Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İbn Abbasın xavariclərlə münaqişəsi

İslam ümməti son zamanlarda ən qiymətli bir şeydə - Allah tərəfindən Rəsulallah (s.ə.s) ilə gələn və səhabələrin də onun üzərində getdiyi əqidəsində müsibətə düçar olmuşdu. Səhabələri eyni əqidədə öncəkilərdən bir camaat və sonrakılardan da birazı təqib etmişdi. Hələ də Rəsulallah (s.ə.s) xəbər verdiyi kimi ümmətindən bir taifə o əqidə üzərindədir.

Bu müsibətin kökləri ilk əsrlərə qədər uzanır. Raşidi xəlifə Ömər ibn əl Xəttab (r.a)-nun kinli məcusi tərəfindən öldürülməsi ilə başlamışdır. Sonra da Osman zinureyn (r.a) alçaqcasına qətl edildi. Sonra qədərin inkarı fikri ortaya çıxdı. Müsəlmanlar arasında fitnə başladı. Aralarında müharibələr oldu. Xəvariclər çirkin fikirləri ilə ortaya çıxmağa başladılar. Rafizilər meydana gəldi və tərəfdarları dindən uzağa düşdülər. Hər dəfə də belə insanlara elm və əməllə qarşı çıxan insanlar oldu. Bu insanlar İslamın saf atmosferində hər növ azmadan və təsirlənmədən uzaq yaşadılar.
Aşağıdakı əsər (yəni səhabənin hərəkəti) ümmətdə ortaya çıxan təhlükəli bir azmanı və ən böyük insanların yetişdiyi Rəsulallah (s.ə.s) mədrəsəsindən çıxan bir nəfərin necə bu azğınlığa qarşı gəldiyini anlatmaqdadır.

