Tərifi:
Ərəb dilində "əl-Fəraid" sözü miqdar, pay mənasını daşıyır[1].
Uca Allah buyurur: «...təyin olunmuş kəbin haqqının yarısını onlara verməlisiniz!...»[2]. Yəni, həmin payın, miqdarın yarısını verməlisiniz.
Şəriət terminologiyasında "Əl-Fəraid" sözü, varis üçün təyin olunmuş miras payı deməkdir.
Miras məsələlərində qərəzli olmaqdan çəkinmək lazımdır:
İslamdan öncə cahiliyyət dövründə ərəblər miras payını kişilərə və böyük uşaqlara verər, qadınları və azyaşlıları isə bundan məhrum edərdilər. İslam şəriət gəldikdə uca Allah hər bir haqq sahibinin haqqını özünə verməyi əmr etdi və bu hüquqları «Allahın tövsiyəsi»[3], «Allahın müəyyən etdiyi miqdar»[4] adlandırdı. Bundan sonra Allahın şəriətinə qarşı çıxaraq miras hüquqlarını pozanlara ciddi xəbərdarlıq və mütləq bir əzab vəd edərək buyurdu:
«Bunlar Allahın hədləridir (hökmləridir). Hər kəs Allaha və Peyğəmbərinə itaət edərsə, Allah onu (ağacları) altından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da (möminlər üçün) böyük qurtuluşdur (uğurdur)! Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib Onun hədlərini aşarsa, (Allah da) onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir»[5].
Ölən insanın malının nə qədəri miras sayılır:
İnsan öldükdən sonra cənazəsinin hazırlanması və dəfn xərcləri qoyub getdiyi mirasdan ödənilir. Sonra əgər borcu varsa borcu ödənilir. Daha sonra isə vəsiyyət edibsə vəsiyyəti icra olunur. Bundan sonra nə qalırsa həmin mal varislər arasında bölünür. Uca Allah buyurur: «Bu, ... edilən vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra icra olunur...»[6]. Həmçinin Əli (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəsiyyətin icrasından əvvəl, vəsiyyət sahibinin börcunun ödənilməsini tələb edərdi[7].
Varis olmağın səbəbləri:
Varis olmağın üç səbəbi vardır:
1. Nəsil-nəcabət, qohumluq: Uca Allah buyurur: «Qohumlar (bir-birinə vərəsə olmaq baxımından) Allahın Kitabında möminlərdən və mühacirlərdən daha yaxındırlar...».
2. Əl-Vəla: İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kölənin azad olunması, nəsil-nəcabət bağlılığı kimidir»[8].
3. Nikah: Uca Allah buyurur: «(Ey kişilər! Vəfat etmiş) arvadlarınızın ... qoyub getdikləri malın yarısı sizindir...»[9].
Vərəsəliyə mane olan amillər:
1. Qətl: Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Qatil insana miras payı düşmür»[10].
2. Din ayrılığı: Usamə ibn Zeyd (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kafirdən müsəlmana, müsəlmandan da kafirə miras payı düşür»[11].
3. Köləlik: Çünki kölə və onun sahib olduğu mal-dövlət onun ağasında məxsusdur. Əgər kölənin yaxını ona miras payı verərsə həmin pay köləyə deyil, onun ağasına çatır.
Kişi vərəsələr:
Kişi vərəsələr on qismdir:
1, 2. Oğul, oğulun oğulu və s.
Uca Allah buyurur: «Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür...»[12].
3, 4. Ata, atanın atası (baba) və s.
Uca Allah buyurur: «...vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir...»[13]. Baba da ata sayılır. Ona görə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyərdi: «Mən, Əbdülmüttalibin oğluyam»[14].
5, 6. Qardaş, onun oğlu və s.
Uca Allah buyurur: «Övladı (və atası) olmayan bir qadın vəfat etdikdə qardaşı onun varisidir...»[15].
7, 8. Əmi, əmioğlu və s.
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Vərəsə haqlarını öz sahiblərinə çatdırın. Artıq nə qalarsa o, birinci kişiyə verilməlidir»[16].
9. Ər.
Uca Allah buyurur: «(Ey kişilər! Vəfat etmiş) arvadlarınızın ... qoyub getdikləri malın yarısı sizindir...»[17].
10. Azad olunmuş kölə:
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Köləni azad edən, onun varisi sayılır[18]»[19].
Qadın vərəsələr:
Qadın vərəsələr yeddi qismdir:
1, 2. Qız, oğulun qızı və s. ata tərəfdən olanlar.
Uca Allah buyurur: «Allah övladlarınız haqqında sizə tövsiyə buyurur...»[20].
