Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əbədiyyət yolçuluğu

Sənin yolun ya cənnətə, ya da cəhənnəmədir
Qəbir: Axirətin ilk mənzili qəbirdir. Kafir və münafiq üçün odlu xəndək, mömin üçün bir bağçadır. Qəbirdə bir neçə günaha görə əzab veriləcəyi deyilmişdir. Bunlar aşağadakılardır:

Sidik və nəcisdən təmizlənməmək, qənimətdən oğurluq etmək, yalan danışmaq, namaza yatıb qalmaq, Quranı tərk etmək, zina, homoseksualizm, sələm, borcu qaytarmamaq və s. Bu əməllərlə isə insan bu əzabdan qurtula bilər: Sırf Allah xatirinə edilən saleh əməllər, qəbir əzabından Allaha sığınmaq, Mülk surəsini oxumaq və s. Şəhidlər, Allah yolunda gözətçilik edənlər, cümə günü ölən, qarın ağrısından vəfat edən və b.

Sura üfürmək:
Sur İsrafilin saxladığı buynuza bənzər böyük alətdir. O üfürmə əmrini gözləyir. Birinci qorxutma üfürməsini üfürəcəkdir. Uca Allah buyurur: "Sur çalınacağı gün Allahın istədiklərindən başqa, göylərdə və yerdə olanlar dəhşətli bir qorxuya düşər..." (ən-Nəml: 87). Bundan sonra bütün kainat dağılacaq. Qırx gün keçdikdən sonra diriltmək üçün ikinci dəfə üfürüləcək. Uca Allah buyurur: "Sonra bir daha çalınan kimi onlar qalxıb müntəzir olacaqlar!" (əz-Zümər: 68).

Dirilmək:
Sonra uca Allah yağış yağdıracaq və bütün məxluqatın cəsədi büzdüm sümüyündən cücərəcəkdir. Onlar ölməz yeni bir məxluqa dönəcəklər. Çılpaq, ayaqyalın və sünnət olunmamış olacaqlar. Cinləri və mələkləri də görəcəklər. Onlar dünyada etdikləri sonuncu əməl ilə diriləcəklər. Ehramda olan təlbiyə duasını deyəcək, şəhid qanı axa-axa gələcək, qafil insan isə boş əyləncə ilə gələcəkdir. Peyğəmbər (s.a.v) demişdir: "Hər bir bəndə öldüyü vəziyyətdə diriləcəkdir." (Müslim).

Toplanma:
Sonra uca Allah məxluqatı haqq-hesaba çəkmək üçün onları bir yerə toplayacaqdır. Bir günü əlli min il olan bu gündə onlar qorxu içində, sərxoş kimi olacaqlar. Onların dünyada yaşadıqları ömür bir saat kimi görsənəcəkdir. Çünəş onların başı üzərində bir mil məsafədə olacaq və onlar əməllərinə görə tərlərində boğulacaqlar. Orada zəiflər və təkəbbürlülər boğuşacaq, kafir öz dostu, şeytanı və əzaları ilə mübahisə edəcəkdir. Onlar bir-birini lənətləyəcək, zalım barmaqlarını çeynəyə-çeynəyə: "Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim;" – deyəcəkdir. Cəhənnəm yetmiş min tutacaqla gətiriləcək və hər bir tutacağı yetmiş min mələk çəkəcəkdir. Kafir bu halı gördükdə nəfsini fəda etməyi və ya torpağa dönməyini arzu edəcəkdir. Zəkat verməkdən imtina edən günahkarların mal-dövləti oda dönüb onu bürüyəcək, təkəbbürlülər qarışqa kimi olacaq, xəyanətkar, qənimət oğrusu və qəsbkar biabır ediləcək, oğru oğurladığı ilə gələcək, həqiqətlər və gizli qalan işlər aşkara çıxacaqdır. Amma bu gün müttəqilərə heç bir qorxu gətirən deyil. Onlar üçün bu müddət zöhr namazının vaxtı qədər qısa olacaqdır. "Onları ən böyük qorxu məhzun etməyəcəkdir..." (əl-Ənbiya: 103).

Şəfaət:
Böyük şəfaət Peyğəmbərimizə (s.a.v) məxsusdur. Məhşər günündə Peyğəmbərimiz məxluqatın qarşılaşdığı kədərin, qorxunun qurtarması və haqq-hesabın başlaması üçün şəfaət edəcəkdir. Məhşər günündən sonra edilən digər şəfaətlər isə həm peyğəmbərlərə, həm də digərlərinə aiddir. Misal olaraq cəhənnəmə düşən möminlərin oradan çıxarılmasını, yaxud dərəcələrin yüksəldilməsi üçün şəfaəti göstərmək olar.

