Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BU BÜTLƏR SİZİN VƏ ATALARINIZIN QOYDUĞU ADLARDAN BAŞQA BİR ŞEY DEYİLDİR

“Onlar sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir”. (ən-Nəcm 19-23).Onlar Rəblərinin Kitabı və Nəbilərinin sünnəsindən uzaqlaşdıqları üçün öz ağıllarına və nəfsi istəklərinə uydular. Sıratal-Mustəqimdən ayrıldıqca azmağa başladılar.

Allah və Onun Rəsulunun (s.a.v) hökmünün önünə keçdilər. Beləcə də nəsildən-nəsilə zəlalətə düşdülər. İxtilaf edib firqələrə bölündülər. İbn Teymiyyə demişdir: "Kim nübuvət cizgisindən ayrılarsa şirkə və digər günahlar içərisinə düşər. İnsanların inanclarında şirk yox idi. Adəm (aleyhissalam) və uşaqları Allahı tövhid etmək inancında idilər. İnsanlar tək bir ümmət idilər sonra ixtilafa düşdülər; "İnsanlar (əvvəlcə) ancaq tək bir ümmət idilər (eyni bir dində idilər). Sonra (aralarında ixtilaf düşdüyü üçün) ayrıldılar". (Yunus 19). "İnsanlar tək bir ümmət idilər". (əl-Bəqərə 213).

İbn Abbas (r.a) deyir: "Adəm ilə Nuh arasında altı əsr (Başqa rəvayətdə: on əsr) vardır. Bu dövrdə yaşayan insanların hamısı da Allahın şəriətində idilər. Onların hamısı İslam dinində idilər. Daha sonra ixtilafa düşdülər. Rəsulların şəriətlərinə tabe olmağı tərk etdikləri üçün şirkə düşdülər. Allah da müjdələyən və qoxudan Rəsullar göndərdi. Göndərilən ilk Rəsul isə Nuh (aleyhissələm) idi" (İbn Kəsir 1/ 250, Məcmuul-Fətava 20/ 106. )

" Peyğəmbər (s.a.v) Uca Rəbbindən buyurur: "Mən qullarımı həniflər (doğru inanc sahibləri) olaraq yaratdım. Lakin şeytanlar gələrək onları dinlərindən uzaqlaşdırdılar. Halal qıldığım şeyləri onlara haram qıldılar. Haqqında bir dəlil endirmədiyim şeyləri Mənə şirk qoşmalarını əmr etdilər". (Muslim 8/ 159, Əhməd 4/ 162, İbn Əsakir 15/ 328/ 1. )


Peyğəmbər (s.a.v) buyurdu: "Hər bir doğulan uşaq fitrət üzrə doğulur. Bundan sonra ana və atası (yəhudi isə) onu yəhudi, (xristian isə) onu Xristian, (məcusi isə) onu məcusi edirlər…”. Bundan sonra Əbu Hureyra (r.a) dedi: İstəsəniz bu ayəni oxuyun: “Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir”. (ər-Rum 30).
(əl-Buxari 11/ 418, Muslim 18/ 52, əl-Albani "İrva" 1220. )
"Və (öz tabeçiliyində olanlara) dedilər: "Öz tanrılarınızı tərk etməyin, (xüsusi ilə) Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri atmayın". (Nuh 23).

İbn Abbas (r.a) rəvayət edir ki, bunlar Nuhun (aleyhissələm) qövmünün əməlisaleh insanları idilər. Onlar öldükdən sonra şeytan onların yaşadığı qövmün insanlarına vəsvəsə edir ki, onların toplandıqları yerlərdə bütlərini ucaltsınlar və onların adlarını həmin bütlərə versinlər. Onlar da deyilən kimi etdilər. (Bütləri) düzəldən nəsil ölüb gedənə qədər onlara ibadət olunmadı. (Uzun müddət keçdikdən sonara) elm unudulduqda o, heykəllərə bütlərə etməyə başladılar.(əl-Buxari 4920.)

