Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALQI-SATQI FƏSLİ (VIII )

GİROV (ərəb. ər-Rahn)

Borcu başqa adamın hesabına keçirtmək (əl-Həvalə)

ƏMANƏT (əl-Vədiə)

Əmanətə zəmanət vermək:

ƏL-ARİYƏ

GİROV
(ər-Rahn)
Ərəb dilində "ər-Rahn" sözü, həbs etmək, görio saxlamaq mənasındadır. Quran ayələrinin birində deyilir: «Hər kəs öz əməlinin girovudur! (Hərə öz əməlinin əvəzini alacaqdır!)».
İstilahi mənada: Borc alarkən nəyisə girov qoyub, borcu qaytarmaq imkanı olmayanda borcun həmin girovdan ödənilməsi deməkdir[1].
Bu əməlin icazəli olması:
Uca Allah buyurur: «Səfərdə olub katib tapmasanız, girov saxlayın...»[2].
Ayədə bu hökmün səfərlə bağlı olması, bu halların səfər zamanı daha çox ehtimal edilməsinə görədir, hökm səfərdə olana xas deyil. Çünki qeyri səfərdə də belə emtək haqda hədis mövcuddur.
Demək Aişə (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir nəfər yəhudidən nisyə yemək aldı və əvəzində zirehini girov qoydu»[3].

Girov sahibinin ondan faydalanması:
Girov sahibi girovdan faydalana bilməz. Çünki əvvəldə demişdik ki, mənfəət gətirən hər bir borc sələmdir.
Yalnız bir halda, əgər götürdüyü girov minilən (heyvan və s.) və ya sağılan (heyvan) olarsa və onun üçün xərc çəkirsə[4], onda onu minə və ya sağa bilər.
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Girov heyvan ona çəkilən xərcin müqabilində minilir. Həmçinin sağılan girov heyvan, ona çəkilən xərcə görə sağılır. Belə ki, girov heyvanı minən və sağan onun xərcini də çəkməlidir»[5].

Borcu başqa adamın hesabına keçirtmək
(əl-Həvalə)
Ərəb dilində "əl-Həvalə" sözü, yönləndirmək, keçid vermək mənasındadır. Fiqh alimlərinin nəzərində isə, bir adamın borcunu digərinin məsuliyyətinə keçirməkdir.
Borcu olan insana başqa birisi borcludursa, belə halda borclu, borcunu tələb edən şəxsi ona borclu olan digər imkanlı şəxsə yönəltməlidir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Varlı insanın (imkanı ola-ola) borcu gecikdirməsi zülmdür. Borcunuzu istədikdə, borclu adam sizi, ona borclu olan imkanlı insana yönəldərsə bunu qəbul edin»[6].

ƏMANƏT
(əl-Vədiə)
Tərifi: Ərəb dilində "əl-Vədiə" sözü bir şeyi tərk etmək, harasa qoymaq mənasını daşıyır.
İnsanın başqasına saxlaması üçün verdiyi əmanət, əl-vədiə adlanır. Çünki o, əşyanı həmin adamın yanında qoyub gedir.
Hökmü: Kimsə öz qardaşına saxlamaq üçün əmanət verərsə, onu qoruyacağına əmin olan şəxs, əmanəti saxlamağa razılıq verə bilər. Bu müstəhəbdir. Bu, yaxşı və savab işlərdə əlbir olmaqdır.
Əmanət sahibi əmanətini istədikdə, dərhal onu qaytarmaq vacibdir. Uca Allah buyurur:
«Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı əmr edir...»[7].
Digər ayədə buyurur: «Əgər bir-birinizə etibar edirsinizsə, etibar olunmuş şəxs əmanəti geri qaytarsın və Rəbbi olan Allahdan qorxsun!...»[8].
Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Sənə etibar edib əmanət verənin əmanətini qaytar...»[9].

Əmanətə zəmanət vermək:
Əmanəti saxlayan ona zəmanət vermir. Yalnız əgər əmanətə səhlənkar yanaşarsa o zaman zəmanət verməlidir.
Amr ibn Şueyb atasından, o da babasından, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim saxlamağa əmanət götürərsə, ona zəmanət vermir»[10].
Digər rəvayətdə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini qeyd edir: «Əmanət saxlayan, əmanətə görə zəmanət daşımır»[11].
Ənəs ibn Malik deyir ki, «Ömər ibn əl-Xəttab (Allah onlardan razı olsun) mənim mal-dövlətimdən oğurlanmış əmanətə görə mənim zəmanət daşıdığımı dedi».
Beyhəqi deyir: Ehtimal olunur ki, Ənəs ibn Malik həmin əmanətin saxlanılmasına səhlənkar yanaşmışdı. Ona görə də Ömər onun zəmanət daşıdığını demişdir[12].
***