Əsərin mətni belədir:
"İbn Abbas (r.a) dedi ki : "Haruriyyə (Xəvariclər) düşmənlik üçün bir yerə yığıldılar və Əli ibn Əbu Talib (r.a) və onunla bərabər olan Peyğəmbər (s.ə.s)-in səhabələrinə qarşı çıxmağa qərar verdilər. Dedi ki : Bir adam gəlib : Ey Əmirəlmöminin, bu topluluq sənə qarşı gələcəklərini deməyə başladı. Əli (r.a) : "Mənə qarşı çıxana qədər onları tərk et, mənə qarşı müharibə etməyincə mən onlarla müharibə etməyəcəm" həmin adam "onlar elə o cür edəcəklər (yəni səninlə müharibə edəcəklər). Mən bir gün Əli (r.a)-ya dedim ki: "Ey Əmirəlmöminin, bir az namazı gecikdir ki, mən o topluluqla gedim söhbət edim" Əli (r.a) : "Sənə bir şey etmələrindən qorxuram" -dedi. Dedim: "Xeyr, inşallah bir şey eləməzlər. Mən gözəl davranıb heç kimə əziyyət verən adam deyiləm" İbn Abbas davam edib deyir ki : "Mən yəmaniyyədən (qumaşın növüdü) ən gözəlini geyindim. (Əbu Zəmil deyir ki : İbn Abbas gözəl, yaraşıqlı bir adam idi) İbn Abbas deyir: Onların yanlarına gəldim. Günorta istirahətində idilər. İbadətdə onlardan daha şiddətli cəhd göstərənini görmədim. Əlləri dəvə dizi kimi idi (Çox ibadət etməkdən qabarmışdı) Üzlərində səcdənin izləri görsənirdi. Əyinlərində yuyulmuş paltarlar var idi. Üzləri yuxusuzluqdan zəifləmişdi. Yanlarına gəlincə dedilər:
- Bu geyindin paltar nədir?
- Məni bununlamı təqsirkar sayırsız? Mən Rəsulallah (s.ə.s)-in əynində bundan daha gözəlini görmüşəm və bu ayə nazil olmuşdu: "Allahın qulları üçün yaratdığı zinət və təmiz rizqləri haram edən kimdir?" (Əl Əraf, 32)
- Niyə bura gəldin?
- Sizə Rəsulallah(s.ə.s)-in səhabələrindən, onun yanında olub vəhyin oların üzərinə endiyi insanlardan bəhs etməyə gəldim. Aranızda onlardan heç kim yoxdur.
Bəzilər dedi ki :
- Qureyşlə münaqişə etməyin. Allah Təala buyurur ki : "Şübhəsiz ki, onlar höcətləşən (çənə-boğaz olan) bir qövmdürlər!" (Zuxruf surəsi, 58)
İki üçü nəfər "onlarla danışın" dedilər. İbn Abbas dedi:
- Mənə söyləyin Rəsulallah (s.ə.s)-in əmisi oğlu və qızının əri olan, ona ilk iman edən, Onun səhabələrindən olan bir insandan alıb verə bilmədiyiniz nədir?
Dedilər ki : "Biz ona üç məsələdə müxalifik"
İbn Abbas (r.a) : "Nədir onlar?" dedi.
- Birincisi o Allahın dinində olan insanları hakim təyin etdi. Halbuki Allah buyurur ki : "Hökm ancaq Allahındır" (Yusuf surəsi, 40) Allahın bu sözündən sonra insanların hökmdə nə işləri ola bilər?
- Başqa?
- Əli insanlarla müharibə etdi, amma nə qul aldı, nə də qənimət. Əgər savaşdıqları kafir idisələr malarının Əliyə halal olması lazım idi.
- Başqa?
- Özü üçün əmirəl möminin sifətindən yan keçdi. Əgər əmirəl möminin deyildisə, onda əmirəl kafirindi.
- Başqa bir etirazınız varmı?
- Bu qədəri bizə kifayətdi.
İbn Abbas (r.a) dedi: "Əgər sizə Allahın möhkəm kitabından və peyğəmbərinin sünnəsindən fikirlərinizə qarşı dəlillər gətirsəm dönəcəksiniz mi?"
- Bəli – dedilər.
İbn Abbas (r.a) dedi: "Allahın dinində insanların hökm vermək fikrinə gəlincə, Allah Təala belə buyurur: "Ey iman gətirənlər! İhramda olarkən ovu (əti yeyilən heyvanları) öldürməyin...."-dən "Onun cəzası içərinizdən olan iki ədələtli şəxsin hökmü ilə...." ayəsinə qədər. Başqa bir ayədə ər ilə arvadın haqqında belə buyurur: "Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif (vasitəçi, hakim) tə’yin edib (onların yanına) göndərin" İndi Allaha and verərək soruşuram: İnsanları bir-birlərinin qanını tökməkdən çəkindirmək üçün, aralarını düzəltmək üçün hökm vermək daha qabaqdır, yoxsa dəyəri bir dirhəm olan dovşan və ya bir neçə qadın haqqında hökm vermək? Üstəlik bilirsiniz ki, Allah diləsəydi hökm verərdi, insanlara buraxmazdı"
- Vallahi bir-birlərinin qanını tökməkdən çəkindirmək və aralarını düzəltmək daha qabaqdır- dedilər.
- "Əli müharibə etdi, amma qul və qənimət almadı" sözünə gəlincə, mənə deyin, ananız Aişəni söyürmüsüz yoxsa başqa qadınlarda halal olanı onda da halal sayırsınız? Əgər belə deyirsinizsə küfrə düşdünüz deməkdir. Yox əgər onun möminlərin anası olmadığını söyləyirsinizsə, yenə də kafir oldunuz və İslamdan çıxdınız deməkdir. Allah Təala belə buyurur: "Peyğəmbər mö’minlərə onların özlərindən daha yaxındır. Onun övrətləri (mö’minlərin) analarıdır" (Əhzab surəsi, 60) Görünür ki, siz iki azğınlıq arasında çapalayırsınız, hansını seçirsinizsə seçin. İndi bu fikrinizdən də əl çəkdinizmi?
Onlar bir-birlərinə baxdılar və dedilər: "Vallahi əl çəkdik"
Əlinin özü üçün əmirəl möminin sifətindən imtina etməyi fikrinizə gəlincə sizə bu mövzuda razı olacağınız sözü söyləyəcəyəm.
Hudeybiyyə günü Rəsulallah (s.ə.s) Qureyşi aralarında müqavilə bağlamaq üçün dəvət etdi. Suheyl ibn Amr və Əbu Sufyan ilə razılaşacaqdılar. Peyğəmbər (s.ə.s) dediki : "Ey Əli, yaz: Bu Allahın rəsulunun Məhəmmədin hökmüdür" Onlar dedilər : Vallahi sənin Allahın rəsulu olduğunu bilsəydik, səni Kəbədən çəkindirməzdik, sənə qarşı müharibə etməzdik. Onun yerinə Məhəmməd bin Abdullah yaz. Peyğəmbər (s.ə.s) dedi : "Vallahi, məni yalançı saysanız da mən həqiqətən Allahın elçisiyəm. Ey Əli : "Muhəmməd ibn Abdullah yaz" Peyğəmbər (s.ə.s) Əlidən üstün ola-ola özünün peyğəmbər olaraq zikr edilməməsinə razı oldusa, bu onu peyğəmbərlikdən çıxarmır. İndi bu fikrinizdən də çəkindinizmi?
Onlar "Vallahi çəkindik" dedilər.
Bundan sonra iki minə yaxını geri döndü. Dörd mini isə azğın olaraq öldürüldülər. Bu hədisi Əbdurrəzzaq, Əbu Nueym və Beyhaki və digərləri təxric elədilər.


Tarix: 18.04.2013 / 15:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 219 Bölmə: Maraqlı melumatlar
loading...