Haqq-hesab:
İnsanlar cərgə-cərgə Allaha ərz olunacaq və O da onlara əməllərini göstərəcək, sorğu-sual edəcəkdir. Suallar ömrünü, gəncliyini və malını nəyə sərf etdiyindən, elmindən, əhdindən, nemətlərdən, eşitmə və görmə qabiliyyətindən, qəlbindən olacaqdır. Kafirlər və münafiqlər məxluqatın önündə sorğu-sual olunacaqlar. Əməllərinin nə qədər çirkin olduğunu və qarşılarına qaçılmaz dəlil-sübutun qoyulduğunu onlara bildirmək üçün belə ediləcəkdir. İnsanlar, yer, günlər, gecələr, mal-dövlət, mələklər və öz əzaları onlara qarşı şahidlik edəcəklər. Onların günahı sübut olunacaq və özləri də bunu təsdiqləyəcəklər. Allah təalə mömini təklikdə sorğu-sual edəcək və günahlarını ona etiraf etdirəcək. Onun həlak olduğunu gördükdə ona deyəcəkdir: "Bu günahlarını dünyada gizli saxlamışdım, bu gün isə onları bağışlayıram." Muhəmmədin (s.a.v) ümməti ilk sorğu-sual olunacaqdır. Onlardan soruşulan ilk əməl namaz, ilk hökm isə qan haqqında olacaqdır.

Əməl dəftərlərinin paylanması:
Sonra əməl dəftərləri paylanacaq və "heç bir kiçik və böyük günahı gözdən qaçırmadan sayıb yazmış!" kitabı götürəcəkdir. Mömin kitabını sağ tərəfi ilə, kafir və münafiq isə kitabını sol və arxa tərəfindən götürəcəkdir.

Tərəzi:
Sonra mükafatların verilməsi üçün bəndələrin əməlləri tərəziyə qoyulacaqdır. Bu iki gözlü həqiqi tərəzidir. Allah üçün ixlasla edilmiş şəriətə müvafiq əməllər tərəzidə ağır gələcək. Tərəzidə ağır gələn əməllərə misal olaraq "Lə iləhə illəllah...", gözəl əxlaq, "əlhəmdulilləh", "Sübhənəllah və bihəmdihi sübhənəllahi-l-azim" zikrləri demək olar. İnsanların yaxşı və pis əməlləri tərəzidə ölçüləcək və müvafiq hökm veriləcəkdir.

Hovuz:
Sonra möminlər hovuz başına gələcəklər. Bu hovuzun suyundan bir dəfə içən bir daha susayan deyil. Hər bir peyğəmbərin öz hovuzu olacaqdır. Ən böyük hovuz isə Peyğəmbərimiz Muhəmmədin (s.a.v) hovuzu olacaqdır. Onun suyu süddən ağ, baldan dadlı, müşki-ənbərdən daha ətirlidir. Hovuzun qızıldan və gümüşdən olan qədəhləri ulduzların sayı qədərdir. Uzunluğu isə İordaniyanın Əylə şəhərindən Yəmənin Ədən şəhərinə qədər olan məsafədən də çoxdur. Onun suyu "Kövsər" çayından qaynaqlanır.

Möminlərin imtahanı:
Məhşər gününün sonunda kafirlər ibadət etdikləri ilahların ardınca gedəcək və onları qoyun sürüsü kimi ayaq üstə və ya üzü üstə cəhənnəm oduna aparacaqlar. Meydanda yalnız möminlər və münafiqlər qalacaqlar. Uca Allah onlara deyəcək: "Nə gözləyirsiniz?" Onlar: "Biz Rəbbimizi gözləyirik" – deyə cavab verəcəklər. O öz baldırını açdıqda hər kəs Onu tanıyacaq və münafiqlərdən başqa, hər kəs Ona səcdə edəcəkdir. Uca Allah buyurur: "Baldır açılacağı zaman səcdəyə dəvət olunacaqları gün onlar buna qadir olmayacaqlar." (əl-Qələm: 42). Sonra onlar, Onun ardınca gedəcək, Sirat körpüsü qoyulacaq və hər kəsə nur verəcəkdir. Münafiqlərin nuru isə sönəcəkdir.

