“(Ya Rəsulum!) Səndən Zülqərneyn barəsində soruşarlar. De: “Onun barəsində sizə bir hekayət (bəzi xəbərlər) söyləyəcəyəm!. Biz onu yer üzərində möhkəmləndirib qüvvətləndirdik və hər şey verdik (hər şeyin yolunu ona öyrətdik)” (Kəhf surəsi 83-84).
Alimlər deyirlər ki, bu adam, yəni Zulqərneyn saleh bir insan olub. Dünyada hökmran olub. Dünyanın bütün mülkü onun əlində olub. Bu vaxta qədər dünyanın bütün mülkü həm müsəlmanlardan, həm də kafirlərdən ikisinə verilib. Yəni, dünyanın bütün mülkü yalnız və yalnız iki müsəlmana və iki kafirə verilib.
Dünyanın bütün mülkü özünə verilən müsəlmanlardan biri Davudun oğlu Süleyman əleyhumussəlam (yəni hər ikisinə, həm Davuda, həm də Süleymana salam olsun), digəri isə Zülqərneyn olub.
Dünyanın bütün mülkü özünə verilən iki kafir isə Bəxtnasr və Nəmrud olub.
Təfsir alimləri və tarix alimləri Zülqərneynin saleh bir adam olduğunu deyirlər. Alimlərdən bəziləri deyirlər ki, Zülqərneyn peyğəmbər olub. Daha məşhur olan görüş budur ki, Zülqərneyn əməli saleh bir adam olub. Dünyada uzun ömür yaşayıb. Allah təala bütün yolları onun üçün asanlaşdırıb. Bütün yolların səbəblərini asanlıqla bilib, onlara sahib olub. Allah təala onun qissəsini (həyat heykayəsini) əzəmətli Kitabında, Qurani Kərimin Kəhf surəsində bizə xəbər verib. Allah təala onun vasitəsi ilə yer üzərində baş verəcək böyük bir fitnənin qarşısını kəsmiş və Qiyamətə qədər təxirə salmışdır.
Qurani Kərimdə Onun haqqında olan ayələri birlikdə oxuyaq.
“(Ya Rəsulum!) Səndən Zülqərneyn barəsində soruşarlar. De: “Onun barəsində sizə bir hekayət (bəzi xəbərlər) söyləyəcəyəm!”.
Biz onu yer üzərində möhkəmləndirib qüvvətləndirdik və hər şey verdik (hər şeyin yolunu ona öyrətdik).
O, (məğribə çatmaq üçün) yola çıxdı. (Tövbə qapısı məğribdə olduğuna görə səfərini oradan başladı).
Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə (lehməli bir suda) batan gördü. O, çeşmənin yanında (Allahı tanımayan, kafir) bir tayfa da gördü. Biz ona belə buyurduq: “Ya Zülqərneyn! Sən onlara (imana gəlməsələr) əzab da verə bilərsən, (haqq yola dəvət edib) onlarla yaxşı rəftar da edə bilərsən!”
O (İsgəndər) belə cavab verdi: “Zülm (küfr) edənə əzab verəcəyik. Sonra o, Rəbbinin hüzuruna qaytarılacaq. (Rəbbi də) ona (Cəhənnəmdə) görünməmiş bir əzab verəcəkdir!
İman gətirib yaxşı iş görənləri isə ən gözəl mükafat (Cənnət) gözləyir. Biz ona asan bir şey əmr edəcəyik!” (Onu Allaha yaxınlaşdırmaq üçün bacardığımız hər şeyi – oruc, namaz, zəkat, cihad və s. öyrədəcək, gücü çatmayan bir işi isə görməyə vadar etməyəcəyik).
Sonra o, başqa bir yola (məşriqə) tərəf üz tutub getdi.
Nəhayət, günəşin çıxdığı yerə çatdıqda onu bir qövm üzərində doğan gördü ki, onlardan ötrü ona (günəşə) qarşı heç bir sipər yaratmamışdıq. (Yalnız günəşin özü onlar üçün sipər idi).
(Zülqərneynin qüdrət və səltənəti, səyahəti) belə idi. Biz hələ onun yanında daha nələr olduğunu da bilirik. (Zülqərneynin qüdrətini, nə qədər əsgərlə səfərə çıxdığını Allahdan başqa heç kəs dəqiq bilməz).
Daha sonra o (Zülqərneyn) başqa bir yola (cənubdan şimala) üz tutub getdi.
Nəhayət, (sədd salmış olduğu Azərbaycandakı, yaxud Türküstanda Yəcud–Məcüc tayfaları yaşayan ərazidəki) iki dağ arasına gəlib çatdıqda onların ön tərəfindən az qala söz anlamayan (yaxud danışıqları çox çətin başa düşülən) bir tayfa gördü.
Onlar (tərcüməçi vasitəsilə) dedilər: “Ey Zülqərneyn! Yəcuc–Məcuc (tayfaları) bu ərazidə fitnə-fasad törədirlər. Bizimlə onlar arasında bir sədd çəkmək üçün sənə müəyyən məbləğ (yaxud xərac) versək olarmı?”
O (Zülqərneyn) dedi: “Rəbbimin mənə verdiyi (qüdrət və sərvət sizin mənə verəcəyiniz məbləğdən) daha yaxşıdır. Gəlin öz qüvvənizlə (bənna, fəhlə, dülgər və s.) mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd düzəldim!
Mənə dəmir parçaları gətirin!” (Onlar gətirdilər). O (Zülqərneyn) iki dağın arasını (dəmir parçaları ilə doldurub) bərabərləşdirən kimi: “(Körükləri) üfürün!” – dedi. (Onlar körükləri üfürdülər). (Zülqərneyn dəmiri) od halına salınca: “Mənə ərimiş mis gətirin, onun üstünə tökün!” dedi. (Dəmir və mis bir-birinə qarışdı, ərimiş mis divarın dəliklərini doldurdu və beləliklə, möhkəm bir sədd əmələ gəldi).
(Yəcuc–Məcuc tayfaları) artıq nə (səddi) aşa bildilər, nə də onu dəlib keçə bildilər.
O (Zülqərneyn) dedi: “Bu (sədd) Rəbbimdən bəxş edilən bir mərhəmətdir. Rəbbimin təyin etdiyi vaxt (qiyamətə yaxın Yəcuc–Məcüc tayfalarının dünyanı bürüyəcəyi zaman) gəldikdə isə (Allah) onu yerlə yeksan (dümdüz) edəcəkdir. Rəbbimin vədi haqdır!” (Allahın buyurduğu hər bir şey, o cümlədən İsgəndərin səddinin dağılması, Yəcuc–Məcuc tayfalarının yer üzünün hər tərəfinə səpələnməsi, orada fitnə-fəsad törətməsi, nəhayət bir cür həşərat tərəfindən məhv edilməsi mütləq baş verəcəkdir).
O gün (həddindən artıq çox olduqlarına görə) onları (yaxud bütün insanları başlı-başına) buraxarıq. Belə ki, onlar dalğalar kimi bir-birinə qarışarlar (heyrət onları bürüyər, özlərini itirib nə etdiklərini bilməzlər). Sur çalınan kimi onların (məxluqatın) hamısını bir yerə cəm edərik” (Kəhf surəsi 83-99).
Əkrəm Həsənov (ilahiyyatçı)..
Tarix: 08.04.2013 / 20:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 228 Bölmə: Maraqlı melumatlar