3, 4. Ana və nənə.
Uca Allah buyurur: «...vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir...»[21].
5. Bacı.
Uca Allah buyurur: «Övladı (və atası) olmayan bir şəxs vəfat etdikdə onun bir bacısı varsa, qoyub getdiyi malın yarısı bacıya çatır...»[22].
6. Arvad.
Uca Allah buyurur: «...qoyub getdiyiniz malın dörddə biri arvadlarınızın payına düşür...»[23].
7. Azad olunmuş qadın kölə.
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Köləni azad edən, onun varisi sayılır»[24].
Miras verilən kimsələr:
Miras, üç qrup insanlara verilir: Payı təyin edilmiş insanlara, qohumluq əlaqəsi olanlara və uzaq qohumlara.
Allahın kitabında təyin olunan paylar altıdır: Yarı, dörddə bir, səkkizdə bir, üçdə iki, üçdə bir və altıda bir.
Mirasın yarısı altı qrup insanın payıdır:
1. Arvadının övladı olmayan ər:
Uca Allah buyurur: «(Ey kişilər!)Əgər (Vəfat etmiş) arvadlarınızın uşağı yoxdursa, ... qoyub getdikləri malın yarısı sizindir...»[25].
2. Qız:
Uca Allah buyurur: «...Əgər təkcə bir nəfər qızdırsa, mirasın yarısı onundur...»[26].
3. Oğulun qızı:
Çünki, alimlərin yekdil rəyinə əsasən oğulun qızı, insanın öz qızı yerindədir.
İbn əl-Munzir[27] deyir: Alimlərin yekdil rəyinə əsasən əgər ölən insanın doğma övladı yoxdursa, o zaman oğulun oğlanları və qızları, oğul və qız yerindədir. Kişilər kişilərin, qadınlar isə qadınların yerini əvəz edir.
4. 5. Doğma və atadan bir olan bacı:
Uca Allah buyurur: «Övladı (və atası) olmayan bir şəxs vəfat etdikdə onun (atabir-anabir və ya yalnız atabir) bir bacısı varsa, qoyub getdiyi malın yarısı bacıya çatır...»[28].
Dörddə bir iki nəfərin payıdır:
1. Arvadının övladı olan ər:
Uca Allah buyurur: «Onların (arvadlarınızın) övladları olduqda isə mirasın dörddə biri sizə çatır...»[29].
2. Ərinin övladı olmayan arvad:
Uca Allah buyurur: «Əgər sizin uşağınız yoxdursa, ... qoyub getdiyiniz malın dörddə biri arvadlarınızın payına düşür...»[30].
Səkkizdə bir, bir nəfərin payıdır:
Ərinin övladı olan arvad: Uca Allah buyurur:
«...Övladlarınız olduqda isə mirasın səkkizdə biri onlara (arvadlarınıza) çatır...»[31].
Üçdə iki hissə dörd nəfərin payıdır:
1, 2. İki qız və oğulun iki qızı:
Uca Allah buyurur: «...Əgər (ölən şəxsin) qızlarının sayı ikidən artıqdırsa, mirasın üçdə iki hissəsi onlara çatır...»[32].
3, 4. İki (atabir-anabir) doğma bacı və atabir iki bacı:
Uca Allah buyurur: «...Əgər vəfat edən şəxsin iki (və ya daha artıq) bacısı varsa, mirasın üçdə ikisi onlara çatır...»[33].
Üçdə bir hissə iki nəfərin payıdır:
1. Mirasını tam almağa maneəçiliyi olmayan ana:
Uca Allah buyurur: «...Əgər onun övladı olmayıb, varisi yalnız ata və anadan ibarətdirsə, (malın) üçdə bir hissəsi anaya aiddir...»[34].
2. Sayları iki və ya daha artıq olan anabir bacı və qardaşlar:
Uca Allah buyurur: «...Əgər (vəfat etmiş) kişi və qadının (ata-anası və övladı olmayıb) eyni anadan tək bir qardaşı və ya bir bacısı varsa, onların hər birinə mirasın altıda biri düşür. Onların sayi birdən artıq olduqda isə hamısı həmin malın üçdə birinə şərikdir...»[35].
Altıda bir hissə yeddi nəfərin payıdır:
1. Övlad və ya qardaşla birlikdə olan ana:
Uca Allah buyurur: «...Övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir. Əgər onun övladı olmayıb, varisi yalnız ata və anadan ibarətdirsə, (malın) üçdə bir hissəsi anaya aiddir. (Qalan hissə tamamilə ataya çatır). Əgər ölmüş şəxsin qardaşları və bacıları varsa, ananın hissəsi altıda birdir...»[36].