Abd ibn Humeyd, Əbu Mutahhardan rəvayət edir ki, Əbu Cəfər (Bəkirin) yanında Yezid ibn Muhəlləbdən bəhs edildi. Əbu Cəfər: "O, Allahdan başqa ilk ibadət edilən yerdə öldürüldü”- dedi. Sonra Vədd haqqında danışdı. Vədd müsəlman bir kimsə idi və qövmü tərəfindən sevilirdi. O, ölüncə Babil torpaqlarında qəbrinin ətrafında toplandılar və onun ölümünə üzüldülər. İblis onların Vəddə üzüldüklərini gördükdə dedi: "Sizin buna çox üzüldüyünüzü görürəm. Sizin üçün onun bir surətini çəkməmi istəyirsinizmi? Beləcə o, sizin toplandığınız yerdə olacaq və onun sayəsində Vəddi xatırlayacaqsınız". Onlar da: “Bəli, çək”- dedilər. İblis onlara Vəddin bir surətini çəkdi. Onlar da onun surətini toplandıqları yerə qoydular və onu xatırlamağa başladılar. Onların Vəddi xatırladıqlarını gördükdə bu dəfə dedi: "Sizin hər birinizin evində belə bir büt düzəltməyimə nə deyirsiniz? Beləcə bundan sizin hər birinizin evində olacaq və onu xatırlayacaqsınız". Onlar: "Bəli, olar"- dedilər. Hər ev əhlinə onun kimi bir büt düzəltdi. Onlar da bu bütlərə yönəldilər. Büt vasitəsilə Vəddi xatırlamağa başladılar. Onların uşaqları böyüdü. Atalarının bu bütlərə nə cür davrandıqlarını gördülər. Nəsillər çoxaldı. Onu xatırlamaq məsələsi unudulub getdi. Sonda isə onu Allahdan başqa ilah halına gətirdilər. Allahdan başqa yer üzündə ilk ibadət edilən şey Vəddin adı verilən Vədd bütüdür".
(Durrul-Mənsur 6/ 269, İbn Urvə Hənbəli "Kəvakibu Dərari" 6/ 112/ 2.)
Bu cür kimsələr ölmüş insanlara göstərdikləri qayğını sağ olanlara göstərdiklərindən də çox edirlər. Buna görə də şair deyir ki: "Ölülərə qibtə edirəm, kaş ki, onlara çəkilən xərc mənə çəkilərdi".

Uc Allahın isimlərini bütlərə qoymaq. əl-Lat, (İbn Cərir ət-Təbəri Sufyan əs-Sourinin Mənsura istinadla Mucahiddən etdiyi rəvayətdə Mucahidin: "Bir deyin görək Lat və Uzza nəyə qadirdir"- ayəsinin şərhində deyir ki: "O (Lat, Uzza), həmişə onlar üçün sıyıq bişirərdi, öləndən sonra isə onun qəbrini ziyarət etməyə başladılar". ) əl-Uzza və Manat ərəb bütpərəstlərinin əsas bütləri idi. əl-Lata Səqif qəbiləsi, əl-Uzzaya Qureyş və Bəni Kinanə qəbilələri, Manata Bəni Hilal, Əus və Xəzrəc qəbilələri ibadət edirdilər. Allahın əl-İlah adını, əl-Lat adı ilə dəyişərək öz bütlərinə qoymuşdular. . əl-Lat – Taif şəhərində ağ dağın adı idi. Səqif qəbiləsindən olanlar bu bütləri ilə fəxr edirdilər. İbn Hişam deyir: "Peyğəmbərin (s.a.v) əmri ilə Muğirə ibn Şöbə və Əbu Sufyan ibn Hərb (r.a) onu yandırıb dağıdırlar. Sonralar isə onun yerində Məscid tikirlər".(İbn Hişam 1/ 85-86, İbn Kəsir "əl-Bidayə vən-Nihəyə" 5/ 32, İbn Məcə 743, Əbu Davud 450, İbn Qeyyim "Zədul-Məad" 3/ 499. )

