ŞƏHİDLƏR
Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üç rəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər.
Zalim öyünməsin zülümləriylə,
Min-bir böhtanıyla, min-bir
şəriylə.
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər.
O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox
namümkünü.
Xalqın qəlbindəki qorxu
mülkünü,
O gecə dağıdıb sökdü şəhidlər.
Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə
bizdə.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər.
Onlar susdurulan haqqın
dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi şəhidlər.
Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi şəhidlər.
Dözdü hər zillətə, dözdü hər
şeyə,
'Dünyada mənim də haqqım
var',- diyə
Kütləni xalq edən müqaviləyə
Qanıyla qolunu çəkdi şəhidlər.
İnsan insan olur öz hünəriylə,
Millət, millət olur xeyri, şəriylə.
Torpağın bağranı cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.
Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 108 Bölmə: Bextiyar Vahabzadə