Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Heydər mirzə Səfəvi

Heydər mirzə Şah Təhmasib oğlu Səfəvi (?-1576)—Səfəvi şahzadəsi, vəliəhd.

Həyatı

I Təhmasib öz oğlanlarından birinə - Heydər Mirzəyə inzibati işlərin idarə olunmasını çox erkən etibar etmişdi. 1571-ci ildə, 18 yaşı olanda Heydər Mirzəni Alessandri, əslində bütün işləri idarə edən şah müavini1 adlandırır. Yaşca Məhəmməd Mirzə və İsmayıl Mirzədən kiçik olmasına baxmayaraq, bu şərait tezliklə onda uzaq şöhrətpərəstliyin hisslərini gücləndirmiş, taxt-taca iddialarının oyanmasına səbəb olmuşdu. İskəndər bəy Münşinin yazdığı kimi, o, şahın rəğbətini ona görə qazanmışdı ki, hər işdə atasının razılığı ilə hərəkət edirdi2. Venetsiya səfiri Heydər Mirzəni alçaqboylu, lakin çox yaraşıqlı bir şəxs kimi təqdim edir. O, bacarıqlı natiq, qəşəng və mahir at çapan idi. Alessandrinin sözlərinə görə, o, adamların müharibə haqqında söhbətlərini dinləməyi xoşlasa da, həddən artıq zərif və demək olar ki, qadın təbiəti ilə özünü belə təmrinlərdən ötrü yararlı saymırdı3. Dövlət işlərində onun təsir və rolu artmışdı. Qardaş və bacıları ona nifrət edir, həsəd aparırdılar. Saray adamları isə Heydər Mirzəyə hörmət edirdilər. I Təhmasibin ölümündən sonra baş vermiş hadisələri araşdırmaq üçün, taxt uğrunda mübarizənin nəticəsini müəyyən etmiş saraydaxili vəziyyət və qüvvələr nisbəti üzərində dayanmaq zəruridir. I Şah Təhmasibin 9 oğlu qalmışdı. Bunlar – İsa bəy Mosullu Türkmanın qızı Sontanımın dünyaya gətirdiyi Məhəmməd Mirzə və İsmayıl Mirzə; Şamxalın bacısından və çərkəz kənizlərindən olan Süleyman Mirzə, Mahmud Mirzə və Əhməd Mirzə; gürcü kənizlərindən doğulmuş Heydər Mirzə (onun barəsində yuxarıda danışıldı), İmamqulu Mirzə, Mustafa Mirzə və Əli Mirzə idilər..

1576-cı il mayın əvvəlində I Şah Təhmasib yenidən yatağa düşdü. Şahı müayinə edən saray həkimləri əvvəlcə buna əhəmiyyət vermədilər. Lakin mayın 13-dən 14-nə (səfərin 15-i)27 keçən gecə I Təhmasib özünü çox pis hiss etdi: hərarəti kəskin surtdə artdı və o, gücdən düşməyə başladı. Paytaxtda olan bütün oğul və qızları, həmçinin də saray adamları xəstənin başına yığıldılar. Gecəyarısı şah birdən-birə hamıya getməyi əmr etdi. Şahzadə Heydər istisna edilməklə hamı evinə dağılışdı. İskəndər bəy Münşi yazır ki, Heydər Mirzənin şahın yanında qalması haqqında iki rəvayət vardır. Bəziləri deyirlər ki, o, şahın əmrilə qalmışdı. Əlbəttə, I Təhmasibin ölümünün ertəsi günü ortaya çıxarılan, guya şahın vəsiyyətnaməsi olan kağıza görə, o, şahzadə Heydəri öz xələfi təyin etmişdi. Lakin salnaməçilər göstərirlər ki, vəsiyyatnamə saxta idi və onu şahzadənin özü tərtib etmişdi.

