Buntürklər—Qədim türk tayfası.
Mündəricat
1 Tarixi və etimologiyası
2 Mənbə
3 İstinadlar
4 Həmçinin bax
5 Xarici keçidlər
Tarixi və etimologiyası
Azərbaycan xalqının soykökündə duran güclü qəbilələrdən biri də Buntürklər//Bunturqlardır. Bu türk qəbiləsinin e.ə. IV yüzillikdə Azərbaycan və qonşu ölkələrdə yaşaması haqqında bilgi vardır. VII-IX yüzilliyinə aid "Kartlinin müraciəti" anonim əsərində deyilir: "Nə vaxt Aleksandr Makendonskiy Lotanın oğlanlarının nəslini qaçmağa məcbur etdi və onları gecəyarı ölkəsinə sıxışdırdı, orada öncə qəddar, qəzəbli Buntürklərə tuş oldu. Onlar Kür çayının sahilində yaşayırdılar; dörd şəhərdə yerləşmişdilər. Onların şahı duruş gətirə bilməyəcəyindən uzaqlaşdı. Bu zaman xaldeylilər tərəfindən köçürülmüş honlar gəldilər; Buntürklərin hökmdarından bac ödəmək şərti ilə, yer istədilər və Zanavanda yerləşdilər… Bir qədər keçəndən sonra Aleksandr gəldi. O şəhərlərdən üçünü və qalaları darmadağın etdi. Buntürklər oranı tərk etdilər". Və daha bir gürcü mənbəyində, "Müqəddəs Şusanikin üzüntüləri" adlı qaynaqda hunların adı iki yerdə çəkilir.
Araşdırıcılar buntürklərini miladdan öncə 530-cu illərdə Araz üstə Kirin başını kəsib qan tuluğuna salmış Tomris ananın övladları kimi qələmə verirlər. Buntürkləri yeni eranın əvvəllərindən Qafqazın ilk aborigen sakinlərindən biri olmuşdur. Gürcü salnamələrində buntürklərin həyatı, məişəti və mübarizəsi haqqında maraqlı məlumatlar vardır. Bu mənbələrdən məlum olur ki, Azərbaycanda ta qədimdən yaşayan türklər V əsrdən sonra Kürün axarı boyunca cənubi Gürcüstan torpaqlarına axışmış, orada yurd-yuva qurmağa başlamışlar. Onlar qədim Mesxetinin qərbində sakin olmuş, Kür çayının sağ və sol sahili boyunca yerləşib – yaşamış, oturaq həyat sürmüşlər [144, s. 26]. "Miladdan öncə hələ VI-IV əsrlərdə türklər – turanlılar Gürcü qaynaqlarına nizəli türklər, nizəgəzdirənlər mənalarında daxil olub, buntürklər adı ilə məşhurlaşıblar. Həmin kiçik xalq Gürcüstanın qədim paytaxtı Msxetidən qərbdə yerləşib həyat sürmüş, get-gedə adı da dəyişib msxeti türkləri olmuşdur [22, s. 261-263]. Mənbələrdən məlum olur ki, buntürklər Kartlidə Yerusəlimin dağılmasınadək (e.ə. 586-cı ilə qədər) makedoniyalı İskəndərə qədər yaşayırdılar. Tarixçilər qədim gürcü mənbələrində buntürklər haqqındakı məlumatları anaxronizm hesab etsələr də, burada müəyyən həqiqətlər də mövcuddur. Dr. M.Fahrettin Kırzıoğlu Gürcüstanda əski türklərin yerləşməsi və hakimiyyətlərindən danışarkən Kür çayı və onun sahillərində (yəni, "Sağ-Gürcüstan", "Tərəkəmə-Gürcüstan") yerləşmiş qorxunc dərəcədə yabanı tayfalardan sayılan buntürklərinin (Bun Türki (Bön) adını çəkir [207, s. 143]. Buntürklərin qədim tarixindən xəbər verən Leonti Mrovelinin "Kartlis çarının həyatı" əsərində oxuyuruq: "Buntürklər qıpçaqlar adlandırdığımız bütpərəst qəbilələridir. Onlar Msxeta ətrafında qədimdən yer seçərək onu tikmiş, güclü istehkama çevirmiş və Sarkine adlandırmışlar" [148, s. 28]. L.Mroveli daha sonra məlumat verir ki, İran çarı Keyxosro türklərlə müharibəyə başladı və bu türklərin bəziləri Keyxosro tərəfindən qovuldu. 28 ev Qurqan (Kaspi) dənizindən keçib Kürlə üzü yuxarı Mesxetiyə gəldilər. Onlar domovladıka Mesxetiyə müraciət edib iranlılara qarşı kömək istədilər. Domovladıka Mesxeti bu barədə bütün kartvellərə xəbər verdi. Onlar (kartvellər) türklərlə dostlaşmaq arzusunu bildirdilər, çünki iranlılardan qorxurdular [50, № 1, s. 153-154]. Q.A.Melikişvili göstərir ki, şimaldan gəlmiş cəngavər əhali haqqında danışarkən tarixi gürcü ənənəsi bəzən "buntürk" və "xonnlar" (yəni hunlar, huntürkləri), bəzən isə "xəzərlər", ya da "qıpçaqlar" (poloveslər) etnonimlərini işlədirlər [144, s. 37].
