bir durun (durub gedin), sonra da bir dərindən düşünün, (görəcəksiniz ki) sizin yoldaşınızda (Muhəmməd əleyhissəlamda) heç bir divanəlik əsəri yoxdur. O yalnız qarşıdakı şiddətli əzabla (düçar olacağınız axirət əzabı ilə) sizi qorxudan (xəbərdar edən) bir peyğəmbərdir!” (Səba 34:46).

Yuxarıda qeyd olunanların səbəbi budur ki, insanlar tək və yaxud cüt qaldıqda, özlərinə (ağıllarına) qarşı daha vicdanlı davranır və camaat içində müdafiə etdikləri, əsassız, uydurma bəhanələrindən daha da uzaqlaşmağa meyl edirlər. Sözügedən maneələr insanlar ilə danışıqda, məsələlərin həqiqətini ortaya çıxarmaq üçün edilən müzakirələrdə və əşyaların həqiqətini etiraf etməkdə onlar üçün maneə təşkil edir.

Allah təala Qurani Kərimdə bu barədə buyurur: “Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır”.(Əl-Mutəffifin, 83:14).

Allah təala həmçinin bizə buyurur: “(Ya Peyğəmbər!) Onlar deyərlər: “Sənin bizi dəvət etdiyinə (tövhid dininə (TƏK ALLAHA İBADƏT) qarşı qəlblərimiz örtülü, qulaqlarımız da kardır və bizimlə sənin aranda pərdə vardır. Sən (öz dininə) əməl et, biz də (öz dinimizə) əməl etməkdəyik! (Sən öz istədiyini et, biz də öz istədiyimizi!)” (Fussilət 41: 5).

Cəmiyyət də öz növbəsində haqqın bilinməsi, aşkar olunması və təsdiq, etiraf olunmasında maneələrdən birini təşkil edə bilər. Həmçinin insanların əməllərində saf, ixlaslı olmasına əngəl törədə bilər. Düzgün düşünməyə nail olmaq üçün cəmiyyətin bu təsirindən uzaq olmaq və ondan gələn elmə əsaslanmayan, kor-koranə təqlidə, dedi-qodulara, böhtanlara əsaslanan təzyiqlərə fikir verməmək mühümdür və insanın hidayətə tərəf addım atmasında həlledici amildir. İnsan utandığında, cəmiyyətin təzyiqinə məruz qalaraq, özünü təzyiq altında hiss edərək söhbətdən yayınmağa çalışdığı zaman və ictimai rəydən qorxduğunda açıq-aydın düşünməkdən və haqqı obyektiv şəkildə araşdırmaqdan aciz qalır.

Bu səbəbdən dolayı, bəzi qərb mütəfəkkirləri tədqiqat, sorğu nəticəsində aşağıdakı qaydanı müşahidə edərək bu nəticəyə gəlmişdir: “Cəmiyyətin, düşüncə və sərbəst fikir yürütməyə mane olan güclü bir büt olması mümkün göstəricidir”.

MÖVHUMAT

Tədqiqatçılardan birinin apardığı müşahidələrin nəticəsinə əsasən dini (uydurma dinlərdən söhbət gedir) bağlılığın gücü və şiddəti insanın düşüncəsindəki zəiflik ilə birbaşa əlaqədardır. Burada “düşüncədəki zəiflik”dən qəsd olunan ümumiyyətlə Allah və Rəsulu tərəfindən buyrulmayan, elmsiz, kor-koranə təqliddən qaynaqlanan dindarlıqdan, yəni insanların özlərindən uydurduqları xurafat yönlü (Allahdan başqasına ibadət etmək, nal, gözmuncuğu və s. əşyalar asaraq onlardan kömək diləmək, heç bir şeyə qadir olmadıqları halda cansızlardan, ölülərdən onların qadir olmadıqları şeyləri, məsələn, ey filankəs mənə uşaq ver və s. istəmək) dini ayinlərdir.

Uca Allah bu cür yad, əlaqəsi olmayan dini əmrləri və bidətləri (dinin adından uydurulan, ona istinad edilən şeylər) Onun nazil etdiyi ayələri inkar etməyə bərabər saymış, eynilə bu əməlləri insanları Onun yolundan azdırmaq, çəkindirmək ilə eyni səviyyədə tutmuşdur. Allah təala buyurur: “Allaha iftira yaxan və Onun ayələrini yalan hesab edən kəsdən daha zalım kim ola bilər?! Şübhəsiz ki, zalımlar nicat tapmazlar!” (Ənam 6: 21).

Mövhumat insanın rasional şəkildə və onun məntiqlə düşünməsinə əngəl törədir. İnsanı əfsanələrə, sehrə və şişirdilmə, uydurma şeylərə inanmağa sürükləyir və onlardan asılı edir. Bu cür düşüncələrə dalan, dərinə gedən insan öz ümidlərini əfsanələrə bağlayır. İslam dini bunun əksinə olaraq insanları Allah təalanın məxluqat üçün nazil etdiyi əsaslı, elmə söykənən qaydalar və təbii qanunlar üzərində diqqətlərini mərkəzləşdirməyə yönləndirir.