Sirat körpüsü:
Bu möminlərin cənnətə daxil olmaları üçün cəhənnəm üzərində qoyulmuş körpüdür. Peyğəmbər (s.a.v) onu bu sözləri ilə vəsf etmişdir: "O sürüşkəndir. Üzərində qarmaqlar və tükdən nazik, qılıncdan iti dəmir şişlər vardır." (Müslim). Hədisdə deyilir ki, möminlərə əməllərinə görə nur veriləcəkdir. Ən yüksəkdə olanlara dağlar böyüklükdə, ən aşağıda olanlara isə ayağının çöçələ barmağı qədər nur veriləcəkdir. Nur işıq saçdıqda onlar da öz əməlləri qədər irəli gedəcəklər. Möminlərin bəzisi bir göz qırpımında, bəziləri isə ildırım, külək, quş, cıdır və minik atı sürətində keçəcəklər. "Körpünü keçən qurtular, şişə keçən də oradan keçər, qarmağa keçən isə cəhənnəmə gedər." (Buxari və Müslim). Münafiqlərin nuru olmadığından geri qayıdacaqlar. Möminlərlə onlar arasında divar çəkiləcək. Onlar körpünü keçmək istəyəndə cəhənnəmə düşəcəklər.

Cəhənnəm:
Cəhənnəmə kafirlər, bəzi günahkar möminlər və münafiqlər düşəcəklər. Onun yeddi qapısı vardır. Atəşi isə dünya atəşindən yetmiş dəfə güclüdür. Kafirin bədəni orada böyüyəcəkdir ki, əzabı daha çox hiss etsin. Onun iki çiyninin arası üç günlük yol məsafəsi, dişi Uhud dağı qədər böyük olacaqdır. Dərisi də codlaşacaqdır. Onların içəcəkləri mədələrini deşəcək qaynar su, yeməkləri isə zəqqum, irin və qanlı su olacaqdır. Orada ən yüngül əzab çəkənin ayağının altına köz qoyduqda beyni qaynayacaqdır. Dərinliyi isə çox dərindir. Əgər təzə doğulmuş uşaq oraya atılsa, dibinə çatmamış yetmiş yaşı tamamlanar. Onun yanacağı kafirlər və daşlardır. Havası qaynar, kölgəsi qara tüstüdür. O, heç kəsi sağ qoymaz və salamat buraxmaz. Dərini yandırıb sümüyə keçər, ürəkləri yandırıb-yaxar. O qəzəblənər, nərə çəkər, hər min nəfərdən doqquz yüz doxsan doqquzunu qapar. Libası isə oddur.

Qəntərə:
Peyğəmbər (s.a.v) demişdir: "Möminlər oddan qurtulduqdan sonra cənnət ilə cəhənnəm arasında qəntərədə saxlanılarlar. Bir-birindən dünyada ikən aralarında olan zülmün qisası alınar. Onlar təmizlənib paklığa çıxdıqda cənnətə daxil olmalarına icazə verilər. Muhəmmədin nəfsi əlində olana and olsun, onlar cənnətdəki evlərinin yerini dünyadakı evlərindən daha yaxşı tanıyacaqlar." (Buxari).

Cənnət:
Ora möminlərin qayıdış yeridir. Onun hörgüsü gümüş və qızıldan, boyağı müşki-ənbərdən, çınqıl daşları yaqut və ləl-cəvahiratdan, torpağı isə zəfərandandır. Onun səkkiz qapısı vardır. Hər qapının eni üç günlük yol uzunluğundadır. Amma yenə də bu qapının önündə izdiham yaşanacaqdır. Oranın yüz dərəcəsi var. Bir dərəcə ilə digəri arasında göy ilə yer arasındakı qədər məsafə vardır. Firdovs cənnəti ən yüksək mərtəbədir. Cənnətin çayları da oradan qaynaqlanır. Tavanı isə ər-Rəhmanın ərşidir. Onun çayları xəndəksiz axır və mömin oradan istədiyi kimi keçə bilir. Çayların mayesi bal, süd, içki və sudur. Qidaları daimidir və iştahası çəkən adama özü yaxınlaşır. Orada ləl-cəvahiratdan düzəlmiş bir çadır var. Eni altmış mildir. Onun hər küncündə bir dəstə adam oturar. Oranın əhalisi həmişə gəncdir. Saçları ağarmaz və paltarları köhnəlməz. Orada nə kiçik, nə də böyük subaşı vardır. Heç orada natəmizlik də yoxdur. Daraqları qızıldan, ətirləri müşki-ənbər, qadınları gözəl, bakirə və gəncdir. Oraya ilk daxil olan Muhəmməd (s.a.v) və digər peyğəmbərlər olacaqlar. Ən az nemət arzu edənə istədiyinin on qatı veriləcəkdir. Xidmətçiləri isə səpələnmiş mərcan dənələri kimi əbədi yaşayan gənc oğlanlardır. Oranın ən böyük neməti isə Allahı görmək, Onun rizası və daimi həyatdır.


Tarix: 11.04.2013 / 20:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 670 Bölmə: Maraqlı melumatlar
loading...