1.İbn Məsuddan rəvayət olunur ki, Allahın elçisi(sav) buyurmuşdur: «Doğru danışan olun, çünki o yaxşılığa, yaxşılıq da Cənnətə gətirib çıxarır. Əgər insan daim doğru danışırsa və həqiqətdən bərk-bərk yapışarsa, Allah dərgahında siddiq olması (doğru danışan) yazılacaq. Bununla yanaşı özünüzü yalandan qoruyun, çünki yalan pozğunluğa, pozğunluq da Cəhənnəm oduna gətirib çıxarır. Əgər insan daim yalan danışırsa və bundan da əl çəkmirsə, Allah dərgahında yalançı olması yazılacaq». Hədisi Buxari və Müslim rəvayət etmişdir.
2.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi(sav) buyurmuşdur: «Zənn etməkdən çəkinin, çünki zənn ən yalan sözdür». Hədisi Buxari və Müslim rəvayət etmişdir.
3.Əbu Səid əl-Xudridən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Yol kənarlarında oturmaqdan çəkinin». Səhabələr: «Ey Allahın elçisi! Biz bunsuz keçinə bilmərik, çünki biz orada oturub söhbət edirik» – deyə buna öz etirazlarını bildirdilər. Peyğəmbər, , dedi: «Bundan imtina edirsinizsə, onda yolun haqqını ödəyin». Səhabələr: «Yolun haqqı nədən ibarətdir?» – deyə soruşdular. Peyğəmbər(sav) də: «Gözü yummaq, pisliklərdən çəkinmək, salamı almaq, yaxşılığı əmr, pisliyi isə qadağan etməkdir» – deyə cavab verdi.
Hədisi Buxari və Müslim rəvayət etmişdir.
4.Müaviyədən rəvayət olunur ki, Allahın elçisi(sav) buyurmuşdur: «Allah kimə isə xeyir istəsə, onu dini gözəl bilənlərdən edir». Hədisi Buxari və Müslim rəvayət etmişdir.
5.Əbu Dərdadan rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «[Qiyamət günü] tərəzidə gözəl əxlaqdan ağır heç bir şey olmayacaq». Hədisi Əbu Davud və Tirmizi rəvayət etmiş, sonuncusu isə səhih hesab etmişdir.
6.İbn Ömərdən rəvayət olunur ki, Allahın elçisi(sav) buyurmuşdur: «Abır-həya imandandır». Hədisi Buxari və Müslim rəvayət etmişdir.
7.Əbu Məsuddan rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Şübhəsiz ki, ilkin peyğəmbərliyin kəlamlarından insanlara gəlib çatan kəlam budur: “Utanmadıqdan sonra istədiyini elə”». Hədisi Buxari rəvayət etmişdir.
8.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Allah dərgahında güclü mömin zəif mömindən həm xeyirli, həm də daha sevimlidir. Ancaq onların hər birində də xeyir vardır. Sənə fayda verən hər bir şeydən bərk-bərk yapış, Allahdan kömək dilə və aciz olma. Başına bir iş gəlsə, əsla: “Əgər mən bu cür etsəydim, onda belə olardı” – demə. Sadəcə olaraq: “Allahın qədəri belədir, O, istədiyini edəndir” – de, çünki “Əgər...olsaydı” kəlməsi şeytanın işinə yol açar». Hədisi Müslim rəvayət etmişdir.
9.İyad ibn Himardan rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Allah-taala mənə sizin bir-birinizə qarşı təvazökar olmağınızı vəhy etdi ki, heç kəs heç kəsə qarşı öyünməsin və heç kəs heç kəsə qarşı haqsızlıq etməsin».
Hədisi Müslim rəvayət etmişdir.
10.Əbu Dərdadan rəvayət olunur ki, Peyğəmbər (sav) buyurmuşdur: «Kim qardaşının namusunu onun olmadığı vaxt qorusa, Qiyamət günü Allah da onun üzünü Cəhənnəm alovundan qoruyar». Hədisi Tirmizi rəvayət etmiş, eyni zamanda da onu yaxşı hesab etmişdir.
11.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Sədəqə var-dövləti azaltmaz. Əgər bəndə əfv etməyi bacarırsa, Allah da onu yüksəldəcək. Allah qarşısında alçalan elə bir bəndə yoxdur ki, Allah-taala onu ucaltmasın». Hədisi Müslim rəvayət etmişdir.
12.Abdullah ibn Salamdan rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Ey insanlar! Tanısanız da, tanımasanız da bir-birinizə salam verin, qohum-əqrəba ilə gözəl münasibətdə olun, ətrafınızdakıları süfrənizə qonaq edin, gecələr insanlar yatarkən namaz qılın ki, Cənnətə əmin-amanlıqla daxil olasınız». Hədisi Tirmizi rəvayət etmiş və eyni zamanda da onu səhih hesab etmişdir.
13.Təmim əd-Daridən rəvayət olunur ki, Allahın elçisi(sav)üç dəfə: «Din səmimilikdir» – dedi. Səhabələr: «Kimə qarşı?» – deyə soruşduqda o: «Allaha, Onun kitabına, elçisinə, müsəlmanların rəhbərlərinə və adi müsəlmanlara qarşı» – deyə cavab verdi. Hədisi Müslim rəvayət etmişdir.
14.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «İnsanın Cənnətə daxil olmasının ən başlıca səbəbi onun Allahdan qorxması və gözəl əxlaq sahibi olmasıdır». Hədisi Tirmizi rəvayət etmiş, Hakim isə səhih hesab etmişdir.
15. Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi(sav) buyurmuşdur: «Mömin möminin güzgüsüdür».
Hədisi Əbu Davud yaxşı isnadla rəvayət etmişdir.
16.İbn Ömərdən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «İnsanlarla qaynayıb-qarışan və onların haqsızlıqlarına dözən mömin, insanlarla qaynayıb-qarışmayan və onların haqsızlıqlarına dözə bilməyən mömindən daha xeyirlidir».
Hədisi İbn Macə yaxşı isnadla rəvayət etmişdir. Eyni hədisi Tirmizi də rəvayət etmiş, lakin o, səhabənin adını qeyd etməmişdir.
17.İbn Məsuddan rəvayət olunur ki, Allahın elçisi (sav) Allaha belə dua edərdi: «Allahım! Məni necə gözəl xəlq etdinsə, əxlaqımı da gözəl et».
Hədisi Əhməd rəvayət etmiş, İbn Hibban isə səhih hesab etmişdir.
Tarix: 25.04.2013 / 20:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 94 Bölmə: Maraqlı melumatlar