İdrakda yol açmış gecədən
gündüzə Allah,
Güldürməsən öz könlünü,
gülməz üzə Allah.
Dünyaya şəfəqlər kimi tanrım
səpələnmiş,
Qəlbin özü yanmasa, görünməz
gözə Allah.
Allah! Bilirik cism deyil, bəs nədir
Allah?
Ən yüksək haqda, həqiqətdir
Allah.
Dondursa təkamül və gözəllik
qabağında,
Dərk et bu, təəccübdə, bu
heyrətdədir Allah.
Bildik, bilirik gizlidir insandakı
qüdrət,
Hər kəs onu fəhm etməsə,
acizdir o, əlbət.
İnsanın əzəl borcudur insanlığa
hörmət,
İnsanlığa hörmətdə, ləyaqətdədir
Allah.
Gerçək də budur: gizlidir hər
zərrədə vəhdət,
Bir zərrə ikən küllə qovuşmaq
ulu niyyət.
Gördüklərimiz zahirdir, bətnə
nüfuz et!
Bətndəki , cövhərdəki fitrətdədir
Allah.
Fitrət də yatır sözdə, sözün öz
yükü fikrim,
Seçmiş , seçəcək daima tükdən
tükü fikrim,
Mən bir ağacam, yarpağı sözlər,
kökü fikrim,
Sözlərdə deyil, sözdəki
hikmətdədir Allah.
İnsan! Təpədən dırnağa sən
arzu, diləksən,
Nəfsində doyumsuz, fəqət
eşqində mələksən,
Zülmün üzünə haqq deyilən
şilləri çəksən,
Şilləndə möhürlənmiş o
qeyrətdədir Allah.
Cahil enər alçaqlığa, öz qəlbinə
yenməz,
Vicdandan əgər dönsə də,
xeyrindən o dönməz,
Zülmətdə, cəhalətdə, ədavətdə
görünməz,
İlqarda, sədaqətdə,
məhəbbətdədir Allah.
Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 117 Bölmə: Bextiyar Vahabzadə