Digərləri (bunlar həqiqətə daha yaxındırlar) iddia edirlər ki, Heydərin anası öz oğlunun saraydan kənarda düşmənlərdən ziyan görə biləcəyindən ehtiyat edərək onu qalmaq üçün dilə tutmuşdu. O, oğluna demişdi ki, atanın halı getdikcə pisləşir. Çox güman ki, o, bu gecə həyatla vidalaşacaq. Sən atanın varisisən, padşahın taxttacını qoyub hara getmək istəyirsən? Sən dövlətxanada qalmalısan və həmin dəhşətli hadisə baş verən kimi, atanın tacını başına qoyub Çehelsütundakı xoşbəxtlik sarayında Əlahəzrət xalçası üzərində əyləşərsən. Ana Heydəri inandırırdı ki, qiyam baş verəcəyi halda sarayda xəzinəyə və cəbbəxanaya sərbəst daxil ola bildiyin üçün qızıl hərisi olan yüzbaşıları, qorçiləri və mühafizə dəstəsini ələ almaqlataxt-tacı özündən ötrü təmin etmiş olarsan. Şahzadənin tərəfdarları saraya gəlib çatanda və taxta çıxmaq gerçəkləşəndə İsmayıl Mirzənin tərəfdarlarının yeni şaha özlərinin itaətini bildirməkdən başqa çarəsi qalmayacaqdırı Anasının dəlillərini dinləyən şahzadə sarayda qaldı. 1576-cı il mayın 14-də səhər şah vəfat etdi29.V.Hins I Şah Təhmasibin ölümqabağı davranıpşını "ziddiyyətli və ikibaşlı" adlandırır. O, yazır: "Şah bir tərəfdən şahzadə İsmayılın Qəhqəhədəki şəxsi mühafizəsi qayğısına qalırdı. Digər tərəfdən də onun öz səfiri Toxmaq xan Ustaclıya vermiş olduğu şahzadə Heydərin maneəsiz taxta varis olması haqqında , qayğı göstərməyi tələb edən məktubu ortaya çıxdı"30. Sonuncu məlumatı farsdilli mənbələr təsdiq etmir. Daha çox ehtimal olunanı budur ki, I Təhmasib özünün tezliklə öləcəyinə inanmadığından heç bir vəsiyyətnamə tərtib etməmişdi. Bununla da şah qeyriiradi, ölümündən dərhal sonra qiyamın baş verməsinə şərait yaratmışdı. Deməli, sarayda qalmış Heydər Mirzə arzu etdiyi məqsədə çatdığına əmin idi. O, səhər hətta atasının tacını başına qoymuş, qılıncını belinı bağlamışdı31. Lakin hər şey onun istəyinin əksinə oldu.

Beləliklə, Heydər Mirzə öz tərəfdarlarının köməyindən məhrum oldu. Düşmənlərinin əlində əsirə çevrildi. Digər tərəfdən də o, İsmayılın tərəfdarı olan bacısı, onu aldatmağa nail olmuş ağıllı, lakin hiyləgər Pərixan xanımı zərərsizləşdirə bilmədi. Pərixan xanım həmin səhər özünü şahın hərəmxanasında Heydərin əsiri kimi görəndə saraydan çıxmağın və qardaşının planlarının həyata keçməsinə mane olmağın yeganə yolu, belə işlərdə usta olduğu riyakarlıq və yalandan ibarətdir. O, dərhal Heydərin yanına gəldi, özünü məharətlə itaətkar və yaltaq cildinə saldı. Həyəcanla, əgər o düşüncəsizliyi üzündən hər hansı qəbahətə yol vermişsə, qardaşından onu – "ağılsız qadını" bağışlamağı xahiş edərək əmin etdi ki, bundan sonra qardaşına fədakarlıqla xidmət edəcək və keçmiş dostluq münasibətlərinin bərpa olunmasına çalışacaqdır. Bu zaman o, qardaşına tərəf atılıb onun ayaqlarından öpdü və burada duran anaya üzünü tutaraq dedi: "Şahid ol, Əlahəzrəti taxta çıxdığına görə təbrik etmək və onun ayaqlarını öpməkdə heç kəs məni qabaqlamadı".

Sarayda qalan şahzadə Heydər yüzbaşıları, qorçiləri, eşikağalarını, saray mühafizəsinin nümayəndələrini, saray adamlarını qızıl və hədiyyələrə qərq etdi və onların hamısına nə isə vəd etdi. Lakin onun öz tərəfdarları ilə qovuşmaq üçün saray mühafizə dəstəsini ələ almaq cəhdləri boşa çıxdı. İskəndər bəy Münşi yuxarıda adı çəkilən Vəli bəy Əfşarın sözləri ilə deyir ki, şahzadə Heydər həmin səhər Vəli bəy Əfşara, qorçilərəqapıları açmaq və onun tərəfdarlarını içəri buraxmaq əmrini verərsə, Kirmanın idarəsini və qorçibaşı vəzifəsini təklif etmişdi. Vəli bəy qapılara qədər getdikdən sonra şahzadənin yanına qayıtmış və demişdi ki, "vicdansız" qorçilər heç kimin nə saraya girməsinə, nə də saraydan çıxmasına razı deyllər. Belə olduqda, şahzadə qılıncına əl ataraq özünü öldürmək istədi, lakin anası çığıraraq özünü ona tərəf atıb buna mane oldu. Şahzadə geriyə dönüb hərəmxanaya girdi və o günün axırına kimi hərəmxana binasına "gah daxil oldu, gah da çıxdı".

