Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kutilər

Kutilər – Azərbaycan türklərinin təşəkkülündə ilkin və mühüm rol oynamış qədim türk etnoslarından biri.

Kutilər Azərbaycan ərazisində, Urmiya gölü hövzəsində yaşamış etnoslardan biridir. Kutilərin mənşəyi haqqında tarixşünaslıqda müxtəlif fərziyyələr var. Bəzi tarixçilər kutiləri elamdilli, kuti mədəniyyətini isə elam mədəniyyətinin bir hissəsi sayır, digərləri isə onların Qafqazdilli xalq olduqlarını iddia edirdilər. Lakin son tədqiqatlar nəticəsində kutilərin türkdilli tayfa olması fikri danılmaz elmi faktlarla sübuta yetirilmişdir. Bu nəzəriyyəni sübut edən ən önəmli faktlardan ikisi aşağıdakılardır:
1.e.ə. III minillikdən-I minilliyn sonuna qədər Güney Azərbaycan ərazisində arasıkəsilməz etnik vərəsəliyin olması və e.ə. I minilliyin əvvəllərindən həmin ərazidə türk mənşəli etnosların – mannaların və madayların mövcudluğu.
2.Kutilərin bir hissəsinin e.ə. I minilliyin əvvəllərində yaranmış Urartu ərazisində -indiki Türkiyənin Şərq bölgələrində, Van gölü hövzəsində yaşaması. (Mənbə: İqor Mixayloviç Dyakonov. Midiya tarixi.)

Urartu çarlarının mixi əlifba ilə e.ə. VIII-VII əsrlərdə yazdırdıqları kitabələrdə Urartu ölkəsinin adı "Biaini" kimi göstərilmişdir. Urartu adı onların ölkəsinə kənardan verilmə, semitmənşəli addır. Bu da məlimdur ki, Biaini kimi yazılmış ad Türkiyənin Şərqində, Van gölünün adında indiyədək qalmışdır. Biaini toponimi "bia" sözündən və urartu dilində yer adlarına əlavə olunan "-ini" şəkilçisindən ibarətdir. İndiyədək tədqiqatçılar Biaini adının mənasını aça bilmirdilər. Halbuki ölkə Bia adlanmış gölün adını daşımışdır. gölün adı isə qədim türk dilində "bia" – "su" deməkdir. Həmçinin Manna və Midiya ərazisində də "bia", "bua" sözü ilə bağlı toponimlər məlumdur. Altayda indi də bir çox hidronimlərdə "bia", "bua" sözü qorunmuşdur. Deməli, əvvəlcə bu göl (Van gölü) qədim türk dilində Bia adlanmış, Urartu dövləti e.ə. IX əsrdə yaranandan sonra gölün adı ilə ölkə Urartuların dilində Biaini adlanmışdır. Gölün əsl adı unudulmuş və yalnız Biaini adının təhrifi – Van şəklində günümüzə kimi işlədilmişdir.

İ.İ.Meşşaninov qeyd edir ki, urartu dilində "mu" – su deməkdir. Əgər Altay dilləri üçün səciyyəvi olan "b"-"m" əvəzlənməsini nəzərə alsaq, güman etmək olar ki, "mu" sözü urartu dilində "bia" sözünün fonetik şəklidir. Həmçinin tarixçi alim Qiyasəddin Qeybullayev "Azərbaycan türklərinin təşəkkülü tarixindən" adlı əsərində Urartu dilindəki türk sözlərini və həmin sözlərin mənalarını, digər türk dillərindəki ekvivalentlərini göstərir: tiau – demək, danışmaq (qədim türkcəDƏ ti, di – demək, danışmaq mənasında işlənib), terai -qayda, müəyyən etmək (qədim türkcədə törə – adət, qayda mənasında işlənib) və s. Həmçinin Urartu mənbələrində türkmənşəli Kuerai – Taşe, Tuarasi və başqa toponimlər və şəxs adları da çəkilir.