ƏL-ARİYƏ
Tərifi: Fiqh alimləri deyirlər ki, bu, mülk sahibinin başqasına, heç bir qarşılıq olmadan öz mülkündən faydalanmağa icazə verməsidir.
Hökmü:
Bu əməl müstəhəbdir. Uca Allah buyurur: «Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun...»[13].
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) isə belə demişdir: «Bəndə öz qardaşının köməyində olduqca, Allah da onun köməyi olar»[14].
Uca Allah o insanları məzəmmət etmişdir ki, «Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar); Onlar riyakarlıq edər, və xəsislik göstərib (bir iş üçün qonum-qonşuya lazım olan qab-qacağı) verməkdən imtina edərlər»[15].

Bu növ əmanəti qaytarmağın vacibliyi:
Uca Allah buyurur: «Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı əmr edir...»[16].

Bu növ əmanətə zəmanət vermək:
Mal-mülkdən bu yolla istifadə edən insan əmanətə görə məsuliyyət daşıyır. Amma zəmanətə gəldikdə isə, ona zəmanət vermir. Yalnız əgər əmanətə səhlənkar yanaşarsa, yaxud mülk sahibi ilə əvvəlcədən zəmanət daşımaq haqda sövdələşərsə o zaman zəmanət verməlidir. Səfvan ibn Yəla atasından rəvayət edir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənə belə demişdir: «Mənim elçilərim sənin yanına gələndə, onlara otuz ədəd zireh, otuz ədəd də dəvə ver. Mən dedim: Ey Allahın elçisi, bunu sənə zəmanətlə verim, yoxsa ancaq geri qaytarmaq şərti ilə. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Geri qaytarmaq şərti ilə»[17].
Əmir əs-Sənani "Subulus Səlam" adlı kitabında (3/ 69) deyir:
Zəmanətlə verilən əmanət, tələf olduqda qiyməti ödənilən əmanətdir.
Geri qaytarmaq şərti ilə alınan əmanət, salamat qalarsa geri qaytarılan, tələf olduqda isə qiyməti ödənilməyən əmanətdir.
Daha sonra deyir: Hədis, "əl-Ariyə yalnız zəmanət şərti olduqda zəmanətlə qaytarılır" - deyənlərin rəyinə dəlildir. Biz yuxarıda bu rəyin daha dürüst olmasını qeyd etmişdik.


[1] Fəthul Bari: 5/ 140. Mənarus Səbil: 1/ 351.
[2] əl-Bəqərə: 283.
[3] Hədis səhihdir. əl-İrva: ? 1393. Buxari: 4/ 399/ ? 2200.
[4] Məsələn, əgər götürdüyü girov dəvədir və o dəvə üçün ot-ələf alırsa, onda onun südündən və ya miniyindən istifadə edə bilər (tərc.).
[5] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 3962. Buxari: 5/ 143/ ? 2512. Əbu Davud: 9/ 439/ ? 3509. Tirmizi: 2/ 362/ ? 1272. İbn Macə: 2/ 816/ ? 2440.
[6] Buxari: 5/ 61/ ? 2400. Müslim: 3/ 1197/ ? 1564. Əbu Davud: 9/ 195/ ? 3329. Tirmizi: 2/ 386/ ? 1323. Nəsai: 7/ 317. İbn Macə: 2/ 803/ ? 2403.
[7] ən-Nisa: 58.
[8] əl-Bəqərə: 283.
[9] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 240. Tirmizi: 2/ 368/ ? 1282. Əbu Davud: 9/ 450/ ? 3518.
[10] Hədis həsəndir. Səhih Sünən İbn Macə: ? 1945. əl-İrva: ? 1547. İbn Macə: 2/ 802/ ? 2401.
[11] Hədis həsəndir. Səhih əl-Cami əs-Səğir: ? 7518. Darəqutni: 3/ 41/ ? 167. Beyhəqi: 6/ 289.
[12] Beyhəqi: 6/ 289.
[13] əl-Maidə: 2.
[14] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 6577.
[15] əl-Maun: 5, 6, 7.
[16] ən-Nisa: 58.
[17] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 3045. Silsilətus Səhihə: ? 630. Əbu Davud: 9/ 479/ ? 3549.


Tarix: 01.05.2013 / 17:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 290 Bölmə: Maraqlı melumatlar
loading...