Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səfəvilər dövründə vəkillik

Vəkil siyasi və dini tədbirlərin həyata keçirilməsindəqayda yaradılması üçün şahın qarşısında məsuliyyət daşıyırdı. Bu vəzifənin əhəmiyyəti ondan görünür ki, onu tutan ilk şəx məhz İsmayılın tərbiyəçisi (lələsi) – Hüseyn bəy Şamlı olmuşdur. O, İsmayılın Gilanda olduğu 4-5 il ərzində "Səfəviyyə" təriqətinin bütün işlərini idarə etmiş "yaxın şəxslərdən" ("əhl-i ixtisas") biri idi. Xondəmir xəbər verir ki, İsmayıl Təbrizi ələ keçirdikdən dərhal sonra Hüseyn bəy Lələ "vəkalət-i nəfs-i nəfis-i hümayun", yəni "Əlahəzrətin şəxsi müavini" vəzifəsinə təyin olunmuşdu. Hüseyn bəy lələ vəkil vəzifəsindən azad edidikdən sonra (1508) onun yerini Rəşt əyanlarından olan Nəcməddin məsud gilani tutmuşdu. Keçmişdə mahir zərgər olmuş (onun "zərgər" təxəllüsü də buradandır) Əmir Nəcməddin İsmayıla Gilanda yaxınlaşmışdı. Sonra o, Biye-pəs Gilanının hakimi Əmirə İshaqın sərkərdəsi (sipahsaları) olan Kosa Abbasın əlindən qaçmış, Şah İsmayılın qərargahına gəlmiş, qızılbaşların Fərrux Yasara qarşı yürüşündə iştirak etmişdi. Salnaməçilər bu fikirdə yekdildirlər ki, Əmir Nəcməddin vəkil vəzifəsində fövqəladə dərəcədə böyük hakimiyyətə nail olmuşdu6. O, hicri 915 (1509-1510)-ci ildə vəfat etdi. Əmir Yarəhməd Xuzani vəkil təyn olundu və ona "Nəcmi-Sani" ("ikinci ulduz") adı verildi. Öz sələfi Nəcməddin Məsudun xahişnaməsi sayəsində Yarəhməd əvvəlcə vəzir təyin olunmuşdu və "sahib-i divan" kimi işləri idarə edirdi. O, tezliklə şahın etibarını qazandı və onun himayəsi sayəsində dövlət işlərində böyük hakimiyyət sahibi oldu9. Ehtimal etmək olar ki, təşəxxüslü Nəcmi-Sani öz hakimiyyəti ilə sələflərini ötüb keçmişdi. O, 1512-ci ildə özbəklərə qarşı qızılbaş qoşunlarının yürüşündə özünün hərbi başçı vəzifəsinə təyin edilməsinə nail oldu. Lakin yürüş tam uğursuzluqla başa çatdı. Salnaməçilərin məlumatlarından aydın olur ki,Şeybani xan 1510-cu ildə darmadağın edildikdən sonra Sultan Mahmud Babur Kabildən hərəkətə başladı. Məvaraünnəhrdə onun hakimiyyətini tanımaq təəhhüdü ilə İsmayılla birlikdə özbəklərə qarşı ittifaq təklif etdi. I Şah İsmayıl Baburun təklifini qəbul etdi. O, böyük bir qızılbaş dəstəsini Babura köməyə göndərdi. Hər iki qoşun özbəklərin tərk etdiyi Səmərqəndə qədər qalibiyyətlə irəlilədi. Qızılbaş əmirlərinə çoxlu hədiyyələr bağışlayan Babur, İsmayıl üçün hədiyyələr gətirən əlavə dəstə yola saldı. Lakin vəkil Nəcmi-Saninin xidmətçisi olan Məhəmmədcana "kifayət qədər diqqətlə" yanaşmadı. Nəcmi-Sani Qumda olan Şah İsmayıla məlumat verdi ki, guya Baburun düşmənçilik niyyətləri vardır. O zaman Şah İsmayıl Nəcmi-sanini qızılbaş qoşunu ilə Məvaraünnəhrə göndərdi. Mənbələrdən aydın olur ki, burada iki əməliyyat keçirilmişdir. Birincinin (Nəcminin iştirakı olmadan) nəticəsində Səmərqənd və Buxara tutuldu. Nəcmin başçılıq etdiyi ikinci əməliyyat isə sərkərdənin qəddarlığı, kütlüyü və inadkarlığı nəticəsində (sayı 15 min nəfər olan Qərşi sakinləri Nəcminin əmri ilə kütləvi şəkildə qılıncdan keçirildi; hətta seyidlərə də aman verilmədi) Səfəvi qoşunlarının tamamilə darmadağın edilməsi ilə başa çatdı. Nəcmin özü özbəklər tərəfindən əsir alındı və Übeydulla xanın əmri ilə edam edildi. Sonrakı vəkil, o vaxta qədər sədr vəzifəsini tutmuşƏmir Nizaməddin Əbdülbaqi Yəzdi oldu. Nəcmi-Sani qızılbaş qoşunlarını Məvaraünnəhrə aparanda əmir Əbdülbaqi onun müavini təyin olunmuşdu. Nəcmi-Sani həlak olduqdan sonra isə özü 1514-cü ildə Çaldıran vuruşmasında ölənədək onun vəzifəsini tutdu11. Vəkil vəzifəsində onun xələfi Mirzə Şah Hüseyn İsfahani oldu. O, öz vəzifəsini sələflərinə nisbətən daha uzun müddət yerinə yetirdi və 1523-c ildə, onun hədsiz hakimiyyətindən narazı qalan qızılbaş əyanlarının fitnə-fəsadları nəticəsində öldürüldü12. R.Seyvori qeyd edir ki, bu dövrdə vəkilin şah müavini kimi dünyəvi və dini hakimiyyətdə səlahiyyətləri azalır, mülki idarə və dövlət bürokratiyasının başçısı kimi rolu artırdı.

Şah vəkil vəzifəsinə Xacə Cəmaləddin Məhəmməd Təbrizini irəli sürdü. "Onun qabil qamətini fəxri xələt və qızıla tutulmuş tac bağışlamaqla bəzədi və onun əzəmət bayrağını əlçatmaz ulduzlara qədər ucaltdı". O, I Şah İsmayılın vəfatından sonra öz vəzifəsində qaldı, lakin tezliklə Div sultan Rumlu tərəfindən öldürüldü15. I Şah İsmayılın vəfatından sonrakı ilk onillikdə, qızılbaş tayfaları əmirlərinin hökmranlığı zamanı vəkil vəzifəsi yenidən özünün ilkin əhəmiyyətini və qüvvəsini əldə etdi. Tayfa başçıları gənc şahın köməksizliyindən istifadə edərək, yüksək və gəlirli vəkil vəzifəsi uğrunda qanlı mübarizəni davam etdirirdilər. Vəkil vəzifəsində Div sultan Rumlu, Çuxa sultan Təkəli və Hüseyn xan Şamlı bir-birini əvəz etdilər. Onlar əslində azyaşlı I Şah Təhmasibin dövründə vəkil vəzifəsinə öz sələfini öldürməklə keçən, tam hakimiyyətli və qüdrətli səltənət naibləri idilər. Onlardan sonra vəkil vəzifəsi haqqında mənbələrdə məlumat verilmir.


Tarix: 01.03.2013 / 20:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 371 Bölmə: Dunya ve tarixi
loading...