Takayaşvili Bun sözünün ermənilərdən alındığını iddia edir. [1].
"Kartlis Sxoreba"da da buntürk (bunturki – buntürklər – qədim türklər) adı ilə yanaşı eli (el), tatarni (tatarlar), turkmani (türkmənlər), turkni (türklər), osmani, peçeneqi, uyğurlar, uclar, qacarlar, qaraqoyunlar, xəzərlər, səlcuqlar haqqında da məlumatlara rast gəlmək olur. Bu salnamədə də qeyd edilir ki, buntürklər və ya türklər gələcəkdə fars hökmdarı Keyxosronu öz sərhədlərindən sıxışdırıb çıxarmaq üçün Qurqen, Gürgan, yəni Kaspi dənizindən Kür çayı boyunca yuxarı doğru qalxan 28 ailə idi. [2]
Gürcü salnamələri ilə tanışlıq göstərir ki, həqiqətən də buntürklər qoçaq, möhkəm, dəyanətli və saf tayfalar olmuşlar.
"Bun" sözü qədim run yazılarında çox işlənən sözlərdəndir. Bu söz salnaməçilər, tarixçilər, dilçilər və ədəbiyyatşünaslar tərəfindən etimoloji cəhətdən təhlil edilmişdir. İzahlarda bir-birindən fərqli fikirlərə rast gəlirik. Məsələn, gürcü salnaməsi "Kartlis Sxobreba"da həmin söz belə izah edilib: "Bun", gürcücə "buni", "turk" gürcücə "turki" – türk mənşəli adam deməkdir. Bu söz Savvi Sulxan Orbelianinin lüğətində, habelə D.Çubinovada "nizə tutacağı" mənasında izah olunmuşdur. Beləliklə, Buntürk – nizəli türklər mənasını vermiş olur [124, vıp. 28, s. 1-5]. Akademik N.Y.Marrın nöqteyi-nəzərincə, "Buntürk" etnonimi "qədim türk", "əsil türk", "təmiz türk" mənalarındadır [140, s. 1-12]. Bir neçə müəllif Marrla razılaşır. Bax: [3]. L.M.Meliksetbek isə Marrın izahına öz etirazını bildirərək həmin etnonimin "hun türk" olduğunu göstərmişdir.
"Bun" sözü haqqında "Qədim türk lüğəti"ndə üç fikrə rast gəlirik: 1) "Bun" – əsas, özül, təməl, bünövrə mənasında. Bu izah sözün soqdi mənşəli olması ilə bağlıdır; 2) "Bun" – dərd, sıxıntı, iztirab və s. ilə yanaşı, həm də ölən, yox olan adamın halını bildirir: ...türk kağan ötükən yış olursar eltə b u n yok. – Türk kağanı Ötüken ormanında olursa, eldə dərd yoxdur; 3) Bön – dolu, yoğun, qalın mənasında. Lüğətdə bu söz adi "n" samiti ilə deyil, "sağır ң" ilə işlənmişdir [121]. Azərbaycan tarixçiləri, dilçiləri, ədəbiyyatşünasları da "bun" sözü haqqında müəyyən fikirlər söyləmiş və bunların əksəriyyəti "Qədim türk lüğəti"ndəki fikirlərə əsaslanılmışdır. Tarixçi S.Əlyarov "bun" sözünün həmin lüğətdəki ikinci mənasına əsaslanaraq bu sözün "qəmli", "dərdli" anlamında olduğunu göstərir [80, s. 6]. M.Seyidov "bun" sözünün türk nəsli, türk soyu ilə bağlı olduğunu qeyd edir [65, s. 34]. V.L.Qukasyan VII-XII əsrlərə aid Azərbaycan – gürcü dil əlaqələrindən danışarkən bir sıra tayfalarla yanaşı, buntürklər haqqında da gürcü salnamələrinə əsaslanaraq məlumat vermiş, həmin etnosların qədim və əsas türklər mənası daşıdığını göstərmişdir [105, s. 23]. E.Əlibəyzadə "Elm" qəzetində çap etdirdiyi "Mejxeti türkləri" adlı məqaləsində "Qədim türk lüğəti"ndəki izaha əsaslanaraq "Bun" sözünün "əsas türklər", "özül türklər" mənasına malik olduğunu göstərir.