2. Ananın yoxluğunda qalan nənə:
İbn əl-Munzir[37] (Allah ona rəhmət etsin) deyir: "Alimlərin yekdil rəyinə əsasən əgər ölənin anası yoxdursa nənəyə altıda bir hissə düşür".
3. Anabir qız və ya oğlan övladın mövcudluğu:
Uca Allah buyurur: «...Əgər (vəfat etmiş) kişi və qadının (ata-anası və övladı olmayıb) eyni anadan tək bir qardaşı və ya bir bacısı varsa, onların hər birinə mirasın altıda biri düşür...»[38].
4. Doğma qız ilə qalan, oğul qızı:
Əbu Qeys deyir ki, mən Huzeyl ibn Şurahbilin belə dediyini eşitmişəm: Əbu Musa (Allah ondan razı olsun) qız, oğulun qızı və bacının miras payı haqqında soruşuldu. Cavabı belə oldu: «Qıza mirasın yarısı düşür. Bacıya da yarısı düşür. İstəyirsən İbn Məsudun yanına get ondan da soruş. O da mən deyəni deyəcəkdir. İbn Məsuddan bu haqda soruşdular və Əbu Musanın dediyini də ona çatdırdılar. Əgər mən haqqı söyləməsəm yolumu azmış olar, hidayət tapanlardan olmaram. Mən bu məsələdə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) verdiyi hökmü verirəm: Qıza mirasın yarısı, oğulun qızına isə üçdə iki hissəni tamamlamaq üçün altıda bir hissə, yerdə qalan isə bacıya düşür».
Sonra biz Əbu Musanın yanına gəlib İbn Məsudun dediklərini ona çatdırdıq. O dedi: Sizin aranızdan belə bir alim olduğu halda məndən soruşmayın[39].
5. Doğma bacı ilə qalan atabir bacı:
Bu halda, doğma qız ilə qalan oğul qızının hissəsinə müqayisə edilərək, üçdə iki hissəni tamamlamaq üçün ona altıda bir verilir.
6. Övlad ilə qalmış ata:
Uca Allah buyurur: «...Övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir...»[40].
7. Atanın yoxluğunda qalan baba:
İbn əl-Munzir deyir: «Alimlərin yekdil rəyinə əsasən baba, ayanın yerindədir».
Artıq qalmış malın varisləri (əl-Asəbə):
Tərifi:
Ərəb dilində "əl-Asəbə" sözü insanın oğulları və ata tərəfindən olan qohumları mənasını verir.
"Əl-Asəbə" sözünün bu məqamda nəzərdə tutulan mənası, payı müəyyən edilmiş insanların öz paylarını götürdükdən sonra artıq qalan malı götürən varislər deməkdir. Əgər payları müəyyən edilmiş insanlar öz haqlarını götürəndən sonra artıq bir şey qalmasa onlara heç bir şey düşmür. Yalnız əgər varis oğul olarsa heç bir halda paydan məhrum olmur.
İnsanın digər qohumları da belədirlər. Yəni, mirası vermək üçün payı müəyyən edilmiş heç bir varis olmadıqda, miras, ölənin digər qohumlarına verilir.
İbn Abbas (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Vərəsə haqlarını öz sahiblərinə çatdırın. Artıq nə qalarsa o, (varislər arasında) birinci kişiyə (ölənə daha yaxın olana) verilməlidir»[41].
Uca Allah buyurur: «...Övladı (və atası) olmayan bir qadın vəfat etdikdə qardaşı onun varisidir (malının hamısı onun payına düşür)...»[42]. Bu məqamda uca Allah bütün mirası, yalnız qalmış qardaşa vermişdir. Digər qohumlar da ona müqayisə edilərək belə qənaətə gəlinmişdir.
Artıq qalmış mala varislik edənlər iki qismə bölünürlər: Nəsil-nəcabətə və ya hansısa səbəbə görə mala varis çıxanlar.
Hansısa səbəbə görə mala sahib çıxmaq, köləni azad etməklə olur. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Köləni azad edən, onun varisi sayılır»[43].
Digər hədisdə demişdir: «Kölənin azad olunması, nəsil-nəcabət bağlılığı kimidir»[44].
Köləlikdən azad olmaqla varis olmuş insan, yalnız nəsil-nəcabət qohumları olmadıqda varis ola bilər.
Azad olunmuş insanın kişi və ya qadın olması fərq etmir.
Abdullah ibn Şəddad, Həmzənin qızının belə dediyini rəvayət edir: «Mənim ağam öldükdə bir qız qoyub getmişdi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) də onun malını mənimlə ağamın qızı arasında böldü. Malın yarısını mənə, yarısını isə ona verdi»[45].