Urartu dilində türkmənşəli sözlərin olması göstərir ki, urartulular bir türk mənşəli etnosla bilavasitə təmasda olmuşlar. Q.Qeybullayev qeyd edir ki, bu etnos kutilər ola bilərdi. Başqa sözlə, urartu dilindəki türk mənşəli sözlər kutilərin dilindən mənimsəmələrdir. Ümumiyyətlə isə belə mənimsəmələr elam dilində də vardır:
elamca ihşi – məşəl; türkcə işıq
elamca ikə – qardaş; türkcə əkə, aka
elamca kuti – güdmək, gözləmək; türkcə gözləmək
elamca kik – göy; türkcə gök, göy
elamca şak – uşaq; türkcə uşaq (Mənbə: İ.M.Dyakonov. Qədim Ön Asiyada dillər).

Kutilərlə əlaqədar olaraq bir məsələni də nəzərdən qaçırmaq olmaz. Q.Qeybullayev "Qədim türklər və Ermənistan" adlı kitabında göstərir ki, kutilərin bir hissəsi sonradan köç edərək Qərbi Azərbaycan (müasir Ermənistan) ərazisində məskunlaşmışlar.

Kutilərin Ön Asiyada yayılma ərazisi

Kutilərin şəxs adlarının əksəriyyətinin qədim türk dili ilə aydınlaşdırılması da kutilərin türk kökənli bir tayfa olduğunu sübut edən faktlardandır:
İmta – kutilərdə ilk hökmdarın adı (e.ə. XXIII əsr). Şumercə "am" – bu, budur və "da" – (Allahın) qərarı ilə sözlərindən ibarət teofor addır. Ad "bu (yəni körpə) Allahın qərarı ilədir" mənasını daşıyır.
Kurum – kutilərdə bir hökmdarın adı (e.ə. XXIII əsr). Şumerlərin Ur şəhərlərinin adamları içərisində də e.ə. III minillikdə Kurum şəxs adı məlumdur. (Mənbə: İ.M.Dyakonov. Ur şəhərinin adamları). Dyakonov bu adı sual işarəsi ilə qəm-qüssə kimi tərcümə edir. Lakin bu ağlabatan fikir deyil, çünki oğlan uşağına valideynləri bu cür ad verməzdi. Ehtimal ki, ad şumer-türk mənşəlidir. Qədim türkcə "qur" dərəcə və ya rütbə bildirən söz, ləyaqətli, dəyər, şumercə guri – xeyir verən deməkdir.
Elulumeş – kutilərdə bir hökmdarın adı (e.ə.XXIII əsr). Qeyd olunmaldır ki, bu adın sonunda kassilərin və madayların adları üçün xarakterik olan aş-eş sonluğu vardır. Bunu İ.M.Dyakonov da qeyd etmişdir (Mənbə: İ.M.Dyakonov. Midiya tarixi. səh.128). Ehtimal ki,şumerlərin Luma tanrısı ilə bağlı addır.
İnimabakeş – kutilərdə bir çarın adı (e.ə.XXII əsr). Şumercə "inim" – qərarına görə, sözünə görə, rəyinə görə, "aba(k)" – əcdad, qoca, ata və "eş" şəkilçisindən ibarətdir. Ad "əcdadın (abanın) qərarına görə" anlamını daşıyır.
İnqeşuş – kutilərdə bir çarın adı (e.ə.XXIII əsr). Ehtimal ki, Şumerin baş tanrılarından biri olan Enqi tanrısının adından və şumercə "şuş" – ağuşunu açdı, yayıldı sözlərindən ibarət teofor addır.

Q.Qeybullayev "Azərbaycan türklərinin təşəkkülü tarixindən" adlı əsərində bir çox kuti şəxs adlarının mənasını açıqlayır. İ.M.Dyakonovun heç bir Şərq dili ilə izah olunmayan adlar kimi səciyyələndirdiyi kuti şəxs adlarının türk dili ilə izah olunması və lulubilər, mannalar və madayların kutilərin sonrakı nəsilləri olması (bunu bütün tədqiqatçılar təsdiqləyirlər) həmçinin, lulubilər, mannalar və madayların türk kökənli olmaları özlüyündə birmənalı nəticəni ortaya qoyur.


Tarix: 28.02.2013 / 21:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 641 Bölmə: Dunya ve tarixi
loading...