Qapılar
Dil lal, gözleri kordur,
qulağı kar qapılar
Özü gen olsa da istəklər
üçün dar, qapılar.
Çözülür müşgülümüz
rəsmi otaqlarda, fəqət
Üzünü haqlı təmənnalara
bağlar, qapılar.
Sahibin vaxtı əgər yox isə
bədbəxtlər üçün
Elə kandarda onun
köksünü dağlar, qapılar.
Qapıdan incə təbəssümlə
və arzularla girib
Çölə ağlar çıxanın halına
ağlar, qapılar.
Nə bilək gizli otaqlardakı
həngamələri,
Bizə naməlum olan
sirrləri saxlar qapılar.
Qapılardan qovulan
boynu bükük bəndələrin
Ahı dəhşətli olur, ah ilə
laxlar qapılar.
30 iyun, 1998
Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 116 Bölmə: Bextiyar Vahabzadə
loading...