əl-Əziz - adını, əl-Uzza ilə dəyişdirmişdilər. İbn Cərir (r.a) deyir: "Məkkə ilə Taif arasında, Nəxl adlanan yerdə ağac adı idi". İbn Hişam deyir: "Məkkənin fəthi günü Xalid ibn Valid (r.a) oranı dağıdır. Xalid (r.a) oranı dağıtdıqdan sonra Peyğəmbərin (s.a.v) yanına gəlir. Peyğəmbər (s.a.v) : "Qayıt ora, çünki sən heç bir şey etməmisən"- deyə buyurur. Xalid (s.a.v) ora qayıtdıqda keşikçilər dağa tərəf qaçaraq: "Ey Uzza! Ey Uzza!"- deyə qışqırmağa başladılar. Xalid (s.a.v) bütün yanına yaxınlaşdıqda saçları üzərinə tökülmüş lüt bir qadın gördü. Qılıncı ilə vurub onu öldürdü və Peyğəmbərin (s.a.v) yanına qayıdaraq başına gələnləri danışdı. Peyğəmbər (s.a.v) : "O, Uzza idi!"- deyə buyurdu”.(İbn Kəsir 7/ 429-430, ən-Nəsai "Sunənul-Kubra", "Tuxfa əl-Əşraf" 4/ 235. )
əl-Mənnan - adını, əl-Manat adı ilı dəyişdirmişdilər. Məkkə ilə Mədinə arasında, Hudeydə adlanan yerin adı idi. Aişə (r.a) deyir: "Əli (r.a) Məkkənin fəthi günü oranı dağıdır".(əl-Buxari. )

"Bir deyin görək Lat və Uzza nəyə qadirdir. Digəri üçüncüsü olan Manat da həmçinin… O, bütlər sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlara dair bir dəlil endirməmişdir". (ən-Nəcm 19-23). "Allahdan başqa ibadət etdikləriniz sizin və atalarnızın qoyduğu adlardan başqa bir şey deyildir. Allah isə heç bir dəlil endirməmişdir. Hökm ancaq Allahındır. O, sizi yalnız Onun özünə ibadət etməyə çağırır". (Yusuf 40).

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: "Mən gördüm ki, Amr ibn Luhey bağırsaqlarını sürükləyərək Cəhənnəmdədir. O, kimsə İsmailin (aleyhissalam) dinini dəyişdirən ilk kimsə idi. Bəzi ev heyvanlarını müqəddəsləşdirmək adətini o, gətirdi. "Bahirə, Saibə, Vəsilə və Haminin heç birisini Allah qanuni buyurmamışdır. Lakin kafirlər Allaha qarşı yalan uydururlar". (əl-maidə 103). İbn İshaq deyir: "Saibə – doqquz dənə erkək dəvə doğan dişi dəvənin adı idi. Ərəblər belə bir dəvənin üzərində oturmaz, onunla yük daşımaz, tükünü qırxmaz və onun südündən yalnız qonaq içə bilərdi. Əgər dəvə bu doqquz erkək dəvədən sonra bir dənə dişi doğardısa onu da anası ilə bərabər müqəddəsləşdirərdilər və ona Bahirə – Saibənin qızı deyərdilər. Vəsilə – qoyun idi. Beş hamiləlik müddətində doqquz dişi qoyun doğdu-ğuna görə belə adlanırdı. Hami – erkək dəvə idi; “Onlar: "Bu mal-qaranın qarınlarındakı balalar kişilərimizə halal, qadınlarımıza isə haramdır"– deyirlər. Əgər o bala ölü doğularsa, hamısı onu yeməyə şərik olurlar. Allah onları bu vəsflərinə görə cəzalandıracaqdır. Həqiqətən, O, Müdrikdir, Biləndir”. (əl-Ənam 139)".
(əl-Buxari 4623, Muslim, Əhməd 2/257, İbn Hişam 1/76)

Əbu Vaqid əl-Leysi (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) ilə birlikdə Məkkədən Huneynə tərəf yola çıxmışdıq. Biz, o vaxtlar təzə müsəlmanlardan idik və küfrdən yenicə çıxmışdıq. Müşriklərin üstündən silahlarını asdıqları böyük bir Sidr ağacı vardı. Onun ətrafında yığışaraq öz adət ən-ənələrini yerinə yetirir və o, ağacı "Zətu Ənvat" deyə çağırırdılar. Biz də bu böyük bir Sidr ağacının yanından keçdikdə: "Ey Allahı Rəsulu! Onların "Zətu Ənvatı" olduğu kimi bizim üçün də "Zətu Əənvat" düzəlt"- dedik. Peyğəmbər (s.a.v) dedi: "Allahu Əkbər! Şübhəsiz ki, bunlar hamısı keçmiş adət ən-ənələrdir. Nəfsim Əlində Olana and olsun ki, siz İsrail oğullarının Musadan istədikləri şeyin eynisini məndən istədiniz: "…Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!" (əl-Əraf 138). Həqiqətən siz əvvəlkilərin adət ən-ənəsi ilə gedəcəksiniz”.
(ət-Tirmizi 2180, Əhməd 5/ 218, əl-Albani səhih.)