Düşünmək, təfəkkür etmək əqli fəaliyyətdir. Bu fəaliyyət insandan ağlını istifadə edərək düşüncə proseslərini tənzimləməsini, nizamlamasını tələb edir. Mövhumat bunların hamısına son qoyur, qarşısını alır. Əqli fəaliyyət artıq hazır nəticələr üzərində düşünməklə kifayətlənir, inkişafa göz yumur və bundan uzağa getməkdən aciz qalır. Bax elə bu minvalla sehrbaz, cadugərlər insanları istismar edir və iddia edirlər ki, qeyb haqqında və əşyaların gizli aspektləri ilə əlaqədar elmə sahibdir. Beləliklə, sehrbaz, falçı və cadugərlər ağıldan zəif insanları istismar etməklə öz işlərini məhdudlaşdırırlar.

Allah təala buyurur: “Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır! (Əl-Əraf, 179).

MÜTLƏQİYYƏT

Hər bir şey bir mənalıdır, tamamilə müəyyəndir, şablondur-heç bir boz sahəyə və yaxud orta yola əsla yer qoymayan-yanaşması düzgün düşüncə qarşısında ciddi maneədir. Bu cür anlayış ağlı “ya hər şey, ya heç bir şey” mövqeyini tutmağa vadar edir. Hətta emosional məsələlərdə bu cür yanaşma “ya bir şeyi tamamilə sevməlisiniz, ya da tamamilə nifrət etməlisiniz” əsassız prinsipi qəbul etməyi zəruri edir.

Əli b. Əbi Talib radiyallahu anhu bu cür tendensiyadan çəkindirərək demişdir: “Sevdiklərinizi dərrakə, ağıl ilə sevin, çünki sevginizin obyekti bir gün sizin nifrətinizə çevrilə bilər. Təhqir etdiklərinizə dərrakə, ağıl ilə nifrət edin, çünki nifrətinizin obyekti bir gün sizin sevginizə çevrilə bilər”.

Mütləqiyyətçi təfəkkür insanın əşyalar haqqında mövqeyini yenidən nəzərdən keçirmək və yaxud mövqeyini dəyişməsinə (məsələnin başqa yönlərinin olması ehtimalı haqqında düşünmək) imkan vermir. Heç bir şübhəyə yer qoymadan dialoqa yol açır, çünki bu cür mövqeyə malik olan insan ona yönələn məsələləri müzakirə etmək əvəzinə, qarşısındakının sözlərini şablon şəkildə (analiz etmədən) əzbərləyir.

Bu barədə deyilən ən ağıllı sözlərdən biri böyük fəqih əş-Şafinin söylədiyi bu sözdür. Onun bu sözləri necə düşünməyimizdə ümumi prinsip olaraq qəbul edilə bilər. Şeyx buyurur: “Mən zənn edirəm ki, mənim rəyim doğrudur, lakin həmçinin bu ehtimalı da qəbul edirəm ki, mənim bu rəyimdə xəta ola bilər. Zənn edirəm ki, digər rəy yanlışdır, lakin bu ehtimalı da qəbul edirəm ki, mənim rəyim doğru ola bilər”.

Əş-Şafi öz rəyinin doğru olduğunu hesab edir, çünki çox böyük tədqiqdən, ağır zəhmətdən və dərin düşüncədən sonra o bu nəticəyə çatmışdır. Şeyx xəta edəcəyi ehtimalını da müzakirəyə açıq qoyur. Ona görə də, öz düşüncəsinə yenidən göz gəzdirmək və digərləri ilə öz rəyini müzakirə etməyə nail olur, bacarır. Şeyx tənqidə, kritikaya və digərləri tərəfindən daxil olan təkliflərə qarşı səmimi və açıqdır. Bu da insanın ağlının inkişafında mühüm amillərdən biridir.

TƏSİRLƏR QARŞISINDA HƏSSASLIQ

Fərqi yoxdur, insan istər ətrafında baş verənlərə qarşı kor-koranə qarşılıq versin və ya onun həyəcanlanmasına, qəzəblənməsinə səbəb olan qəzəb, nifrət kimi amillərin təsirində qalaraq qarşılıq versin, belə olduğu halda insanın təfəkkürü, düşüncəsi şəffaf, təmiz olmayacaqdır.

Ona görə də, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Hakim (qazi) qəzəbli olduğu zaman fətva (hökm) verməsin”.

Qəzəb (hirs) insanın düşüncəsini buludlayan, örtən həyəcanlı olmağın sadəcə bir təzahürüdür. Ona görə də, islam fəqihləri Peyğəmbərin sallallahu aleyhi və səlləm bu hökmünü aclıq və yaxud ayaqyoluna getmək ehtiyacı kimi digər hallara da aid etmişdirlər.

Müsəlman sağlam düşüncənin qarşısında duran bu cür maneələrin hamısından çəkinməli, ayıq-sayıq olmalıdır. Xüsusilə Qurani Kərim o kəslər barəsində bizləri xəbərdar edir. Allah təala buyurur: “Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur? (Yoxsa ürəklərinin öz kilidləri vardır?) (Muhəmməd, 24).

Allahdan diləyimiz budur ki, zehnimizi, düşüncələrimizi, təfəkkürümüzü bu cür maneələrdən qorusun.


Tarix: 14.04.2013 / 14:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 360 Bölmə: Maraqlı melumatlar
loading...