Brosse Buntürk adını primitiv türk kimi açıqlayır. [4];
Bun türkləri yeni eramızın əvvəllərindən Qafqazın ilk aborigen sakinlərindən biri olmuş və nə qədər paradoksal olsa da, tarix onları yenidən öz ulu məskənlərinə qaytarmışdır. VII əsrdə yazılmış gürcü qaynağında- "Moksevay Kartlis"ayda" da Kür boyu məskunlaşmış bun türklər (yerli türklər) haqqında müəyyən məlumatlar verilmiş, onların sayının 28.000 nəfər olduğu göstərilmişdir.
Buntürklər haqqında bir az geniş bəhs etməyimizin əsas səbəbi axısqalıların əcdadlarının buntürklər olması ehtimalıdır. İnternet səhifələrində bu etnoslar açıq- aşkar eyniləşdirilir. Buntürklərə aid olunan hadisələr digər bir mənbədə aksakalara aid edilir (Makedoniyalı İsgəndərlə bağlı hadisələrdə).Bu etnosun bir çoxu da özlərini buntürklərdən olduğunu deyirlər. Beləliklə, dolaşıqlıq yaranır, tədqiqatçı çaş- baş qalır. Lakin bu mübahisəli məsələyə Azərbaycanın görkəmli dilçi türkoloqları T.Hacıyev və E.Əzizov son qoydular. Digər tədqiqatçılardan fərqli olaraq buntürklərin indiki Axısqa türkləri deyil, qalın və saf oğuzlar olduğunu sübut etdilər. Müəlliflər "Qədim türk lüğəti"ndə sağır ң-ilə işlənən bön (dolu, yoğun, qalın) sözünü əsas tutaraq, "bun"ların "Kitabi-Dədə Qorqud" dastanlarındakı Qalın Oğuzlar olduğunu göstərdilər. Bön sözünün mənalarından biri – "qalın" sözü "Qalın oğuzlar"la uyğunluq təşkil edir: böntürk-buntürk – qalın türk – deməkdir [30, № 2, s. 89]. Müəlliflərin bu yeni fikrində müəyyən həqiqət vardır. Çünki tarixin müəyyən mərhələlərində türk və oğuz etnonimləri eyni anlayış kimi işlənmiş və başa düşülmüşdür. Eləcə də, buntürklərinin yaşadığı Gürcüstan ta qədimdən oğuz tayfalarının da məskunlaşdığı torpaqlar olmuşdur. Deməli, buntürk adlandırılan tayfalar oğuz tayfalarından biridir. Axısqalıların ulu babaları isə qıpçaqlardır. Bu yaxınlarda isə "Dədə Qorqud" kitabındakı etnik və dövlət mənsubiyyəti ilə buntürklər arasındakı semantik-tipoloji uyğunluğun təsdiqi azərbaycanlıların və Azərbaycan dilinin etnik mənşəyi məsələsinə xüsusi işıq saldı. T.Hacıyev sübuta yetirdi ki, buntürklərin yaşayış yerlərilə "Dədə Qorqud"dakı Qalın Oğuzların dövlət sərhədlərinin koordinatları üst-üstə düşür. Deməli, "Dədə Qorqud"dakı Qalın Oğuz elləri, Qalın Oğuz bəyləri Buntürk elləri, Buntürk bəyləridir – şimallı-cənublu Azərbaycan elləri, Azərbaycan bəyləridir [13, s. 32]. Buntürklər haqqındakı məlumatlar hələ e.ə. VI-V əsrlərə gedib çatırsa, bu, bir tərəfdən, "Dədə Qorqud" hadisələrinin tarixi haqqında mötəbər məlumatdır, digər tərəfdən, e.ə. I minilliyin ortalarında Azərbaycanda türklərin və türk dilinin varlığı deməkdir. Və unutmayaq ki, "Dədə Qorqud" bizə bu dildə gəlib çatıb. Azərbaycan ədəbi dili tarixində "Dədə Qorqud"un yeri nədirsə, onun dilinin azərbaycancalığı necə şübhəsizdirsə, buntürklərin də dilinin Azərbaycan xalq dilinə münasibəti elə qavranmalıdır [13, s. 9-10].
Tarix: 28.02.2013 / 21:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 734 Bölmə: Dunya ve tarixi