1503-cü ildə I Şah İsmayıl müridi Qənbər ağanı Ağqoyunlu hökmdarı Muradın yanına göndərdi və ona tabe olmağı təklif etdi. Rədd cavabı alan şah 1503-cü ildə 13 minlik orduyla Həmədana doğru irəlilədi. Alamaqulağı deyilən yerdə qızılbaşlar ağqoyunlularla qarşılaşdı. 70 minlik ordusu olmasına baxmayaraq Murad məğlub oldu və qaçdı. Bundan sonra qızılbaşlar həmin ildə Qum, Kaşan və İsfahanı, 1504-cü ildə isə Yəzd və Kirmanı ələ keçirdilər. Bunun ardınca Şah İsmayıl öz qoşunu ilə birgə Qərbə doğru hərəkət etməyə başladı və 1507-cı ildə Van və Ərzincanı, 1508-ci ildə isə ərəb İraqını tutdu. İsmayılın qərbdə hərbi əməliyyatlar keçirməsindən istifadə edən Özbək xanı Məhəmməd Xorasanı işğal etdi və şaha təhqiredici məktublar göndərərək onu hədələdi, Azərbaycana və İraqa gələcəyini bildirdi. İsmayıl isə cavabında özünün Xorasana gələcəyini bildirdi və ona əziyyət çəkməməyi məsləhət gördü. I Şah İsmayıl 1510-cu ildə Xorasana doğru hərəkət etdi və Mərv döyüşündə Məhəmməd xan Şeybanini məğlub edərək Xorasanı ələ keçirdi. Daha sonra Anadoluya dönən İsmayıl Ağqoyunlular dövründə Azərbaycana tabe olan Şərqi Anadolunu ələ keçirmək üçün hərəkətə keçdi. 1512-ci ildə Qaraman və Malatyanı tabe edən şah daha sonra Təbrizə döndü.
Tarix: 01.03.2013 / 19:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 127 Bölmə: Dunya ve tarixi