Nəsil-nəcabət səbəbi ilə varis olanlar üç qismdir:
1. Özləri varis olanlar: Bunlar, varis olan kişilərdir. Yalnız ər və anabir uşaq istisnadır.
2. Başqalarına görə varis olanlar: Bunlar qızlar, oğulun qızları, doğma bacılar və atabir bacılardır. Bu qadınların hər biri öz qardaşı ilə birgə varis sayılır. Belə halda qadına qardaşına düşən payın yarısı düşür.
Uca Allah buyurur: «...Əgər varislər qardaş və bacılardan (bir qardaş, bir bacı və ya bir neçə bacı-qardaşdan) ibarət olarsa, kişiyə (qardaşa) qadına (bacıya) düşən payın iki misli verilir...»[46].
3. Başqaları ilə birlikdə varis olanlar: Bunlar qızlar ilə birlikdə olan bacılardır: Bunun sübutu isə İbn Məsudun hədisidir. «Qıza mirasın yarısı, oğulun qızına isə üçdə iki hissəni tamamlamaq üçün altıda bir hissə, yerdə qalan isə bacıya düşür»[47].
Varisin mirasdan tam və ya qismən məhrum edilməsi
(əl-Hucub və əl-Hirman)
Tərifi:
Ərəb dilində "əl-Hucub" sözü məhrum etmək mənasını verir. Bu sözün burada nəzərdə tutulan mənası, hansısa varisin mövcudluğuna görə müəyyən bir insanın mirasdan tam və ya qismən məhrum edilməsidir.
"əl-Hirman" sözünün mənası, varisliyə mane olan qətl və s. bu kimi səbəblərə görə, müəyyən bir insanın mirasından məhrum edilməsidir.
Mirasdan məhrum olunmağın (əl-Hucb-un) qismləri:
Mirasdan məhrum etmək iki qismdir: Qismən və ya tam məhrum etmək.
Mirasdan qismən məhrum olmaq:
Bu, hansısa varisin mövcudluğuna görə, varislərdən birinin payının qismən azalmasıdır. Bu hal, beş nəfər üçün ola bilər:
1. Övlad varsa, ər mirasın yarısından məhrum olub, dörddə birə sahib olur.
2. Övlad varsa, arvad mirasın dörddə birindən məhrum olub, səkkizdə birə sahib olur.
3. Əsas vərəsələr varsa, ana mirasın üçdə birindən məhrum olub, altıda birinə sahib olur.
4. Oğulun qızı.
5. Atabir bacı.
Mirasdan tam məhrum olmaq:
Bu, başqa varisin mövcudluğuna görə müəyyən insanın mirasdan tam şəkildə məhrum edilməsidir. Məsələn, oğul mövcuddursa qardaş mirasdan tam məhrum olur. Bu, altı növ varisin mirasına aid deyil. Amma onlar mirasdan qismən məhrum edilə bilərlər: Onlar aşağadakılardır:
1, 2. Valideynlər: Ata və ana.
3, 4. Övladlar: Oğul və qız.
5, 6. Ər və arvad.
Mirasdan tam məhrum etmə halları deyilən varislərdən qeyrilərinə aiddir.
Mirasdan tam məhrum etmə iki əsas üzərində dayanır:
1. Əgər kimsə ölən insana kiminsə vasitəsi ilə nisbət olunursa, həmin adam sağ olduqca nisbət olunan insana mirasdan pay düşmür. Məsələn, ölən adamın oğlunun oğulu. Ölənin oğlu sağ olduqca, oğulun oğulu varis ola bilməz. Yalnız anabir övladlar istisnadır. Onlar analarının vasitəsi ilə ölənə nisbət olunsalar da, ana sağ olduğu halda ölənin varisləri sayılırlar.
2. Yaxın qohum uzaq qohumdan ön sayılır. Oğulun mövcudluğu, qardaşı oğlunu mirasdan məhrum edir. Əgər varislər eyni dərəcə olarlarsa daha çox qohumluq bağlılığı olan varis sayılır. Məsələn, doğma qardaş, atabir qardaşı mirasdan məhrum edir.
* * *
[1] Fiqhus Sünnə: 3/ 424.
[2] əl-Bəqərə: 227.
[3] ən-Nisa: 12.
[4] ən-Nisa: 11.
[5] ən-Nisa: 13-14.
[6] ən-Nisa: 12.
[7] Hədis həsəndir. Səhih Sünən İbn Macə: ? 2195. əl-İrva: ? 1667. İbn Macə: 2/ 906/ ? 2715. Tirmizi: 3/ 294/ ? 2205.
