Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QEYRETMI AGILMI?

Hanı dəlilərin, a nənəm Nigar,
Namərdlər doğuldu bu zəmanədə.
Dədəsi kor olan qoç koroğlular
Özləri kor oldu bu zəmanədə
Alı dədəmizin gözü kor oldu,
Çağdaş gədələrin özü kor oldu.


Törədi Koroğlu dəlilərindən
Savadlı, bilikli "ağıllılar" hey.
Bu ağıl hünərə deyil, bəs nədən
Kölə ehtiyata səcdə qılar hey?


Vaxtın havasına baş əyən ağıl
Hava bürosudur, o, ağıl deyil.
Sabahı bu gündən bəlləyən ağıl
Bilikdir, arzuya, eşqə yol deyil.
Onlara özgəsi hamıdan yaxın,
Onların özləri özünə özgə.
Bəli, hər şeyi var "ağıllıların",
Mərdlikdən savayı, qeyrətdən özgə.


Elə hey deyirsən: - "Fərasətimiz
Çatışmır, ağıllı olmalıyıq biz".
Sən ağıl deyəndə nəyi deyirsən?
Məni əyən ağlı istəmirəm mən.
Həmişə danışdıq yerli-yataqlı,
Niyə azalmadı bir dərya dərdim?
Bizi ehtiyata çağıran ağlı
Bir çimdik qeyrətə dəyişdirərdim.
Qeyrət azadlıqdır, bu amal üçün
Qeyrət addımlayır Yer kürəsini.
Qeyrətdir dəyişib yaradan bu gün,
Dünyanın siyasi xəritəsini.


Qoy ağıl, qeyrətin getsin dalınca,
Qoy yedək olmasın ağıla qeyrət.
Ağlımız qeyrətdən geri qalınca
Dönür əfsanəyə, nağıla qeyrət.


El deyib: "Ağıllı fikirləşincə,
Dəli vurub keçdi çayı bir anda".
De görək, neylədi ağıllı Həmzə
Dəlilər "huy" - deyib cəbhə yaranda?


Dəlilik istərəm, ağıllı başdan
Qar yağar, soyuqdur onun tədbiri.
Dəlibaş atəşdir, o keçər daşdan,
Şumlar daş dözümü, əridər səbri.


"Ağıl", "ağıl" - deyən boş nağılların
Dalında həmişə qorxu gizlənər.
Dünyada açılan bütün yolların
Əvvəli qeyrətdir, axın zəfər.
Bizə qeyrət gərək, bizə od gərək,
Ölümə getməyə istedad gərək.


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 168 Bölmə: Bextiyar Vahabzadə
loading...