Gördüyünüz kimi günümüzdə də belə şeylərin şahidi ola bilərik. İnsanlar ölmüş kimsələrin adlarını pirlərə, ocaqlara qoyaraq "filankəsin piri", "filankəsin ocağı" və s. həmçinin dağlara, ağaclara da ad verərək oraları da Allahdan qeyrisinə ibadət olunan yerlərə çevirirlər; "O, bütlər sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlara dair bir dəlil endirməmişdir". Onlara - Allahdan qorxun! Belə yerlərə getməyin, Allaha ibadət edin, bir şey istədikdə Allahdan istəyin! deyildikdə hələ bir sənə: "Biz ata-babalarımızı bu yol üzrə görmüşük, sən dünənki uşaq, gəlmisən bizə İslamı öyrədirsən?!" Subhənəllah! Biz sizə İslamı öyrətmirik. İslam on dörd əsr bundan qabaq Allah və Onun Rəsulu (s.a.v) tərəfindən necə qoyulubsa, o cür də davam edir. İslamı dəyişən biz deyilik, sizsiniz. Öz ağıllarınıza uyğun şəkildə istədiyiniz kimi Allaha ibadət edirsiniz. Sizi doğru yola çağıranlara, Rəbbimiz tək olan Allahdır, Ona heç bir şeyi şərik qoşmayın - deyənlərə də dil uzadaraq: "Bunlar ağıllarını itirərək dəli olmuşlar. Onlara qulaq asmayın" deyərək hələ bir tənə də edirsiniz; “Cənnət əhli Od sakinlərini səsləyib deyəcəklər: "Biz Rəbbimizin bizə vəd etdiyinin doğru olduğunu gördük. Siz də Rəbbimizin sizə vəd etdiyinin doğru olduğunu gördünüzmü?" Onlar: "Bəli!"– deyəcəklər. Bu zaman onların arasında bir carçı səsləyib deyəcəkdir: "Allahın lənəti olsun zalımlara!” (əl-Əraf 44). "Həqiqətən günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər.Möminlərin yanından keçərkən (onları dolamaq məqsədi ilə) bir-birinə göz-qaş edirdilər. Ailələrinin yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdardılar. Möminləri gördükdə: "Doğrusu bunlar (haqq yoldan) azanlardır!"- deyərdilər. Halbuki onlar möminlərə nəzarətçi göndərilməmişdilər. Bu gün isə möminlər kafirlərə güləcək¬lər". (əl-Mutəffifin 29-34). Lakin biz Allahın qoyduğu qaydada, Peyğəmbərimizin  buyurduğu şəkildə Allaha ibadət edirik. Ata-babalarımızın qoyduğu şəkildə yox; “Onlara: "Allahın nazil etdiyinə tabe olun!"– deyildikdə, onlar: "Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!"– deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?” (əl-Bəqərə 170, əl-Maidə 104). "(Ya Muhəmməd!) Biz səndən əvvəl hər hansı bir məmləkətə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər göndərdiksə, onun naz-nemət içində yaşayan başçıları sadəcə olaraq: “Biz atalarımızı bir din üzərində gördük və biz də onların yolu ilə gedəcəyik”– deyirlər. Əgər sizə atalarınızın sitayiş etdiyini gördüyünüz dindən daha doğrusunu gətirmiş olsam necə? Yenə də atalarınızın yolunumu tutacaqsınız (Biz sizinlə göndərilənləri inkar edirik – dedilər)". (əz-Zuxruf 23).


Tarix: 10.04.2013 / 21:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 596 Bölmə: Maraqlı melumatlar
loading...