[8] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 7157. Hakim: 4/ 341. Beyhəqi: 10/ 292.
[9] ən-Nisa: 12.
[10] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 4436. əl-İrva: ? 1672. Tirmizi: 3/ 288/ ? 2192. İbn Macə: 2/ 883/ ? 2645.
[11] Buxari: 12/ 50/ ? 6764. Müslim: 3/ 1233/ ? 1614. Tirmizi: 3/ 286/ ? 2189. İbn Macə: 2/ 911/ ? 2729. Əbu Davud: 8/ 120/ ? 2892.
[12] ən-Nisa: 11.
[13] ən-Nisa: 11.
[14] Buxari: 8/ 27/ 4315. Müslim: 3/ 1400/ ? 1776. Tirmizi: 3/ 117/ ? 1738.
[15] ən-Nisa: 176.
[16] Buxari: 6/ 2476/ ? 6351. Müslim: 3/ 1233/ ? 1615. Tirmizi: 8/ 194/ ? 2243.
[17] ən-Nisa: 12.
[18] Çox təəssüf ki, bu gün özlərini müsəlman adlandıran bir çox insanlar İslam şəriətinin həqiqətlərini bilmədikləri üçün qeyri müsəlmanların dinimizə qarşı atdıqları iftiralar qarşısında ya dini ittiham edir, ən yaxşı halda geri çəkilirlər. Məsələn, qərb aləminin bir çox insanları pak İslam şəriətinə irad tutaraq deyirlər ki, necə olur ki, siz öz dininizin pak və müqəddəs bir din olduğunu deyirsiniz, amma şəriətinizdə insan hüquqları tapdalanır. Misal olaraq köləlik qayda-qanununu gətirirlər.
Təbii ki, bu bir iftiradır, boş iddiadır. Biz şəriət sahibinin təşviqedici sözlərində və müxtəlif şərii əhkamlarında kölələrin azad edilməsini qanun etməsini görürük. Hal-hazırdakı mövzumuzda da bunu bir daha görürük. Gördüyünüz kimi Peyğəmbər s.a.v. köləni azad edən kimsənin onun varisi olduğunu qeyd etmişdir. Bu bir daha sübut edir ki, şəriətimiz bizə lazım olan məqamda mərhəmətli, lazım olanda isə tələbkar olmağı tərbiyə etməkdədir. (tərc.)
[19] Buxari: 2/ 972/ ? 2579. Müslim: 2/ 1141/ ? 1504.
[20] ən-Nisa: 11.
[21] ən-Nisa: 11.
[22] ən-Nisa: 176.
[23] ən-Nisa: 12.
[24] Buxari: 2/ 972/ ? 2579. Müslim: 2/ 1141/ ? 1504.
[25] ən-Nisa: 12.
[26] ən-Nisa: 11.
[27] əl-İcma kitabı: səh. 79.
[28] ən-Nisa: 176.
[29] ən-Nisa: 12.
[30] ən-Nisa: 12.
[31] ən-Nisa: 12.
[32] ən-Nisa: 11.
[33] ən-Nisa: 176.
[34] ən-Nisa: 11.
[35] ən-Nisa: 12.
[36] ən-Nisa: 11.
[37] əl-İcam kitabı: səh. 84.
[38] ən-Nisa: 12.
[39] Hədis səhihdir. əl-İrva: ? 1683. Buxari: 12/ 17/ ? 6736. Əbu Davud: 8/ 97/ ? 2873. Tirmizi: 3/ 285/ ? 2173. Əbu Davud və Tirmiziin rəvayətində son cümlə yoxdur.
[40] ən-Nisa: 11.
[41] Buxari: 6/ 2476/ ? 6351. Müslim: 3/ 1233/ ? 1615. Tirmizi: 8/ 194/ ? 2243.
[42] ən-Nisa: 176.
[43] Buxari: 2/ 972/ ? 2579. Müslim: 2/ 1141/ ? 1504.
[44] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 7157. Hakim: 4/ 341. Beyhəqi: 10/ 292.
[45] Hədis həsəndir. Səhih Sünən İbn Macə: ? 2210. İbn Macə: 2/ 913/ ? 2734. Hakim: 4/ 66.
[46] ən-Nisa: 176.
[47] Hədis səhihdir. əl-İrva: ? 1683. Buxari: 12/ 17/ ? 6736. Əbu Davud: 8/ 97/ ? 2873. Tirmizi: 3/ 285/ ? 2173. Əbu Davud və Tirmiziin rəvayətində son cümlə yoxdur.
Tarix: 01.05.2013 / 17:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 446 Bölmə: Maraqlı melumatlar