I Şah Təhmasibin ölüm xəbəri (onu gizlətmək üçün göstərilən bütün cəhdlərə baxmayaraq) paytaxtda yayıldı və mayın 14-də səhər şahzadə Əhmədlə birlikdə Əmiraslan xan Əfşar, həmçinin Məhəmməd Mirzə, Hüseynqulu Xəlifə Rumlunun evinə gəldilər. İsmayılın ardıcılları bura yığıldılar. Şeyxavənd, ustaclı tayfaları, gürcülər və Heydərin digər tərəfdarları – Məsum xan Səfəvi, Həmzə Sultan Talış, Seyid bəy Kəmunə, Əlixan bəy (gürcü), allahqulu xan Aycək oğlu Ustaclı Hüseyn bəy yüzbaşının evinə toplaşdılar. Şahzadə Mustafa və Bəhram Mirzənin oğlu İbrahim Kirzə buraya gəldilər. Heydər Sultan Çabuk Türkman, Qulu bəy Əfşar, Məhəmmədqulu Zülqədər möhrdar, Mirzə Əli Sultan Qacar və Heydərin tərəfdarları öz evlərində oturub hadisələrin sonrakı gedişini gözləyirdilər. Onlar öz qüvvələrinə arxayın idilər və mübarizənin nəticəsi üçün o qədər də narahat deyildilər. Onlar saraya daxil olub şahzadə Heydəri taxta çıxarmaq, mane olanları isə məhv etmək barədə düşünürdülər36. Onlar belə hesab edirdilər ki, İsmayıl onların tərəfdarı Xəlifə Ənsar Qaradağlının etibarlı mühafizəsi altındadır və Heydər taxta çıxdıqdan sonra yeni şahın göstərişi ilə birgə hərəkət edərlər. Onlardan bəziləri ehtiyat edirdi ki, saraya hücum edildiyi halda şahzadənin tərəfdarları ona kömək etməyə gəlib çatanadək qorçilər şahzadəni qətlə yetirə bilərlər. Onlar tez-tez öz qərarlarını dəyişirdilər. Nəhayət, bu fikrə gəldilər ki, həmin gecə sarayın mühafizəsi ustaclı tayfasından olan qorçilərə keçəcək, ona görə də axşama qədər gözləmək lazımdır. Allahqulu Aycək oğlu saraya getməməyi, qəflətən Hüseynqulu Xəlifənin evinə soxulmağı və İsmayılın bütün tərəfdarları ora toplaşanadək onu öldürməyi, dəstəsini isə dağıtmağı təklif etdi. O inandırırdı ki, bu xəbər saraya çatan kimi saray mühafizəçilərinincanına qorxu düşəcək və onlar qapıların mühafizəsindən əl çəkərək, bizim tərəfimizə keçəcəklər.

Heydərin tərəfdarları ehtiyat edirdilər. Ehtimal edilir ki, qarşı tərəf hərəmxananın bağına soxulub şahzadəni öldürmək istəyirdi. Hüseyn bəy qapıları sındırıb saraya daxil ola bildi. Bu vaxt şahzadə Heydər hərəmxanada idi. O, binada vurnuxur, çıxış yolu axtarırdı. Lakin bütün qapılar möhkəm bağlanmışdı. Heydərin ardıcılları şah yeməkxanasına soxulub, sarayda otaqdan – otağa keçərək "Şah Heydər" deyə çağırırdılar. O biri tərəfdən də Hüseynqulu Xəlifə Rumlu öz adamları və Şamxalla birlikdə hərəmxananın bağının qapısını açdı. Bütün künc-bucaq ələk-vələk edildi. Heydəri axtarmağa başladılar. Düşmənlərin yaxınlaşdığını görən Heydər qızılbaşların şahın hərəmxanasına girməyə cəsarət etməyəcəkləri ümidi ilə yenidən qadınların otaqlarına soxulub anasının yanında əyləşdi. Lakin onun bütün ümidləri puça çıxdı. Qızılbaşlar hərəmxanaya soxulub şahzadənin onlara verilməsini tələb etdilər. Şahzadə hərəmxananın qulluqçuları və qadınlarına qarışdı. O, qadın paltarı geyinərək hərəmxananı tərk etdi. Hərəmxana eşikağalarından biri Əli bəy Şamlı başqa bir binaya yollanarkən şahzadəni tanıdı və ucadan qışqırdı: "Sizin axtardığınız bax budur!". Cəmşid bəy Çərkəz(şahzadə Süleymanın qulamı) və Vəlixan bəy yüzbaşı Rumlu şahzadənin üzərinə atıldılarvə onu kənara çəkdilər. Gəncin başı Hüseynqulu Xəlifə və Şamxalın işarəsi ilə elə oradaca kəsildi.


Tarix: 01.03.2013 / 19:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 584 Bölmə: Dunya ve tarixi
loading...